Seçim etməyi
bacaran aktyor
Xalq artisti Cəfər Namiq Kamal: Aktyorun obraza
qatdığı şirinliyi heç bir dramaturq, ssenarist, hətta
rejissor qata bilməz
Cəfər
Namiq Kamal. Xalq artisti, Prezident təqaüdçüsü…
Haqqında “Tale yazısı” kitabı yazılmış sənətkar.
Teat səhnəsində, televiziya tamaşalarında, eləcə
də kinomuzda bənzərsiz obrazlar qalereyası
yaratmış bu şəxslə onun hazırda
çalışdığı Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında görüşdük. Beləliklə, müsahibimiz Xalq
artisti Cəfər Namiq Kamaldır.
- Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında sizin 75 illik yubileyiniz
münasibətilə N. V. Qoqolun eyniadlı pyesi əsasında
“Müfəttiş” adlı benefis (artistin xidmətini, məharətini,
əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə
verilən tamaşa) tamaşa hazırlanıb. Siz bu
tamaşada vəzifələrdə qocalmış,
rüşvətxor, özünə görə ağllı
adam olan bələdiyyə rəisi Anton Antonoviç
Skvoznik-Dmuxanovski rolunda çıxış edirsiniz. Cəfər
müəllim, niyə məhz “Müfəttiş”?
- Bu təklif
Akademik Milli Dram Teatrından gəlib. Yeri gəlmişkən,
neçə il bundan qabaq həmin tamaşa
teatrımızın səhnəsində oynanılıb. Onda
bu rolu Ramiz Novruzov, Rafael Dadaşov ifa edirdilər. Ümumiyyətlə,
gənc yaşlarımda “Müfəttiş”dəki yelbeyin,
başıboş Xlestakovu canlandırmaq istəmişəm. Hətta
onun ştrixlərini də müəyyənləşdirmişdim.
Amma 25 il fəaliyyət göstərdiyim Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında bu tamaşa səhnəyə
qoyulmadı. 1996-cı ildən
çalışdığım Akademik Milli Dram Teatrında
bu tamaşa hazırlananda da Xlestakovluq deyildim. Yəni,
yaşım keçmişdi.
Odur ki, mənə əsərin əsas personajlarından
sayılan bələdiyyə rəisi rolu həvalə olundu.
Mənə də həmin rola etiraz etmədim. Aprelin 11-də
bu tamaşasının premyerası keçirilib. Deyilənlərə
görə, tamaşa yaxşı alınıb.
- Bəs
həyatınızın müfəttişi kimdir?
- Müfəttişlərim
rejissorlarımdır. Bildiyiniz kimi, bizim aktyor sənəti bir
qədər asılı sənətdir. Rol
tapşırılanda da çalışmışam ki,
onların, həm də özümün üzünü
ağ edim.
“Canımda
rejissorluq var”
-
Müsahibələrinizin birində demisiniz ki, teatr epidemiya kimidir.
Cəfər müəllim, teatr hara, epidemiya hara?
-
Sözümün üstündə dayanıram, yenə də
deyirəm, teatr epidemiyadır. Adam var deyir ki, 5-6 idarədə
işləmişəm. Yəni, harada maaş çox verilir,
ora gedib. Amma bizdə elə deyil. Bura düşən adam
çıxa bilmir. Dediyim epidemiya canına elə
düşür ki… Hə, həm də demişəm ki, bizim
sənət ömür qısaldan sənətdir. İfa
etdiyimiz rolların dərdini özəlləşdirib öz dərdimiz
edirik. Mənim dördüncü sinifdən üzümə
qrim dəyib. İnsan var, öz probleminin altında
çabalayır. Amma aktyor ayda 5-10 obrazın problemini
içindən keçirir.
- Bu və
ya digər tamaşada improvizələrinizin şahidi
olmuşuq. İmrovizələrinizdən inciyən olub?
