Qərbi Azərbaycana qayıdacağımız
gün uzaqda deyil
Müstəqil Azərbaycanın memarı
və qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının
xeyrinə dəyişəcək,
xalqımız gələcəkdə
mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını,
doğma dağlarını,
bulaqlarını, çaylarını,
ata-babalarının qəbirlərini
görəcəkdir. Mən
buna heç şübhə etmirəm”.
Qırx dörd
günlük Vətən
müharibəsində şanlı
Qələbə qazanaraq
ərazi bütövlüyünü
təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına
qovuşmuş Qarabağ
və Şərqi Zəngəzura Böyük
Qayıdış Proqramını
uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya
siyasətinin qurbanı
olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da
doğma yurdlarına dönməsi istiqamətində
ciddi iş aparılır.
Prezident İlham
Əliyev daim vurğulayır ki, Qərbi azərbaycanlıların
dədə-baba torpaqlarına
qayıtması onların
hüququdur. Azərbaycan
dövləti əlindən
gələni edəcək
ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları
bərpa olunsun. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündəki nitqində
bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək
və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların
yaxınları, uşaqları,
nəvələri tarixi
diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək
və əminəm ki, Qərbi azərbaycanlılar böyük
coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Ölkəmizin
başçısı həmin
görüşdə onların
qarşısında mühüm
vəzifələr qoydu. Bildirildi ki, İcmanın məqsədi müxtəlif
vaxtlarda etnik mənsubiyyətinə görə
Ermənistan ərazisindən
kütləvi şəkildə
deportasiya olunmuş azərbaycanlıların və
onların varislərinin
ictimai-mədəni birliyinə
nail olmaqla onların hüquqlarının
beynəlxalq müstəvidə
bərpası, Ermənistan
ərazisində Azərbaycan
xalqının yaratdığı
zəngin tarixi-mədəni
irsin öyrənilməsi,
təbliğ olunması
və tam məhv edilməsinin qarşısının alınması,
həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail
olunmasından ibarətdir.
Bu
gün dövlət başçısının rəhbərliyi
ilə Qərbi Azərbaycana sülh yolu ilə qayıdış
istiqamətində məqsədli,
genişləndirilmiş və
davamlı işlər
görülür, əhəmiyyətli
layihələr həyata
keçirilir. Belə
ki, İcmanın təşəbbüsü ilə
nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən
müəyyən qərarlar
qəbul olunub. Həmçinin Avropa İttifaqı səviyyəsində
məsələ ilə
bağlı müzakirələr
aparılıb. Qərbi
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində işlər
davamlı xarakter alıb. Belə ki, 2023-cü il yanvarın 31-də BMT Katibliyi
Qərbi Azərbaycan İcmasının beynəlxalq
ictimaiyyətə 12 yanvar
tarixli müraciətini,
2023-cü il martın
28-də İcmanın Qayıdış
Konsepsiyasını, 2023-cü il mayın 20-də isə qurumun UNESCO-nun Baş direktoru
Odri Azuleyə ünvanladığı məktubu
BMT Təhlükəsizlik Şurasının,
Baş Assambleyasının,
İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Həmçinin
Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş
Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət
Təşkilatına (UNESCO) müraciət edərək,
indiki Ermənistan ərazisində Azərbaycan
mədəni irsinin kütləvi dağıdılması
faktlarına diqqəti
çəkib, bu sahədə vəziyyətin
qiymətləndirilməsi üçün
Ermənistana faktaraşdırıcı
missiyanın göndərilməsini
xahiş edib.
Təəssüf ki, bu gün
Ermənistan hakmiyyəti
tərəfindən Qərbi
Azərbaycana qayıdışla
bağlı qəbulolunmaz
bəyanatlar səsləndirilir.
Təbii ki, həmin rəsmilərin azərbaycanlıların guya
deportasiyaya məruz qalmadıqlarına, evlərinin
əvəzində kompensasiya
alaraq öz əzəli torpaqlarını
tərk etmələrinə
dair iddiaları əsassızdır və
heç bir mənəvi-əxlaqi dəyərlərə
sığmır. Soydaşlarımızın
öz tarixi torpaqlarından zor gücünə qovulması
faktının inkar edilməsi, Hayastanın azərbaycanlılara qarşı
sistemli və məqsədyönlü şəkildə
onilliklər ərzində
həyata keçirdiyi
etnik təmizləmə
siyasətinə bəraət
qazandırmasının əyani
təsdiqidir. Ancaq bütün bunlar əbəsdir. Çünki
Qərbi Azərbaycan həqiqətləri artıq
ciddi beynəlxalq dəstək qazanır.
Prezident İlham
Əliyev 2022-ci il dekabrın 24-də Qərbi
Azərbaycan İcmasının
üzvləri ilə görüşü zamanı
bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır,
bunu bir çox tarixi sənədlər təsdiqləyir,
tarixi xəritələr
təsdiqləyir, bizim
tariximiz təsdiqləyir:
“Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün
tarixi, dini abidələrimizi yerlə-yeksan
ediblər, dağıdıblar,
azərbaycanlıların tarixi
irsini silmək istəyiblər, ancaq buna nail ola
bilməyiblər. Çünki
tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş
etdirilən, XX əsrin
əvvəllərinə təsadüf
edən xəritə bir daha onu
göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin,
kəndlərin adları
Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Zahid Rza
İki sahil 2025.- 18 iyul
(¹ 123).- S.7.