İcbari tibbi sığorta:
DƏRMANSIZ DƏRD QALMAYACAQ…
YENİLİK: 2025-ci ilin sonundan hipertoniyanın dərmanla müalicəsi
sığorta hesabına
qarşılanacaq
İcbari tibbi sığorta sistemi Azərbaycanda əhalinin səhiyyə xidmətlərinə
çıxış imkanlarını
genişləndirməklə yanaşı, vətəndaşların
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
mühüm addımlardan
biri kimi qiymətləndirilir. 2021-ci ildən
etibarən ölkə
üzrə tam tətbiq edilən bu sistem bu
gün artıq milyonlarla insanın həyatına birbaşa təsir edir. Sistemin tətbiqindən əldə olunan nəticələr, sığorta
ilə əhatə olunan tibbi xidmətlərin
həcmi, bölgələr
üzrə aktivlik və qarşıdakı dövrdə gözlənilən
yeniliklər barədə
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Leyla Lətifova ilə həmsöhbət
olduq.
-Artıq dörd
ildir ki, ölkəmizdə icbari tibbi sığorta tətbiq olunur. Bu müddət ərzində sığortadan
istifadə səviyyəsi
necə olub?
-1 aprel 2021-ci ildən,
yəni, bütün ölkə ərazisində
icbari tibbi sığortanın tətbiq
olunduğu dövrdən
etibarən sığortadan
istifadə edən vətəndaşların sayı
ilbəil artıb. Bu illər ərzində
78 milyondan çox müraciət qeydə alınıb və icbari tibbi sığortanın
Xidmətlər Zərfi
çərçivəsində 235 milyondan artıq tibbi xidmət göstərilib. İllər
üzrə müqayisə
etsək görərik
ki, göstərilən
tibbi xidmət sayında 2023-cü il ilə müqayisədə
2024-cü ildə 32% artım
olub.Qeyd edim ki, bəzi
ixtisaslaşdırılmış xidmətlərin dövlət
xəstəxanalarında göstərilməsi
mümkün olmadıqda,
həmin vətəndaşlara
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə, yəni özəl və müvafiq dövlət orqanlarının
tabeliyindəki xəstəxanalara
göndəriş verilir.
Bu müddət ərzində vətəndaşlar
özəl tibb müəssisələrində icbari tibbi sığorta
ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıblar.
-Bölgələrimizdə icbari tibbi sığortadan
istifadə göstəriciləri
hansı vəziyyətdədir?
-Statistikaya görə,
əhalinin çoxluğu
səbəbindən müraciətlərin
42%-i Bakı şəhərində
qeydə alınır.
Amma bölgələrdə
də aktivlik var. Məsələn, müraciətlərin 9%-i Sumqayıtın,
7%-i Bərdə-Yevlax bölgəsinin,
7%-i isə Gəncənin
payına düşür.
Əgər bölgələrdəki
dövlət xəstəxanaları
hansısa tibbi xidmət göstərə
bilmirsə, o zaman vətəndaşlar digər
bölgələrdəki dövlət
xəstəxanalarına və
ya Agentliyin müqavilə bağladığı
özəl tibb müəssisələrinə yönləndirilir.
Hazırda Agentlik
190-dan çox özəl
tibb müəssisəsi
ilə əməkdaşlıq
edir və bu klinikaların 30%-dən çoxu bölgələrdə yerləşir.
- Əhali daha çox hansı tibbi xidmətlərdən
yararlanmaq üçün
müraciət edir?
-Əhalinin icbari
tibbi sığorta çərçivəsində ən çox istifadə etdiyi xidmətlər əsasən
onların gündəlik
sağlamlıq ehtiyacları
və geniş yayılmış xəstəlik
qrupları ilə bağlıdır. Müraciətlər
əsasən ümumi
tibbi baxış, qan dövranı, endokrin, tənəffüs
və həzm sistemi xəstəliklərinin
müayinə və müalicəsi ilə əlaqədardır. Bu, həm məlumatlılığın
artması, həm də erkən diaqnostika imkanlarının
əlçatan olması
ilə bağlıdır.
