Teatr, kino, televiziya
üçlüyünün
fəaliyyəti bizi
niyə qane etmir?
Vidadi
Qafarov: Teatr, kino, televiziya bir-biri ilə əlaqəsi olan sahələrdir
Şübhəsiz,
hər bir ölkənin mədəni həyatı onun səviyyəsini
göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi,
iqtisadi cəhətdən nə qədər zəngin
olursa-olsun, əgər mədəniyyət, incəsənət
inkişaf etmirsə, ölkə uğurla inkişaf edə
bilməz. Bəs bugünkü teatrımız, televiziyamız
və kinomuz zamanın tələblərinə cavab verirmi? Bu
və ya digər suallarla AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun Teatr, kino və televiziya şöbəsinin
müdiri, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Vidadi Qafarova müraciət etdik.
- Bu gün
ictimai həyatımızın bütün sahələrində
köklü dəyişikliklər baş verir. Həmin dəyişikliklər
teatrımıza, kinomuza, televiziya kanallarımıza yol tapa
bilirmi?
- Dediyiniz
dəyişikliklər bütün dünyada gedir. Bu gün
dünya qloballaşma şəraitində, informasiya cəmiyyətində
yaşayır. İndi Yer kürəsində ölkələr
arasında coğrafi sərhədlər olsa da virtual sərhədlər
demək olar ki, yoxdur. İnternet, sosial şəbəkələr
toplumlar və insanlar arasında olan sərhədləri də
aradan götürüb. Ona görə də cəmiyyətləri
idarə etmək bir tərəfdən asanlaşıbsa, digər
tərəfdən mürəkkəbləşib. Hansısa
trendi ortaya atmaqla cəmiyyəti çalxalamaq və ya əksinə,
sosial şəbəkələr vasitəsi ilə inqilab etmək
mümkündür. İnformasiya texnologiyalarının
sürətlə inkişaf etdiyi bir şəraitdə texnogen
sahələr olan televiziya, kino, həmçinin teatrı idarə
etmək, müasir tələblərə
uyğunlaşdırmaq çox çətindir. Sözsüz
ki, hər bir vətəndaş mədəniyyətimizin də
bütün sahələrinin inkişafını arzu edir. Amma
bu gün təəssüf ki, teatrımızın, kinomuzun,
televiziya kanallarımızın fəaliyyətləri bizi qane
etmir. Bu sırada yəqin ki, ən acınacaqlı vəziyyət
bizim evlərimizin çağırılmamış
qonağı, daha doğrusu, ailəmizin bir üzvü olan
televiziyadır. Bəli, televiziyalarımız texniki
baxımdan çox inkişaf edib. Müxtəlif telekanallarda ayrı-ayrı
maraqlı verilişlər də var. Amma məzmun və
proqramın təşkili baxımından həddən
artıq qüsurlar mövcuddur. Telekanallar eyni tipli verilişlərlə
biri-birini təkrarlayırlar. Xüsusən də reytinq
dalınca qaçan televiziya kanallarımızda vəziyyət
çox acınacaqlıdır. Ən pisi odur ki, teatr, kino və
televiziyamız bu gün tamaşaçının arxasınca
sürünür, halbuki bu proses əksinə olmalıdır.
-
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı da teatr sahəsində
dönüş edə bilməyib?
-
Danılmaz faktdır ki, həmin Sərəncam ölkəmizin
teatr həyatının yeni mərhələyə qədəm
qoymasına şərait yaratdı. Daha doğrusu,
teatrımızın, inkişafına təkan verdi. Belə
ki, bir sıra teatrlarımızda - Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət
Rus Dram, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli
Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət
Dram teatrlarının binalarında yüksək səviyyədə
təmir-bərpa və yenidənqurma işləri aparıldı.
On il ərzində ölkəmizdə 5 beynəlxalq teatr
konfransı keçirildi, çox sayda beynəlxalq və
respublika festivalları təşkil edildi, teatr tariximiz, teatr
xadimlərimiz haqqında kitablar nəşr olundu, teatr mütəxəssislərimiz
müxtəlif ölkələrə ezam olundular, ölkəmiz
müxtəlif beynəlxalq teatr tşəşkilatlarna üzv
qəbul edildi və s. Amma sonra sanki bir durğunluq yarandı.
