Vətən üçün sinəsini sipər etdi…
Milli qəhrəman
Vətən. Bu iki hecalı
bir kəlmədə nə böyük hökm var İlahi.
Nə böyük bir qüvvəti, qüdrəti, hikməti, mehr-məhəbbəti özündə
ehtiva edir bu söz. Neçə
milyon insanı öz mənasının altında cəm edir bu ifadə.
Necə olur ki, beş hərf
birləşərək 86.6 min kvadratkilometrlik bir ərazini bu qədər doğma edir insana. Və sənin ürəyin o kəlmə üçün
döyünür, onun
adı gələndə
axan sular durulur. Və o kəlmə ki, qolboyun olaraq Azərbaycanla sənin yer üzündəki cənnətinə, yurd-yuvana
çevrilir.
Həmişə başı bəlalı olub yurdumuzun. Əzəldən dostu az, düşməni çox olub bağrına basdığı
insanının. İnsanı
isə əzəldən
mübariz və qətiyyətli olub. Torpağına gözü
kimi baxıb, şərəfi kimi qoruyub, canı kimi əzizləyib. Axı, Vətən namusdur! Namussa toxunulmazdır!
90-cı illər xalqımız üçün
ağır keçirdi.
Ağzı qan qoxan düşmən yenə iyrənc əməllərinə üz
tutmuşdu. Yenə gülünc xəyallarının
arxasından qaçaraq
bir ümid bu dəfə bəlkə alınar deyərəkdən çaqqal
sürüyə basqın
edər kimi xaincəsinə torpaqlarımızı
işğal etməyə,
insanlarımızı amansızcasına
qətl etməyə başlamışdı. Rus
havadarlarının köməkliyi
ilə millətimizin başına olmazın müsibətlər açır,
qanı su yerinə axıtmaqdan çəkinmirdilər. Qeyri-bərabər
döyüşlərə rəğmən müdafiəmizə
qalxan ordumuz və könüllülərimiz
canları, qanları bahasına da olsa əllərindən gələni edərək
Vətənimizin hər
qarışını qorumağa
çalışırdı. O qəhrəmanlar içində
öz igidliyi ilə hələ sağlığında ad
qazananlardan biri də Yusif idi.
Adı dillərə dastan, düşmənə
gözdağı Yusif!
Mirzəyev Yusif
Vəli oğlu 1958-ci
il may ayının
23-də Naxçıvan Muxtar
Respublikasının Babək
rayonunun Böyükdüz
kəndində zəhmətkeş
ailəsində dünyaya
göz açıb. Atası Vəli kişi və anası Rəfiqə xanım yeddi övladını halal zəhmətləri ilə
böyüdüb boya-başa
çatdırıb. Onların
içində Yusif fərqli idi. O, uşaq vaxtlarından həm ailədə, həm də məktəbdə təlim-tərbiyəsi,
mehribanlığı, çevikliyi,
iti zəkası ilə seçilib tay-tuşundan. Böyük-kiçik
yeri bilən, sözünün əri, cəsarətli idi Yusif. İnsani keyfiyyətləri ilə hər kəsin hörmətini qazanan Yusif vətənə və torpağa olan sevgisi ilə
də fərqlənirdi
digərlərindən. Bir
sözlə, o, hər
kəsin xatirində qalacaq biri idi
hələ sağlığında.
1975-ci ildə 1 saylı
Naxçıvan şəhər
tam orta məktəbini bitirdikdən
sonra hərbi xidmətə gedir. Oxumağa böyük marağı olsa da, ilk hərbi
xidmətini başa vurmağa üstünlük
verir. Hərbi xidmətdən sonra bir müddət Naxçıvan Rabitə Qovşağında işləyir.
Elə o zaman həm də ali təhsil üçün biliyini səfərbər edir. Orada işlədiyi müddətdə Azərbaycan
Dövlət Xalq Təsərrüfatı İnstitutuna
daxil olur və 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini
müvəffəqiyyətlə bitirir. Həyatını yavaş-yavaş yoluna qoyurdu artıq. İşlərini sahmana saldıqdan sonra böyüklərinin də
razılığı ilə
ailə qurur. Valideynləri ona dillərə dastan olan toy edirlər.
Həm öz adlarına, həm də övladlarının
adına layiq şəkildə. Təsadüfmü,
yoxsa gələcəyə
işarəmiydi ki, gəlini darvazadan içəri gətirər-gətirməz
bütün kəndin
işıqları sönür.
Dolayısıyla toy evi də qaranlıqlara
qərq olur. Bu vəziyyət Rəfiqə xanımın ürəyinə
xal salır. O balasının taleyində
bunun pis bir işarə olduğunu bəlkə də elə o gün hiss edir.
Bəlkə də elə ona görə
əllərini dizinə
möhkəm vuraraq
həyəcanını hamıya
bildirir. Zaman su kimi axır
və bir ilin tamamına ailəyə bir mələk göndərilir
Tanrı tərəfindən.