-Yox…
Çünki onların hər birini yerli-yerində edirəm. Mənim fikrimcə, aktyorun obraza
qatdığı şirinliyi heç bir dramaturq, ssenarist, hətta
rejissor qata bilməz. Onu da deyim ki, mən ümumiyyətlə,
bəyənmədiyim rolun dalınca getmirəm. Seçim etməyi
bacarıram. Amma boynuma götürəndə də bu və
ya digər rolun üzərində cani-dildən
çalışıram.
- Bəzən
aktyorları dram, komik, faciə aktyorları kimi xarakterizə
etməyə çalışırlar.
- Aktyora
“ştamp” vurmaq olmaz. O, hər bir rolu oynamağı
bacarmalıdır. Xarrat qapı da düzəltməyi
bacarmalıdır, pəncərə də, başqa şeylər
də. Aktyor da, əgər belə demək mümkünsə,
insan düzəldir. Yəni, demək istəyirəm ki, aktyor
hər cür insanı canlandırmağı
bacarmalıdır.
- Akademik
Milli Dram Teatrında, həmçinin Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında bir çox rejissorun
quruluşunda tamaşalarda oynamısınız. Hansı
rejissorla işləmək sizə daha çox ləzzət
verir?
-Bəli,
çox rejissorlarla işləmişəm. Hamısı da məndən
razı qalıb. Mənim üçün də əsas budur.
Çünki rejissor aktyordan narazı qalsa, növbəti
tamaşasında ona rol verməz. Odur ki, mən heç vaxt
rolsuz qalmıram. Bu mənada tələbatlı aktyoram. Aktyor
ki, tələbatlı olmadı deməli, o yaşamır.
- 55 ilə
yaxındır ki, teat aləmindəsiniz. Nə əcəb
özünüzü rejissor kimi sınamaq fikrinə
düşməmisiniz?
- Canımda rejissorluq var. Amma
mənim aləmimdə aktyor ona həvalə olunan rolunun
rejissoru olmalıdır. O ki qaldı konkret sualınıza, bu
barədə əsla düşünmürəm.
Fuad
Poladov sənətin hörmətini qazandıran sənətkar
olub
-Sizin
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında çalışdığınız illərdə
"Nəsimi"də Teymurləng, "Tütək səsi"ndə
Qurban, "Arxadan vurulan zərbə"də Qurd Cəbrayıl
və digər filmlərdə yaddaqalan obrazlar yaradan Xalq artisti
Yusif Vəliyev də həmin teatrda
çalışırdı. Onunla bağlı hansısa
xatiratınız varmı?
-Mən mədəniyyət
aləmimizdə öz dəst-xətti olan uşaq təbiətli
unudulmaz aktyorumuz Yusif müəllimdən xeyli cavan idim. Amma
bizim söhbətimiz tuturdu. O, söhbətlərinin heç
birində qeybət etməzdi. Həmişə də bir qayda
olaraq sənət aləmindən danışardı.
İndiki kimi yadımdadır. Gənc Tamaşaçılar
Teatrının 50 illiyində Moskvaya qastrola gedərkən
ondan soruşdular ki, kupe yoldaşlarınız kimlər olsa
yaxşdırı? O da dedi ki, Cəfər, şair-dramaturq
İsgəndər Coşqun və aktyor Mübariz
Əlixanoğlu… Bəli, mən onunla həmin günlərdə
xoş anlar yaşadım.
-Siz
televiziya tamaşaları ilə yanaşı, “Bomba”,
“Günaydın, mələyim!”, “Yük”, “Yalan” və s. filmlərə
də çəkilmisiniz. "Dərvişin qeydləri”
filmində isə Fuad Poladovla tərəf-müqbil olmusunuz.
Onunla bağlı nələr demək istərdiniz?