Zənnimcə, bu gün də belə bir proqrama ehtiyac var.
Doğrudur, iki ildən çoxdur ki, Mədəniyyət
Nazirliyi mədəniyyətimizin inkişafı ilə
bağlı yeni strategiya hazırladığını bəyan
edir. Amma hələ ki, ortaya tutarlı bir sənəd
qoyulmayıb. Həmin sənədi kimlər işləyib,
yaxud işləyir bəlli deyil.
Danılmaz
faktdır ki, 2006-cı ildən bu yana mədəniyyətlə
bağlı müxtəlif hüquqi-normativ sənədlər
qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və
teatr fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilib, 2007-ci ildə Prezident
İlham Əliyev teatr sənəti ilə bağlı daha bir
mühüm sənəd - “Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb
və s. Amma unutmayaq ki, bu sənədlərin qəbulundan 20 ilə yaxın vaxt keçib,
zaman dəyişib, onlar artıq köhnəliblər, yenidən
işlənməsinə ehtiyac var.
Onu da
unutmayaq ki, teatr, kino, televiziya bir-biri ilə əlaqəsi olan
sahələrdir. Odur ki, onlar müəyyən konsepsiya əsasında
koordinasiya olunmalıdır. Lakin bizdə belə deyil. Elə
bu kimi səbəblərdən bu gün televiziya
kanallarımız, teatrlarımız, kinomuz günün tələblərinə
cavab vermir. Nəticədə, onlara maraq da azalmaqdadır.
Konkret faktlara müraciət edək. Dovlət Statistika Komitəsinin
məlumatına görə, bu gün ölkəmizdə 29
peşəkar teatr fəaliyyət göstərir. (Özəl
tearların sayı isə 10-a yaxındır). Gəlin baxaq
görək onların tamaşaçı sayı nə qədərdir.
Bəri başdan deyim ki, 2024-cü ilin statistikası hələ
elan edilməyib. 2023-cü ildə
teatrlarımıza cəmi 430 min tamaşacı gəlib.
Ölkəmizin əhalisinin 10 milyondan çox olduğunu nəzərə
alsaq, bu, o deməkdir ki, hər min nəfərə 43
tamaşaçı düşür. Şübhəsiz, bu
heç də yaxşı göstərici deyil. Halbuki,
1993-cü ildə bu göstərici 1 milyon 587 nəfər,
2015-ci ildə 752 min, 2020-ci ildə, yəni pandemiya
dövründə 135 min nəfər olub. Bir məsələni də diqqətinizə
çatdırım ki, 2023-cü ildə teatrlarımız cəmi
62 yeni tamaşa hazrlayıb. Bura bərpa olunmuş tamaşalar
da aiddir. Halbuki, bu rəqəm misal üçün 2005-ci ildə
109 olub. Göründüyü kimi, burada da dinamika
aşağı düşüb. Bu tamaşaları
teatrlarımızın sayına böldükdə isə
heç də yaxşı göstərici ortaya
çıxmır.
-
Bölgə teatrları ilə bağlı nələr deyə
bilərsiniz?
- Bəri
başdan deyim ki, elə ölkələr var ki, orada bölgə
teatrı anlayışı yoxdur,. Məsələn, qonşu
Gürcüstanda bölgələrdə olan teatrlar paytaxt
teatrları səviyyəsində, eyni hüquqlu və eyni dərəcəli
teatrlardır. Bizdə də belə olmalıdır. Digər
tərəfdən, Azərbaycanda bölgə teatrlarının
problemlərinin həllini istəyiriksə, bunların
inteqrasiyasına nail olmağa çalışmalıyıq.
Düzdür, son illərdə Azərbaycan Teatr Xadimləri
İttifaqının “Qonaq teatr”, Akademik Milli Dram
Teatrının “Bölgə teatrlarının Bakı
premyerası” layihələri bu istiqamətdə atılan
uğurlu addım oldu. Amma necə deyərlər, bir
çiçəklə bahar olmaz. Ona görə də bu
işi mütəmadi davam etdirmək lazımdır.
- Vidadi
müəllim, deyirlər, repertuar teatrların
aynasıdır. Amma repertuardakı tamaşalarda
bugünümüzlə səsləşən əsərlər
azlıq təşkil edir.
- Bəli,
teatrın aynası onun repertuarıdır.
