Azərbaycan
bu gün bütün ərazisində
öz suverenliyini bərpa edib
Dövlət başçısı İlham
Əliyev Laçın
rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə
görüşüb onlara
evlərin açarlarını
təqdim edərkən
bu məqamı xüsusi qeyd etdi ki, vətəndaşlarımızın
tezliklə öz torpaqlarına qayıtmaları
üçün azad edilmiş bütün ərazilərdə genişmiqyaslı
işlər gedir
«İndi bizim gözəl tarixlərimiz
var, gözəl bayramlarımız var. 18 may - Laçının işğal günü, 8
may - Şuşanın
işğal günü,
onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə
laçınlılar, şuşalılar,
digər rayonlardan olan insanlar hər
il işğal gününü matəm kimi qeyd edirdilər.
Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr
günümüz var
- Zəfər Günü,
bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt
ki, Laçın istiqamətində biz öz sərhədimizə
sahib çıxdıq
və bizim sərhədimizdə yerləşənləri
kənarlaşdıraraq artıq
mənfur Laçın
dəhlizini də nəzarətə götürdük.
Təbii ki, 20 Sentyabr - bu da
bizim böyük Zəfər günümüzdür.
Birgünlük antiterror
əməliyyatı nəticəsində
separatizmin kökü
kəsildi, Ermənistan
ordusu tam təslim oldu.» Dövlət başçısı
İlham Əliyev Laçın rayonuna səfəri zamanı rayonun Bəylik kəndinə köçən
sakinlərlə görüşüb
onlara evlərin açarlarını təqdim
edərkən onu da bildirdi ki,
artıq yeni dövr başlamışdır
və bütün dünya bununla hesablaşmağa məcbur
oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi
zamanı və müharibədən sonra,
2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif
məkrli təşəbbüslər
irəli sürülürdü.
Heç birinin əhəmiyyəti olmadı.
Çünki dediyiniz
kimi, “Dəmir yumruq” yerindədir.
44 günlük İkinci
Qarabağ müharibəsində
tarixi Zəfərimiz,
onun ardınca
2023-cü ilin sentyabrında
həyata keçirilən
bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin
tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan Azərbaycan hazırda azad edilmiş ərazilərimizdə
geniş miqyas alan bərpa-quruluculq işləri ilə dünyanın diqqətindədir.
Şanlı Qələbəmizdən
dərhal sonra başlanan bərpa işlərinin öz daxili imkanları hesabına həyata keçirən ölkəmizin
iqtisadi imkanları göz önündədir.
Bu ilin yanvarında
yerli televiziya kanallarına müsahibəsində
«Qarabağın və
Şərqi Zəngəzurun
bərpası bizim üçün hərbi məsələlərlə bərabər
ən vacib prioritetlərdən biridir.
Bu il ən
azı 4 milyard manat ayrılacaq. Amma mən hesab
edirəm ki, biz daha çox
vəsaiti səfərbər
edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə
keçmiş köçkünləri
qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən
çox köçkün
artıq evlərlə
təmin edilib və orada yaşayır.
Bütövlükdə 30 minə
yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə
çalışırlar, inşaatda,
dövlət işlərində
və digər sahələrdə» söyləyən
dövlət başçısı
İlham Əliyev bu hədəfi də açıqladı
ki, bu il
üçün bizim
planlarımızda daha
20-yə yaxın yaşayış
məntəqəsinə keçmiş
köçkünləri qaytarmaqdır.
O şəhər və
kəndlərin adları
artıq seçilib, layihələr icra edilir.
Ötən il Şuşa, Xocalı və Cəbrayıl şəhərləri sakinlərinə
qovuşan ünvanlar sırasına daxil oldu. Şuşa sakinləri ötən ilin 10 may tarixində
Ümummilli Lider Heydər Əliyevin andan olmasının 101-ci ildönümündə, xocalılar
28 May-Müstəqillik Günündə,
cəbrayıllılar 4 Oktyabr-
Cəbrayıl Şəhəri
Günündə doğma
yurd-yuvalarına qayıtdılar.
Onu da qeyd
edək ki, bu il 10 may
tarixində dövlət
başçısı İlham
Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən
sakinlərlə görüşündə
bildirdi ki, Kəngərli kəndi bərpa etdiyimiz sayca 14-cü yaşayış
məntəqəsidir. Birinci
Sarıcalı, indi Kəngərli kəndi. Xıdırlı kəndi
də açılışa
hazırdır. Yaxın
aylarda orada da həyat qaynayacaq.
