AXC-nin qurucularından
biri Fətəli xan Xoyski azadlığın
qurbanı oldu
Müstəqilliyimizin memarlarından biri olan Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də Nuxa (indiki Şəki)
şəhərində anadan
olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının
kazak leyb-qvardiya alayının general- leytenantı, anası Şərəbanı xanım
isə nüfuzlu din xadimi Hacı
Molla Zeynalın qızı idi. O, Xoy
və Şəki xanlarının nəslindən,
tanınmış Dünbüli
tayfasındandır. Xoy
hakimi olan ulu babası Cəfərqulu xan İran
hökmdarı Fətəli
şahla müharibədə
məğlub olduğundan
20 000 nəfərlik qoşunu
ilə Araz çayını keçib
Qərbi Azərbaycana
Üç kilsəyə-Eçmiədzinə
sığındı.
Gənc Fətəli
xan təhsilini Gəncə
(o vaxt Yelizavetpol) gimnaziyasında başa çatdırdıqdan sonra
Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. O, 1897-ci ildə universiteti 1-ci dərəcəli
diplomla bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük
sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi
yanında məhkəmə
vəzifələri üçün
namizəd təyin olundu. Ancaq təyinata
qədər Gürcüstanın
Kutaisi, Zuqdidi və Suxumi şəhərlərində bir
neçə il hüquqşünas vəzifələrində
çalışdı. Bunlardan
sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət
Dumasına müstəqil
millət vəkili seçildi. O, Dumada fəal deputat kimi fərqlənmiş və dövlət qarşısında bir neçə ciddi məsələ qaldırmışdı.
Ancaq onu Vətəni Azərbaycanın
taleyi daha çox düşündürürdü.
Rusiyadan gələn siyasi fırtınalar və burulğanlar isə yaxınlaşmaqda idi.
Rusiyada baş verən 1917-ci il Fevral burjua inqilabından
sonra Fətəli xan 1-ci Qafqaz müsəlmanları qurultayının
iştirakçısı oldu.
May ayında isə Moskvada keçirilən 1-ci Ümumrusiya
müsəlmanları qurultayında
Ümumrusiya Müsəlman
Şurası İcraiyyə
Komitəsinin üzvü
seçildi. Vəzifə
pillələrində sürətlə
ucalan Fətəli xan Bakı Şəhər
Dumasına sədr seçildikdən az sonra ədliyyə naziri təyin olundu. Azərbaycanın gələcəyi görən
şəxsiyyətləri Rusiyadakı
gərgin vəziyyətdən
istifadə edərək
ölkənin azadlığına
və müstəqilliyinə
çalışırdılar.
Zaqafqaziya seymi buraxıldıqdan sonra,
1918-ci il mayın 27-də
artıq keçmiş
Zaqafqaziya seyminin müsəlman fraksiyasının
üzvləri yaranmış
siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə
iclas çağırdılar.
Yığıncaq Azərbaycanın
idarə olunmasını
öz üzərinə
götürmək qərarına
gəldi və özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti
Milli Şurası adlandırdı. Milli Şuranın yanında 9 nəfərdən ibarət
icraçı orqan yaradıldı, onun vəzifəsi yaradılacaq
respublikanın müxtəlif
sahələri üzrə
planların həyata keçirilməsi idi. Fətəli xan icraiyyə orqanının
sədri seçildi. Ertəsi gün Milli Şuranın ilk iclası keçirildi: Zaqafqaziya Seyminin buraxılması, Gürcüstanın müstəqilliyini
elan etməsi və Azərbaycanın gələcək vəziyyəti
onun gündəliyində
əsas bəndlər
idi. Şuranın bəzi üzvləri tərəddüd etsə
də əksəriyyət
Azərbaycanın müstəqilliyinin
elan edilməsinin tərəfdarı idi. Fətəli xan Xoyski, öz növbəsində, yerlərdə
bəzi məsələlərin
aydınlaşdırılmasına qədər tamhüquqlu hökumət yaratmaq və digər ölkələrlə danışıqlara
başlamaq təklifini
vermişdi. Ancaq müxtəlif versiyalar irəli sürənlər
də vardı. Nəticədə iki nəfər bitərəf
qalmaqla Milli Şura 24 səslə Azərbaycanın
dərhal müstəqil
demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli xan Xoyski Müvəqqəti hökumətin tərkibini
açıqladı və
özü orada həm hökumət başçısı, həm
də daxili işlər naziri vəzifələrini tutdu.
