“Azərikimya”
İstehsalat Birliyi:
Doğrulan ümidlər
və yeni hədəflər
80 illik inkişaf və tərəqqi yolu
Bu il Sumqayıt kimya sənayesinin 80 yaşı tamam olur. Başlandığında səthi
aktiv maddələr zavodu adlanan ilk müəssisə 1945-ci
ilin mart ayında işə salınıb və burada ilk məhsul
- maye xlor və elektrolitik qələvi istehsal olunub.
Sumqayıt
şəhərinin inkişafında Ümummilli Lider Heydər
Əliyevin misilsiz xidmətləri olub. 1969-82-ci illərdə
Ulu Öndərin təşəbbüsü ilə
Sumqayıtda yaradılan 10-dan çox kimya müəssisəsində
istehsal olunan məhsullar 100-dən artıq ünvana göndərilirdi.
1981-ci ildə Heydər Əliyevin səyi və qətiyyəti
nəticəsində etilen və propilen istehsal edən «EP-300»
kompleksinin tikintisinə başlanıldı. Bir qədər
sonra polietilen istehsalı üzrə «Polimer-120» kompleksinin əsası
qoyuldu. «EP-300» və «Polimer-120» qurğuları yeni texnologiya və
müasir tipli avadanlıqların tətbiqi üzrə
neft-kimya sənayesi tarixində yeni bir uğur idi və məhz
onların əsasında 1994-cü ildə
yaradılmış Etilen-Polietilen Zavodu bu gün “Azərikimya”
İstehsalat Birliyinin (İB) aparıcı müəssisəsi
kimi fəaliyyət göstərməkdədir.
Kimya sənayesi
yeni inkişaf dövrünü yaşayır
Hazırda
kimya sənayesi Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində özünün yeni
inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin
2010-cu il aprelin 2-də “Azərikimya”nın SOCAR-ın tərkibinə
verilməsi barədə imzaladığı Sərəncam
neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində
daha səmərəli fəaliyyət göstərməsi və
yüksək nailiyyətlər qazanması üçün
yeni perspektivlər açdı. “Azərikimya” İB-də səmərəli
işləyə bilən istehsalat sahələri yenidən
quruldu, bir sıra yeni qurğu və komplekslər tikilərək
istifadəyə verildi. Məmnunluq doğuran haldır ki, iki
qurğunun - butilen-butadien fraksiyasının hidrogenləşməsi
və maye qazların kükürdlü birləşmələrdən
təmizlənməsi qurğularının
açılış mərasimində Prezident İlham
Əliyev iştirak etmiş və qurğuları işə
salmışdır.
Hazırda
“Azərikimya” İB-nin əsas aparıcı müəssisəsi
olan Etilen-Polietilen Zavodunun əsas istehsalatlarına Etilen və
propilen istehsalatı (“EP-300” qurğusu), Yüksək təzyiqli
polietilen istehsalatı (“Polimer-120” qurğusu), İzopropil spirti
istehsalatı, Buxar və elektrik istehsalı (BGK qurğusu)
daxildir.
“Azərikimya”
İB-də modernizasiya və yenidənqurma
“Azərikimya”
İB-də 2016-cı ildən icrasına
başlanılmış və 2021-ci ilin dekabr ayında
tamamlanmış Modernizasiya və yenidənqurma layihəsi
çərçivəsində müasir və ekoloji
yönümlü yeni istehsal qurğularının tikintisi və
mövcud qurğuların rekonstruksiyası həyata
keçirilmiş, nəticədə propilenin məhsuldarlığı
189 min ton/ilə çatdırılmış və müxtəlif
növ xammallarda işləyən yeni tipli piroliz sobaları
quraşdırılmışdır.
Layihə
çərçivəsində ümumilikdə zavodun
müxtəlif xidmət sahələri üzrə qurğu və
avadanlıqları yenilənərək mərhələli
şəkildə istismara verilib ki, bunun da nəticəsində
orta hesabla gündəlik xammalın emal həcmi 2500 tona
qaldırılıb. Zavodda əsas məqsədli və digər
məhsullar üzrə faktiki istehsal həcmi artıb. Gündəlik
istehsal olunan əsas məqsədli məhsulların
istehsalı - etilen üzrə 570, propilen üzrə isə
560 tona çatdırılıb. Növbəti mərhələdə
etilenin gündəlik istehsal həcminin 700 tona
çatdırılması nəzərdə tutulur.
