Azərbaycanın müstəqilliyi tarixi nailiyyət,
hər bir vətəndaşın qürur mənbəyidir
28 may-
Milli Müstəqillik Günü
Müsəlman
Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) ölkəmizin çoxəsrlik sosial-iqtisadi,
ictimai-siyasi və mədəni inkişafının,
xalqımızın milli oyanışı və dirçəlişi
proseslərinin məntiqi nəticəsi kimi meydana
çıxmışdı. Xalqımızın siyasi
şüur səviyyəsinin, intellektual və mədəni
potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi
kimi, mühüm vəzifələri qarşılarına məqsəd
qoyan Cümhuriyyətin fədailəri keşməkeşli bu
yolda çox çətinliklərin öhdəsindən gələ
bilmişlər. 1918-ci il mayın 28-də Azərbaycanın
istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin
təşəkkül tapmasında və fəaliyyət
göstərməsində AXC-nin qurucularının– Əlimərdan
bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib
bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa
Şıxlinskinin və başqalarının böyük xidmətləri
olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər
ziyalıların, peşəkar hərbçilərin
adları xalqımızın yaddaşına əbədi həkk
olunub.
Şərqdə
ilk demokratik respublika olan AXC Avropanın demokratik dəyərləri
ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini
üzvi şəkildə birləşdirən yeni dövlət
və cəmiyyət nümunəsi idi. İlk dövrdə həyata
keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin
əsaslarının yaradılması və gələcək
inkişaf yolunun müəyyənləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb etdi.
Demokratik hüquq və azadlıqların bərqərar
olması, etnik və dini mənsubiyyətlərindən
asılı olmayaraq bütün vətəndaşların bərabər
hüquqlarının tanınması, hətta bir çox
Avropa ölkəsindən daha əvvəl qadınlara
seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət
dili elan edilməsi, təhsil və mədəniyyətin
inkişafına xüsusi diqqət göstərilməsi,
nizami milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması vəzifələri AXC hökumətinin
yürütdüyü siyasətin miqyasını, mahiyyət
və mənasını əyani şəkildə səciyyələndirir.
Yarandığı gündən Azərbaycanın milli
dövlətçiliyini formalaşdıran, xalqın sosial və
mənəvi tərəqqi yolu ilə irəliləməsinə,
milli özünüdərk şüurunun yetişməsinə,
yüksəlməsinə, dünya sivlizasiyasına
qovuşmasına şərait yaradan hökumət üzvləri
müəyyən mənada istəklərinə nail oldular.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və
insanların bərabərliyi prinsiplərinə əsaslanan
AXC bütün ölkə vətəndaşlarına eyni
hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi
ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il
yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar
milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə,
siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif
sahələrində sürətli irəliləyişə
imkan yaratmışdı. Sülhsevər siyasət apararaq
bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq
əlaqələri yaratmağa və bir-birinin
hüquqlarına hörmət prinsipləri əsasında
münasibətlər qurmağa cəhd göstərmişdi.
Azərbaycan
Milli Şurasının 26 noyabr 1918-ci ildə keçirilən
iclasında da müstəqilliyimiz barədə məlumat vermək,
bu ideyanın dəstəklənməsinə nail olmaq
üçün Avropa dövlətlərinə göndərilən
parlament nümayəndə heyəti barədə Əsasnamə
layihəsinin izahat vərəqəsində qeyd olunurdu ki, Azərbaycan
Respublikasının taleyi bütünlükdə yalnız
ölkə daxilindəki, real qüvvələrin
miqyasından və siyasi qüvvələrin biri-birinə münasibətindən
asılı olmadığından respublikanın müstəqil
siyasi vahid kimi mövcudluğu məsələsinin qəti həlli
bizim öz siyasi və tarixi imkanlarımızı Avropaya nə
dərəcədə sübut edə biləcəyimizdən
asılı olacaqdır. Başqa dövlətlərə
göndəriləcək nümayəndə heyətinin əsas
məqsədi isə ölkəmizin siyasi müstəqilliyini
müdafiə etmək, Amerikanın və Avropa ölkələrinin
ictimai rəyini Sülh konfransında Azərbaycanın
müstəqilliyinin tanınması üçün ən əlverişli
istiqamətə yönəltməkdir.
