“150 ilin söhbəti”
“Ədibin Evi”ndə
kitab təqdimatı
İyunun
5-də “Ədibin Evi”ndə
yazıçı, Əməkdar jurnalist Natiq Məmmədlinin
“150 ilin söhbəti” kitabının təqdimat mərasimi
keçirilib.
“İki sahil” xəbər verir ki, kitab
Azərbaycan milli mətbuatının yaranmasının 150
illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı
tərəfindən çap edilib.
Tədbirdə çıxış edən “Ədibin Evi”
Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru
Şəfəq Mehrəliyeva kitab haqqında məlumat verib. O
bildirib ki, 150 il müddətində jurnalistika elm sahəsi kimi
çox böyük inkişaf yolu keçib. “İnformasiya
texnologiyalarının sürətli inkişafı media sahəsinə
də ciddi təsir göstərib. 150 il düşünən
insanlar üçün olduqca böyük rəqəmdir. bp
şirkətinin dəstəyi ilə nəşr olunmuş
kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik
fikrinin öyrənilməsi, geniş oxucu auditoriyasında
kütləviləşdirilməsi və Azərbaycanın
maarifpərvər fikir adamlarının irsinin təbliği məqsədi
daşıyır. Kitabda müəllifin otuz il ərzində
apardığı araşdırmalar, yazdığı
oçerklər, məqalələr, müsahibələr, eləcə
də bədii əsərləri yer alıb”, - deyə
Ş.Mehrəliyeva əlavə edib.
Kitabın elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitabda
Prezident İlham Əliyevin və Ümummilli Lider Heydər
Əliyevin mediaya göstərdiyi diqqət və qayğı
da əksini tapıb.
Akademik
yeni nəşrdə müəllifin
intellektual səviyyəsi, analiz etmə və nəticə
çıxarma bacarığının açıq şəkildə
göründüyünü deyib: “Prezident İlham Əliyev
bu il Azərbaycan milli mətbuatının 150 illiyinin ölkəmizdə
geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam
imzalayıb. Kitabın adına nəzər yetirdikdə
aydın olur ki, o, “söhbət” üslubunda qələmə
alınıb. Bu, mətbuat tarixi ilə bağlı
yazılmış orijinal elmi-publisistik əsərdir. Kitabda
yazıçının ictimai-siyasi baxışları barədə
aydın təsəvvür formalaşır və heç bir
təkrarçılıq müşahidə olunmur. Müəllif
özü də qeyd edib ki, yazılar birinci şəxsin təkində
qələmə alınıb. Bu səbəbdən həmin mətnləri
bir növ monoloq kimi də dəyərləndirmək olar.
“Ön söz” isə sanki kitabın ayrılmaz tərkib hissəsinə
çevrilib. Bu da əsərə fərqli yanaşma nümunəsi
kimi qiymətləndirilə bilər. Onun
yaradıcılığı yeni realizmi əhatə edir”.
Kitabın “Ön söz” müəllifi, Bakı Dövlət
Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri,
professor Cahangir Məmmədli vurğulayıb ki, kitabda yer alan
məqalələrin böyük qismi media problemlərinin
müxtəlif aspektlərini əhatə edib.
“Kitab
milli mətbuatın 150 illiyinə töhfədir.
Müəllifin publisistik fəaliyyətinin, yaradıcı
axtarışlarının yalnız müəyyən bir
qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi
dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası,
dövlətçilik ideallarının təbliği və təbii
ki, bu qəbildən olan ana mövzuların əsas tərkib
hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir
inkişaf təmayüllərini əks etdirməkdir”, - deyə
C.Məmmədli əlavə edib.
Kitabın rəyçiləri Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılov və Mətbuat Şurasının sədri Rəşad
Məcid diqqətə çatdırıblar ki, kitab publisistik
toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir
tarixinə maraq göstərən ali məktəb tələbələri,
habelə geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
bp-nin Xəzər regionu üzrə
kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli mətbuatın qurumlar və
cəmiyyət arasında körpü rolu oynamasından
danışıb.
Əməkdar jurnalist, professor Qulu
Məhərrəmli kitabın nəşrinə yüksək
dəyər verərək, onu milli-mənəvi dəyərlərimizin,
mətbuat tariximizin və ziyalılıq ənənələrinin
layiqli daşıyıcısı kimi səciyyələndirib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirən kitabın müəllifi,
Əməkdar jurnalist Natiq Məmmədli bildirib ki, Mir Cəlal
Paşayevin “Ən vacib şey nədir?” adlı məqaləsində
vətənə, ailəyə və ali mənəvi dəyərlərə
xidmət əsas məqam kimi ön plana çəkilir. Onun
sözlərinə görə, kitab üzərində işləyərkən
insanın sözə həssas yanaşmalı olduğunu bir
daha anlayıb. “Kitab üçün xüsusi sözlər,
xüsusi yanaşma tələb olunur. İlk dəfə olaraq
bu kitabda Şuşa Qlobal forumları və Vətən
müharibəsində medianın rolu ilə bağlı məqalələr
də yer alıb. Əminəm ki, bu gün “Ədibin evi”ndə
yanan mənəviyyat məşəli hər bir mətbuat
işçisinə çatacaq”, - deyə müəllif əlavə
edib.
Sonda müəllif oxucular üçün kitabları
imzalayıb.
İki sahil.- 2025.- 6 iyun, ¹97.- S.8.