-Xalq
artisti Fuad Poladov olduqca obyektiv, həm də öz şəxsiyyətinə
hörmət edən insan idi. O, sənətini dərindən
bilən, ona hörmət qazandıran bir şəxs idi. Hətta
deyərdim ki, Fuad sənətin hörmətini qazandıran sənətkar
olub. Bir dəfə onu Vaqif Səmədoğlunun “Generalın
son əmri” tamaşasına (rejissor Xalq artisti Ramiz Həsənoğludur)
baxmağa dəvət etdim. O dedi ki, həmin tamaşaya baxmışam.
Dedim ki, bəs həmin gün nümayiş olunan tamaşada mən
yox, dublyorum iştirak edib. Uzun sözün qısası, o gəldi. Tamaşadan sonra mənə dedi ki,
sözün düzü, ilk dəfə bu tamaşaya baxanda
başa düşməmişdim, amma indi başa
düşdüm, generaldan həm qorxdum, həm ona
güldüm, həm sevdim, həm də yazığım gəldi.
Maraqlı insan obrazı yaratmısan.
“Çox
gözəl oynadınız”
- Bəs
Ulu Öndər Heydər Əliyevin "Ah, Paris... Paris..."
tamaşasına baxdıqdan
sonra Onun yaradıcı heyətlə
görüşünü necə
xatırlayırsınız?
-Ulu Öndər Heydər
Əliyev rejissor Azərpaşa Nemətovun Xalq
yazıçısı Elçinin "Ah, Paris...
Paris..." komediyası əsasında
hazırladığı tamaşaya baxdıqdan sonra
yaradıcı heyətlə görüşdə onu ətraflı
analiz etdi. Bildirdi ki, insani yüksəldən, insanı insan edən,
adamı adam edən və insanı vətəndaş edən
onun mənəviyyatıdır. Ona görə də mən
pyesdə bunları gördüm. Daha sonra aktyorlardan söz
açan Ulu Öndər tamaşadakı Eynşteyn rolum barədə
bu sözləri dedi:”O elə qrim etmişdi, elə hərəkət
edirdi ki, mən ona Eynşteyn deyə bilmərəm. Orada
Eynşteyn idi. Amma burada... Çox gözəl
oynadınız”. Şübhəsiz, Bu, Ulu Öndərin mənim
sənətimə verdiyi qiymət idi. Elə bu tamaşaya
görə mən 2002-ci ildə Əməkdar artist fəxri
adına layiq görüldüm. Azərbaycanda peşəkar
teatrın yaradılmasının 140 illik yubileyində isə
Prezident İlham Əliyevin Sərəncamı ilə mənə
“Xalq artisti” fəxri adı verilib.
-Bəlkə,
qrim məsələsinə aydınlıq gətirəsiniz?
-Eynşteyn
mənim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
ilk rolum olub. Mən həmin rolun, əgər belə demək mümkünsə,
“qlükoza”sını çox etmişdim. Üstəlik, bu
rol üçün Rusiyada, “Mosfilm” kinostudiyasında keçəl
rollarını oynamaq üçün nəzərdə
tutulmuş parik də hazırlatmışdım. Onun da
üstündən başqa bir parik qoymuşdum. Sözün
düzü, mən Azərbaycan teatrında üst-üstə
qoyulmuş iki parikdən istifadə edən aktyorun olduğunu
eşitməmişəm.
“Üç
bacı”nın Maarifi
-
"Üç bacı” serialındakı Maarif rolunuz da
uğurlu alınıb. Hətta serial həvəskarları məhz
sizin oynadığınız rola görə həmin
serialı izlədiklərini deyirdilər.
