Görkəmli bəstəkar
Üzeyir Hacıbəyli Mikayıl Abdullayev tablolarında
Təsviri sənət tariximizə nəzər
saldığımız zaman görə bilərik ki, rəssam,
heykəltaraş və s. kimi yaradıcı
ziyalılarımız Üzeyir Hacıbəyli kimi təqdirəlayiq
milli xarakterlərin təsvirlərini yaratmağı hər
zaman özləri üçün başlıca meyar
seçmişlər. Mikayıl Abdullayev, Tahir Salahov, Nəcəfqulu
İsmayılov, Tokay Məmmədov, Ömər Eldarov kimi bir
çox rəssam və heykəltaraş dahi bəstəkara
ithafən, janr və növ müxtəlifliyi ilə
seçilən sənət əsərləri ortaya
çıxarmaqla sonsuz məharət göstərmişlər.
Beləliklə, bəstəkarın bizə tanış olan
xarakterik cizgilərini qüsursuz şəkildə rəsm etməyi
bacaran sənətkarlar, onun bədii-psixoloji tutuma malik,
bir-birindən dəyərli təsvirlərini milli mədəniyyət
xəzinəmizə ərmağan etmişlər.
Adları sadalanan rəssamların arasında
xüsusilə Mikayıl Abdullayevin portret
yaradıcılığı Ü.Hacıbəyli
mövzusunda olduqca müvəffəqiyyətli olmuşdur. O,
dahi bəstəkara bir-neçə portret həsr etmiş,
Üzeyir bəy dühasının böyüklüyü
haqqında ən dəqiq konturları da məhz o verə
bilmişdir. M.Abdullayevin qəhrəmanları çox olub.
Xatirələrində də bu barədə söz
açır, amma onun yaddaşında dərin iz salan,
“Unudulmaz obraz” adlandırdığı qəhrəmanı
böyük bəstəkar Ü.Hacıbəyli olmuşdur.
1943-cü ildə yaradılmış, sadəliyi, səmimiliyi,
mənəvi zənginliyi ilə tamaşaçının qəlbinə
yol tapan bəstəkarımız Ü.Hacıbəylinin
portreti rəssam M.Abdullayevin nailiyyəti idi.
Gələcəkdə Azərbaycan təsviri sənətinin
görkəmli nümayəndəsi kimi tanınacaq olan 22
yaşlı gənc rəssam portretin yaranma tarixçəsi
ilə bağlı öz xatirələrində qeyd edir:
“Yadımdadır, 1943-cü ildə C.Cabbarlı adına Azərbaycan
Teatr Muzeyinin açılışına hazırlıq
görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız
Üzeyir Hacıbəylinin portreti olmalı idi. Bu şərəfli
iş bu sətirlərin müəllifinə
tapşırıldı.
Mən portreti naturadan çəkmək niyyətində
idim. Lakin məlum oldu ki, Üzeyir bəy bu barədə
heç eşitmək belə istəmir. Sən demə, rəssamlardan
kimsə onun Moskvada bir xeyli vaxtını alıb, amma nəticəsi
olmayıb. Nəhayət, Üzeyir bəyin bu işə
razılıq verməsi xəbəri mənə çatanda
sevinc qarışıq həyəcan keçirməyə
başladım.
Konservatoriyanın direktoru Üzeyir bəyin kabinetində,
pəncərə qabağında iş yerimi rahatlayaraq
molbertin ayaqlarını açıb qurdum və rəngləri
sahmanladım. Lövhə üçün hazırladığım
çərçivəli kətanı üçayaqlı
molbertə bənd etdim. Divardan asılan qədim saat zəngi
on dəfə çaldı. Üzeyir bəy kabinetə daxil
olanda mən cəld ayağa qalxdım və biz ehtiramla
salamlaşdıq. Sonra o, kresloya əyləşdi və əllərini
kreslonun qolları üstünə qoyub soruşdu: “necə
oturmalıyam?” Mən tez cavab verdim: “elə bu cür,
oturduğunuz kimi sərbəst”. Kompozisiyanın mərkəzində
görkəmli bəstəkarın məğrur surəti
yüksəlir. Məşğuliyyətindən bir anlığa ayrılan bəstəkarın
müdrik siması, insan qəlbinə nüfuz edən nəzərləri
canlıdır, təsirlidir. Onun kəskin üz cizgilərində,
oturuşunda, libasında dinamika və həyəcan duyulur.
M.Abdullayev həcm etibarilə çox da böyük
olmayan bu tablonu üç-dörd günə bitirmiş və
muzeyin tələsməsinə baxmayaraq, portreti çox bəyənən
bəstəkara bağışlamışdı. Rəssamın
qeydlərində oxuyuruq: “Səhər gəlib kabineti
açdırdım ki, portreti və molberti aparım. Komendant
qapını aça-aça mənə dedi: “Portreti dünən
axşam biz apardıq Üzeyir bəyin evinə. Məleykə
xanım portretə baxmaq istəyir ama xəstə olduğuna
görə bura gələ bilmir”. Amma beş gün portretdən
xəbər çıxmadı.
