Yurd ətirli Eminim
Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz
kəndində anadan olub.
Üç nəfərlik balaca bir ailənin doğan
günəşi idi Emin. Qədəmləri sevinc, xoşbəxtlik,
səadət gətirmişdi ailəsinə. Nurlu
çöhrəsi, ağıllı nəzərləri olan
Eminin gələcəyi üçün saysız, hesabsız
arzu və planlar var idi. Atası Rəşadət bəy və
anası Gülşad xanım halal zəhməti,
alınlarının təri ilə
böyütmüşdürlər oğlu Emini. Onun gələcəyinin
parlaq olması üçün ilk öncə yaxşı bir
şəxsiyyət, vətənə layiq vətəndaş
böyütmək lazım idi. Valideynlərinin ən ündə
məramları da elə bu idi. Ləyaqətli bir vətəndaş
olub xalqımız üçün iftixar yeri olmasını
istəyirdi doğmaları.
Nağıl dili yüyrək olar deyirlər. Bu 22 illik
qısa nağıl ömrün dili də zirək oldu.
Gənc ailə Eminin və özlərinin gələcəyi
ilə əlaqədar olaraq, o hələ uşaq ikən
Naxçıvan şəhərinə köçürlər.
Hər gün bir buğda boyu böyüyən Emin
ağlı, mehribanlığı ilə hamının
sevimlisinə çevrilmişdi. Zəhmətkeş ailənin
çalışqan övladı bütün yaş dövrlərində
və olduğu hər yerdə taytuşlarından fərqlənir,
hörmət və ehtiram qazanırdı ətrafdakılardan.
O, 2004-cü ildə Naxçıvan şəhər Cəlil
Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbin
birinci sinfinə daxil olur. Orta məktəbi
yaxşı qiymətlərlə oxuyan Eminin hərb sahəsinə
marağı hələ balaca vaxtlarından hiss olunurdu. Bunu isə
ona atası aşılamışdı. Atalar oğul
övladlarının əsl kişi sənəti ilə məşğul
olmalarının arzusunda olar həmişə. Elə Rəşadət
bəy də gözünün ağı-qarası olan Eminin gələcəyini
məhz hərbçi kimi düşünür, arzu edir və
onun fikirlərinin formalaşması üçün əlindən
gələni edirdi. O, oğlunun bu sahəyə
marağının artdığını gördükcə
ürəyi dağa dönürdü. Ara-sıra yolunu
oğlu ilə birlikdə Naxçıvan şəhərindəki
Heydər Əliyev adına Hərbi Liseyin
qarşısından salar, onun kursant paltarı geyinmiş tələbələrin
uzaqdan da olsa izləməsinə çalışardı. Kim
bilir o anlarda hansı arzuları diləyib, hansı planları
qururmuş. Lakin atalar yaxşı dyiblər ki, sən
saydığını say, gör fələk nə sayır.
Emin və ailəsinin fələyin onlara hazırladığı
qismətdən xəbərləri yox idi. Qardaşı, dostu,
sirdaşı olan atasını çox tez itirəcyini balaca
ağlına belə gətirə bilməzdi, nə Emin, nə
də anası Gülşad xanım. Atası onun 22 illik həyat
hekayəsinin ilk on ilinin baş qəhrəmanı oldu. Və...
Və budur bir gün onların qapısından qara yel əsdi.
Gənc anası və Emin bir anda acı bir talenin bir cüt,
iki tək qurbanı oldu. Bəli canlı qurbanı. Elə o
gün artdı anası Gülşad xanımın zərif
çiyinlərinin ağır yükü. Həyat
yoldaşı Gülşada verdiyi sözü tutmadı. Onu
ağır bir yükün altında qoyaraq əbədi evinə
köçdü. İndi bu zərif, zəif və çarəsiz
gənc qadını qarşıda sınaqlar gözləyirdi.
O, ömürgün yoldaşının ona əmanət etdiyi
aman-zaman bir balasını böyütməli idi. Həm də
onun arzusunda olduğu kimi. Əsl İnsan yetişdirməli,
atasının ruhunu şad edə biləcək bir oğul
olmalı idi Emin. Ürəyinin acısını
köksünün dərinliklərinə basdıraraq, madar
balasının həyat yoluna çıraq oldu Gülşad
xanım. Həm işləyir, həm də Eminin təlim-tərbiyəsi
ilə məşğul olurdu. O, ana rolunda yaranışdan
çox gözəl idi. Nəvazişi, məhəbbəti,
qayğısı qüsursuz idi. Ata rolunda olmağı da
yaradan ona münasib görmüşdür. Və bir qadın
üçün bundan ağır nə ola bilərdi ki?! Lakin
məcburdu. Bütün kəm-kəsrləri ilə
Gülşad oğluna ata da oldu. Oğlunun xarakterində Azərbaycan
kişisinə xas keyfiyyətlərin olmasnda böyük rol
oynadı. Oxuduğu məktəbdə Emin haqqında deyilən
təriflər bunun bariz göstəricisi idi. Təhsili
uğurlu davam edirdi Eminin. Məktəbdə müəllim və
şagirdlər arasında özünə hörmət, məhəbbət
qazanmışdı. Atasından sonra isə yolunu özü
üçün müəyyən etmişdi. Atasının
ruhu onu hərbi formada görəçəkdi mütləq.
Emin 8-ci sinfi bitirdikdən sonra 2012-ci ildə Heydər
Əliyev adına Hərbi liseyə qəbul olur və 3 il
burada təhsil alır. İlk nailiyyətinin ardınca 2015-ci
ildə Naxçıvandan Bakıya, hərbi sənətinin dərinliklərinə
yiyələnmək üçün Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul
olur. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonuna
göndəriş alır.