Mayın 30-da Nazirlər
Şurasının sədri
Fətəli xan
Xoyski hökumət
adından Azərbaycanın
dövlət müstəqilliyinin
elan edilməsi barədə bir sıra ölkələrin
xarici işlər nazirlərinə radioqramlar
göndərdi. Ancaq xalqımızın əliqanlı
qatili Stepan Şaumyanın başçılıq
etdiyi bolşevik-daşnak
hökuməti Bakıya
qoşun toplayaraq yeni təşkil edilən Azərbaycan Xalq Cümhuriyyətini beşiyində boğmaq üçün silahlı
müdaxilə hazırlayırdı.
Türk sərkərdəsi
Nuru Paşanın komandanlığı altında
Gəncədə formalaşdırılan
Qafqaz İslam Ordusunun hissələri Göyçayda və Qaraməryəmdə əks-hücumla
erməni-bolşevik dəstələrini
darmadağın edərək
Bakıya istiqamət götürdülər. Bakı
uğrunda amansız döyüşlər oldu.
Sentyabrın
15-də Qafqaz İslam Ordusunun hissələri Bakıya daxil oldular. Növbəti gün Azərbaycan milli hökuməti Gəncədən Bakıya
köçdü. Fətəli xan Xoyski qələbəyə
sevinən paytaxt sakinlərini salamlayaraq şəhərdə açıq
avtomobildə gedirdi. Xoyskinin başçılıq etdiyi
hökumət üzvləri
başda müzəffər
ordunun komandanı Nuru Paşa olmaqla türk ordusunun 1918-ci ilin sentyabrında Bakını
azad etməsini alqışlayırdılar. Məhəmməd
Əmin Rəsulzadənin,
Əlimərdan bəy
Topçubaşovun, Nəsib
bəy Yusifbəylinin,
Hacağa Hacınskinin,
Behbud ağa Cavanşirin və başqalarının gərgin
siyasi fəaliyyətləri
nəticəsində Şərqdə
ilk demokratik respublika quruldu. Qısa müddətdə
yeni dövlət təsisatları, nazirliklər,
idarələr təşkil
edildi. Ancaq ətrafı bürümüş
xarici və daxili düşmənlər
gənc hökumətə
qiş qıcayırdılar.
Bu və digər səbəblərə
görə müstəqillik
sevinci uzun sürmədi. AXC cəmi
23 ay yaşadı. Bolşevik Rusiyası Bakı neftini yenidən ələ keçirmək üçün
işğal planı hazırlayırdı.
Rusiyanın XI qırmızı
ordusu 1920-ci il aprelin 28-də Azərbaycanı
işğal etdi. Bundan dərhal sonra milli hökumətin
rəhbərləri, nazirləri,
bəylər və xanlar, azadlıq istəyən ziyalılar tutulub həbs edildilər. Təqib və terrordan qurtulmaq üçün Fətəli xan Xoyski Tiflisə köçdü, lakin təqiblər
orada da davam etdi. Tiflisdə
cəmi bir neçə gün yaşayandan sonra-iyunun
19-da qətlə yetirildi.
Qatillər "Daşnaksütyun"
partiyasının üzvləri
Aram Erkanyan və Misak Qriqoryan
idi. Onlar Tiflisdəki İrəvan meydanında təqib etdikləri Fətəli xan Xoyskiyə xaincəsinə arxadan atəş açdılar.
Özünü Azərbaycanın
müstəqilliyi yolunda
qurban verən bacarıqlı dövlət
xadimi indiki Tbilisi botanika bağının ərazisində
yerləşən köhnə
müsəlman qəbirstanlığında
dəfn edildi. O, cəmi qırx beş il yaşadı,
amma adı müasir tariximizə müstəqil Azərbaycan
dövlətinin qurucularından
biri kimi daxil oldu.
Biz bu gün onun adını
böyük iftixarla çəkirik, xidmətlərini
minnətdarlıqla qeyd
edirik, ruhunu böyük hörmət və məhəbbətlə
anırıq. Fətəli
xan Xoyski və silahdaşları xalqımızın qarşısında
göstərdikləri şərəfli
əməlləri ilə
qəlbimizdə və
tariximizdə əbədi
yaşayacaqlar.
Vəli İlyasov
İki
sahil.- 2025.- 31 may (№ 93).- S.7.