Nurlana adlandırırlar
bu qanadsız mələyi. Rəng qatır ata-anasının
ömrünə. Zaman
irəlidə ona ayrı bir istiqamət
verəcəkdi, amma ona qədər o da hamı kimi
öz həyatını
yaşayır, qızı
ilə həyata daha da möhkəm
sarılırdı. Hər
kəs alnına yazılanı yaşayar, ondan bir zərrə
nə artığını,
nə də əksiyini edə bilməz. Və tez bir zamanda
cütlüyün yolları
ayrılır. Bu, Yusifin ən çətin dönəmlərindən
biri idi. O, getməyə qərar verir. Həmin il Bakıya üz tutur və
bir də Naxçıvana dönməyəcəyinə
qərar verir. Bakı ona dərdlərini
unutduracaqdı irəlidə
və o, başqa bir dərdinin daha ağır olduğunun fərqinə varacaqdı. Ona qədərsə başını
aşağı salıb
firavan yaşamağa çalışırdı. Ta
ki, o qara buludlar 90-ci illərdə xalqımızın
başının üstünü
alana kimi. Onun da hamı kimi
hüzuru qaçır,
ağzının dadı
itir. O da hamı kimi Meydan hərəkatına qoşulur və ən fəal üzvlərindən birinə
çevrilir. O zaman maddi imkanı kifayət qədər yaxşı olan Yusif meydanda olan etirazçıları
öz qazancı ilə, gücü çatdığı yerə
qədər ərzaqla
təmin edir. Onun bu fəallığı
qara qüvvələrin
xoşuna gəlmirdi.
1990-cı ildə 20 Yanvar
faciəsi törədilən
zaman qanunsuz şəkildə Bakı şəhər komendantlığı
tərəfindən həbs
edilənlər və
ağır işgəncəyə
məruz qalanlardan biri də o olur. Məhbəsdə ona tətbiq edilən fiziki zorakılığın nəticəsində
böyrəkləri zədələnir
və buna görə də o, qalan ömrünü ağrılar içərisində
keçirmək məcburiyyətində
qalır. Qüruru vücudundan daha çox incinmiş olduğu üçün
böyrəklərinin ağrısı
ona o qədər də bata bilmirdi.
Həbsxanadan azad olunan kimi ilk
işi o gecə vəhşicəsinə qətlə
yetirilən şəhidlərin
uyuduğu “Şəhidlər
xiyabanı”nı ziyarət etmək olur. Və onların
məzarları başında
qanlarının yerdə
qalmayacağına söz
verir Yusif.
Sərhəddə vəziyyət günü-gündən
daha da gərginliyə
doğru gedirdi. Vətən darda idi və o da
hamı kimi onun dadına çatmalı idi. Yurdunun ona ehtiyacı
vardı. Dağlıq
Qarabağda olmalı idi o da. Yusif
Mirzəyev zaman itirmədən düşmənə
qarşı vuruşmaq
üçün könüllü
olaraq cəbhəyə
yollanır. O, zamanın
xalq üçün göndərdiyi sərkərdələrindən,
seçilmişlərindən biri idi. Qeyri-bərabər
gedən döyüşlərdə
ağlı və fərqli taktikası ilə üstünlüyü
əldə saxlamağı
bacarırdı. Goranboy
və Ağdərə
istiqamətlərində döyüşlərdə
komandası ilə böyük şücaət
göstərir. Cəmi
14 nəfərlik dəstəsi
ilə bir çox əməliyyatlara
qatılır, Ağdərənin
17 kəndinin işğaldan
azad edilməsində yaxından iştirak edir.
Döyüşlərin birində mühasirəyə
düşən dəstəni
itki vermədən xilas edir. Nikbin,
mehriban, qayğıkeş
insan, ağıllı,
qorxmaz və tələbkeş komandir idi. O, həm də insan sərrafıydı.
Və döyüşçülərinə
necə təsir edəcəyini yaxşı
bilirdi.
Zaman-zaman böyrəkləri
onu incidir və məcburiyyət qarşısında xəstəxanaya
üz tutmalı olurdu. Onu müayinə
vaxtı məlum olur ki, əslində
döyüşə biləcək
sağlıqda deyil. Və hər şəraitsiz bir gün onun həyatı
riskini artırır. Lakin o, həkiminə qəti etiraz edərək yenidən cəbhəyə yollanır.
Və elə xəstəxanada həkiminə
deyir ki, “Bilirəm canım əldən gedir, axı, Vətən də əldən gedir”. O gün onun həyatında ömürboyu silinməyəcək
gözəl bir xatirə yaşanır.
Xəstəxanada hərbi vətənpərvərlik
mahnılarının ifaçısı,
tanınmış hərbi
diktor Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə
alan Yusifin isti münasibətləri
və vətən haqqında söhbətləri
tarixə düşən
möhtəşəm bir
sonluqla öz möhürünü vurur.
