Milli mətbuat
- 150: Televiziya və müasir çağırışlar
Göyçay qəzasının Zərdab kəndində
doğulan, həmin qəzadakı mədrəsədə ərəb
və fars dillərində ilkin təhsil alan, atasının
ölümündən sonra onun dayısı, general Fərəc
bəy Ağayevin dəstəyi ilə I Tiflis məktəbinə
qəbul olunan, məktəbi bitirdikdən sonra dövlət təqaüdü
ilə Moskva Universitetində Təbiət elmləri üzrə
təhsil alaraq fərqlənmə diplomu ilə bitirən Həsən
bəy Zərdabinin “Əkinçi”ni yaratdığı
vaxtdan 150 il keçir. Bunu demək yerinə düşər
ki, bu tarix ancaq milli mətbuatımızın yaranması
deyil, xalqımızın kultural həyatına yeni bir mərhələ
kimi həkk olunan və minnətdarlıqla xatırlanacaq zaman
kimi qalacaq. “Əkinçi” ilə başlayan milli mətbuatımız
sonradan radio, televiziya və hələlik internet
platformalarında vətəndaş jurnalistikasısına qədər
yol keçməkdədir. Bu inkişaf, qlobal məlumatların
geniş miqyasda paylaşılması Yer kürəsini təsəvvüredilməz
miqyasda “kiçilməsinə”, nəticə olaraq Marşall
Makluhanın 70 il əvvəlki “qlobal kənd” arzusununun
reallığa qovuşması oldu. O, insanların bu faktla
üzbəüz qalacağını, kommunikasiya və
informasiyanın qloballaşmasını əminliklə
yazırdı. Bu həmin kanadalı mədəniyyət nəzəriyyəçisi,
filosof, filoloq və ədəbiyyatşünas Marşall
Makluhandır ki, daha çox elektrik və elektron medianın fərdlərə
və cəmiyyətlərə təsirini
araşdırmaları ilə tanınan, məsələn,
"bütün məsələlərdə fikir
ayrılığını tamamilə təmin edən"
"qlobal kənd" konsepsiyasının müəllifi idi.
"Media mesajdır" ifadəsi
də Marşall Makluhana məxsusdur və "qlobal kənd" termini qədər
mütəxəssislər cameəsində populyar idi. Onu
xatırlatmaq yerinə düşər ki, böyük nəzəriyyəçi
Ümumdünya Şəbəkəsinin yaranmasını onun
icad edilməsindən təxminən 30 il əvvəl
proqnozlaşdırır və bunu şərtləndirən
postulatlarında israrlı idi. Təsadüfi deyil ki, keçən
əsrin 60-cı illərində aktuallığını itirən,
70-ci illərində unudulmağa başlayan, olsa-olsa, akademik
dairələrdə mübahisəli bir fiqur olaraq qalan
Makluhanın baxışları İnternet və
Ümumdünya Şəbəkəsinin yaranması ilə
aktuallaşdı. Yeri gəlmişkən, ötən əsrin
50-ci illərində “Televiziya müasir yüksək
texnologiyanın şah əsəridir” fikirləri də
Makluhana məxsusdur.
Radio ötürülməsinə əsaslanan, lent
yazısı texnologiyası, fotoelektrik çevrilmə və
tranzistor texnologiyası, rəngli şəkil texnologiyası,
peyk texnologiyası və rəqəmsal texnologiya kimi ən
yaxşı müasir texnologiyaları mənimsəyərək
inkişaf edən televiziya, sözsuz ki, bu gün də
inkişaf yolundadır. Qloballaşmanın ən dərin təzahürü
KİV şəbəkələri kontekstində fərdlər
və bütövlükdə dünya, xalqlar və ölkələr
arasında sıx münasibətlərin
formalaşmasıdır. İnternet resurslarının sürətlə
həyatımıza daxil olmasına baxmayaraq, müasir
televiziya zəmanəmizin ən qabaqcıl kütləvi
informasiya-mədəniyyət vasitəsinə
çevrilmiş və bu istiqamətdə işini davam
etdirir. Müasir televiziya mediası hələ də zəngin,
çoxşaxəli və çoxölçülü
kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər
daşıyıcılarının ən mühüm
komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində
ən etibarlı informasiya daşıyıcısı, həmçinin
sosial durumun barometri kimi qəbul edilir.
