Hekayəsini səssiz
danışan rejissor
Şövkət Məhərrəmova ilə
sənət, tədris və kino baxışları ətrafında
söhbət
Kamera bəzən
susur, amma gördükləri danışır. O səssizliyə
forma, duyğu və məna verən insanlar var – onlardan biri də
Şövkət Məhərrəmovadır. Azərbaycan
kinosunda yeni nəsil rejissorlar arasında elələri var ki,
onların yaratdıqları ekran əsərləri yalnız
görüntü ilə deyil, daxili dünyanı əks etdirən
incəliklərlə yadda qalır. Şövkət Məhərrəmova
bu simalardan biridir.
O, 1997-ci
ildə Bakıda dünyaya gəlib. Həmsöhbətim Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) məzunu, ADMİU SABAH qruplarının
müəllimidir. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin,
incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə
görə 2025-ci il Gənclər
üçün Prezident Mükafatına layiq
görülüb. Eyni zamanda, "Azərbaycan Televiziya və
Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTv)
“Xüsusi Layihələr” studiyasında direktor
müavini və quruluşçu rejissor olaraq
çalışır. Mərhum kino- rejissor Eldar Quliyev məktəbindən
öyrəndikləri onun yaradıcılıq yoluna
işıq salıb. Onun filmləri
təkcə ölkə daxilində deyil, xarici festivallarda da
nümayiş olunub və müxtəlif mükafatlara layiq
görülüb. O, hobbi olaraq musiqi ilə də
maraqlanır, gitara və pianoda ifa edir, həmçinin
mahnılar bəstələyir. Müsahibimlə
rejissorluğun görünməyən tərəfləri,
müəllimliklə yaradıcılığın
çarpaz nöqtələri və qadın sənətçilər
üçün yol xəritəsi mövzusunda söhbət
etdik.
- Şövkət
xanım, bu günə qədər keçdiyiniz şəxsi
və peşəkar yolun hansı mərhələləri
sizin üçün dönüş nöqtəsi olub?
-Həmişə
vurğuladığım bir məsələ var, həyatımda
verdiyim ən düzgün qərarlardan biri məhz SABAH
qruplarına daxil olmaq olub. Dönüş nöqtəmi də
elə məhz Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində SABAH qruplarında təhsilimi
davam etdirməklə bağlı qərarımda görürəm.
Orada qazandığım bilik, çevrə və ən əsası
özümə inam mənim yolumu formalaşdırdı. Orada
olarkən həm mühit dəyişdi, həm də müəllimlərlə
daha yaxın ünsiyyət imkanı yarandı. Amma əsas təcrübələrimi
AzTV-də almışam deyə bilərəm. Həqiqətən də AzTV
böyük bir məktəbdir və əvəzolunmaz təcrübədir.
Burada sən işin texniki, yaradıcı tərəflərini
öyrənməklə paralel, insani münasibətləri,
ünsiyyəti, komunikasiya bacarıqlarını inkişaf
etdirirsən.
- SABAH
qruplarının həm məzunu, həm də pedaqoqu kimi bu təcrübəni
iki fərqli mövqedən yaşamısınız. Tələbəliklə
müəllimlik arasında sizcə, ən kəskin fərq və
ən dəyərli bənzərlik nədədir?
-Ən
böyük fərq məsuliyyətdədir. Tələbə
kimi daha çox öyrənməyə fokuslanırsan, müəllim
kimi isə həm öyrətməli, həm də nümunə
olmalısan. Amma ən gözəl bənzərlik hər iki mərhələdə
axtarışda olmaqdır. SABAH qruplarında tədris həm
mənim üçün nostalji, həm də stimul yaradır
– çünki o mühitdə özümü yenidən kəşf
edirəm. Öyrətmək mənim üçün öyrənməkdir.
-Mərhum
kino rejissoru Eldar Quliyevin tələbəsi olmaq təkcə
peşəkar məktəb deyil, həm də mənəvi məsuliyyətdir.
Onun sənət fəlsəfəsi sizin
dünyagörüşünüzə necə təsir
göstərib?
- Eldar
müəllimdən öyrəndiyim ən vacib dərs –
kinonun texniki deyil, mənəvi tərəfidir. O, bizə
öyrədirdi ki, film ilk növbədə düşüncədir,
insanla dialoqdur. Onun sadəliyi, intellekti və sənətə
sevgi ilə yanaşması mənə çox motivasiya
verirdi. O, hər zaman deyirdi ki, siz tamaşaçı ilə
ünsiyyət qurmaq istəyirsinizsə gərək öz
ağrılarınızdan film çəkəsiniz. Bu halda
tamaşaçı sizinlə daha yaxşı empatiya qura biləcək.
Əsas məsələ isə odur ki, o, bizə təkcə
rejissorluğu deyil eyni zamanda, intellektual insan olmağı
öyrədirdi.
-Rejissorluq
sizin üçün daha çox peşədir, missiyadır,
yoxsa həyat tərzi?
- Bu,
artıq mənim həyat tərzimə çevrilib. Kamera
arxasında olmaq mənə hər şeydən daha rahat gəlir
və idarəni tamamilə özümdə hiss edirəm.
Rejissorluq özünü ifadə vasitəsidir, özün
haqqında danışmaqdır. Ancaq sözlərlə yox,
kadrlarla.
-Filmlərinizin
yerli və beynəlxalq festivallarda nümayiş olunması və
mükafatlandırılması sizi necə motivasiya edir?
