“Qasım
otağı”ndan başlayib
“Az.Drama”da bitən böyük sənət yolu
OÇERK
Möhsün Sənani-125:
Unutsaq unudularıq
Proloq əvəzi
“...Yox, bala,
qoy ömür kitabımı vərəqləyim”
Ailə üzvlərinin
dediklərinə görə,
artıq gözünün
nurunu itirsə də, ömrünün son günlərində heç olmasa həyət-bacada gəzmək,
doğmaları ilə
söhbət etmək
imkanı varmış.
Lakin ixtiyar qoca bunların heç birini etməz, gecə-gündüz
sağ əlini alnına dirəyərək
hərəkətsiz halda
yataqda uzanarmış.
Sevimli qızı Gülər deyəndə
ki, “ay ata,
dur bir az
gəzişək, söhbət
edək” cavabı belə olarmış: “Yox, bala, məndə
gəzməyə vaxt
hardandı ki. Qoy ömür kitabımı vərəqləyim...”.
Həmin anlarda həyatının hansı
mərhələlərinin xəyalından kino lenti kimi gəlib
keçdiyini yəqin
ki, onun özündən başqa
heç kim dəqiqliyi ilə təsəvvürünə gətirə
bilməz.
Buna şübhə
etməsək də görkəmli sənətkarın qızı
Gülər Sənani-Quliyevanın
(bu qoşa soyadın tarixçəsi
haqqında sonra məlumat verəcəyik) paytaxtın Parlament prospektindəki mənzlində
onun atası ilə bağlı acılı-şirinli xatirələri
əsasında 15 yaşında
ikən ilk dəfə böyük səhnəyə çıxan,
yaradıcılığının 61 ilini eyni sənət
məbədində - Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında keçirən, 250-dən artıq
tamaşada müxtəlif
rolları ifa edən, 20-dən çox
kinofilmə çəkilən
Azərbaycanın Xalq
artisti, saysı- hesabsız mükafatlar laureatı Möhsün Sənaninin həyat və yaradıcılığının
bəzi anlarını
vərəqləməyə çalışdıq.
Heç kimin ağlına belə gəlməzdi ki...
XIX yüzilliyin ikinci yarısından etibarən
İrandan, xüsusilə
Cənubi Azərbaycandan
Qafqaza minlərlə işçi qüvvəsi
gəlirdi. Buraya xoş gün sorağı ilə axışanlarda belə bir təsəvvür yaranmışdı ki, qonşu ölkədə yaşamaq daha asandır. Qafqaza xoşbəxt həyat arzusu ilə gələnlərdən biri
də dövrünün
tanınmış mərsiyəxanlarından
sayılan Molla Sadıq idi. O, bir müddət Gürcüstanın kəndlərində
mərsiyəxanlıq edir,
qazandığı pulla
Tiflisin müsəlmanlar
yaşayan “Şeytanbazar”
məhəlləsində ev
alır. Az vaxtda Molla Sadıq öz dini və
elmi biliyi, ağıllı məsləhətləri
ilə Tiflisdə tanınmağa başlayır,
İrandan gəlmiş
Molla Sadıq burada Sərvinaz adlı bir qızla
ailə qurur.
1900-cu il iyunun
19-da Molla Sadığın
evində dünyaya göz açan oğlan uşağının
qışqırtısı ətrafa yayıldı. O vaxt heç kimin ağlına belə gəlməzdi ki, zaman keçəcək,
valideynlərinin Möhsün
adı verdikləri bu körpənin daha gur, daha
əzəmətli səsi
Azərbaycan, Gürcüstan,
Türkiyə, Dağıstan
və digər ölkələrin teatr səhnələrindən, kino
meydançalarından eşidiləcək.
