"8 Noyabr": Enerji
diplomatiyamızın nurlu səhifəsi
Regional
əhəmiyyətli Mingəçevir Elektrik
Stansiyasının istifadəyə verilməsi dünyanın
enerji xəritəsini yeniləyən Azərbaycanın qlobal
layihələrin həlli üçün
formalaşdırdığı şaxələndirmə siyasətinin,
qarşılıqlı əməkdaşlığa
sadiqliyinin ifadəsidir
XXI əsrin
çağırışı olan yaşıl enerjiyə
keçid qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlarla
mübarizədə ən optimal seçimdir. Bakıda BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29) Liderlər Sammitinin
açılış mərasimində çıxış
edən Prezident İlham Əliyev əminliklə bildirdi ki,
respublikamızı «yaşıl artım» ölkəsinə
çevirməyi qarşısına məqsəd qoyan,
2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik
ili» elan olunan Azərbaycanın enerji diplomatiyasına uyğun
həyata keçirilən tədbirlər beyənlxalq səviyyədə
dəstəklənir.
Bərpaolunan
və yaşıl enerji əsasında istehsal edilən
elektrikin ixracının artması istiqamətində müəyyənləşdirilən
şaxaləndirmə siyasəti uğurla davam etdirilir.
Planetimizdə baş verən təbii fəlakətlərin,
iqlim dəyişmələrinin yaratdığı fəsadlara
qarşı birgə mübarizədə təşəbbüskarlığını
qoruyan Azərbaycan COP29-a ev sahibliyi etməklə, öz
sözünü deməklə kifayətlənmədi, real
işbirliyi naminə müəyənləşdirilən hədəfləri
beynəxalq ictimaiyyətə çatdırdı. «COP29 yeni fərq
yaratmalıdır və inkişaf edən ölkələr
Bakını əliboş tərk etməməlidir. Əminəm
ki, buna birlikdə nail olacağıq» söyləyən BMT-nin
Baş katibi Antonio Quterreşin vurğuladığı kimi,
iqlim dəyişikliyi ilə bağlı birgə mübarizəyə
həsr olunmuş COP29 şəffaflıq, hesabatlılıq
baxımından fərqləndi. Azərbaycanın 2035-ci ilə
qədər inkişaf etməkdə olan ölkələrə
300 milyard ABŞ dolları həcmində yardımı qlobal məqsəd
kimi qarşıya qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi
(NCQG) dəstəkləndi. 1,3 trilyon ABŞ dolları həcmində
iqlim maliyyəsinin təmin edilməsi üçün yeni
qlobal hədəfə nail olundu. Qeyd olundu ki, Bakı Maliyyə
Məqsədi və 6-cı maddə ilə birlikdə
investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə
qlobal iqlim maliyyəsi arxitekturası mövcud vəziyyəti
həmişəlik dəyişəcək.
Son illərdə
enerji siyasəti, bərpaolunan, eyni zamanda ənənəvi
enerji mənbələrinin səmərəliliyinin
artırılması istiqamətində nəzərdə
tutulan hədəflərə çatan Azərbaycanda
Qarabağın, Şərqi Zəngəzurun, Naxçıvan
Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi,
Günəş və külək elektrik stansiyalarının
təməlinin qoyulması, hidroenerji potensialının
reallaşdırılması, böyük həcmli beynəlxalq
investisiya müqavilələrinin imzalanması regional enerji təhlükəsizliyinə
töhfədir. Son illərdə Qaradağda 230 MVt-lıq
Günəş Elektrik Stansiyasının istifadəyə
verilməsi, Neftçalada və Biləsuvarda Birləşmiş
Ərəb Əmirliklərinin «Masdar» şirkəti ilə
birgə daha iki iri Günəş parkının təməlinin
qoyulması, Cəbrayılda bp şirkəti tərəfindən
240 MVt-lıq «Şəfəq» Günəş Elektrik
Stansiyasının inşasının davam etdirilməsi enerji
resurslarının artırmasına yönələn layihələr
olmaqla, ekoloji tarazlığın, təbiətin qornumasına
önəmli töhfələrdir. Xızı-Abşeron
zonasında inşa olunan 240 MVt gücündə külək
elektrik stansiyası ölkədə bərpaolunan enerji
istehsalının diversifikasiyası və külək
potensialının qiymətləndirilməsi baxımından
strateji əhəmiyyət daşıyır. Mingəçevir
gölündə tətbiq edilən üzən Günəş
elektrik stansiyası layihəsi isə həm ekoloji
tarazlığın qorunması, həm də su səthlərinin
alternativ enerji istehsalı üçün səmərəli
istifadəsi baxımından mühüm pilot təşəbbüsdür.
Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələrində
30-a yaxın hidroelektrik stansiya istismara verilib və bu istiqamətdə
işlər davam etdirilir. Naxçıvan Muxtar
Respublikasında elektrik enerjisi istehsalının 50 faizə
yaxını alternativ və bərpaolunan enerji mənbələri
hesabına təmin olunur. Ölkəmizin enerji
diplomatiyasının qarşıdakı illər
üçün hədəfi 2030-cu ilə qədər
ölkənin bərpaolunan enerji istehsal gücünü
8 GVt-a çatdırmaqdır. Regional enerji mərkəzinə
çevrilən Azərbaycan «Qara dəniz yaşıl kabeli»
kimi tanınan layihə vasitəsilə Gürcüstan və
Qara dəniz üzərindən Rumıniyaya və
Macarıstana yaşıl enerji ixrac etməyi hədəfləyir.
Yaddaşımıza
Zəfər Günü kimi yazılan,
beynəlxalq
əməkdaşlığın nümunəsi
daha bir
«8 Noyabr» tarixi
İyun
ayının əvvəlində ölkəmizdə Bakı
Enerji Həftəsi çərçivəsində
keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və
Qaz Sərgisi «Caspian Oil and Gas”», 13-cü Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji Sərgisi, «Caspian Power» və
30-cu Yubiley «Baku Energy Forumu» ölkəmizin enerji siyasətinin
daha bir təqdimatı oldu. Bakı Enerji Həftəsi çərçivəsində
təşkil olunan müxtəlif istiqamətli panellərdə
Avrasiyanın enerji xəritəsini yeniləyən,
Avropanın ondan artıq ölkəsinin enerji təhlükəsizliyinin
təminatında xüsusi rolu olan Azərbaycanın təşəbbüsləri
qiymətləndirildi. Azərbaycanın geosiyasi əhəmiyyəti,
enerji layihələrinin qarşılıqlı əməkdaşlıqda
artan rolu qeyd edildi. Bu günlərdə daha bir əlamətdar
hadisə ilə diqqəti cəlb edən Azərbaycan enerji
siyasəti yeniləndi.
Beynəlxalq
aləmdə yaşıl enerji
çağırışının ilk müəlliflərindən
olan Azərbaycan bu sektorda daha bir yeniliyə imza atdı. 2025-ci
il iyunun 24-də rəsmi açılışı
keçirilən, Mingəçevirdə yerləşən «8
Noyabr» Elektrik Stansiyası istifadəyə verildi. Ümumi
gücü 1880 MVt olan, Azərbaycanın müstəqillik
dövründə inşa edilən ən iri istehsal
gücünə, strateji əhəmiyyətə malik bu
stansiya təkcə ölkənin daxili enerji tələbatının
ödənilməsi baxımından deyil, həm də ixrac
potensialının artım faizi ilə də fərqlənir.
Prezident
İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama
əsasən inşasına başlanılan, qısa müddətdə
inşası başa çatdırılan stansiyanın tikintisində
İtaliyanın «Ansaldo Energia» və Çinin «Dongfang»
şirkətləri ilə yanaşı, yerli
ixtisaslaşmış BCC Groupun iştirakı ölkəmizin
şaxələnmiş enerji siyasətinin beynəlxalq aləmdə
dəstəklənməsinin nümunəsidir. Stansiyada tətbiq
olunan ən son texnologiyalar və avadanlıqlar sayəsində
yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə
azaldılıb, faydalı iş əmsalı
artırılıb və ətraf mühitə təsir
minimuma endirilib. Xalqımızın daha bir Zəfər
nümunəsi olan «8 Noyabr» Elektrik Stansiyası həm ekoloji, həm
də iqtisadi səmərəliliyi ilə seçilən
nümunəvi enerji layihəsi hesab olunur və ölkənin
enerji siyasətində yeni mərhələnin
başlanğıcını simvolizə edir. Stansiyanın
istifadəyə verilməsi ilə Azərbaycanın
bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi
statusu yeniləndi.
