Azərbaycan nefti
İkinci
Dünya müharibəsi
illərində
(I hissə)
İkinci Dünya müharibəsində
faşizm üzərində tarixi Qələbənin bu il 80-ci
ili tamam olur. Böyük qanlar və
itkilər hesabına qazanılan bu şanlı Qələbənin
əldə olunmasında Azərbaycan xalqının
böyük töhfəsi və rolu var. Xalqımız
faşizm üzərində Qələbənin əldə
olunması üçün özünün 600 mindən
çox oğul və qızını cəbhəyə yola
saldı. Azərbaycanlı
çağırışçı və
könüllülərdən formalaşdırılan 77-ci,
223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları
Qafqazdan Berlinədək şanlı döyüş yolu
keçərək əsl qəhrəmanlıq nümayiş
etdiriblər. 170 mindən çox azərbaycanlı orden və
medallarla təltif edilib, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı
adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər
üç dərəcəsinə layiq görülüb.
Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Ümumilikdə, 1941–1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşmüşdü. Bakı SSRİ-yə həm də 22 milyon ton benzin vermişdi.
SSRİ ilə faşist Almaniyası arasındakı müharibə zamanı hərbi texnika o qədər geniş istifadə edilirdi ki, döyüşlərin nəticəsi çox vaxt tankların, təyyarələrin və döyüş gəmilərinin gücündən asılı olurdu. Ancaq yanacaqsız mühərriklər sadəcə yararsız metal yığını idi. Yanacağın xammalı isə neft idi.... 8 fevral 1942-ci ildə “Pravda” qəzeti yazırdı: “ Mühərriklərin özləri cansız poladdır. Düşməni vurmaq üçün onlara benzin lazımdır. Benzin təyyarələrin, tankların, avtomobillərin qanıdır...”.
1941
Müharibə ərəfəsində Almaniyada
neft hasilatı sadəcə olaraq acınacaqlı
görünürdü. Alman
şirkətləri ildə cəmi 0,55 milyon ton neft hasil
edirdi. Almaniya ən çox nefti Amerikadan idxal edirdi. Ancaq
İkinci Dünya Müharibəsi
başladıqdan sonra bu təchizat da faktiki olaraq
dayandı. 1940-cı ilin may ayından etibarən Almaniyaya neft
Berlinin müttəfiqi Rumıniya gəlirdi, lakin bu, kifayət
deyildi. Bundan başqa, 1939-cu ilin avqustunda Almaniya ilə SSRİ
arasında imzalanan Molotov-Ribbentrov paktına əsasən Sovetlər
Almaniyanın yanacağa olan təlabatını ödəyirdi.
1940-cı ildə 626 min (təxminən bütün Almaniya
idxalının 1/3-i), 1941-ci ilin əvvəlində isə 258
min ton neft idxal edilir. Müqavilənin qüvvədə olduğu
18 aylıq müddətdə Almaniya Sovetlərdən
ümumilikdə 911 min ton neft alır. SSRİ ilə 1939–cu il
imzalan iqtisadi razılaşma Almaniyaya gələcək
müharibəyə hazırlaşmaq üçün
lazımı materiallar, xüsusilə neft, dəmir və s. əldə
etməyə imkan verirdi. Bütün bunlar Hitleri əmin edirdi
ki, onun ehtiyat yanacağı qurtarana qədər sovetlərin əsas
neft mədənlərini ələ keçirəcək...
Reyxin Silah və Müharibə İstehsalı naziri Albert Speer
daha sonra etiraf etdi ki, "Biz neftə görə Rusiyaya
hücum etdik ".
Hitler
SSRİ üzərində qələbəyə o qədər
əmin idi ki, hətta 1941-ci ildə “Qafqaz neft idarəsi”nin
yaradılması haqqında əmr də vermişdi. Bu idarənin
əsas məqsədi dağıdılmış quyuların
və emal zavodlarının bərpası idi ki, mədənlər
tezliklə fəaliyyət göstərə bilsinlər.
1942–ci ilin əvvəllərində idarə “Qafqaz neft
briqadası” adlanmağa başlanır. Bu yarım hərbi
birlik 10 794 şəxsi heyət, 1 142 maşın, 6 təyyarə
və s. texniki avadanlıqlara malik idi. Briqada ordunun arxasınca
dərhal Qafqaz neft mədənlərinə daxil olmaq vəziyyətinə
gətirilmişdi...
SSRİ-dən
Bakıdan başqa, Kuban, Şimali Qafqaz, Volqa-Ural bölgəsi
və Saxalin kimi neft hasil edən rayonlar olsa da, müharibənin
başladığı ilk vaxtlar buradakı yataqların
çoxu təhlükə altına düşdü. Bu səbəbdən
bütün nəzər diqqət Bakı neftinə yönəldi.