Faciə dalınca faciə... və iki yolun
ayrıcında
1905-ci ildə 5 yaşlı körpənin
gələcək həyatında
dərin izlər buraxacaq dalbadal bir neçə faciəli hadisə baş verir. Əvvəlcə böyük
qardaşı Məhəmməd,
sonra isə atası və anası dünyadan vaxtsız köçürlər.
Belə bir ağır məqamda körpəyə nənəsi
Nənəxanım arxa
olur. Amma atalar
demişkən, sən
saydığını say,
gör fələk nə sayır. Zalım fələk bu qisməti də ona çox görür. Möhsün
8 yaşına qədəm
qoyanda nənəsi də vəfat edir. Bundan sonra
Tiflisin tanınmış
xanımlarından sayılan
Molla Zinyət (Azərbaycanın Xalq artisti Əli Qurbanovun anası) kimsəsiz bacısı oğlunu himayəyə götürür və onu öz balalarından
ayırmır. Molla Zinyət yetimi qayğısız böyütməyə
çalışsa da,
Möhsün ailənin
necə böyük ehtiyac içində yaşadığını görür
və 10 yaşında
ikən zəhmətə
qatlaşır. O, Tiflisin
“Qala”, “Maşın” və “Qəbiristanlıq”
adlanan məhəllələrində
yük daşıyır,
qazandığı cüzi
pulun bir hissəsini xalasına verir, bir hissəsini
isə uşaqlıqdan
aludə olduğu teatr tamaşalarına baxmaq üçün xərcləyir.
O zamanlar
hər il Məhərrəm ayında Tiflisdə
tez-tez kiçik teatr sayılan “Şəbeh” göstərilərdi. Bu mərasimə əsasən
artistlər dəvət
edilərdi. 1910-cu ildə
“Şəbeh” dəsgahındakı
“Qasım otağı”
mərasimində iştirak
edən uşaqlardan birinin rolu 10 yaşlı Möhsünə
etibar edilir. Kiçik Möhsün ilk səhnə sınağından uğurla
çıxır.
Sonralar teatr
aləmində məşhur
simaya çevrilən
Möhsün Sənaninin
özünün etirafına
görə, onun səhnə fəaliyyəti
“Qasım otağı”ndan
başlamışdır. Bu
çıxışdan sonra
o, Tiflisdə hamının
nəzər-diqqətini özünə
cəlb edir. Bir tərəfdən onunla şəbikərdənlər,
ruhanilər, o biri tərəfdən isə yeni təşkil olunmuş “Tiflis müsəlman artistləri”
teatr dəstəsinin başçıları maraqlanırlar.
Möhsün iki yolun ayrıcında qalır. Bilmir atasının peşəsini
davam etdirsin, yoxsa teatr səhnəsini
seçsin. Nəhayət,
uzun götür-qoydan
sonra öz seçimini edir. Onu axtaranlar ya teatr, ya
da sirk tamaşalarında
tapmalı olurlar. Təbii ki, bu seçim gələcək aktyora ucuz başa gəlmir. Ruhanilər hər məclisdə deyirlərmiş ki, Molla Sadığın oğlu pis yola
düşmüşdür. Yerbəyerdən “Allah ona lənət eləsin, özü heç, rəhmətlik atasını da cəhənnəm odunda yandırır” - nidaları
ucalarmış.
Molla Sadığın oğlu həqiqətənmi
“pis yola”
düşmüşdü?..
