Erməniləri vahiməyə
salan tankçı
Rantik Aqarunov: Qardaşım Albert qəhrəmanlıqları
barədə danışmağı sevməzdi
Mərdliyi, Vətənə sonsuz sevgisi ilə
yaddaşlara həkk olunan Azərbaycanın Milli Qəhrəmanı
Albert Aqarunov… Birinci Qarabağ müharibəsi zamanı erməni
işğalçılarının xeyli canlı qüvvəsini,
zirehli texnikasını məhv etmiş, 1992-ci il mayın 8-də
Şuşa uğrunda gedən döyüşlərdə
snayper gülləsinə tuş gələrək şəhid
olmuş, adını Azərbaycan xalqının qəhrəmanlıq
tarixinə qızıl hərflərlə yazdırmış
yəhudi əsilli bu tank komandirini ölkəmizdə demək
olar ki, hər kəs tanıyır. Hətta bu gün də
Albert Aqarunov haqqında əfsanələr dolaşmaqdadır.
Döyüş yoldaşları onun bir mərmi ilə iki
düşmən tankını hədəf
aldığını və bu metodu "yəhudi
buterbrodu" adlandırdıqlarını söyləyirlər.
Bu günlərdə İsraildən Azərbaycana gəlmiş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı, 61 yaşlı Rantik Aqarunovla görüşüb bir neçə sualla ona müraciət etdik.
- Bəlkə, söhbətimizə Albert
Aqarunovun ailəsi ilə tanışlıqla başlayaq?
- Bəri başdan deyim ki, doğma torpağını ürəkdən sevən və 23 yaşında bu yolda şəhid olan Albert haqqında danışmaq mənim üçün olduqca qürurvericidir. Biz 8 qardaş 2 bacı olmuşuq. Albert ailəmizin son beşiyi idi. Ailəmizin hər bir üzvünün ona xüsusi simpatiyası vardı. Biz onu əgər belə demək mümkünsə, əlimizin içində saxlamağa çalışardıq. İmkan verməzdik ki, kimsə ona güldən ağır söz desin. Əslən Quba rayonundan olan atam Aqarun kişi neftçi olub. Mədəndə işləyib. 1941-ci ildə işi ilə əlaqədar Suraxanıda məskən salıb. Onu da deyim ki, 68 yaşlı atam qardaşımın şəhidliyə qovuşmasının ildönümündən 2 gün sonra dünyasını dəyişdi. O, oğul dərdinə dözə bilmədi. Anam Lio isə evdar qadın olub. O vaxtın təbirincə desək sadəcə qəhrəman ana idi. 2013-cü ildə Allahın rəhmətinə gedib.
- Albert Aqarunov məktəb illəri barədə
nələr deyə bilərsiniz?
- Albert Bakının Suraxanı rayonundakı 154 nömrəli orta məktəbdə təhsil alıb. O, orta məktəbdə orta səviyyədə oxuyan uşaq olub. Onu da deyim ki, bir zamanlar ibtidai sinif müəllimim olmuş Tamilla Mustafayeva Albertin də müəllimi olub. O bu yaxınlarda dünyasını dəyişib. Albert səkkizinci sinfi bitirəndən sonra 101 nömrəli texniki peşə məktəbində oxuyub və burada sürücü-mexanik ixtisasına yiyələnib.
- Uşaq yaşlarından musiqilə də
maraqlanırmış...
- Elədir. Albert Suraxandakı musiqi məktəbində təxminən 6-7 il nəfəsli musiqi aləti sayılan trubanın sirlərinə yiyələnmişdi. Amma nədənsə sonadək bu sənətin dalınca getmədi. O, əsgərlik həyatından sonra bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib.
- Albertin sevdiyi qız vardımı?
- Albert ümumiyyətlə, o dövrürn tələbləri ilə oturub-durardı. Yəni, əgər belə demək mümkünsə, özündən böyüklərlə, xüsusilə ailəsi ilə arada pərdə saxlayardı. Odur ki, bu barədə nə qardaşlarına, nə bacılarına bir kəlmə belə deməyib. Elə bu səbəbdən dəqiq bir söz deyə bilmərəm.