-Çox
sevindirici haldır. Mən özümü çox tənqid
edən bir insanam və belə uğurlar mənim özümə
inamımı artırır, təbii ki, inam qədər məsuliyyət
də artır.
-Sənət
yoluna yeni qədəm qoyan gənc rejissorlar, xüsusilə də
xanımlar üçün sizin yolunuz ilhamverici ola bilər.
Onlara hansı məsləhətləri vermək istərdiniz?
-İlk
növbədə, qorxmamaq. Nə tənqiddən, nə də
uğursuzluqdan. Qadın rejissor olmaq, xüsusilə də
kişi dominant sahədə, cəsarət tələb edir.
Özünə inam və iç səsə qulaq asmaq
vacibdir. Məqsədlərinə doğru irəliləsinlər
və heç nədən çəkinməsinlər.
-2025-ci
ildə Gənclər üçün Prezident
Mükafatına layiq görülməyiniz həyatınızda
hansı dəyişikliklərə səbəb oldu?
- Bu ali
mükafat mənə göstərdi ki, insan hər zaman zəhmətinin
bəhrəsini görür. Bu mükafata layiq olmaq, göstərilən
etimadı doğrultmaq lazımdır.
- AzTV-də
“Xüsusi Layihələr” studiyasının direktor müavini
olmaq – həm idarəçi, həm də yaradıcı kimi
fəaliyyət göstərmək – sizdən necə bir balans
tələb edir?
- Balans
qurmaq ən çətinidir. İdarəçilik konkretlik,
yaradıcı iş isə sərbəstlik tələb edir.
Amma bu iki sahə bir-birini tamamlayır. Yaradıcı olmaq
üçün struktura, struktur yaratmaq üçün isə
yaradıcılığa ehtiyac var. Bu balansı qorumağa
çalışmaq özü bir həyat məktəbidir.
İdarəçilik təcrübəsinin çəkiliş
meydançasında da insanlarla ünsiyyətimə də təsiri
olur.
- Tədris
və rejissorluq eyni anda ciddi diqqət və məsuliyyət tələb
edir. Siz bu iki sahəni necə
uyğunlaşdırırsınız və müəllimlik
sizin yaradıcı baxışlarınıza necə təsir
edir?
- Dərs
dediyim zamanlarda tələbələrimlə etdiyim müzakirələr
çox vaxt öz layihələrimə işıq olur. Məncə,
müəllimlik monoloq deyil, dialoq olmalıdır, xüsusilə
belə bir sahədə. Tələbələri dinləmək,
onları anlamaq və hər bir tələbəyə bir fərd
kimi yanaşmaq lazım olur. Vaxt baxımından çətin
olsa da, mən bu iki sahəni bir-birindən ayırmıram.
-Musiqiyə
olan marağınız – gitara və piano ifaları, bəstələriniz
– sizin kino dili ilə münasibətinizə hansı təsiri
göstərir?
- Musiqi mənim
yaradıcılığımın başladığı
nöqtədir. Hal- hazırki dövrdə isə musiqi mənimçün
bir ilhamdır. Musiqi dinləyərkən, yaxud piano və
gitara ifa edəndə ağlımda həmin musiqiyə çəkilə
biləcək səhnələr canlanır. Amma mən musiqi
ilə həvəskar formada məşğul oluram, heç
bir təhsilim yoxdur.
-Yaradıcılıq
düşərgələrindən beynəlxalq festivallara qədər
uzanan yol keçmisiniz. Bu təcrübələr fonunda Azərbaycan
kinosunun bugünü və sabahı haqqında
düşüncələriniz necədir?
- Azərbaycan
kinosu axtarışdadır. Gənclər çox
istedadlıdır, amma bəzən istiqamət
axtarışındadırlar. Məncə, ilk növbədə,
insanı düşündürən və insana toxunan
mövzular seçilməlidir. Texniki bilik öyrədilir, təcrübələr
üçün, eksperimentlər üçün də imkan
olmalıdır. Mən düşünürəm ki, son 6-7
illə müqayisədə
hazırda istər film sektorunda, istərsə də serial
sektorunda gözlə görünə biləcək inkişaf
var.
-Əgər
həyatınız bir film olsaydı, onun ilk səhnəsini
necə qurardınız? Tamaşaçının eşidəcəyi
ilk söz və ya hiss nə olardı?
- Öz həyatımın
film olmasını deyil, başqalarının hekayələrində
öz həyatımdan olan obrazların, səhnələrin, bəzən
sözlərin olmasını istərdim.
Bu
müsahibə bir daha sübut edir ki, kamera arxasında dayanan
qadın səsi təkcə görüntü yox,
düşüncə, ruh və hekayə
daşıyıcısıdır. Şövkət
xanımın hekayəsi isə hələ davam edir – səssizcə,
amma dərin iz buraxaraq. Şövkət Məhərrəmovanın
sənətə yanaşmasında müşahidə olunan zəriflik,
məsuliyyət və ardıcıllıq onun filmlərində,
tədrisində və ümumilikdə həyat mövqeyində
əks olunur. O, rejissorluğu sadəcə vizual hekayə
anlatmaq deyil, insanın özünü və cəmiyyətini
dərk etməsi kimi anlayır. Gənc yaşda
qazandığı təcrübə və nailiyyətlər
onu təkcə uğurlu rejissor yox, həm də perspektivli
pedaqoq və ruhlandırıcı fiqura çevirir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 12 iyun, ¹99.- S.6.