Düzdür,
hələ Böyük Vətən Müharibəsindən əvvəl
SSRİ-nin əsas neft bazası olan Azərbaycanın neft sənayesinin
inkişafını təmin etmək məqsədilə
Ümumittifaq Kommunist Partiyası
Mərkəzi Komitəsi və SSRİ Xalq Komissarları
Soveti 1940-cı il yanvarın 24-də “Azərbaycan SSR-də
neft hasilatını və emalını gücləndirmək
tədbirləri haqqında” xüsusi qərar qəbul
etmişdilər. Bu, 1940-1941-ci illərdə neft və qaz
hasilatında və emalında kəskin yüksəlişə
nail olmaq üçün müəyyən şərait
yaratmışdı.... Həmin vaxtlar Buzovna, Maştağa,
Siyəzən monoklinalı, Qaradağ, Şuraabad, Zığ
kimi neft-qaz yataqları işlənməyə cəlb
olunmuşdu. Hasilat 1939-cu ildə 21 milyon 547 min ton idisə,
1940-cı ildə artıq 22 milyon 175 milyona
çatmışdı. Bu da SSRİ üzrə neft
hasilatının 75%-ni təşkil edirdi. Ancaq müharibə
illərində yanacağa olan tələbatın
artdığı bir zamanda daha çox neft lazım gəlirdi.
Müharibənin
elə ilk günlərində çoxlu sayda ixtisaslı
neftçinin cəbhəyə yola salınması neft
quyularının istismari, təmiri, xidmət prosesinə
çətinliklər yaratdı. 1941-ci ilin sonunda təkcə
Leninneft tresti (indiki Balaxanıoyl) müəssisələrindən
şəxsi heyətin 45%-i, o cümlədən 22 rəhbər
işçisi cəbhəyə getmişdi. Respublikanın
neft sənayesində çalışan qadınların
sayı ildən-ilə artırdı. 1943-cü il oktyabrın
1-ə olan məlumata görə, qadınlar ümumi
işçilərin 55%-ni təşkil edirdi.
1941 -ci
ildə Hövsan yatağında o dövr üçün
SSRİ-nin ən dərin quyusunun (3200-3400 metr) qazılmasına başlanır. Həmin
il, 1941-ci ildə Bibiheybət yatağında Bayıl
dağının ətəyində usta Ağa-Nemətullanın
briqadası tərəfindən qazılan maili quyunun dərinliyi
2000 metr idi və o, dünyada maili üsulla bu dərinliyə
qazılmış ilk quyu olur. Sonralar Ağa-Nemətullanın
bu təcrübəsı Xəzərdə yeni neft
yataqlarının açılmasında və SSRİ-nin
dıgər neft rayonlarında axtarış-kəşfiyyat
işlərinin aparılmasında geniş tətbiq olunur.
Müharibənin
ilk illərində neft əsasən, Balaxanı, Sabunçu-
Ramana, Qaraçuxur, Binəqədi, Bibiheybət kimi köhnə
yataqlarda, əvvəllər fəaliyyət göstərməyən
quyulardan geoloji-texniki tədbirlər aparıldıqdan sonra əldə
edilirdi..
Neftçilərimizin
1941-ci ilə aid illik planın vaxtından əvvəl yerinə
yetirilməsi barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi və Xalq Komissarları Sovetinin verdiyi 1941-ci il 21
dekabr tarixli raportda deyilirdi: “Öz işini hərbi
dövrün tələblərinə uyğun yenidən quran
Sovet Azərbaycanının neftçiləri dekabr
ayının 19-da neft və qaz hasilatı üzrə illik
planı vaxtından qabaq yerinə yetirmişlər”.
Müharibənin
birinci ilində mümkünsüz görünən bir nəticə
əldə olundu. 1941-ci ilin yekunlarına görə, Sovet
İttifaqı 33 milyon ton neft hasil etdi. Artım 6 faiz oldu.
Ölkənin baş neft rayonu – Bakı şəhəri rekord
göstərici ilə istehsalı 23,5 milyon tona
çatdırdı.
Azərbaycan
neftçilərinin əmək qəhrəmanlığı
yüksək qiymətləndirilir. 1942-ci ilin fevralında
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə
Azərbaycan neft sənayesinin 500 işçisi SSRİ-nin
orden və medalları ilə təltif edilir, onlardan 41 nəfəri
Vətənin ali mükafatı olan Lenin ordeninə layiq
görülür.
Amanların
Bakı neftini hədəfə almaları
başadüşülən idi. Almaniya admiralı Fridrix
Vilhelm Kanaris bilirmişdi ki, SSRİ-nin xammal
ehtiyatlarını, ilk növbədə, Bakı neftini tez bir
zaman ərzində ələ
keçirmədən qələbə mümkün deyil.
1941-ci il iyul ayının 16-da Hitlerin qərargahında
keçirilən müşavirədə qeyd olunmuşdu ki,
“Bakı vilayəti... alman konsessiyası olmalıdır”.
1941-ci
ilin dekabrında Moskva döyüşündə
darmadağın edilərək geri atılan almanlar məğlubiyyətdən
nəticə çıxarır. Almaniya 1942-ci ildə əsas
diqqətini Qafqaza, xüsusilə də Bakının zəngin
neft yataqlarını ələ keçirməyə yönəldir.
1942-ci ilin iyunundan başlanan hərbi əməliyyat növbəti
aylarda daha təhlükəli xarakter alır. General Kleystin
başçılığı ilə almanlar 1942-ci ilin
sentyabrın 6-da Qroznı- Mahaçqala- Bakı istiqamətindən
hücuma keçirlər. Plana əsasən sentyabrın 25-də
Bakı tutulmalı idi. Hitler deyirdi ki, Bakı tutulsa Sovet tank və
təyyarələri “dəmir oyuncağa” dönəcəklər.
Vüqar
Həsənov,
araşdırmaçı-jurnalist
İki
sahil.-
2025.- 15 may, ¹82.- S.7.