- Bəs
Albetdə tanka maraq haradan idi?
- Albert sovet dönəmində hərbi xidmətini (1987-1989) Gürcüstanın Axalkalaki rayonunda keçirib. Özü də tankçı kimi. Hətta orada o, starşina rütbəsi alaraq tank komandiri olub. Görünür, onda tanka həvəs elə o illərdən yaranıb.
- Cəbhəyə könüllü
getmişdi?
- Bəli... O, 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsinə könüllü getmişdi. Hətta o zaman Albert gəncləri Vətən uğrunda döyüşlərə səsləyirdi. Qardaşımın ən yaxın dostu, qonşumuzda yaşayan Hamlet Məmmədov da onun çağırışına səs verənlərdən bir olmuşdu. Təəssüf ki, hələ də onun taleyindən bir xəbər yoxdur.
-Albertlə son
görüşünüzü necə
xatırlayırsınız?
- Mən onu 1992-ci ilin aprel ayında, ad günündən 10-15 gün qabaq görüşmüşəm (Onun ad günü aprelin 25-dir). O zaman Alberti yola salarkən onun mənə dediyi sözlər indiki kimi yadımdadır. Dedi ki, Şuşadayam. Darıxmayın, Şuşa alınmaz qaladır, ora ermənilər heç vaxt girə bilməzlər. Bilirsinizmi, onda Albertdə o qədər böyük inam vardı ki... Amma təəssüf ki, mayın səkkizi xəbər gəldi ki, Albert vurulub... Onu da deyim ki, qardaşım nəyin uğrunda vuruşduğunu yaxşı bilirdi. Hətta Albertlə bağlı bir videoda ondan soruşurlar ki, yəhidiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir? O da çox tutarlı cavab verir. Deyir ki, mən bu torpaqda yaşayıram, doğulmuşam burada, yaşayıram burada. Ayrı heç nə məcbur eləmir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda bir yerdə düşmənə qarşı mərdliklə vuruşub və bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu mənada etnik və dini rəngarəngliyin Azərbaycanın milli sərvəti olduğunu deyə bilərəm. Qürur duyulası haldır ki, bu gün Azərbaycanı özünə ana Vətən sayan bütün xalqların övladları bu torpağın, bu yurdun qədrini bilirlər, onun təəssübünü çəkirlər, şərəfini uca tuturlar.
- O illərdə Albertlə əlaqədar
evinizə zənglər olunurdumu?
- Adətən, onunla bağlı evimizə tez-tez telefon zəngləri olardı. Hətta bir dəfə Müdafiə Nazirliyindən zəng edərək atama dedilər ki, fəxr edə bilərsiniz ki, Vətən üçün belə bir oğul böyütmüsünüz. Şübhəsiz, bütün bunlar qardaşımın neçə bir döyüşkən tankçı olmasının təsdiqi idi.
- Bəs ermənilərin Albertin
başına pul mükafatı qoyduğunu bilirdinizmi?
- Sözün düzü, şəxsən mən bütün bunlardan Albert şəhid olandan sonra hali oldum. Həm də öyrəndim ki, Albert öz tankı ilə döyüş meydanlarında qeyri-adi, gözlənilməz manevrlər edən, düşməni vahiməyə salan, tankdan açdığı sərrast atəşlər ilə hədəfləri susdurmağı bacaran bir döyüşçü olub. Odur ki, qardaşımın adı çəkiləndə erməni əsgər və zabitləri xofa düşürdülər. Bilisinizmi, o, hərdən evə gələndə də öz qəhrəmanlıqları barədə danışmağı sevməzdi.
- Ərazilərimiz işğaldan azad olununda
hansı hissləri keçirdiniz?
-
İnandırım sizi elə sevindik ki... O hisslərimi isə
dilə gətiriməkdə çətinlik çəkirəm.