Layihə
üzrə yeni etilen və propilen anbarları, hidrogenin zənginləşdirilməsi
qurğusu, quru qazın və
propan-propilen fraksiyalarının təmizlənməsi
qurğuları, 4 ədəd yeni CMK tipli piroliz sobası, M-4 turbokompressoru,
etan-etilen və propan-propilen fraksiyalarının selektiv
hidrogenləşməsi reaktorları, metan-hidrogen
fraksiyasının etilendən təmizlənməsi kalonu,
soyuq blokda hidrogenin karbon monooksiddən təmizlənməsi həyata
keçirilib, müxtəlif tipli nasoslar işə qoşulub,
quru qaz fraksiyasının kükürdlü birləşmələr
və mikro qarışıqlardan təmizlənməsi
qurğusu istismara verilib və digər işlər icra olunub.
2020-ci ilin sentyabr-oktyabr aylarında əsaslı təmir
zamanı modernizasiya və layihə çərçivəsində
inşa olunan qurğu və avadanlıqlar mövcud “EP-300”
qurğusuna birləşdirilib və zavodun yüksək məhsuldarlıqla
istismarına başlanılıb.
Məhsuldarlığı
15 ton/saat olan butilen-butadien (C4) fraksiyalarının hidrogenləşdirilməsi
qurğusunun proqnoz tapşırığına və istehsala
uyğun olaraq məhsuldarlığının 25 ton/saata
çatdırılması zərurəti
yarandığından qurğuda ikinci reaktorun paralel işlədilməsi
üçün texnoloji sxem quraşdırılıb. Həmçinin
dövri su sistemində soyutmanın effektivliyinin
artırılması üçün yeni Susoyutma qurğusunda
4 ədəd yeni əlavə seksiyanın tikintisi başa çatdırılaraq
istismara verilib. Yüksək gərginlikli L-38
yarımstansiyasının Etilen istehsalatı ərazisinə
köçürülməsi başa
çatdırılıb və istismara verilib. Ümumi dəyəri
990,6 milyon manat olan layihənin tamamlanması enerji və xammal
sərfini azaltmaqla texnoloji proseslərin fasiləsiz və
etibarlı aparılmasına imkan yaradıb, əsas məhsullar
üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar
üzrə üç dəfə artmış,
Etilen-Polietilen Zavodunun propilen üzrə illik məhsuldarlığı
90-100 min tondan 187 min tona, etilen üzrə illik məhsuldarlığı
isə 100-120 min tondan 192 min tona
qaldırılmışdır.
Polipropilen
və yüksək sıxlıqlı polietilen
istehsalı
qurğuları dayanıqlı xammalla təchiz olunur
Bununla da
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi
çərçivəsində inşa edilmiş yeni
polipropilen və yüksək sıxlıqlı polietilen
istehsalı qurğuları dayanıqlı xammal ilə (etilen,
propilen, saf hidrogen və enerjidaşıyıcılarla) təchiz
olunmaqla bərabər, zavodun istismar dövrü
uzadılmış, qurğuların etibarlılığı
və səmərəliliyi artırılmış, keyfiyyət
və kəmiyyət göstəriciləri
yaxşılaşdırılmışdır. Etilen-Polietilen
Zavodunun Etilen istehsalatında texnoloji problemlər
yarandığı təqdirdə “SOCAR Polymer” MMC müəssisəsinə
hidrogen qazının fasiləsiz nəqli, həmçinin balonlarda zavoddaxili ehtiyatın
yaradılması məqsədilə
yeni Hidrogen məhsulunun ehtiyat
saxlanması anbarı tikilib istismara verilmişdir.
Həmçinin
Etilen-Polietilen Zavodunda Buxar-Generator Kompleksi təkmilləşdirilərək
enerji effektivliyi 32 Mvt.s-dən 65 Mvt.s-yə
çatdırılıb. Quraşdırılan turbogenerator
“Azərikimya”nın Sumqayıt
Elektrik Şəbəkəsindən aldığı elektrik
enerjisi tələbatını tam ödəməklə
yanaşı, istehsal olunan artıq elektrik enerjisini SOCAR-ın
və Sumqayıt şəhərinin digər müəssisələrinə
ötürülməsinin də bu yarımstansiya üzərindən
həyata keçirilməsinə imkan yaradıb.
