Zərdabinin ruhundan doğan günəş…
150 ildir milli mətbuatımız bu günəşin
saçdığı nurdan güc alır
Hər xalqın həyatında dönüş
nöqtələri olur. Azərbaycan xalqının
oyanış tarixində belə dönüş nöqtələrindən
biri 1875-ci ilin iyulunda baş verdi – “Əkinçi” qəzeti
çap olundu. Həsən bəy Zərdabinin bu qəzeti təkcə
mətbuat orqanı deyildi; bir millətin düşüncəsinin
sözə çevrilməsi, susqunluğun
danışmağa başlaması, qaranlıqda
işığın görünməsi idi.150 illik yol. Bu yolun
hər addımı yeni qəzetlərin doğuluşu, satirik
jurnalların cəsarəti, senzuranın ağır kölgəsində
milli səsin qorunması, azadlığın nəfəsində
sözün açılması, informasiya savaşlarında
haqqın müdafiəsi... Bütün bu mərhələlər
Azərbaycan mətbuatının tarixini yalnız
informasiyanın ötürülməsi deyil, həm də
xalqın mənəvi və siyasi yaddaşının salnaməsinə
çevirdi. Bu yazı həmin yolun xəritəsidir –
ideyaların, qələmlərin, sətirlərin və sətiraltıların
qurduğu bir millət tarixinin mətbu simfoniyası...
Rəqəmsal dalğalarda media: Yeni zamanın yeni
çağırışları
Azərbaycan mediası bu gün yalnız qəzetlər
və televiziya ilə təmsil olunmur – internet saytları,
sosial media platformaları, podkastlar və süni intellekt vasitələri
də jurnalistikanın yeni simasına çevrilib. Bu
transformasiya həm imkan, həm də məsuliyyət
yaradır.Media agentlikləri bu sahədə yenilənmə
proqramları, texnoloji təlimlər, kadr
hazırlığı və hüquqi təkmilləşməyə
ciddi önəm verir.
Rəqəmsal dövrün hüquqi bazasının
qurulması
Yeni dövrün medianın qarşısına
qoyduğu tələblər fərqlidir: rəqəmsal
transformasiya, sosial media idarəçiliyi, süni intellektin
mediaya təsiri və informasiya təhlükəsizliyi kimi məsələlər
ön plana çıxır. “Media haqqında” Qanun,
Medianın İnkişafı Agentliyinin fəaliyyəti,
jurnalistlərin peşəkarlığının
artırılmasına yönəlmiş təlimlər bu yeni
çağırışlara cavabdır.
Medianın rəqəmsallaşması həm fürsətdir,
həm də məsuliyyət. Sürətli informasiya
dövründə yalnız dürüst, dəqiq və məsuliyyətli
mətbuat ictimai rəyi formalaşdırmaq gücünə
sahib olacaq.
Sürətə qarışan sözün taleyi
Bu gün informasiya saniyələrlə
yarışır. Sosial şəbəkələr isə bu
yarışın ən güclü meydanıdır. Artıq
bir xəbərin çap olunması, redaksiyadan keçməsi,
səhifəyə yerləşdirilməsi dövrü geridə
qalıb. Bir “status”, bir “tvit”, bir “story” – və milyonlarla
insanın diqqəti o bir neçə cümləyə
yönəlir. Sosial media jurnalistikanı dəyişdi – həm
forma, həm məzmun, həm məsuliyyət
baxımından. Əvvəllər oxucu xəbər
üçün redaksiyaya üz tuturdu, bu gün isə
redaksiya oxucunun ardınca sosial şəbəkəyə
çıxır. İnformasiya verilməsi ilə
yanaşı, təqdimat üslubu, vizual cəlbedicilik və
reaksiyalara dərhal cavab vermək zərurəti yaranıb.Bu
transformasiya imkanlarla yanaşı, risklər də gətirib.
Sosial mediada dezinformasiyaların, “feyk xəbər”lərin
sürətlə yayılması, emosiya yönümlü
manipulyativ məzmunlar cəmiyyətin informasiya təhlükəsizliyini
təhdid edir. Media artıq yalnız xəbər mənbəyi
deyil, həm də bu axının içində
dürüstlüyün qalası olmalıdır. Azərbaycan
mediası üçün bu dövr bir imtahandır. Həm
yeni auditoriyalara çıxmaq, həm də peşəkarlıqla
fərqlənmək imkanıdır. Ənənəvi media
qurumları sosial şəbəkə platformalarında aktiv
olmalı, operativliklə yanaşı, məsuliyyət
daşıdıqlarını da unutmamalıdırlar.