1914-cü ildə Tiflisin mədəni həyatında baş
verən yaddaqalan bir hadisə sübut etdi ki, xeyr, Molla
Sadığın oğlu
qətityyən “pis yola” düşməyib, Əksinə onun düşdüyü yol nəinki mənsub olduğu nəslə, hətta bütöv bir millətə şan-şöhrət,
baş uğalığı
gətirən şərəfli bir yoldur. Hadisə belə olur. O zaman Qafqazın ictimai-siyasi və mədəniyyət mərkəzi
sayılan Tiflisə qastrol səfərinə gələn məşhur faciə ustası Hüseyn Ərəblinski
“Müsəlman artistləri
truppası”nın işi ilə yaxından tanış olduqdan sonra burada çalışan aktyorların iştirakı
ilə türk yazıçısı Şəmsəddin
Saminin “Gaveyi-ahəngər”
(“Dəmirçi Gavə”)
pyesini tamaşaya qoymaq fikrinə düşür. 1915-ci ildə
ilk dəfə səhnəyə çıxarılan
tamaşada dəmirçi
Gavənin oğlu rolunda çıxış
edən Möhsünün
nəzər-diqqətini ən
çox cəlb edən rejissor Hüseyn Ərəblinskinin
yaradıcılıq üslubu,
aktyor sənətinə
qəlbən bağlılığı,
intizamı, səliqəsi
və vüqarlı davranışı olur. Sonralar Möhsün Sənaninin aktyor sənətinə ömürlük
bağlanmasında özünün
də etiraf etdiyi kimi, bu
amillər, xüsusilə
Ərəblinskinin aktyorluğu
“bütün sənətlərin
sənətkarı” adlandırması
mühüm rol oynamışdı.
Səhnədən tamaşaçıları doğru
yola, saf,
təmiz əmələ çağırmaqdan
şərəfli vəzifə,
böyük rütbəli mənsəb,
zəngin xəzinə
varmı?
Çox-çox sonralar Möhsün Sənani bir dostuna yazdığı məktubda öz peşə seçimi ilə bağlı belə demişdir: “Görəsən, səhnə
meydanında ifa etdiyin bu və
digər obrazların fikri, ürəyi, dili ilə gözəl
həyat qurmağı,
yaxşı adam olmağı tamaşaçılara
təlqin etməkdən,
onları doğru yola, saf, təmiz
əmələ çağırmaqdan
şərəfli bir vəzifə, ya böyük rütbəli
bir mənsəb, ya da ki
zəngin bir xəzinə varmı? Məncə, yoxdur, ola da bilməz!
Hələ o vaxt, Tiflis səhnəsində hansı bir tamaşada çıxış
edirdimsə fərəhimdən,
sevincimdən yerə-göyə
sığmırdım. Sanki
hamı, hətta Tiflisin - ana yurdumun o gözəl mənzərəsi, al-əlvan
yaşıllıqları, qırmızı
kərpicdən tikilmiş
binaları, “Gecə məhtaba qarşı həmdəm olan” Kür nəhri də məni aktyor olduğum üçün alqışlayır,
hamı üzümə
gülür və hər dəfə məni təbəssümlə
salamlayırdı.”
Zənnimizcə, hansı dövrün prizmasından
baxılırsa baxılsın,
öz sənətinə,
öz peşəsinə
bundan artıq vurğunluq, bundan artıq məftunluq, bundan artıq aludəçilik, bundan artıq sədaqət nümunəsi tapmaq mümkün deyil! Yalnız seçdiyi yola bu dərəcədə
vurğun olan Möhsün Sənani kimi şəxsiyyət-sənətkar
səhnədə biri-birindən
maraqlı, bir-birindən
yaddaqalan, hər bir tamaşaçını
heyrətə salan obrazlar yarada bilərdi.
Cəfərov necə Sənani oldu?
XX əsrin ikinci
önilliyinin sonlarında inqilabların,
qarşıdurmaların, vətəndaş
itaətsizliyinin əldən
saldığı Gürcüstanda
aclıq, səfalət,
anarxiya hökm sürürdü. Təbii
ki, belə bir vəziyyətdə Tiflisdə yaradıcılıq
fəaliyyəti ilə
məşğul olmaq
qeyri-mümkün idi.