Emal zəncirinin
mərkəzi - “Azərikimya” İstehsalat Birliyi
“Azərikimya”
İB-də istehsal üçün istifadə olunan xammallar
birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı
Zavodundan (NEZ) təchiz edilir. “Azərikimya” İstehsalat Birliyi
Heydər Əliyev adına NEZ - “Azərikimya” İB - “SOCAR
Polymer” MMC emal zəncirinin mərkəzi və önəmli həlqəsi
olaraq, “SOCAR Polymer” MMC-nin qurğularını dayanıqlı,
müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə
uyğun xammal ilə təmin edir. Birliyin Etilen-Polietilen Zavodu
2024-cü ilin oktyabr ayının 25-dən zavodun tarixində ən
genişmiqyaslı olan əsaslı təmirə
dayanmış və 50 gün müddətində təmir
işləri tam, təhlükəsiz, uğurla icra edilmiş
və dekabr ayının 15-dən etibarən zavodun mərhələli
şəkildə işə qoşulmasına
başlanılmışdır.
Əsaslı
təmir işlərinin məqsədi zavodun istehsal
avadanlıqlarının gücünü və
ömrünü artırmaq, bununla da, istehsal olunan məhsullara
getdikcə artan ölkədaxili tələbatı ödəməklə
yanaşı, ixracın həcmini və
coğrafiyasını genişləndirmək, texnoloji proseslərin
tam stabil icrasını, avadanlıq və qurğuların daha
səmərəli və təhlükəsiz qaydada
istismarını təmin etmək, xammal və hazır məhsulların
keyfiyyətini yüksəltməkdir.
Hazırda EP-300 qurğusunda “TECHNİP ENERGİES İTALY S.p.A” şirkəti tərəfindən mövcud pnevmatik və dəqiqlik sinfi nisbətən aşağı olan texnoloji proseslərin idarə edilməsi sisteminin (NÖC və A) müasir elektron sistemlə yenilənməsi üçün mühəndis işləri həyata keçirilməkdədir. Layihənin tam yekunlaşması və yeni sistemin prosesə tamamilə tətbiq edilməsi 2027-ci ilə planlaşdırılmışdır.
Layihənin tətbiqindən sonra EP-300 qurğusunda texnoloji proseslərin aparılmasının texniki və ekoloji təhlükəsizliyi, idarəetmə sisteminin yüksək etibarlılığı, xammal və məhsul itkisinin minimuma endirilməsi tamamilə təmin olunacaqdır.
Sumqayıt yeni texnologiyalar əsasında
inkişaf etmiş sənaye mərkəzinə
çevrilir
“Azərikimya” İB Sumqayıt şəhərinin ictimai həyatında da fəal rol oynayır, çoxlu sayda sosial, mədəni-kütləvi, ictimai, humanitar, idman, intellektual və ekoloji, maarifləndirici tədbirlər və iməciliklər, xeyriyyə aksiyaları, elmi-praktiki konfranslar və s. keçirir, Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işlərinə öz töhfəsini əsirgəmir.
Sonda qeyd etmək yerinə düşər ki, Sumqayıtı Azərbaycanın yeni texnologiyalar əsasında inkişaf etmiş güclü sənaye mərkəzinə, müasir, ekoloji cəhətdən təmiz və gözəl bir şəhərə çevirməyi strateji bir məqsəd kimi qarşıya qoyan ölkə başçısının davamlı Sumqayıt səfərləri və bu səfərlərin müxtəlif təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması, yeni istehsal sahələrinin yaradılması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni iş yerlərinin açılması, insanların iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, şəhərin ekologiyasının saflaşdırılması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili onu deməyə əsas verir ki, Sumqayıt bundan sonra da aparıcı sənaye mərkəzi olmaqla, regionun ən gözəl şəhəri adını qoruyub saxlayacaqdır.
Orxan Vahidoğlu
İki sahil.- 2025.- 20 may, ¹ 85.- S.5.