Xalqın
səsvermə yolu ilə seçdiyi Azərbaycan Müsəlman
Milli Şurasının müraciətində deyilirdi: «
İndən belə Azərbaycan xalqları suverenlik
hüquqlarının daşıyıcılarıdır,
Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan
isə tamhüquqlu müstəqil dövlətdir. Müstəqil
Azərbaycanın siyasi quruluşunun forması kimi demokratik
respublika yaradılır. Yaradılmış respublikanın
adındakı « demokratik» sözü əsas məqsəd
deyildi və o dövrün siyasi cərəyanlarına
hörmət xatirinə yazılmamışdı. Bu söz
yeni dövlət qurumunun məğzini əks etdirirdi.»
Azərbaycanın
müstəqilliyini elan etməsi barədə məlumatın
mətni mayın 30-da radio və teleqraf vasitəsilə
dünyanın bütün əsas, siyasi mərkəzlərinə-
Konstantinapola ( İstanbula), Berlinə, Vyanaya, Parisə ,
Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə,
Moskvaya, Stokholma, Kiyevə, Kopenhagenə və Tokioya
çatdırıldı : « Xarici İşlər Nazirinə.
Gürcüstan Zaqafqaziya Federativ Respublikasının tərkibindən
çıxandan sonra onun parçalanması ilə əlaqədar
Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi
və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycanın müstəqilliyini
elan etmiş və Azərbaycan Respublikası
yaratmışdır. Şərh etdiyimiz məsələ barədə
məlumat verərək Ali həzrətlərinizdən
xahiş edirəm, bu barədə sizin hökumətə xəbər
verəsiniz.»
Göründüyü
kimi, qısa müddət yaşasa da müstəqilliyimizin əbədiliyi
naminə bütün vasitələrdən istifadə edən
AXC-nin səylərinə baxmayaraq düşmənlərimiz
arxadan zərbə vurmaq planlarını
hazırlayırdı. İşğalçılıq
buxovunu Azərbaycana uzadan Rusiya imperiyası, sonra başqa millətləri
kölə hesab edən bolşeviklər Azərbaycan
xalqının da arzu və istəklərini qırmızı
ordunun tökdüyü qanlar içərisində boğdu.
1918-ci ilin 31 martında törətdiklər
soyqırımlarla minlərlə azərbaycanlını qətlə
yetirən, tarixdə görünməyən
qırğınlar törədən rus- erməni alaylarının
vəhşiləri qətliamlara başçılıq edən
qaniçən Stepan Şaumyanın « Azərbaycanın
müstəqil bir dövlət olmasını istəyən
milliyyətçilər sonunda xarabalar tapacaqlar» əmrlərini
yerinə yetirdilər. Məhz o illərdə də erməni
daşnaklarına kömək edən çar Rusiyası və
Antanta dövlətləri Azərbaycanın müstəqilliyini
müdafiə edəcəkləri vədlərinə xilaf
çıxaraq əslində Ermənistanın
ilhaqçılıq planlarının həyata keçirilməsinə
şərait yaradırdılar. İngilis hökuməti
könüllülər ordusunun komandanı general Denikin Azərbaycan
xalqını əsarət altına almaq cəhdlərində
Rusiyanın o zamankı xarici işlər naziri G.
Çiçerin «Antantanın agenti» adlandırılan Andranikdən
vasitə kimi istifadə edirdi. Hələ o illərdə
«Xalqa nə verdiniz» sualını cavablandıran Məhəmməd
Əmin Rəsulzadə demişdir: «Çox şey verə
bilmədik… Amma milli azadlığın nə olduğunu
başa saldıq. Azca da milli istiqlal dadızdırdıq.»