İnformasiya istehsalı və onun
istehlakıçıya çatdırılması ilə məşğul
olan praktik insanlar, sahənin menencerləri ilə bərabər,
ekspertlərin internet platformalarının hüdudsuz
görünən potensialı qarşısında
televiziyaların gələcək fəaliyyəti ilə
bağlı fikirlərini isə utopiya kimi qəbul etməmək
olar. Azından ona görə ki, televiziya məzmunu onlayn
platformalar üçün uyğunlaşdırmaq, sosial
mediada auditoriya ilə əlaqə saxlamaq və eksklüziv
onlayn layihələr təklif etmək, həmçinin VR/AR
kimi yeni texnologiyalara inteqrasiya olunmaqla onlayn mühitdə
aktuallığını saxlaya bilir. Qeyd edim ki, bu, bu məsələ
müasir televiziya menencerlərinin qarşısında təxminən,
bu məzmunda sualı aktual etməlidir: sosial medianın
imkanlarına nə qədər bələdik və
istehlakçı ilə münasibətləri “tələb-təklif”
pronsipi üzərində qurmağa hazırıqmı?
Bu mövzunun aktuallığı onunla
bağlıdır ki, internet dövründə sürətli,
mobil, interaktiv və fərdiləşdirilmiş yeni
medianın sürətli inkişafı ənənəvi
medianın inkişafına maneə deyil, olsa-olsa, yeni yollar
axtarışına çağırış kimi qəbul
edilə bilər. Əsas rəqabət qabiliyyətini
artırmaq üçün ənənəvi media yeni media təfəkkürünü
çevik şəkildə tətbiq etməli və öz xəbər
hesabatlarını sosial inkişafın cari tələblərinə
uyğun olaraq yeniləməli, beləliklə, həqiqiliyini
və etibarlılığını təmin etməli,
televiziya xəbərlərinin aktuallığını
davamlı olaraq təkmilləşdirməli, media mesajı
matrisinin əlaqə təsirini tam şəkildə təmin
etməli və əsas medianın ictimai rəydə
aparıcı rolu əks olunmalıdır. Bu yazıda
müasir mühitdə TV-nin nə dərəcədə
aktual olduğunu araşdırmamıza başlamazdan əvvəl
onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində
Azərbaycan telekanalları rəqəmsal mühitə
assimilyasiya olunur. Bu isə o deməkdir ki, yayım
proqramlarının xətti proqramlaşdırılması
“yaxın zamanlarda olduğu kimi”, bir o qədər də aktual
görünmür. O faktı isə hər bir televiziya
menenceri etiraf etməyə borcludur ki, informasiya
istehlakçısının maraq dairəsini nə qədər
öyrənə biliblər? Mübahisəsiz qəbul edilən
həqiqətlərdəndir ki, günümüzün
statistik internet istifadəçisi sutka ərzində
saysız-hesabsız videolara baxır.
İstehsalçıların təkcə YouTube portalında hər
dəqiqə 60 saat video yüklədiklərini və resursa
ayda 1 milyard nəfərdən artıq istifadəçinin -
planetin hər 7-8-ci sakininin daxil olduğunu nəzərə
alsaq, ancaq bir platformanın nümunəsində qlobal internet
bazarının gücünü görmək olar. Buna görədir
ki, milli televiziya kanallarımızın flaqmanı olan Azərbaycan
Televiziyası (AZTV) üçün yüksək keyfiyyətli
məhsul istehsalının aktuallığının şərtləndirən
başlıca istiqamətlər bu cür görünür:
- məzmunun hədəf qruplarına effektiv şəkildə
çatdırılması üsulları;
- potensial tamaşaçıların maraqları və
həyat dəyərləri;
- sosial şəbəkələrdə televiziya
yayımı üçün marketinq imkanlarının sərhədləri;
- İnternetdə sosial şəbəkələrdə
televiziya yayımı və medianın bu seqmentinin
inkişafı ilə məşğul olan mütəxəssislər
üçün elmi əsaslandırılmış tövsiyələr
formalaşdırmaq.