-Bəri
başdan deyim ki, seriallar aləmində “Üç bacı” mənim
ilk və son serial işim olub. O ki qaldı Maarifə, o rol üzərində çox
işləmişəm. Rol təklif olunanda çox
düşündüm və o obrazı vizual olaraq görməyə
çalışdım. Məsələn, bilirdim ki, o
dövrün NKVD işçiləri özlərini
Bağırova oxşadardılar və onun kimi bığ
saxlayardılar. Düşündüm ki, Maarifin
bığı da, eynəyi, geyimi də o cür
olmalıdır və s. Hətta mətndəki sözləri
də özüm yazmışam. Yəni, o roldakıların
hamısı mənim əməyimin bəhrəsidir. Maarif düzgünlük axtaran
şəxsdir, amma hamı onu
demaqoq bilir. Məsələn, görür ki, həyətdə
kimsə qaraj tikir, heç kəs də həmin adama söz
deyə bilmir. O isə zəng vurub, qarajı
sökdürür. Bunu özü üçün etmir ki,
sakinlər üçün edir. Yadıma
düşmüşkən, hətta mənə zəng edib
deyirdilər ki, bəs filan məhəllədə belə bir
adam var. Olmaya onunla tanışsınız?
-Ondan
sonra seriallara çəkilməməyinizin səbəbləri
nədir?
-Dəvətlər
olsa da imtina etdim. Çünki baxıb görürəm ki,
serialı çəkmək istəyənlər ətrafılarına
elə insanları toplayıblar ki...
-Müasri
gənc aktyorların oyunu sizi qane edirmi?
- Mən
nə rejissoram, nə də teatrşünas. Özümə
cavabdehəm. Yaxşı olardı ki, bu sualla onlara müraciət
edəsiniz. Amma sadəcə tövsiyə edərdim ki, səhnədə
özləri kimi gülməsinlər,
qışqırmasınlar, ağlamasınlar, əsəbləşməsinlar.
Bütün bunlara oynadıqları rolun prizmasından
yanaşsınlar.
- Son
vaxtlar bu teatrda xoşagəlməz olaylar yaşanır. Bununla
bağlı nələr deyə bilərsiniz?
-Hər kəs
öz işi ilə məşğul olmalıdır. Aktyorsan
rolunu oyna, bacarmırsan sağollaş get. Teatrda Fironluq etmək
olmaz. Aktyor enerjisini öz işinə sərf etməlidir. Mən
belə düşünürəm.
Həyatın
səhnəsi
-Bir var
səhnə həyatı, bir də həyatın səhnəsi…
Bəlkə bir qədər həyat səhnələrinizdən
danışasınız?
- Məni
danışdırmaq çox çətindir, yəni az
danışanam. Hətta deyərdim ki, evdə məni
danışdırmaq üçün zülm çəkirlər...
Həyatda mən başıaşağıyam, qonaqpərəstəm.
Mən tıxsız balıq kimiyəm. Yəni, heç kəslə
işi olmayan insanam. Hətta insanlara o qədər inanıram
ki, məni uşaq da aldada bilər. Hə, bir də çox
kövrək adamam. Hətta sevincimi belə göz
yaşları ilə büruzə verirəm. İki balam var.
İkisi də Azərbaycan Rəssamlıq Akademiyasını
bitirib.
- Cəfər
müəllim, qardaşınız, Xalq artisti İlham Namiq
Kamal da səhnə adamıdır.
Yəqin ki, aranızda sənət söhbətləri
tez-tez olur?
-Əlbəttə.
- Son
illərin hansı hadisələr
yaddaşınıza əbədi həkk olunub?
- 44
günlük Vətən müharibəsi və 2023-cü ilin
sentyabrında bir günlük antiterror əməliyyatı. Bu
tarixlər hər bir soydaşımızın, o cümlədən
mənim yaddaşıma əbədi həkk olunub. 44
günlük Vətən müharibəsi günlərində ailəmlə birgə televizor
qarşısında oturub səbirsizliklə xoş xəbərləri
gözləyərdik. İnandırım sizi, bəzən
sevincdən çox kövrəlirdim. Belə anlarda uşaqlar
görməsinlər deyə, bir xəlvətə çəkilərdim.
Qvami Məhəbbətoğlu
İki
sahil.-
2025.- 3 iyun, ¹94.- S.7.