Azadlıq
istəyi AXC-nin İstiqlal Bəyannaməsində də qeyd
olunurdu: «Bütün azadlıqlardan uca tutduğumuz ən qiymətli
azadlıq bizim müstəqilliyimzdir. Biz onu göz bəbəyi
kim qoruyacağıq.» Ulu Öndər Heydər Əliyev
bildirirdi ki, Azərbaycanda ilk demokratik respublikanın
yaranması xalqımızın milli azadlığa, müstəqilliyə
və demokratiyaya olan istək və arzularının, göstərdiyi
cəhdlərin ifadəsi olmuşdur. «Ancaq Azərbaycanın ətrafında
və daxilində gedən proseslər bu respublikanın,
hökumətin öz fəaliyyətini davam etdirməsinə
imkan verməmişdir. Bir tərəfdən Rusiyada bolşevik
hakimiyyəti keçmiş çar Rusiyasının
bütün ərazisində bolşevik üsul-idarəsini
qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi,
respublikamızın daxilində o cəhdləri dəstəkləyən
qüvvələr onunla birləşmişdi. Onlarla
yanaşı olaraq, Azərbaycan Demokratik Respublikasının
hökumətində və onun yaratdığı parlamentdə
də daxili ziddiyyətlər, çəkişmələr bu
demokratik respublikanın ləğv olunmasına gətirib
çıxarmışdı.»
Azərbaycanın
bir dövlət kimi varlığını, müstəqilliyini,
dövlətçiliyini qorumağın müqəddəsliyini
«Müstəqillik yolu qədər çətin yol yoxdur...
Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə , onun saxlanılması, daimi, əbədi
olması bundan da çətindir» sözləri ilə bildirən
müdrik şəxsiyyət Heydər Əliyev Ümummilli
Lider kimi bu vəzifəni layiqincə davam etdirdi. Müasir,
müstəqil Azərbaycanın qurucusu adını qazanmaqla təsdiqlədi.
«Milli azadlığa nail olmaq üçün milli
oyanış, milli dirçəliş, milli ruhun canlanması
lazımdır» müdrik kəlamın müəllifi, Azərbaycan
xalqının milli təfəkkürünün oyanmasında
müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev
dövlətçilik tariximizdə baş verən hadisələri,
müstəqillik yolunda fədakarlıq göstərənlərin
xidmətlərini «Biz Azərbaycanda ilk demokratik respublikanın
qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə
görə Əlimərdanbəy Topçubaşova, Fətəli
xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı,
təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti
bizim üçün həmişə əziz olacaqdır.
Onların xatirəsi bizim qəlbimizdə daim
yaşayacaqdır» sözləri ilə dəyərləndirmişdir.
Eyni
münasibəti «Azərbaycan xalqı onların xatirəsinə
böyük hörmətlə yanaşır» sözləri ilə
ifadə edən, azadılq fədailərinin xatirəsinə
hörmət və etiramın ifadəsi kimi Bakının mərkəzində
«İstiqlal Bəyannaməsi»ni imzalayanların şərəfinə
abidə ucaldılması ilə təsdiqləyən Prezident
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında Sərəncam imzalamaqla milli müstəqilliyimizin
tarixi nailiyyətimiz olduğunu bu sözləri ilə də təsdiqlədi:
«XX əsrin əvvəlində dövlətçiliyimizin
qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya
imperiyasının süqutu nəticəsində müstəqilliyini
qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz
Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci
ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu
kiçik bir dövr idi, lakin bir çox islahatları həyata
keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil
Azərbaycanın inkişafı üçün zəmin
yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək
hüququnun verilməsi oldu.»
28 may
1919-cu ildə N.Usubbəyovun imzaladığı, hökumət
adından ölkə vətəndaşlarına müraciətində
deyilirdi: «Azərbaycan vətəndaşları! Qoy mayın
28- i böyük ümumxalq sevinci günü olsun. Bu gün
millətindən asılı olmayaraq bütün vətəndaşlar
özlərini tamhüquqlu vətəndaşlar hesab etməlidirlər.