Onu qeyd edək ki, AZTV-nin proqram siyasəti diqqət və
anlayış tələb edən sosial-siyasi əhəmiyyətli
hadisələrin diqtəsi ilə formalaşır. Həmin məqsədə
çatmaq üçün televiziyanın texniki və
funksional təkamülünü izləməklə sosial
şəbəkələrdə televiziya mediasının
yaranmasına nəyin səbəb olduğunu və inkişaf
tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar
arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək
nəticələri perspektiv fəaliyyətimizdə tətbiq
etmək, mövcud yerli və xarici analoji seqmentlərdə
monitorinqlərin aparılmasını metodiki olaraq həyata
keçirmək qaçılmazdır.
Məsələ burasındadır ki, tezlik
üçün lisenziya əldə olunması artıq izləyicinin
diqqətini cəlb etməyə zəmanət vermir. Üstəlik,
bazara getdikcə daha çox müasir kominikasiya oyunçusu
daxil olmaqdadır. Onlar klassik kanalların məzmununda
dominantlığa nail olmaq yolunu təşkil etdikləri
masaüstü avadanlıqlar və cihazlarda, gözlənilməyən
sürətlə təkmilləşən mobil telefonlarda
görürlər. Bu isə yeni dalğanın üstündə
gələnlərə öz iddialarını təsdiqləməklə
bərabər, tamaşaçı ovunun müxtəlif cəlbedici
metodlarını mənimsəmək üçün kifayət
edən mühüm psixoloji üstünlük yaradır. “Yeni
yollar axtarışında olanlar”
isə nəinki “kino” məzmununu qəbul etmirlər,
üstəlik, fon görüntüləri ilə işləməyi
öyrənməsələr də, tamaşaçı
üçün nə lazım olduğunu akademik formada əxz
ediblər. Telekanalların itkisi bununla kifayətlənmir və
“itirilənlərin” ikincisi, bizə elə gəlir ki, daha
vacibdir: televiziya kanallarında sanki “izləyici xəzanı”
başlayıb, üstəlik kreativ yanaşmalar ləngisə,
bu, daha uzunmüddətli nəticələrə gətirib
çıxaracaq.
Oxşar mövzuda aktual olduğu qədər də
intensiv səslənən fikirlərin platformalarına ev
sahibliyi edən ölkələrdən biri də vətənimiz
Azərbaycandır və iki il əvvəl- 2023-cü il iyul
ayının 22-də Şuşada Heydər Əliyev İli
çərçivəsində Azərbaycan Milli Mətbuatının
148-ci ildönümünə həsr edilən “IV Sənaye
İnqilabı dövründə yeni media” mövzusunda
Şuşa Qlobal Forumu bu mövzu üzrə ən məhsuldar
tədbirlərdən biri kimi yadda qaldı. Diqqətli oxucular
yaxşı xatırlayırlar ki, 48 ölkədən 150-yə
yaxın jurnalistin, həmçinin yerli və beynəlxalq səviyyəli
media təsisatı nümayəndələrinin iştirak
etdiyi Forumun açılış mərasimində iştirak
etməklə bərabər, iştirakçıların
suallarını cavablandıran Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ
ətrafındakı suala nə qədər konseptual, ölkə
və dünya media qurucuları üçün yol xəritəsi
olacaq fikirlər səsləndirdi.
Sosial təfəkkürdə televiziya
istehsalının böyük əksəriyyətində məzmunun
aşağı səviyyədə olmasından narahatlıq
ifadə olunur, digərləri isə televiziyanın sosial
şəbəkə mediasından geri qalma riski barədə
fikirləşirlər. Nəticədə neçə illərdir
qaçılmaz yeniliklərlə “əbədi funksionallıq
qaynağı” olan klassiklər arasında müasir
televiziyanı inkişaf tendensiyaları ətrafındakı
“Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi
kommunikasiya tədqiqatçıları, həm də
müasir televiziya kanallarında çalışan praktiklər
arasında mübahisə və müzakirələrə səbəb
olan bu sualın hər iki tərəfdən eşidilən
cavabları nə qədər arqumentli səslənsə də,
yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq
görünür.
Müasir telekanalların
proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi,
dominantlıq yayım şəbəkəsinin
strukturlaşdırılmasında reytinq yanaşması siyasətində
media bazarına əsaslı təsir edən tendensiyaların
dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən
yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik
effektini saxlayır və bunun bariz ifadəsinin necə baş
verdiyini 2026-cı ildə yetmiş yaşını qeyd etməyə
hazırlaşan Azərbaycan Televiziyasının nümunəsində
müşahidə edilir.