Çünki informasiyanın əli sürətə
çatsa da, onun qəlbi həqiqətdə döyünməlidir.
Bəli, sosial şəbəkələr medianın səsini
yüksəldib. Amma bu səsin tonu, doğruluğu və məqsədi
hələ də redaktor vicdanından və jurnalist peşəkarlığından
asılıdır.
Mədəniyyətin güzgüsü: Jurnalistika və
milli irsin təbliği
Bir xalqı tanımaq istəyirsənsə, onun nə
qədər bina tikdiyinə deyil, hansı mahnını
unutmadığına, hansı dastanı hələ də
danışdığına bax. Mədəniyyət millətin
ruhudur – jurnalistika isə bu ruhun səsini gələcək nəsillərə
daşıyan aynadır. Mədəni jurnalistika – sadəcə
tamaşa haqqında xəbər, ya da bir kitabın təqdimatı
deyil. Bu, həm də xalqın yaddaşına, mənəvi
mirasına, estetik zövqünə və
dünyagörüşünə nəzarət edən bir
vasitədir. Mədəniyyət sferasında
çalışan jurnalist, əslində, xalqın milli
kimliyini qoruyan görünməz qəhrəmandır.
Televiziya ekranlarında bir sənətkarın ömür
yolunu işıqlandırmaq, radio efirində bir qədim xalq nəğməsini
səsləndirmək, qəzet səhifəsində xalq
şairinin yubileyini qeyd etmək – bunların hər biri ictimai
şüura vurulan bir möhür, unudulmaq üzrə olan dəyərlərə
verilən bir nəfəsdir.
Həqiqətin müdafiəsində: Saxta xəbərlə
mübarizə və mənbənin dəqiqliyi
Bir cəmiyyətin ağlına yayılan
yanlış bir informasiya, bəzən illərlə qurulan
inamı, ictimai sabitliyi və həqiqətin özünü
sarsıda bilər. İnformasiyanın silaha çevrildiyi bu
dövrdə jurnalistin rolu sadəcə xəbər yazmaq
deyil, həqiqətin keşiyində dayanmaqdır. Saxta xəbər
– yəni məqsədli şəkildə uydurulmuş,
manipulyativ və ya kontekstdən çıxarılmış
məlumat – bu gün təkcə sosial şəbəkələrdə
deyil, bəzən peşəkar media mənbələrində
də yayılır. Bu, jurnalistikanın etimadına zərbə
vurmaqla yanaşı, ictimai düşüncəni
yanlış istiqamətə yönəldə bilər. Ona
görə də mənbənin yoxlanması, faktın dəqiqləşdirilməsi
və doğru dəyərləndirilməsi jurnalistin peşə
fəaliyyətinin ayrılmaz hissəsidir. Peşəkar
jurnalist heç vaxt “eşitdim ki...” ilə başlayan xəbəri
tirajlamaz. O, hər məlumatın ardınca gedər, ən
azı iki müstəqil mənbədən təsdiq gözləyər,
sənəd istəyər, ekspert rəyini dinləyər.
Çünki jurnalistin silahı informasiyadır, lakin bu
informasiya yalnız dəqiqliklə kəsər, doğruluqla
yara açar, vicdanla mühakimə edilərsə ədalətə
xidmət edər. Azərbaycanda da son illərdə bu istiqamətdə
ciddi addımlar atılıb. Xəbər portallarının məsuliyyəti
artırılıb, fakt-yoxlama mexanizmləri yaradılıb,
jurnalistlər üçün təlimlər təşkil
olunur. Medianın İnkişafı Agentliyinin təşəbbüsləri,
“Media haqqında” Qanunun tələbləri bu sahədə
şəffaflığı və peşəkarlığı
təşviq edir.
Amma bu, yalnız sistem işi deyil – bu, qələm
sahibi olan hər kəsin vicdani borcudur. Bir xəbəri
tirajlamazdan əvvəl onun cəmiyyətin taleyinə təsir
edə biləcəyini düşünmək jurnalistin peşə
məsuliyyətinin ilk şərtidir. Çünki bir səhv
xəbər bəzən bir insanın həyatına, bir ailənin
ad-sanına, bir xalqın sabitliyinə toxuna bilər. Jurnalist
üçün ən böyük güc — sürətli yazmaq deyil, doğru yazmaqdır.