Qoy bu gün dünya xalqlarının yüksək milli
amallarını və ədalətli hüquqlarının təntənəsi
günü olsun.» Bu sözlər Prezident İlham Əliyevin
müstəqil Azərbaycanın müasir dövrü
üçün xarakterik olan «Azərbaycan sivilizasiyalar
arasında həmişə müsbət rolunu oynayıb və
Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni
və bu gün siyasi baxımdan bir körpü rolunu
oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir
ki, burada dini, milli zəmində heç bir problem yoxdur,
heç bir - hətta kiçik bir anlaşılmazlıq
yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər,
bütün dinlərin nümayəndələri bizim dəyərli
vətəndaşlarımızdır və ölkəmizin
ümumi inkişafına öz töhfələrini verirlər»
ifadələri ilə eynilik təşkil edir.
İkinci
Qarabağ müharibəsindəki Zəfərimiz AXC
qurucularının müstəqil Azərbaycan naminə çəkdikləri
zəhmətin, ideyalarının reallaşması idi. 44
gün davam edən Vətən müharibəsindəki Qələbəmizlə,
23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycanın
suverenliyinin tam təmin edilməsi ilə 23 ay yaşayan
Cümhuriyyət fədailərinin istəklərini
doğruldan Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev varisilik ənənələrini qətiyyəti,
siyasi iradəsi, dünyada artan nüfuzu ilə təsdiqlədi.
Şuşanın işğaldan azad edilməsi ilə
bağlı xalqa müraciət edən Prezident, Ali Baş
Komandan İlham Əliyevin «Mən bu gün Ulu Öndər
Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu
qarşısında baş əydim. Ürəyimdə dedim,
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
sözləri eyni zamanda AXC qurucularının müstəqillik
ideyalarına sadiqlik rəmzi idi.
Ərazicə
kiçik olsa da, dünyada qazandığı etibar və
etimadı ilə süpergüclərlə eyni səviyyədə
dayanan ölkəmizi söz sahibliyi zirvəsinə qaldıran
Prezident İlham Əliyevin zəfər diplomatiyasının
uğurları kimi, coğrafiyasının hüdudları da
genişlənir. Dövlət başçımızın
ikitərəfli və çoxtərəfli xarici siyasətinin,
təşəbbüskarı olduğu qlobal layihələrin
beynəlxalq səviyyədə dəstəklənməsinin,
ölkəmizə artan marağın məntiqi nəticəsi
respublikamız haqqında söylənilən «Narahat
dünyamızda Azərbaycan kimi dövlətlərin
çalışmalarına ehtiyac var» deyimidir. Regional və
qlobal miqyasda müstəqil siyasət yürüdən,
etibarlı və güclü bir dövlət kimi ölkəmizin
söz sahibliyini siyasi iradəsi, qüdrəti ilə təsdiqləyən
Prezident İlham Əliyevin Liderliyi sayəsində Müstəqillik
Günü ilk dəfə olaraq Azərbaycanın bütün
ərazilərində qeyd olunur, Dövlət
Bayrağımız Ermənistanın işğalından azad
olunan şəhər və kəndlərdə, yüksək
zirvələrdə dalğalanır. Ölkəmizin
dünyanın enerji və nəqliyyat xərtəsinin dəyişməsi
reallığının beynəlxalq səviyyədə dəstəklənməsi
müstəqilliyimizin məntiqi nəticəsidir. Türk
Dövlətləri Təşkilatına (TDT), Qoşulmama Hərəkatına
(QH) və digər mühüm qurumlara sədrliyi müddətində
həyata keçirdiyi yeniliklərlə də Azərbaycanı
dünyada multikultural dəyərlərə sadiq tolerant
dövlət kimi tanıdan Prezident İlham Əliyev ölkəmizi
«yaşıl enerji», alternativ enereji məkanı kimi də
tanıdır. Bu il COP29-a ev sahibliyimiz və bu istiqamətdə
görülən işlər, bərpaolunan enerji sahəsində
atılan mühüm addımlar, işğaldan azad edilmiş
ərazilərimizdə həyata keçirilməkdə olan
«ağıllı şəhər»” və «ağıllı kənd»”
konsepsiyası, «xalis sıfır emissiya” zonası» və
«yaşıl enerji»” layihələrinin icrası
günümüzün reallığıdır.