Bu səbəbdən azərbaycanlı artistlər
ayrı-ayrı dəstələrə
bölünərək qonşu
ölkələrə qastrol
səfərlərinə getməyi
qərara alırlar. Mirseyfəddin Kirmanşahlının
rəhbərlik etdiyi truppanın üzvləri
- Möhsün Cəfərov
(onun əsl soyadı belədir), Mustafa Mərdanov, İbrahim İsfahanlı,
Asya xanım, Vera Arsen, Tərlan
xanım, Həsən
Qasımov və digərləri həmin ilin fevral ayının
15-də Türkiyəyə yola düşürlər.
Truppanın Türkiyə
səhnəsində oynadığı
“Arşın mal alan”, “O olmasın, bu olsun”, “Pəri
cadu”, “Nadir sah”, “Ağa Məhəmməd Şah Qacar”, “Əsli və Kərəm”, “Gaveyi-ahəngər”, “50 yaşında
cavan”, “Evli ikən subay” və digər tamaşalar böyük uğur qazanır. Möhsünün ustalıqla
ifa etdiyi Vəli (“Arşın mal alan”), Hambal
(“O olmasın, bu olsun”), Rzaqulu (“Nadir şah”), Qəhtan (“Gaveyi-ahəngər”)
və digər rollar türk tamaşaçıları və
mətbuatı tərəfindən
yüksək qiymətləndirilir.
Artıq teatr
aləmində yaxşı
tanınan və sevilən Möhsün
1919-cu ilin sonlarında
Azərbaycan Dövlət
Dram Teatrının baş rejissoru Abbas Mirzə Şərifzadənin dəvəti
ilə Bakıya gəlir və həmin kollektivdə işə başlayır.
Gəlin razılaşaq
ki, qısa müddətdə Sidqi Ruhulla, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, İsmayıl Hidayətzadə, Kazım
Ziya, Ağasadıq Gəraybəyli kimi tanınmış simaların
çalışdığı böyük bir kollektivin arasında fərqlənmək o qədər
də asan məsələ deyildi. Lakin Möhsün Sənani bu vəzifənin öhdəsindən
uğurla gəlir və Kassio (“Otello”), Knyaz (“Qaçaq Kərəm”), Qəhtan (“Gaveyi-ahəngər”),
Layert (“Hamlet”), Serqo (“Şeyx Sənan”), Şəkinski
(“Oqtay Eloğlu”), Pirqulu (“Aydın”), Roller (“Qaçaqlar”), Vasif (“İblis”) kimi bir-birindən fərqlənən, aktyordan
geniş yaradıcılıq
diapozonu, ustalıq tələb edən rolları məharətlə
ifa edir.
Möhsün Sənaninin xatirələrində
bu sənət məbədinə işə
gəldikdən sonra həyatında baş verən mühüm hadisə ilə bağlı belə bir epizod var:
“Teatrda çalışmağımın
dördüncü ayı
tamam olurdu. Bir dəfə Kazım Ziya (onda onun familiyası
Kazımzadə idi) mənə dedi: “Ay Möhsün, gəlsənə, özümüzə
bir ləqəb götürək. Axı indi ləqəb götürmək dəb olub. Məsələn, Sarabski, Mazandaranski, Şünasi və s.” Mən gülümsəyərək
ona dedim ki, bu gündən
mən oldum Möhsün Ziya. Bu əhvalatdan bir neçə ay sonra o, mənə
yaxınlaşaraq dedi:
“Bilirsənmi ay Möhsün, sən səfalı Gürcüstan
torpağında, “Şeytanbazar”da doğulmusan.
Hüseyn Cavid də “Şeyx Sənan”ı orada yazmışdır. Gəlsənə, sən Möhsün Sənani olasan, mən də Kazım Ziya.” Mən gülümsəyərək əlimi
onun çiyninə qoydum. Əzizim, dedim, dostluğumuzu nəzərə alaraq bu gündən mən oluram Möhsün Sənani.”