Əməliyyatlara gəldikdə
isə doğuş və ginekoloji prosedurlar, sidik-cinsiyyət,
ürək-damar, oftalmoloji
və həzm sistemi ilə bağlı cərrahi müdaxilələr üstünlük
təşkil edir. Bu xidmətlərin sığorta çərçivəsində
qarşılanması, xüsusilə
həyati əhəmiyyət
daşıyan prosedurların
əlçatanlığını artırır.
-MRT və KT müayinələri
ilə də bağlı müraciətlər
çoxdur. Bununla bağlı sıxlığı
aradan qaldırmaq üçün Agentlik tərəfindən hansısa
tədbir görülürmü?
-Bəli, MRT və
KT müayinələrinə olan tələbatın artması nəticəsində
yaranan sıxlığın
aradan qaldırılması
məqsədilə Agentlik
tərəfindən bir
sıra tədbirlər
həyata keçirilir.
Bu tədbirlər, ilk növbədə, tibbi xidmətlərin keyfiyyətli və davamlı şəkildə
təşkilinə, diaqnostika
və müalicə proseslərinin vaxtında və effektiv şəkildə aparılmasına
yönəlib. Bu yanaşma vətəndaşların
tibbi xidmətlərə
fasiləsiz və əlçatan çıxışını
təmin edir.
Qeyd edilməlidir
ki, 2024-cü ilin aprel ayının sonundan etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixtisaslı həkim göstərişi
əsasında ambulator
şəraitdə göstərilən
MRT və KT müayinələrinə
Xidmətlər Zərfində
nəzərdə tutulan
tarifin 20%-i həcmində
müştərək maliyyələşmə
məbləği tətbiq
olunub. Bu mexanizm tibbi xidmətlərə ehtiyacın
daha düzgün qiymətləndirilməsinə, real tibbi ehtiyaclara
uyğun xidmətin təşkilinə yönəlib.
Nəticə olaraq,
bütün bu tədbirlər sığorta
sisteminin maliyyə dayanıqlılığının qorunmasına xidmət edir. Sistem uzunmüddətli
perspektivdə də işlək və davamlı olmalıdır.
Bunun üçün
toplanan vəsaitlərin
səmərəli idarə
olunması və dövlətin səhiyyəyə
ayırdığı resursların
düzgün istiqamətləndirilməsi
böyük əhəmiyyət
daşıyır. Tətbiq
edilən müştərək
maliyyələşmə mexanizmi
də məhz bu dayanıqlılığın
təmin olunmasına yönəlmiş addımlardan
biridir.
- Hansı
yeni tibbi xidmətlərin icbari tibbi sığorta hesabına
qarşılanması gözlənir?
-İcbari tibbi
sığortanın Xidmətlər
Zərfinə tibbi xidmətlər daxil edilərkən əsas meyarlardan biri insanların ən çox həyatını
itirdiyi xəstəliklərin
nəzərə alınmasıdır.
Hazırda Xidmətlər
Zərfində 3315 tibbi
xidmət təminata alınıb. Ürək-damar
cərrahiyyəsi, neyrocərrahi
əməliyyatlar, qaraciyər,
böyrək, sümük
iliyi transplantasiyası
kimi mürəkkəb
və dəyəri yüksək tibbi xidmətlər sığorta
hesabına qarşılanır.
Məqsəd əhalinin
sağlamlığına təsir
edən xəstəliklərin
vaxtında aşkarlanması
və müalicəsidir.
Bu yanaşma həm insanların həyatını qorumağa,
həm də səhiyyə sistemində
daha effektiv və davamlı nəticələrin əldə
olunmasına şərait
yaradır.