“Böyük dövlət xadimlərinin fəaliyyət
izi hər bir xalqın həyatının bütün sahələrində
özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd
etmək yerinə düşər ki, Ana Televiziyamızın
inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci
dönəmə düşür. O vaxtkı Azərbaycanının
ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə
olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan
xalqını keçmiş şərəfli tarixinin ən
parlaq səhifələrinin təbliği ilə məşğul
olmur, həm də milli- mənəvi dəyərlərimizin,
yetişən gəncliyin şüurunda özünə yuva
qurmasında başlıca missiyanı yerinə yetirirdi.
Azərbaycan Televiziya və Radiosu keçdiyi yolda
qazanılan zəngin təcrübəsi ilə
yaratdığı, milli dəyərlər, dövlətçilik
təfəkkürü əsasında yaradılmış məktəbə
çevrilib və bu gün də ölkənin televiziya məkanında
aparıcı rolunu saxlamaqdadır. İstər
özünün maddi-texniki bazasının zənginliyi, istərsə
də uzun illərdən bəri formalaşan ən
yaxşı ənənələr əsasında yetişən
peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng
mövzuları, təqdimat formaları ilə seçilən,
teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi
iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə
mövqelərini möhkəmləndirməkdə olan quruma
çevrilməkdədir. Ölkəmizin Prezidenti cənab
İlham Əliyevin hamiliyi ilə “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il fevral
ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral
ayının 14-də təsis olunan “Mədəniyyət”
telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə
Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir
ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda
və aktual mövzularda hazırlanan proqramlar nəinki
tamaşaçıların maraqla qarşıladıqları,
həmçinin etimad göstərdiyi verilişlərə
çevrilib. 1926-cı ildə yaradılan, Şərqin ilk
radiosu olan Azərbaycan Radiosu və 1941-ci ildə yaranaraq məhsuldar
yaradıcılıq yolu keçən Beynəlxalq Radio fasiləsiz
yayım rejimində işləməklə bərabər
“YouTube” üzərindən də canlı
yayımlanmaqdadır. Bu sırada İctimai-siyasi proqramlar
Studiyasının hazırladığı, ölkəmizdə
və ölkəmizin hüdudlarından kənarda baş verən
aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə”
ölkədə baş verən diqqətçəkən məsələlər
üzərində qurulan və aparıcıların qonaqlarla
birlikdə baş verən hadisəni canlı olaraq müzakirə
olunduğu “Hədəf” və digərləri ancaq informativ
deyil, həm də maarifçilik yükü olan
proqramlardandır. Hər gün 12 dəfə - 08:00, 09:00,
10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus dilində),
19:00 (region), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə
çıxan “AZTV XƏBƏR” proqramının ancaq ölkə
daxilində deyil, həmçinin ölkə xaricində də
stabil auditoriyası olması informasiyanın operativ və
peşəkarlıqla çatdırılması ilə izah
oluna bilər.
Bunlarla bərabər, “Bu gün qazanılan istənilən
uğurlarla kifayətlənmək gələcək tənəzzülün
başlanğıcıdır”- deyimini yada salmaq lazım gəlir.
O amili də unutmamaq gərəkdir ki, az qala, bütün
televiziya proseslərinin internetləşdiyi indiki dövrdə
televiziya və internet texnologiyalarının bir çox sahələrdə
- həm televiziya məzmununun yaradılması sahəsində,
həm də tamaşaçıya
çatdırılmasında bir-birinə nüfuz etməsi
üçün xüsusi şərait yaradılır. Təkcə
televiziya tamaşasının yayım kanalı deyil, həm də
istehlakçının bu məzmunla münasibətinin
forması dəyişir. Əslində telekanalların yeni
yayım paradiqması formalaşır. İnternet
yayımı meydana çıxır, yəni televiziya məzmununun
yeni kommunikasiya prinsipləri
əsasında internetdə onlayn
çatdırılması prosesinin
iştirakçısına çevrilirik. Azərbaycan
telekanallarının internet yayımının eksperimental mərhələdən
keçməklə çox vacib kütləvi informasiya vasitələri
seqmenti kimi meydana çıxması buna görədir ki, adi
qarşılanır. Eyni zamanda, hər bir telekanal internet
yayımının həyata keçirilməsinin xüsusi səbəblərini
görməklə yanaşı, onun inkişafı
üçün bir çox motivlər yaradır və bu
missiyanı Azərbaycan Televiziyası uğurla aparır.