Mərasimdə
Azərbaycan qazının kəmərlər vasitəsilə
12 ölkəyə ixrac edildiyini diqqətə
çatdıran Prezident İlham Əliyev «Məhz bu göstəriciyə,
qaz təchizatımızın coğrafi əhatəsinə
görə Azərbaycan bu gün dünya miqyasında
qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox
ölkələr Azərbaycan qazından istifadə edib öz
enerji təhlükəsizliyini təmin edir» sözləri ilə
ölkəmizin enerji siyasətində yeni mərhələnini
başlandığını qeyd etdi. Yaşıl enerji
konsepsiyası və dayanıqlı enerji siyasətinə
sadiq, qlobal enerji keçidinə və regional sabitliyə
töhfə verən ölkəmizin strateji model formulu təsdiqləndi.
Ölkəmizin artan enerji resurslarının tükənməzliyini
regional əhəmiyyətli uğur adlandıran Prezident
İlham Əliyevin bildirdiyi kimi, «8 Noyabr» stansiyasının
istifadəyə verilməsi ilə Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlı olan bu möhtəşəm
yadigar qorunub saxlanıldı, yeni həyata başladı.
Respublikanın elektrik enerjisinin 40 faizindən çoxunun
istehsal olunduğu bu stansiyanın təməli 1974-cü ildə
Ulu Öndər Heydər Əliyevin iştirakı ilə
qoyulmuş, 1981-ci ildə ilk bloku istismara verilmişdi. Hələ
sovet dövründə Mingəçevir stansiyası
Qafqazın önəmli energetika mərkəzlərindən
birinə çevrilmişdi. «Təbii olaraq müstəqilliyin
ilk illərində bizdə enerji qıtlığı
yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri
o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta
axşam saat 12-də televiziya verilişləri də
dayandırılırdı. Çünki energetika sistemimiz
lazım olan həcmdə elektrik enerjisini istehsal edə
bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər
var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi.
Yalnız Ulu Öndərin təşəbbüsü ilə
yaradılmış Mingəçevir stansiyası hesabına
müəyyən dərəcədə fasilələrlə
olsa belə, insanlara və müəssisələrə
elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi
energetika mərkəzi kimi zəngindir və burada
formalaşmış güclü kadr potensialı, əlbəttə
ki, bu gün də bizə əldə edilmiş uğurlara
nail olmaq üçün imkan yaradır» söyləməklə
son 20 ildə Azərbaycanın energetika sisteminin yenidən
qurulduğunu vurğulayan Prezident İlham Əliyev diqqətə
çatdırdı ki, 2018-ci ildə «Azərbaycan” İstilik
Elektrik Stansiyası» yenidən qurulmaqla müasir tələblərə
uyğun yeniləndi. Beş il bundan əvvəl stansiyaya yeni həyat
veridi. «Hazırda «Azərbaycan” Elektrik Stansiyası»nın
generasiya gücü 1800 meqavat, «8 Noyabr”» Stansiyasının
gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının
gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın
elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə
istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın,
Cənubi Qafqazın əsas energetika mərkəzidir» sözləri
ilə tikintinin inşasının qısa müddətdə
başa çatdırılmasını rekord nəticə
adlanıdıran Prezident İlham Əliyev vurğuladı ki,
uğurlu nəticənin qazanılmasında mövcud energetika
bazasının, təcrübənin, Azərbaycan energetiklərinin
peşəkarlığının böyük rolu olub.