Qeyd edim ki, həm dünyada,
həm də ölkəmizdə ürək-damar
sistemi xəstəlikləri
arasında ən geniş yayılmışlardan
biri hipertoniyadır. Bu xəstəliyin müalicəsində dərman
preparatlarının rolu
xüsusilə böyükdür.
2025-ci ilin sonundan etibarən hipertoniyadan əziyyət çəkən
şəxslərə ambulator
şəraitdə həkim
resepti ilə təyin olunan dərman vasitələrinin
icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır.
Gələcək illərdə
isə ambulator müalicə məqsədilə
istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə
sığorta təminatına
daxil edilməsi nəzərdə tutulur.
Həmçinin Xidmətlər
Zərfi genişləndirilən
zaman ürək-damar,
neyrocərrahiyyə, ümumi
cərrahiyyə, uroloji,
oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı
yeni tibbi xidmətlərin əlavə
edilməsi, mövcud xidmətlərin çeşidinin
artırılması planlaşdırılır.
-Resept əsasında
yazılan dərmanların
icbari tibbi sığortanın təminatına
daxil edilməsi ilə
bağlı oxucularımıza
daha ətraflı məlumat verməyinizi istərdik.
-Ambulator dərman
təminatı ilə
bağlı dəyişiklik
mərhələli şəkildə
həyata keçiriləcək.
İlk mərhələdə
ürək-damar sistemi
xəstəlikləri, sonra
isə tənəffüs
və həzm sistemi ilə bağlı dərmanların
sığortaya daxil edilməsi planlaşdırılır.
Yenilənən Xidmətlər
Zərfində təminata
alınan dərmanların
əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta
hesabına qarşılanan
dərmanlarla bağlı
pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların
brend adları və qiymətləri olacaq.
Dərmanlar yalnız
elektron reseptlə veriləcək. Vətəndaş
elektron resept əsasında Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki
dərmanların təsiredici
maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək.
Agentliklə müqaviləsi
olan apteklər xüsusi loqolarla işarələnəcək ki,
vətəndaşlar həmin
aptekləri asanlıqla
tapa bilsinlər. Ödəniş forması
isə belə olacaq: bir hissəsini
sığorta qarşılayacaq
– bu şərti kompensasiya məbləğidir,
digər hissəsini vətəndaş özü
ödəyəcək – bu
isə müştərək
maliyyələşmə məbləğidir.
Dərmanların qiyməti
ilə bağlı qeyd edim ki,
eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri
istehsalçıdan və
ölkələrdən asılı
olaraq fərqli ola bilər. Sığorta tərəfindən
eyni tərkibli dərman istehsalçılarının
hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş
tərəfindən seçilən
dərmanın qiymətindən
asılı olaraq isə onun ödədiyi
məbləği fərqli
ola bilər.
-İcbari Tibbi
Sığorta üzrə
Dövlət Agentliyinin
“1542” Çağrı mərkəzinə
vətəndaş müraciəti
nə qədərdir və əsasən nə ilə bağlı olur?
-Ötən ilin
statistik göstəricilərinə
əsasən, Çağrı
mərkəzimizə 372 mindən
çox zəng daxil olub. Zənglərin
90.49%-i 30 saniyə ərzində
cavablandırılıb. Ən
çox müraciətlər
müayinə və müalicə, göndərişlər,
dərman və tibbi sərf materialları, həmçinin
müharibə iştirakçıları
ilə bağlı olub. Həmçinin vətəndaşların xidmətə
əlçatanlığını daha da artırmaq
məqsədilə ötən
ilin sonundan etibarən Agentliyin rəsmi internet saytında yeni “Onlayn çat” xidməti istifadəyə
verilib. Bura daxil olan vətəndaş
müraciətləri, sorğular
Çağrı mərkəzinin
operatorları tərəfindən
fasiləsiz (24/7) cavablandırılır.
Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə
10 600-dən çox vətəndaş
müraciəti cavablandırılıb.
Yaqut Ağaşahqızı
İki
sahil.- 2025.- 31 may (№ 93).- S.5.