Doğrusu, Üzeyir bəyin evinə özüm zəng
vurmağa utanırdım, odur ki, gəlib Ramazanı
(Ü.Hacıbəyovun şəxsi katibi Ramazan Xəlilov)
tapdım. O dedi: “Açığını deyim, bilirsən nə
var? Portret onların o qədər xoşuna gəlib ki, vermək
istəmirlər. Hətta məni müvəkkil ediblər sənə
deyim və öyrənim, o portretin qiyməti nə qədərdirsə,
Üzeyir bəy dəyər-qiymətini sənə vermək
istəyir”. Düzü, mən bərk pərt oldum və bunu
Ramazan da hiss etdi. Dedim: “Ramazan, nə danışırsan?
Dünyasında heç mən belə şeyə razı
olmaram. Üzeyir bəy Moskvada oxuyan bizim yaradıcı gəncliyə
daim atalıq etmişdir. Elə mən də onların
içərisində. Bunu məndən də yaxşı
bilirsən. İndi mən durub ondan portret haqqı alım?
Əksinə, bu mənim üçün şərəfdir!”. M.Abdullayev tezliklə muzey
üçün ikinci, daha böyük portret üzərində
işləməyə başlamışdı. Üzeyir bəy
rəssama növbəti dəfə də böyük məmnuniyyətlə
poza vermişdi.
İkinci portretdə dahi bəstəkar bu dəfə
kabinetindəki iş masasının arxasında, əllərinin
barmaqlarını bir-birinə keçirib əyləşmişdir.
Sənətkar bəlkə də, yeni bəstələdiyi əsərindən
indicə ayrılmışdır. Tünd koloritli bu portretdə
bəstəkarın üzü və əlləri
işıqlandırılmış, onun təmkinli siması,
düşüncəli nəzərləri
canlandırılmışdır
Qeyd edək ki, Teatr Muzeyinin açılışı
bir qədər də gecikdiyi üçün rəssamın
ikinci portreti İncəsənət Muzeyinə verilmişdi
M.Abdullayev 1944-cü ildə, Teatr Muzeyi
üçün növbəti, üçüncü portreti
işləməyə başlamışdı. Bu portretdə
isə Üzeyir bəy özünün ən çox
xoşuna gələn fotoşəkillərindən birini rəssama
bağışlamışdı. Rəssam bu fotoşəkilin
vasitəsi ilə portreti uğurla tamamlamışdı.
Bildirək ki, bəstəkara
bağışlanılan birinci portret onun vəfatından
sonra bir müddət Moskvadakı M.İ.Qlinika adına Musiqi Mədəniyyəti
Muzeyində nümayiş etdirilmişdir. Əsər
M.Abdullayevin muzeyə yeni bir portret təqdim etməsindən
sonra yenidən Bakıya-ev muzeyinə
qaytarılmışdır. Buradan belə nəticəyə gəlinir
ki, sənətkar rəsm etdiyi macəralı üç
portretdən əlavə bir və ya bir-neçə portret
üzərində də işləmişdir. Bu barədə
rəssamın öz qeydlərində də oxuyuruq:
“Böyük bəstəkarımızın iri həcmli
obrazını yaratmaq niyyətindəyəm. Bu lövhəni
hələ 1943-cü ildə çəkdiyim akvarel eskizə əsasən
işləyəcəyəm. Həmin eskizi bəstəkarın
özü ilə birlikdə müzakirə etmişdim və hətta
onun bu işdə bəzi arzu və qeydlərini indiyədək
unutmamışam.
Bu gün bəstəkarın ev muzeyinin
ekspozisiyasını bəzəyən tablolar içərisində
rəssamın Üzeyir bəyə həsr etdiyi
“Xeyir-dua”(1990) adlı süjetli tablosu istər mövzu, istərsə
də bədii-estetik cəhətdən olduqca yaddaqalandır.
Çoxfiqurlu kompozisiyaya malik bu tabloda xan qızı Natəvanın
balaca Üzeyiri Qori Müəllimlər Seminariyasına ilk dəfə
imtahan verməyə yola salması əks olunmuşdur. Yeri gəlmişkən
qeyd edək ki, bu tarixi görüş haqqında Natəvanın
arxivində saxlanılan sənəd də xəbər verir.