Hətta Ermənistan üzərində qazanılan tarixi qələbədən,
müvəffəqiyyətlə həyata keçirilən
antiterror əməliyyatından sonra çıxışlar
etdim. İsraildə olsam da, ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda
canlarını fəda etmiş şəhidlərimizin
qanının yerdə qalmadığını bir şəhid
qardaşı kimi hamıya bir daha çatdırdım, Azərbaycan
xalqını təbrik etdim. Allah bütün şəhidlərə
rəhmət eləsin, məhz onların qanı-canı
bahasına torpaqlar işğaldan azad olundu. Bütün bunlar
isə mənə belə deməyə haqq verir ki, bu gün milliyyətcə
yəhudi olan Azərbaycanın qorxubilməz oğlu Albert
Aqarunovun və digər şəhidlərimizin ruhu
şaddır.
“Şuşada
şəhid olduğu yerdə
abidəsinin
ucaldıması da yaxşı olardı”
- Albert
Aqarunova Azəbaycanın Milli Qəhrəmanı adı verilməklə
yanaşı, Bakıda onun xatirəsini əbədiləşdirmək
məqsədilə heykəli ucaldılıb, haqqında filmlər
çəkilib. Bir zamanlar təhsil aldığı məktəbə
onun adı verilib. Bakıda, Qubada Qırmızı qəsəbədə
adına küçələr var. Onun adı ilə
bağlı müxtəlif yarışlar təşkil edilir.
Hətta 1992-ci ildə Albert Aqarunov tərəfindən
Şuşa yaxınlığında vurularaq sıradan
çıxarılan, ermənilərin Şuşa şəhərinin
girişində “özlərinin qələbə rəmzi” kimi
qoyduqları tank demontaj edilərək Bakıdakı Hərbi
Qənimətlər Parkına gətirilib. Şübhəsiz,
bütün bunlar Azərbaycanın yəhudi əsilli Albert
Aqarunova verdiyi yüksək qiymətdir.
-Bəri
başdan bütün şəhidlərimizə, o cümlədən
şəhid qardaşıma göstərilən bu diqqətə görə, Azərbaycan
rəhbərliyinə, şəxsən Prezident İlham
Əliyevə ailəmiz adından bir daha minnətdarlığımı
bildiririəm. Amma milli qürur
sivmoluna çevrilən Albert Araqunovun Şuşada şəhid
olduğu yerdə abidəsinin ucaldıması da yaxşı
olardı. Güman edirəm ki, bu da realaşacaq.
- Albert
Azərbaycanda kifayət qədər tanınır. Bəs
İsraildə necə?
- Demək
olar ki, İsrailin 30-40 faizi Alberti tanıyır. Şübhəsiz,
bu məsələdə İsrail mətbuatının rolu
danılmazdır. Onu da deyim ki, İsraildən Bakıya gələnlər
bir qayda olaraq onun məzarını ziyarət edir və rəhmət
oxuyurlar.
- Daha nələr
demək istrərdiniz?
- Alberti
unutmadıqlarına, onu xatırladıqlarına görə
Azərbaycan xalqına təşəkkürümü bildirirəm.
Şübhə etmirəm ki, nə qədər Azərbaycan
var, şəhidlərimizin, o cümlədən Albert Aqarunov
kimi qəhrəmanlarımızın xatirəsi əbədi
yaşayacaq. Yeri gəlmişkən, mən bu gəlişimdə
Albertin məzarını ziyarət etməklə
yanaşı, onun təhsil aldığı məktəblərə
də baş çəkdim, qardaşımla bağlı
keçirilən tədibirlərdə iştirak etdim. Və
bunun bir daha şahidi oldum. Azərbaycan xalqının öz qəhrəman
övladının əziz xatirəsini heç vaxt
unutmayacağına bir daha əmin oldum. Bir də sevinirəm
ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi
dostluq münasibətləri, bir sıra mühüm sahələrdə
qarşılıqlı faydalı əməkdaşlıq
gündən-günə möhkəmlənməkdədir.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 7 may, ¹77.- S.4.