Qələbə xəbərlərinin cəbhəsi:
Mətbuatın Vətən müharibəsində missiyası
2020-ci ilin payızında baş verən 44
günlük Vətən müharibəsi zamanı Azərbaycan
mediası həm ölkə daxilində, həm də beynəlxalq
miqyasda informasiya cəbhəsində döyüşdü.
Dövlətə sadiq, operativ və peşəkar xəbər
yayımı ilə düşmənin yalan məlumatları
ifşa edildi.Cəbhədən hazırlanan reportajlar,
canlı bağlantılar, şəhid və qazilərimiz
haqqında yazılar xalqın həmrəyliyini gücləndirdi.
Media vətənpərvərlik ideologiyasının
daşıyıcısına çevrildi. Bu gün mətbuatın
təkcə informasiya yox, ideoloji mübarizə vasitəsi
olduğunu bir daha gördük.
Gələcəyə istiqamətlənmiş yol xəritəsi…
2025-ci il aprelin 25-də Prezident İlham Əliyevin
imzaladığı Sərəncam Azərbaycan milli mətbuatının
150 illik yubileyinin dövlət səviyyəsində qeyd
olunmasının göstəricisidir. Bu sənəd mətbuat
tariximizə verilən dəyər olmaqla yanaşı,
medianın gələcək inkişaf istiqamətlərini də
müəyyənləşdirir. Sərəncamda qeyd olunur ki,
Azərbaycan mediası dövlət maraqlarını uca
tutmalı, informasiya mübarizəsində milli mənafeləri
qorumağa davam etməlidir. Bu, mediamıza verilmiş strateji
etimadın göstəricisidir. Prezident İlham Əliyevin
yubiley münasibətilə imzaladığı Sərəncam,
bu mətbuat salnaməsinin dövlət səviyyəsində
tanınması və gələcəyə yönəlmiş
strateji yol xəritəsidir. Azərbaycan mətbuatı
artıq təkcə tarix deyil – o, sabahın qurucusudur. Bu 150
illik yol, qələmə verilmiş müqəddəs vəzifənin
– sözlə xalqın tale yoluna işıq salmağın –
şərəfli salnaməsidir. Qarşıda yeni mərhələlər,
yeni vəzifələr var. Amma dəyişməyən bir dəyər
mövcuddur: Azərbaycan mətbuatı xalqın, dövlətin
və gerçəyin tərəfindədir. Bu Sərəncam
yalnız yubileyin qeyd olunması deyil, həm də mətbuat
nümayəndələrinin qarşısında konkret vəzifə
və məsuliyyətlər müəyyən edən strateji
sənəddir. Sərəncam həm tarixi dəyərləndirmə,
həm də gələcəyə istiqamətlənmiş
yol xəritəsi funksiyası daşıyır.
Bir qələm, bir millət, bir sabah: Azərbaycanın
söz tarixinin şərəf lövhəsi
Azərbaycan milli mətbuatı 150 illik tarixi ilə təkcə
hadisələrin şahidi olmayıb, onların
formalaşmasında da iştirak edib. Azərbaycan milli mətbuatı
bu gün özünün intellektual və ideoloji zirvəsində
dayanır. Keçdiyi yol,
apardığı mübarizə, qoruduğu dəyərlər
onu sadəcə informasiya vasitəsinə yox, milli
ideologiyanın mərkəzinə çevirib. 150 yaşlı
mətbuatımız tariximizin, dövlətçiliyimizin,
xalqımızın aynasıdır. Bu güzgüdə
yalnız keçmiş yox, gələcək də
görünür. “Əkinçi”nin ilk sayından
başlayaraq Azərbaycan mətbuatı xalqın maariflənməsində,
milli şüurun oyanışında, dövlətçiliyin
əsaslarının möhkəmlənməsində əvəzsiz
rol oynayıb. Sovet dövrünün sərt senzurası,
müstəqillik illərindəki
çağırışların, informasiya əsrinin rəqəmsal
çətinliklərinin bütün mərhələlərində
Azərbaycan mediası bir dirəniş, bir öhdəlik, bir əqidə
nümayiş etdirib.
Bu gün mediamız həm tariximizin
daşıyıcısı, həm gələcəyimizin
yolçusudur. “Əkinçi” ilə başlayan bu səyahət
indi müasir jurnalistikanın, rəqəmsal informasiya
texnologiyalarının imkanları ilə davam edir. Bu 150 illik
yubiley təkcə keçmişin şərəfləndirilməsi
deyil, gələcəyə verilən ümidin, etimadın və
çağırışın təntənəsidir.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 22 iyul (¹125).- S.7.