Azərbaycanı
Cənubi Qafqazın ən güclü dövlətinə
çevrən, Şərq-Qərb, Şimal-Cənub
marşrutlarının, Orta Dəhliz layihəsinin üzərində
yerləşən, Avropa İttifaqının əsas enerji mənbəyi
kimi qitə dövlətləri ilə strateji əməkdaşlıq
sazişi imzalayan, İtaliya, Macarıstan, Rumıniya,
Bolqarıstan, Polşa və Baltikyanı ölkələrlə
əlaqələrini qarşılıqlı etimad əsasında
davam etdirən Azərbaycanın diplomatik uğurları
Prezident İlham Əliyevin dəstəklənən
güclü siyasi iradəsinin məntiqi nəticəsidir. «
Dünya özünün qəbul etdiyi dayanıqlı
inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər
də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin
pozulmasından tutmuş qiymətli su ehtiyatlarının
qeyri-düzgün idarə olunmasına qədər qlobal
çağırışlar bütün bəşəriyyəti
əhatə edir. Dünyanı bürümüş
pandemiyadan yenicə çıxdığımız dövrdə
növbəti belə hadisəyə hazır olmaq
üçün heç bir dərs götürmədik.
Qlobal çağırışlar qlobal cavab tədbirləri
tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və
innovasiya sahələrində inanılmaz inqilabın
astanasındayıq. Süni zəka hazırda hər şeyə
təsir göstərir» sözləri ilə ümumi evimiz
olan dünyamızın sülhə, sabitliyə daha çox
ehtiyac duyduğunu diqqətə çatdıran Prezident
İlham Əliyevin qlobal proseslərə təsiretmə
imkanları daha da artır.
Dünya
xalqlarını narahat edən aktual problemlərin müzakirə
olunduğu mühüm tədbirlərdə haqqın-ədalətin
qoruyucusu, azsaylı xalqların müstəqillik istəklərini
boğan neokolonializm siyasətinin yaratdığı
zorakılığa, müstəmləkəçiliyə
qarşı mübarizliyi ilə tanınan Prezident İlham Əliyevin
çağırışlarının beynəlxalq səviyyədə
dəstəklənməsi Azərbaycanı dünyada
tanıtmaq üçün hər cür çətinliklərə,
əziyyətlərə sinə gərən Azərbaycan Xalq
Cümhuriyyəti cəfakeşlərinin ideyalarına sadiqlik
rəmzidir.
Azərbaycan
bu gün dünya miqyasında müstəqil siyasət aparan
ölkələrdən biridir. Belə ölkələrin
sayı çox deyil. Xüsusilə əhali və ərazi
baxımından böyük olmayan ölkələrə bu
deyim o qədər də xas deyil. «Dünyada 200-dən
çox ölkə var. Onların hamısı müstəqildir.
Ancaq bir çox hallarda bu müstəqillik ya
yarımçıqdır, ya da şərti xarakter
daşıyır. Biz isə sözün əsl mənasında
müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər
Azərbaycan vətəndaşı bununla fəxr edir» sözləri
ilə müstəqilliyimizin, suverenliyimizin əbədi təminatçısı
olan Prezident İlham Əliyev tarixi xidmətləri ilə
varislik ənənələrinə sadiqliyini təsdiqləyir.
Xuraman
İsmayılqızı
İki
sahil.-
2025.- 24 may, ¹89.- S.4.