Energetika
sahəsində əməkdaşlığın
genişlənməsində
Azərbaycan təcrübəsi
«Mən
xüsusilə bu gün burada iştirak edən İtaliyadan və
Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu
stansiyanın ərsəyə gəlməsində İtaliya və
Çin şirkətlərinin böyük payı var. Azərbaycan
energetikləri ilə birlikdə bu gözəl işi biz
qısa müddət ərzində görə bildik» sözləri
ilə stansiyanın inşasında azərbaycanlı energetiklərlə
birgə çalışan strateji tərəfdaşları-
İtaliyanın, Çinin mütəxəssislərinin xidmətərini
yüksək dəyərləndirən Prezident İlham
Əliyev hər iki ölkə arasında bağlanan bəyannamələri,
qarşılıqlı səfərlərin əhəmiyyətini
diqqətə çatdırdı: «İtaliya Azərbaycanın
birnömrəli ticarət tərəfdaşıdır.
Çin də ticarət tərəfdaşlarımız
arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə
xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində
uzunmüddətli və strateji əməkdaşlığa
bir neçə il bundan əvvəl başlamışıq.
Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan
enerji layihələrini birgə icra etməyə
başlayırıq. Mənim aprel ayında Çinə
dövlət səfərim zamanı lazım olan
razılaşmalar əldə edildi. Onu da bildirməliyəm
ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş
elektrik stansiyalarının təchizatı böyük dərəcədə
Çin şirkətləri tərəfindən təmin
edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm
strateji tərəfdaşdır, həm də önəmli
ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi,
siyasi əlaqələr çox yüksək səviyyədədir
və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq
nümunəsini görürük.»
Mərasimdə
çıxış edərək Azərbaycanla əməkdaşlıqdan
məmnun qaldıqlarını ifadə edən İtaliya
Respublikasının şirkətlər və «Made in Italy»
naziri Adolfo Ursonun, İtaliyanın «Ansaldo Energia» şirkətinin
baş icraçı direktoru Fabrizio Fabbrinin, Çinin
«Dongfang Electric İnternational Corporation» şirkəti İdarə
Heyətinin sədri Çen Qianqın ölkəmizlə
bağlı xoş təəssüratlarının ifadəsi
ölkəmizlə əməkdaşlıqdan qaynaqlanan məmnunluq
hissidir: «Bu stansiya Azərbaycan Respublikasının enerji
infrastrukturunu modernləşdirmək, daha təmiz, daha
etibarlı və daha səmərəli texnologiyalar tətbiq
etmək istiqamətində dinamik və uzaqgörən
yanaşmasının bariz nümunəsidir.»
«8
Noyabr»ın istismara verilməsi ilə
enerji
sistemimizin səmərəliliyi artacaq
Təkzibolunmaz
həqiqətdir ki, qlobal enerjə ehtiyacın tələbatın
kəskin xarakter aldığı, hələ də davam edən
müharibələrin yaratdığı çətinliklərlə
üzləşən planetimizdə indiki dövrdə
dünya bazarlarında Azərbaycanın enerji resurslarına tələbat
artmaqdadır. Ölkəmizin yaşıl enerji siyasətinin əsas
tələblərindən olan daxildə təbii qaza qənaət
etməklə ixrac imkanlarımızın genişlənməsi
, şərti yanacağın sərfiyyatının az
olması əlavə qazanc gətirir. Bu məqsədlə
imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan
enerji layihələri 2030-cu ilə qədər ölkəmizə
6500 meqavat yaşıl enerji qazandırmaqla, təbii qaza qənaət
etmək üçün imkanlar yaradılacaq. Nəticə
etibarilə Azərbaycanın əməkdaşlıq etdiyi
ölkələrə təbii qaz ixracı da artacaq. «Energetika
hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.