Sonralar bütöv
bir nəslin fəxrlə, qürurla daşıdığı Sənani
soyadının tarixçəsi
bax beləcə başlayıb. İndi aradan bir əsrdən
çox vaxt keçəndən sonra Möhsün Sənaninin həyat və yaradıcılığı ilə
ətraflı tanış
olarkən, onun xarakterini müəyyən
edən xatirələrə,
söhbətlərə heyranlıqla
qulaq asarkən adamın ürəyindən
dərhal bu sözlər keçir: Nə yaxşı ki, rəhmətlik Kazım Ziya ona bu təxəllüsü
təklif edib. Nə yaxşı ki, Möhsün müəllim dostundan keçməyərək bu
təkliflə razılaşıb.
Çünki başqa
heç bir təxəllüslə, heç
bir soyadla Möhsün Sənani bu gün xalqımızın
yaddaşında yaşayan
və bundan sonra da əbədi
yaşayacaq Möhsün
Sənani olmazdı.
Həm tragik, həm dramatik, həm də komik…
Gəlin
razılaşaq ki, dünya
teatr tarixində eyni aktyorun bu
üç ampluada çıxış etməsi
nadir hadisələrdəndir. Ümumiyyətlə, eyni aktyorun həm faciəvi, həm dramatik, həm də komik janrda
eyni dərəcədə
uğur qazanmasına,
tamaşaçılar tərəfindən
eyni dərəcədə
qəbul edilməsinə
olduqca az nümunələr var. Möhsün
Sənani bax, belə bir xoşbəxt
taleyə çatmış
sənətkarlardandır. Artıq
görkəmli sənətçinin
dünyasının dəyişməsindən
45 ilə
yaxın vaxt keçməsinə baxmayaraq
günü bu gün də Azərbaycan tamaşaçısı
vaxtilə lentə alınmış teatr tamaşalarında, bədii
filmlərdə Möhsün
Sənaninin yaratdığı
obrazlara məmnuniyyətlə
baxır, hər üç ampluada onu bəyənir, alqışlayır. Şəxsən
mən Möhsün Sənani yaradıcılığının
zirvəsi sayılan
“O olmasın, bu olsun” filmindəki Qoçu Əsgər obrazına biganə qalan azərbaycanlı tamaşaçını təsəvvürümə
gətirə bilmirəm.
Bu obraz onu o dərəcədə şöhrətləndirmişdi
ki, hətta həmin vaxtlar avtobuslarda konduktorlar görkəmli aktyorun evinin qabağındakı dayanacağı
“Möhsün Sənaninin
evi” adı ilə elan edərmişlər.
Müasirlərinin, ailə
üzvlərinin xatırladıqlarına
görə, o, böyüklüyündən,
kiçikliyindən asılı
olmayaraq hər hansı bir rol üzərində işləyərkən özünün
bütün şəxsi
həyatını unudar,
sanki tərki-dünya
olub yaratdığı
obrazın daxili və zahiri aləminə qapılarmış.
Görkəmli aktyorun qızı
Gülər xanım
atasının həmin
anlarını belə
xatırlayır:
- Atam şəxsi həyatında olduqca şən, zarafatcıl, deyib-gülən, həssas,
qayğıkeş bir
insan idi. Onun bu xarakteri
ilə bağlı bir epizod danışım.
Biz vaxtilə milyonçu
Hacınskiyə məxsus
olan, indiki Teleteatrla üzbəüz
ikimərtəbəli binanın
5 otaqlı mənzilində
yaşayırdıq. Mənzilin,
o cümlədən otaqların
arasındakı qapıların
hündürlüyü 5 metrə
çatırdı. Atamın
öz anası qədər sevdiyi qayınanası, yəni nənəmlə bərk zarafatı vardı. Bir gün kişi eləmir tənbəllik, çıxır qapının
üstünə, oradan
üzüaşağı sallanıb
“məmə, ay məmə”
(bizim kimi o da nənəmizi “məmə”
çağırardı), - deyə qışqırmağa
başlayır. “Məmə”
bütün otaqları
gəzir, amma səsin haradan gəldiyini müəyyənləşdirə
bilmir. Yazıq arvad “aa, bunun səsi otaqlardan gəlir, bəs özü hardadır?”, - deyə təəccüblə
ora-bura qaçır.