Teatrlarımızın afişaları isə göstərir
ki, müasirlik ruhundan uzaq, ictimai-sosial ideyadan məhrum, cəmiyyətə
heç bir mesaj ötürməyən tamaşalar
repertuarların əsasında durur. Bu mənada bu gün bizdə
repertuar siyasəti qənaətbəxş deyil. Əksər
rejissorlar və teatrlar müasirlik adı ilə forma
dalınca qaçırlar. Hazırlanan tamaşalar isə ya bəşəri,
ya da tarixi mövzulardadır. Bəs müasir insan, müasir cəmiyyət?
Yəni, müasir insan özünü səhnədə
görmür. Belə ki, bu gün tamaşaçını
duyğulandıran, onun sosial problemlərini özündə əks
etdirən, obrazlı şəkildə desək, zəmanəmizin
qəhrəmanları olan tamaşalar olduqca azlıq təşkil
edir. Daha doğrusu, əgər belə demək mümkünsə,
həmin tamaşalarda zəmanəmizin qəhrəmanları yoxdur.
Bunu da tamaşaçı ilə teatr arasında rabitəni
pozan amillərdən biri kimi dəyərləndirmək olar.
Ən pisi odur ki, teatrlarımızın repertuarları
biri-birinə bənzəyir. Halbuki, hər teatrın öz
yaradıcı konsepsiyası, repertuar siyasəti
olmalıdır. Artıq son günlərdə 7 teatrın rəhbərliyində
dəyişikliklər aparılıb. Təyinatların
hamısını uğurlu saymasam da ümid edək ki, bu
“qandəyişmə” prosesi ümumilikdə teatr prosesinin
canlanmasına xidmət edəcək.
-Bəs
kinomuz barədə nə deyə bilərsiniz?
- Kino sahəsində
müəyyən infrastruktur dəyişiklikləri baş
verir. Məsələn, Dovlət Statistika Komitəsinin məlumatına
görə, 2023-cü ildə ölkəmizdə 6 kinoteatr, 84
kinozal fəaliyyət göstərib. Bu məkanlarda həmin
il ərzində 1 mlyon 892 min nəfər filmləri izləyib.
Müqayisə üçün deyək ki, bu rəqəm məsələn,
2016-cı ildə 469,6 min nəfər olub. Amma burada bir məsələni
xüsusi vurğulamaq lazımdır ki, izləyicilər daha
çox xarici və qismən də yerli kommersiya filmlərinə
baxıblar. Yəni, burada yerli və ciddi filmlərin payı
çox deyil. Baxmayaraq ki, Azərbaycan Respublikasının Kino
Agentliyinin (ARKA) məlumatına görə, ötən il 47
film istehsal olunub. Amma həmin filmlərin bir neçəsini
çıxmaqla, harada nümayiş olunmaları barədə
mənim məlumatım yoxdur. Kino sənayesində həllini
gözləyən ən vacib məsələlərdən
biri də “Azərbaycanfilm” kinostudiyasının status və bərpa
olunması məsələsidir. Təəccüblüdür
ki, ARKA kinostudiyanın və Nizami Kino Mərkəzinin
onların balansında olmadığını desə də
bu qurumlara rəhbər təyinatını Mədəniyyət
Nazirliyi edir.
- Bu
yaxınlarda Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında xoşagəlməz olay yaşandı. Yəni,
“Azdrama”da Bədii Şuranın iclasında iki aktyor
arasında müəyyən gərginliyi nəzərdə
tuturuq. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik.
-
Sözsüz ki, müqəddəs məkan
saydığımız teatrda, o da ola ana teatr
adlandırdığımız bir məkanda belə neqativ
hadisənin baş verməsini və məsələnin bu qədər
sosiallaşmasını, günahkarın kimliyindən
asılı olmayaraq alqışlamıram.
Düşünürəm ki, belə hadisələr
teatrın cəmiyyətdə nüfuzuna ciddi xələl gətirir.
Amma teatr kollektiv və sintetik sənətdir, eyni zamanda,
özünüqoruma instinktinə, özünübərpa
gücünə malik strukturdur. Bu mənada inanıram ki,
Akademik Milli Dram Teatrı bu problemi də tezliklə həll edəcək.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2025.- 14 may, ¹81.- S.6.