Onları müalicə
edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq
deyir ki, “mən vətənpərvərlik
mövzusunda bir mahnı yazmışam”. Mahnı barədə qısa söhbət açılır və Yusif Mirzəyev həmin mahnının sözlərini çox bəyənir. Mahnının
müəllifi başqa
bir müğənninin
adını versə də, Yusif ondan icazə alaraq Şəmistandan bu mahnını oxumasını xahiş edir. Şəmistan Əlizamanlı isə mahnını mütləq
oxuyacağına və
ona həsr edəcəyinə söz
verir. Sonralar mahnının müəllifi
Yusifin də bu mahnı üzərində
az da olsa
qatqısı olduğunu
və birlikdə onunla məsləhətli şəkildə nəqarətini
işlədiklərini dilinə
gətirir.
Müharibənin öz qanunları var. Bəzən irəli getmək üçün geriyə
çəkilmək lazımdır. Döyüşün
təhlükəli olması
səbəbilə Ağdərədən
çıxmaq əmri
verilir Yusifin dəstəsinə. Onun cavabı çoxlarının
gözləmədiyi, döyüş
yoldaşlarının gözlədiyi
kimi olur. Yusif: - “Bu, tək
mənim fikrim deyil. Burada olan
uşaqların hamısı
eyni fikirdədir, axır nəfəsimizə
kimi vuruşacağıq”.
Cəmi 14 nəfərlə
həmin istiqamətdə
düşmənin çox
sayda əsgərinə
qarşı müqavimət
göstərir. Qaranlıq
düşən kimi çoxlu yerdə işıqları yandıraraq
düşməni yanıldır.
Düşmənin naqilsiz
danışıq cihazı
ilə (Raçiya) qulaq asa biləcəyini
bildiyi üçün
hər gün 150-200 nəfərlik yemək sifarişi verərək saylarının çox olduqlarını çatdırır.
Beləliklə ermənilərin
həmin yerdə böyük bir taborun olduğunu düşünməyə vadar
edir. O, da qarşıda olan təhlükənin fərqində
idi. İstər silahsursat baxımından,
istərsə də canlı qüvvə baxımından böyük
çətinliklər var
idi. Cəbhəyə
yemək təminatı
və digər ehtiyacların çatdırılması
da çətin idi. Üstəlik ağır coğrafi şərait, ilikləri kəsən soyuq hava belə onu və əsgərlərini
qorxutmurdu.Və bilirdi ki, bu
yolun sonu şəhadətdən keçəcək.
Lakin onun və igidlərinin bir amalı var idi. O da
son nəfəsə kimi vuruşmaq idi. “Bu qoşunla biz əks-hücuma keçəcəyik, qırılan
qırılacaq, qalan da, girov düşən
də özünü
güllələyəcək, o qədər”-deyir Yusif.
O, Vətən üçün sinəsini
sipər etdi. Düşmənə qan uddurdu öz igid döyüş yoldaşları ilə. Düşmənə bildirdi
ki, onun torpağına göz dikənlərin gözünü
oyar. Təəssüf
ki, Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə
gedən qeyri-bərabər
döyüşlərin birində
Azərbaycan əsgərlərini
mühasirədən çıxararkən
şəhadətə yüksəlir.
Gənc yaşlarında
həyata vida edən Yusifin və onun timsalında
bütün şəhidlərimizin
ruhu işğal altında olan torpaqlarımızın səmasına
uzun illər idi ki, keşik
çəkirdi. Onlar böyük qayıdışı
gözləyirdilər. Və
o qayıdış Azərbaycan
xalqının Ali Baş Komandanının ətrafında cəm olan, dəmir yumruğa dönən dövlət, millət və ordu birliyinin
sayəsində möhtəşəm
oldu. Sadəcə 44 gün içində otuz illik bir
yolu qət etdi müzəffər ordumuz. O oğullar ki, dünyanın ən böyük dövlətlərinə hərb
necə olar onu göstərdi. O oğullar ki, üç rəngli bayrağımızı azad
olunmuş torpaqlarımızın
ən yüksək zirvələrinə sancaraq
o səmalarda dolaşan
şəhid ruhlarına
təslim etdi.
Naxçıvan Şəhidlər xiyabanında
dəfn olunan Yusifin adı oxuduğu Naxçıvan
şəhər 1 saylı
tam orta məktəbinə və Bakıdakı 44 saylı tam orta məktəbinə
verillmişdir. Azərbaycan
Respublikası Prezidentinin
27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra
“Azərbaycanın Milli
Qəhrəmanı” adı
verilib.
Rahat yat
şəhidim, uğrunda
canını qurban verdiyin Vətən əlimizdədir.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi
İki
sahil.- 2025.- 22 may, ¹87.- S.7.