Axırda atam özünü saxlaya bilməyib şaqqanaq çəkir. Nənəm
başını qaldırıb
onu görəndə hirslə deyir: “Bu nədir adə, yekə kişisən, iş tapmırsan özünə?” Ümumiyyətlə,
atamın belə “sataşmaları” çox
olardı. Amma hər hansı bir tamaşa hazırlanan vaxtlarda onun bu zarafatçıllığından
əsər-əlamət qalmazdı.
Belə vaxtlarda ona yaxın düşmək mümkün
deyildi. Qapını bağlamamışdan əvvəl
bizə xəbərdarlıq
edərdi: “Mən evdə yoxam, axtarsalar, telefona çağırsalar məni
narahat etməyin.”
Sonra isə gecə-gündüz
otaqda var-gəl edə-edə oynayacağı
rola hazırlaşardı.
Görünür, onun bütün
rollarının uğurlu
alınmasında, həm
tragik, həm dramatik, həm də komik obrazları
yüksək ustalıqla
yaratmasında özünə
qarşı tələbkarlığı
az rol oynamayıb.
Müasirlərinin söylədiklərinə
görə, Möhsün
Sənaninin “oynamaq” sözündən qətiyyən
xoşu gəlməzmiş.
Həmişə deyərmiş
ki, mən kiminsə rolunu oynamıram, obrazını yaradıram.
“Atam çox xeyirxah insan idi”
Gülər xanım deyir
ki, o, hamının işinə
yarımağa çalışar,
kimin nə xahişi olsa yanına düşüb kömək etməyincə
rahatlıq tapmazdı:
“Heç yadımdan çıxmaz. O zamanlar mən 7-ci sinifdə oxuyurdum. Bir dəfə gecə saat 12 radələrində qapımızın
zəngi çalındı”,
- deyə Gülər
xanım yaddaşını
çözələməyə başlayır: “Nəzərlərimiz
narahatlıqla qapıya
dikildi. Atam qapını açdı
və içəri bəstəboy, çarşablı
bir qadın girdi. İçəri daxil olan kimi
atamın əlindən
tutub öpmək istədi. Amma, təbii ki,
o, buna imkan vermədi.
Qadını qucaqlayıb
qonaq otağına gətirdi. Çarşablı
qadın titrək səslə “Möhsün,
oğlum, bir xahişim var səndən”
- dedi. Cavabında atam “Buyur, anacan,
buyur”, - deyə onu sakitləşdirməyə
çalışdı. Vaxtsız
qonaq dərdini danışdı: “Evimi sökmək istəyirlər.
Mümkünsə, “Baksovet”ə deyin saxlasınlar. Oğlum bir aydan sonra
əsgərlikdən qayıdır.
İstəyirəm onu
köhnə evimdə
qarşılayım.”
“Mənim yanıma ümidlə gələni
naümid qaytara bilmərəm”
Atam diqqətlə qulaq asdıqdan sonra qadını sakitləşdirdi:
“Narahat olma, anacan, günü sabah düzələr.” Qadın gedəndən sonra anam Qüdrət
xanım düşdü
onun üstünə:
“A kişi, bacarmadığın
işi niyə boynuna götürdün, sən “Baksovet”in sədrisən, yoxsa?..” Atamın cavabı belə oldu: “Yox, Qüdrət,
o adam mənim yanıma ümidlə gəlib, mən onu naümid qaytara bilmərəm.” Təbii ki, atam səhər tezdən birinci yolunu Bakı Sovetindən saldı və dərhal məsələ
müsbət həllini
tapdı.