Qüruru yerlə göy arasına
sığmırdı. İndi o, atasının arzusunu həyata
yetirdiyi üçün özünü xoşbəxt hesab
edirdi. Buna haqqı da var idi. Deyəsən bundan belə
anası da dərindən nəfəs alacaq,
övladınıın qazancından yeyəcək,
çiyinlərinin ağır yükündən qismən də
olsa arınacaqdır axı!...
O, bilirdi ki, seçdiyi peşə şərəfli
olmaqla yanaşı, ağır və təhlükəlidir.
Bütün bunlara rəğmən qəlbdən
bağlanmışdır peşəsinə. Axı o, hələ
ki, tək sevdalandığı vətən torpağına
xidmət edir, onu göz bəbəyi kimi qoruyurdu. O, bilirdi və
gözləyirdi ki, Ali Baş Komandan bir əmr versin. O, da
başqa igidlər kimi əsarətdə olan yurd yerlərimizi
xilas etmək üçün səfərbər olsun. O
mübarizə isə qansız, qadasız olmayacaqdı. O qan
isə Eminin də ürəyindən axıb bütün
vücüdünda yalnız vətən üçün
dövr edirdi.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ
savaşına leytenant Sadiqov oktyabr ayının 11-də
Füzuli istiqamətində qoşulur. Qanlı
döyüşlərin getdiyi torpaqlarımızda hər an
bir can şəhid düşdükcə, o an onlarla mənfur
düşmən yer üzündən silinir. Gözünü
qırpmadan döyüşən Emin əsgərləri və
silahdaşları ilə birlikdə onlarla yağını zərərsizləşdirərək
irəli addımlayırdılar. Artıq on beş günə
yaxın idi ki, çətin şəraitdə haqq
savaşımızı aparır, qalib dönməsi
üçün əlindən gələni edirdi Emin və cəbhə
yoldaşları. O, arada imkan tapdıqca anasına bir-iki dəqiqəlik
də olsa zəng edir, hər şeyin yaxşı olduğunu
deyir və narahat olmaması üçün təskinlik
verirdi. Əlbəttə ki, bu ana üçün nə qədər
təskinlik ola bilərdi axı?! Hər gün şəhid xəbəri
bütün xalqı sarsır, qəmə
batırırdı. Eyni ilə də hər gün geri
alınan torpaqların sədasını duyduqca, qürür
hissi xalqın qələbə inamını gücləndirirdi.
Bütün igidlərimiz kimi Emin də şəhadət
şərbətini dadmağın necə şərafətli
olduğunu bilirdi. Lakin öncə torpaqları azad etməli
idi! Təəsüf ki, ona Azərbaycanın dilbər guşəsi
olan Qarabağı və digər torpaqlarımızı azad
görmək nəsib olmadı. Emin 26 oktyabr 2020-ci ildə
Füzuli rayonunun Alxanlı və Seyidəhmədli kəndlərinin
azad ediləsi uğrunda gedən savaşda şəhidlik zirvəsinə
ucalaraq, 22 illik həyatının əbədiləşdirdi.
Bu o zaman idi ki, yurdumuzun hər yanında olduğu kimi,
Naxçıvana da karvan-karvan şəhid gətirilirdi. Xalq
matəm içində idi. O zaman hər kəs şəhid
doğmasına çevrilərək, onların
ağrı-acısını paylaşaraq yüngülləşdirməyə
çalışırdı.
Analar dar gündə övladlarını daha çox
hiss edərlər. Elə Gülşad xanım da içinin
sıxıntısından çölünə
sığmırdı. Nə qəribədir yuxular da nigaran
asılı qalır gözlərdən o aralarda. O, oğlunun
ruhu ilə danışır o gecə. Və ona deyir ki, “pis xəbərini
almamaq üçün bağlamışam telefonu bala”.
Şəhidin nəşini bir neçə gün
sonra oktyabr ayının 30-da Naxçıvana gətirərək,
doğulduğu Şahbuz kənd məzarlığında dəfn
etmək mümkün olur. O gün yerlə göyün
qovuşduğu gün idi Gülşad ana üçün. O,
növbəti dəfə sevdiyi doğması, ürək
parası, canından can olan balası tərəfindən tərk
edilirdi. Ancaq bir təskinlik ayaqda tuturdu ananı. Balası
gözü qədər sevdiyi vətən üçün
öz canını fəda etmişdir. Kədəri ananı
öldürdüyü qədər, qüruru nəfəs
alıb, ayaqda qalmasına səbəb idi. Emin özündən
sonra anaya yüzlərlə oğul və qız övladlar
qazandırdı. Artıq neçə illərdir ki,
Gülşad xanım da oğlunun ətrini yurdundan,
torpağından alır. Məğrur Azərbaycan
qadını olan Gülşad xanım özünün
örnək əməlləri ilə çoxlarına
nümunə olub. Öz dərdini geclərə
daşıyıb, gündüzlər isə digər şəhid
ailələrinin yanında durur. Bu əzəmətli
Qadının özündən böyük olan ürəyinə
təpər, ömrünə bərəkət arzu edir, cənnət
qoxulu şəhidimə Allahdan rəhmət diləyirəm. Mən
əminəm ki, anası ondan razı olduğu qədər də
o, da anasından razıdır.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond
mühafizi
İki sahil .- 2025.- 22 iyul (¹125).- S.8.