Güman etmək lazımdır ki, yaxın gələcəkdə
genişzolaqlı internet texnologiyalarının inkişafı
qlobal şəbəkənin yayım keyfiyyəti ilə
alternativ kanallar arasındakı sərhədləri siləcək.
Bu, şübhəsiz ki, televiziya yayımının yeni
inkişaf səviyyəsinə gətirib çıxaracaq və
ona yeni perspektivlər verəcəkdir.
Media diskursunun diqqətəlayiq mövzularından
birinə çevrilmiş konvergensiya indi müxtəlif
kontekstlərdə - sənaye hadisəsi kimi, təşkilati və
idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin
yeni xüsusiyyəti, yeni medianın yaranması
üçün ilkin şərt kimi nəzərdən
keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər
arasında birbaşa əlaqə, müəllif-istehlakçı
ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu
(system tərəfindən birləşdirilən potensial sonsuz
mətnlər toplusundan ibarət mətn), multimedia və transsərhəd
(media redaksiyasının coğrafi yerindən asılı
olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz
potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti
cəlb edir. Onu isə təəssüflə
xatırladırıq ki, internet resurslarının başlıca
hərəkətverici qüvvəsi olaraq qəbul edilən
sosial şəbəkələrdə televiziya
yayımının spesifik xüsusiyyətləri hələ
də Azərbaycanda elmin tədqiqat obyektinə çevrilməyib.
Təkəm-seyrək bu istiqamətdəki yazılar ən
yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir,
perspektiv inkişaf yollarının elmi əsasları nadir
hallarda qeyd edilir. Televiziya mediasının sosial şəbəkələrdə
aparıcı platformalara çevrilməsi üçün
praktiki tövsiyələrin hazırlanmasında teletənqidçilərimizin
və bu yöndəki elm adamlarımızın lokomotiv olaraq
rolu ya hiss olunmur, ya da qabarıq görünmür. Bu isə
informasiya üstünlüklərinin öyrənilməsinə
fəlsəfi yanaşmaların televiziya və sosial şəbəkələrdə
kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib
çıxarır.
Son olaraq qeyd edək ki, nə cür olmasından
asılı olmayaraq, televiziyanın sosial şəbəkə
seqmentlərində yeri və aktuallığı
günümüzün əsas
çağırışına çevrilib və bu amili
günümüzün əsas amili kimi qəbul etməmək
heç bir televiziya üçün yaxşı nəsə
vəd etmir. Buna görədir ki, AZTV üçün sosial
şəbəkələrdəki alqoritmin öyrənilməsi
taktiki deyil, strateji mahiyyət daşıyır. Bizim
üçün sosial şəbəkələrin siyasi,
iqtisadi, sosioloji, kulturoloji-ümumən, elmi təhlili ondan ibarətdir
ki, yaşadığımız informasiya reallığında
seytnot vəziyyəti ilə üzbəüz qalmayaq və
qeyd edək ki, bu, ən azı, gələcək fəaliyyətimiz
üçün növbəti addımlarımızı atmaq
üçün həyati əhəmiyyət
daşıyır. Ona görədir ki, hər bir televiziya
üçün sosial dünyanın
inkişafı ilə bağlı vəziyyəti
düzgün qiymətləndirməmək, sosial şəbəkə
platformalarının müasir insanın həyatındakı
rolunu qəbul etməmək, sadəcə olaraq, mövcud olmaq
perspektivivini itirəcək qədər riskli
davranışdır və AZTV öz fəaliyyətini bu
gerçəkliyin diqtəsi əsasında qurur. Ana Televiziyada
yaranan tendensiyalar diqqətlə izlənilir və mütəxəssislər
əmindirlər ki, kanallar tamaşaçıların məzmunu
istehlak etmək üçün daha əlverişli olduğu
yerə sürükləyəcəklər. Gənclərin
“Youtube”a olan həvəs dalğası səngiməyəcək,
buna ümid bəsləməyin mənası yoxdur və
telekanalların ancaq internetlə birlikdə mövcudluğu
indinin və gələcəyin diqtəsidir.
Elməddin Quliyev,
“Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin şöbə rəisi
İki sahil .- 2025.- 17 iyul (¹122). - S.6.