Bir epizod da heç vaxt yadımdan çıxmaz. 1981-ci ildə
atamın cənazəsini
Dram Teatrından götürəndə
qırmızısifət bir
kişi mənə yaxınlaşdı. Ürəyimdə
fikirləşdim ki, buna bax
ey, yəqin içib gəlib buraya. Kişi sıxıla-sıxıla dedi:
“Bacı, bağışlayın,
adınızı bilmirəm,
mən 38 dərəcə
qızdırmada yataqdan
qalxıb buraya gəldim ki, Möhsün müəllimi son mənzilə
yola salım. Çünki o, mənim həyatımda silinməz
iz buraxıb. O vaxt məni əsgərliyə aparırdılar,
əgər uzağa düşsəydim, anam tək, kimsəsiz qalacaqdı. Ona görə
mən bu kişiyə müraciət
etmişdim. İnanırsınızmı,
o, Biləcəriyə gəldi,
məni vaqondan dartıb yerə saldı, qoymadı uzağa aparsınlar. Möhsün müəllimin
köməkliyi sayəsində
hərbi xidmətimi Bakıda - Salyan kazarmasında yerinə yetirdim.”
“Yaz: Gülər
Sənani - Quliyeva!”
Möhsün Sənani hələ sağlığında soyadının
əbədiləşməsi üçün əlindən
gələni əsirgəməyib.
Gülər xanım özünün toy mərasimi ilə bağlı belə bir epizod danışdı:
“1964-cü ildə biz
rəhmətlik həyat
yoldaşım Fəridlə “Səadət
sarayı”nda kəbin kəsdirərkən adət-ənənəyə
uyğun olaraq qızlıq familiyamdan imtina etmiş, soyadımı Quliyeva yazdırmışdım. Axşam
evə gələrkən
atam məni yanına çağırıb
soruşdu: De görüm,
hansı familiyanı saxladın? Mən heç nə deməyib, başımı
aşağı dikdim.
O, hər şeyi başa düşdü və bir kəlmə
də demədi. Səhər işə gedərkən məni də maşına oturdub birbaşa “Səadət sarayı”na sürdü. Qeydiyyatçıya
yaxınlaşıb nikah
haqqında şəhadətnaməni
stolun üstünə
qoydu və amiranə tərzdə dedi: “Götür yaz Gülər Sənani-Quliyeva! Qeydiyyatçı
təəccüblə: - Möhsün
müəllim, axı
o cür mümkün
deyil - cavabını verdi. - Niyə mümkün deyil, niyə Nikolayeva-Tereşkova
olur, Sənani-Quliyeva olmur? Biz də
sovet vətəndaşıyıq,
axı. Götür yaz, vəssalam!” Təbii ki, qarşı tərəfdən
etiraz olmadı. Həmin andan mən Sənani - Quliyeva soyadını daşıyıram.
Ümumiyyətlə, atam ailə məsələlərində çox
ciddi idi. Dəfələrlə rəhmətlik
qardaşım Validin həyat yoldaşı Ofeliyanı kinoya, teatr tamaşalarına dəvət etsələr
də icazə verməmişdi. Təkcə
“Dağlarda döyüş”
bədii filmində özü əsas rollardan birini oynadığına görə
gəlininin çəkilməsinə
razı olmuşdu.