Bu sənədi bəstəkarın qardaşı
Zülfüqar Hacıbəyli yazmış, Üzeyir Hacıbəyli
isə təsdiq etmişdir. Sənəddə yazılır:
“Keçmişdə verdiyim qeydə əlavə olaraq təsdiq
edirəm ki, 1896-cı ildə qardaşım Ü.Hacıbəyli
ilə bərabər Qori şəhərinin müəllimlər
məktəbinə imtahan vermək üçün Tbilisi
şəhərinə yola düşərkən əmim
Hacıbəy Hacıbəylinin vasitəsi və müşayiəti
ilə o vaxt xan qızı Xurşudbanı bəyimin (Natəvanın)
yanına gəldik ki, bizə xeyir-dua versin”.
Qeyd edək ki, bəstəkar seminariyaya həmin il yox,
şairənin ölümündən sonra 1899-cu ildə daxil
olmuşdur. Vurğulayaq ki, o zamanlar maarifin, elmin himayədarı
olan şairə uzaq yerlərə təhsil almaq üçün
gedənlərə xeyir-dua verərmiş. Beləliklə, bu
faktı və tarixi görüşü nəzərə alan
M.Abdullayev Şuşa fonlu bu tablonu fırçaya
almışdır. Rənglərin təzadından və təsiretmə
gücündən ustalıqla istifadə edən rəssam
personajların hər birinin kompozisiyanın bütövlüyünə
xidmət etməsinə müvəffəq olmuşdur. Rəssamın
zəngin təxəyyülünün məhsulu olan, parlaq,
olduqca nəfis, rəng baxımından peşəkarcasına
rəsm edilən bu kompozisiyada görüntüyə gətirilən
fiqurları hərəkətdə əks etdirən rəssam
talblonun ritmik oynaqlığına nail olmuşdur.
Göründüyü kimi, rəssam Ü.Hacıbəyli
obrazına müxtəlif
vaxtlarda, bir-neçə dəfə müraciət
etmiş, beləliklə, zaman keçdikcə Üzeyir bəy
obrazı rəssamın fırçasında yeni
çalarlar, daha orijinal xarakterik təsvir
qazanmışdır.
Budur, sənətkarın yüksək peşəkarlıqla
yaratmış olduğu əsərlərindən biri. Rəssam
1995-ci ildə Üzeyir bəy mövzusuna yenidən
qayıtmış, “Üzeyir Hacıbəyli və Səməd
Vurğun” adlı tarixi tablonu fırçaya
almışdır. Cəlbedici rəng və poza zənginliyini
şərtləndirən bu tablo həm də tarixilik
baxımından yadda qalır. Belə ki, tabloda iki əqidə
dostunun Azərbaycan SSR Dövlət Himnini yazdıqları an təsvir
edilmişdir.
Fiqurların duruşundakı pafos və ustalıqla
işlənmiş gerçəkçi xarakter tablonun mükəmməlliyini təmin
edən başlıca keyfiyyətlərdəndir. Mahir portret
ustası olan rəssam bu əsərində də qəhrəmanlarının
daxili aləminə nüfuz etmiş, onların
psixologiyasını, mənəvi keyfiyyətlərini məharətlə
rəsm edə bilmişdir. Bütün bu detalların birgə
vəhdəti əsəri, müəllifin son dövr
yaradıcılığının ən böyük
uğurlarından biri kimi qiymətləndirməyə əsas
verir.
Vurğuladığımız kimi M.Abdullayevin portretləri
arasında Üzeyir bəyin obrazını əbədiləşdirən
lövhələri xüsusilə müvəffəqiyyətlidir.
Rəssam bu işlərində də hər şeydən əvvəl
öz qəhrəmanının daxili səmimiliyini duyan və
düzgün formada, təravətli rənglərlə
canlandırmağı özü üçün
başlıca məqsəd seçən bir sənətkar
kimi çıxış etmişdir. Portretlərin heç
birində təkrarçılığa yol verməmiş,
kompozisiyalarını olduqca orijinal qurmuş, sənətin
yeni zirvələrini fəth etmişdir.
Beləliklə, insan surətində psixoloji əhvali-ruhiyyəni
açıb göstərmək, naturanı hər tərəfli
dərk edib, onun formasını, həcmini, rənglərin təbii
münasibətini, bədii-emosional təsir gücünü
üzə çıxarmaq sahəsində axtarışlar edən
M.Abdullayev bəstəkarın portretlər silsiləsini
yaratmaq kimi şərəfli bir vəzifəni
qarşısına məqsəd qoymuş və buna nail
olmuşdur. Bu əsərlərin üstünlüyü
onların yalnız bədii cəhətdən maraqlı,
orijinal həllində deyil, həmçinin dahi bəstəkarın
yüksək mənəvi dəyərlərə malik
olmasından irəli gəlirdi. Rəssamın bu tabloları sonrakı dövr rəssamları
üçün portret yaradıcılığı məktəbi
əhəmiyyəti kəsb edir desək, yanılmarıq.
Şəmsiyyə Zalova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
İki sahil .- 2025.- 19 iyul (¹124).- S.8.