Bu gün dünyada, xüsusilə Avropa məkanında və
digər bölgələrdə enerji xətlərinin təhlükə
altında olmasının nə qədər böyük fəsadlara
gətirib çıxardığını hər kəs
öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyini təmin edən
ölkələr sırasındadır və təsadüfi
deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı
etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı
adlandırır. Çünki bu gün Azərbaycan qazı
12 ölkəyə qaz kəmərləri vasitəsilə
ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu
göstəriciyə görə, qaz təchizatımızın
coğrafi əhatəsinə görə Azərbaycan bu
gün dünya miqyasında qabaqcıl yerlərdədir»
söyləməklə müxtəlif elektrik kabelləri vasitəsilə
yaşıl enerjinin də ixracını ölkəmizin
iqtisadi gücü, artan geosiyasi önəmi baxımından dəyərləndirən
Prezident İlham Əliyev dünyada baş verən münaqişələr,
davam edən müharibələr, təbii fəlakətlər
fonunda Azərbaycanın təşəbbüslərini
bölgədə sabitlik, inkişaf, tərəqqi kimi dəyərləndirdi.
Vətən
müharibəsi zamanı erməni
faşizminin
hədəf seçdiyi Mingəçevir
«8
Noyabr»la yeni həyata qədəm qoyur
Müharibənin
dəhşətlərini 30 ilə yaxın hiss edən,
ağırlığını yaşayan Azərbaycan
xalqı erməni vandallarının əməllərini də
unutmur. İkinci Qarabağ müharibəsində Ermənistan
nəinki şəhərlərimizi, kəndlərimizi
dağıtmış, yaşayış obyektlərini,
strateji əhəmiyyətli obyektləri belə davamlı atəş
altında saxlayırdı. Mingəçevir də erməni vəhşilərinin
raket atəşlərinə məruz qalmışdı.
Stansiyanı sıradan çıxarmaqla Azərbaycanın
enerji infrastrukturunu iflic vəziyyətinə
salacağını zənn edən «haylar» həmişə
olduğu kimi, Mingəçevir hadisəsində də Azərbaycanın
gücünü, qüdrətini hesaba almamışdılar.
«Hətta İkinci Qarabağ müharibəsindən əvvəl
bizi hədələmək üçün bir neçə
üsuldan istifadə edən Ermənistan, o cümlədən
Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və
Mingəçevir Elektrik Stansiyasını sıradan
çıxarmaq kimi təhdidlər də səsləndirirdi.
Buraya, bu əraziyə düşən həm mərmilər,
həm də ki, uzaqmənzilli raketlər bunun əyani
sübutudur.»
Prezident
İlham Əliyevin sözlə ifadə etdiyi ağır vəziyyəti
xalqımız 44 gün davam edən müharibə
dövründə, başqa ərazilərdə də
yaşadı. Erməni quldurlarının mülki əhaliyə,
strateji əhəmiyyətli infrastruktura yönəlmiş təcavüzü,
hərbi cinayəti təkcə Mingəçevirlə məhdudulaşmadı.
İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Bərdəni,
Tərtəri, Ağdamı və münaqişə
zonasından kifayət qədər uzaqda yerləşən bir
çox yaşayış məntəqələrimizi atəşə
tutan Ermənistan niyyətlərinə çata bilmədi.
Artıq düşmənin sıradan
çıxardığı obyektlər, dini ocaqlar, şəhər
və kəndlər kimi, Mingəçevir də bərpa
edilir. Dövlət başçımızın əzmkarlığı
sayəsində istifadəyə verilən stansiya daha müasir
görkəmdə, artırılmış istehsal
gücündə fəaliyyətə başladı.
Reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik,
inkişaf, tərəqqi məkanı kimi dünya
miqyasında tanınır. «Bu gün bu stansiyanın
adının seçilməsi də çox vaxt aparmadı. Təklif
edilən variantlar arasında «8 Noyabr»ı mən seçdim.
Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər
xalqımıza, dövlətimizə yaraşır. Əminəm
ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti
uğurlu olacaq» söyləyən Prezident İlham Əliyevin
daha önəmli uğurlara imza atacağına inanan
xalqımız qurucu, yaradıcı ölkənin vətəndaşları
olduqlarını birlikləri ilə subut edirlər.
Xuraman
İsmayılıqızı
İki
sahil.- 2025.- 26 iyun, ¹109.- S.3.