Epiloq əvəzi
...Vərəqlənən
ömür kitabının
iztirablarla dolu son səhifəsi
Azərbaycanın teatr və kino
sənəti tarixinə
heç zaman pozulmayacaq parlaq səhifələr yazmış
Möhsün Sənani
bu fani dünyada
81 il ömür sürdü. Bu 81 illik həyatın
71 ilinin hər ayı, hər günü hər saatı, hər anı özünün dərin məna çalarları ilə Azərbaycan tamaşaçısının
yaddaşına həmişəlik
həkk olunub. Bəs, unudulması, əgər belə demək mümkünsə,
ən azı mənəvi cinayət sayılla biləcək böyük teatr xadiminə heç olmasa ömrünün son günlərində əlaqədar təşkilatların
rəhbərləri arxa-dayaq
oldularmı? Maddi kömək
bir yana qalsın, uzun müddət xəstəxanada yatarkən onu yada saldılarmı? Elə götürək,
61 il bütün ağırlığını çiynində gəzdirdiyi
Azərbaycan Dövlət
Akademik Dram Teatrının o vaxtkı
rəhbərliyini və
respublikanın mədəni
həyatına cavabdeh
olanları. Onlar Azərbaycnın teatr sənətinin şöhrətini zirvələrə
qaldırmış böyük
sənətkarı heç olmasa ömrünün son anlarında xəstəxanada ziyarət
edib “keşmiş olsun” dedilərmi? Nə yazıq ki, yox! Göz yaşlarına hakim ola bilməyən Gülər
xanım həmin günləri belə xatırlayır: “Dörd ay idi ki,
“Leçkomissiya”da yatırdı.
Axır vaxtlar gözləri tutulmuşdu.
Yeri gəlmişkən,
deyim ki, o, yatağa düşməmişdən
qabaq gözləri görməsə də, səhnə fəaliyyətini
davam etdirirdi. “Darıxma, ana”nı
bu vəziyyətdə
oynamışdı. Çətini
səhnəyə daxil
olana kimi idi. Elə ki,
əlindən tutub səhnəyə gətirirdilər,
bundan sonra tamaşaçı qətiyyən
onun görmədiyini hiss etmirdi. Çünki
Möhsün Sənani
səhnənin hər
qarışına bələd
idi. Nə isə... Ömrünün
son günlərində
görmə qabiliyyətini
tamamilə itirsə də nəzərlərini
qapıdan çəkmirdi.
61 il can qoyduğu teatrdan, respublikanın Mədəniyyət
Nazirliyindən kimlərinsə
ona baş çəkməsini gözləyirdi.
Mədəniyyət Nazirliyinin
və teatrın ovaxtkı rəhbərləri
(onlar da dünyalarını dəyişdiklərinə
görə adlarını
çəkmirəm) o zaman
gəldilər ki, artıq dərdinə əlac tapmayan həkimlər atamı evə buraxmışdılar.
Ona görə də mən aylarla ürəyimi deşən sözləri
onların üstünə
yağdırıb qapıdan
içəri buraxmadım.
Bəlkə də bunu qeyri-etik hərəkət kimi qiymətləndirmək olardı.
Amma Möhsün Sənani kimi sənətkara qarşı
bu cür laqeydliyin, biganəliyin müqabilində başqa cür hərəkət edə bilməzdim.”
Bəli, o zaman
çox düzgün
hərəkət edib Gülər
xanım! Axı, unudulmaq çox ağır dərddir. Şükürlər olsun ki, hələ sağlığında
adını milli teatr və kino
tariximizə qızıl
hərflərlə yazdırmış Möhsün Sənani kimi kamil sənətkara yuxarıda qeyd etdiyimiz laqeyd münasibət uzun sürmədi. Azərbaycan
müstəqilliyini bərpa
etdikdən, xüsusilə
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra unudulmaz səhnə ustamız özünün layiqli
qiynətini aldı. Ulu Öndərin müvafiq Sərəncamı
əsasında 2000-ci ildə
Möhsün Sənaninin
100 illik yubileyi müstəqil ölkəmizdə
təntənə ilə
qeyd edildi, xatirəsi əbədiləşdirildi.
Bu günlərdə Dövlət Film Fondunda böyük sənətkarın
125 illiyinə həsr
olunmuş xatirə gecəsində bütün
bunlar barədə minnətdarlıq duyğuları
ilə söhbət açıldı…
Ruhun şad,
məkanın cənnət
olsun, böyük sənətkar!
Əhməd Qurbanoğlu
İki sahil.- 2025.- 21 may, ¹86.- S.7.