Yəni, hamınız
birlikdə bu bölgəni - Qarabağı
quracağıq.
Prezident İlham
Əliyevin Qarabağa
və Şərqi Zəngəzura mütəmadi
səfərləri bərpa-quruculuq
işləri ilə tanışlıqla bərabər,
yeni sosial obyektlərin açılışı
və təmləqoyma
mərasimlərinin keçirilməsi
ilə yadda qalır. Dövlət başçısı İlham
Əliyev mayın 27-də
Laçın rayonuna səfər etdi. Prezident İlham Əliyev “LATIFA” Laçın
tikiş fabrikinin,
PIRSHAGHI” ayaqqabı fabrikinin
Laçın filialının,
Laçın Elektrik Şəbəkəsi Rəqəmsal
İdarəetmə Mərkəzinin,
“Aşağı Malıbəyli”
və “Mirik” su elektrik stansiyalarının,
«Laçın» İstirahət
Kompleksinin açılışında
iştirak etdi. Laçın kanat yolunun təməlini qoydu. Laçın rayonunun Bəylik kəndinin açılışında
iştirak etdi, bura köçən sakinlərlə görüşdü,
onlara evlərin açarlarını təqdim
etdi.
Uzun illər Ermənistan tərəfindən
işğala məruz
qalmış Qarabağın
və Şərqi Zəngəzurun dirçəldilməsi
istiqamətində həyata
keçirilən genişmiqyaslı
layihələr regionun
iqtisadi potensialının
reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin
istifadəyə verilməsi
əhalinin dayanıqlı
məskunlaşmasına və
məşğulluğun təmininə
geniş şərait
yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin
qurulması innovativ texnologiyaların tətbiqi
və ixracyönümlü
məhsul hazırlanması
baxımından böyük
əhəmiyyət daşıyır.
Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin
iqtisadi inkişafının
mühüm komponentlərindən
birinə çevirir,
bölgənin ümumilikdə
ölkə iqtisadiyyatına
inteqrasiyasını sürətləndirir.
Qeyd edək ki, Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə
2023-cü il avqustun
26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir.
Rayonun Zerti kəndində yerləşən
Parkda artıq 12 müəssisə fəaliyyət
göstərir. Əliyev
“LATIFA” Laçın tikiş
fabrikinin açılış
mərasimində qeyd edildi ki, sənaye
parkında daha iki müəssisənin işə başlaması
nəzərdə tutulur.
Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə
30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili,
idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
“Laçın Aqro-Sənaye
Parkı”nda başlayan müəssisələrdən
biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır.
Ümumi dəyəri
367,9 min manat olan müəssisədə
əsasən Laçın
sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi,
qadın və uşaqlar üçün
ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir.
Müasir avadanlıqlarla
təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Müəssisə daxili bazarda satış həyata keçirməklə
yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə
ixrac etməyi də planlaşdırır.
“Laçın Aqro-Sənaye
Parkı”nda ümumilikdə 46 müəssisənin
fəaliyyət göstərməsi
nəzərdə tutulub.
Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti
sənayesi, yüngül
sənaye, ekoloji cəhətdən təmiz
emal müəssisələri,
kiçikbuynuzlu heyvanlar
üzrə elmi-təcrübə
mərkəzi və digər müəssisələr
yaradılacaq. Regionda yeni iş yerlərinin
yaradılması, infrastrukturun
bərpası və sahibkarlıq fəaliyyətinə
dəstək iqtisadi fəallığın canlanmasına
səbəb olur. “Laçın Aqro-Sənaye
Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.
Laçın rayonunun
Bəylik kəndinin açılışında məlumat
üçün bildirlidi
ki, “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı”na
uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik
kəndində genişmiqyaslı
quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində
yaradılan şəraitlə
də tanış oldu. Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət
göstərəcək. Binadakı
zalda əlamətdar günlərlə bağlı
müxtəlif tədbirlərin,
eyni zamanda, gənclərin toplantı
və görüşlərinin
keçirilməsi üçün
hərtərəfli şərait
var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında
yaşıl enerjidən
istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının
damında da günəş panelləri
quraşdırılıb.
Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış
oldu. Tamamilə yenidən tikilən kəndə ümumilikdə
90 ailə - 360 nəfərin
köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa
olunub. Evlərdən
13-ü iki, 50-si üç,
15-i dörd, 13-ü isə
beşotaqlıdır. Bəylik
kəndində əhalinin
məşğulluğunun təmin
edilməsi üçün
hər cür şərait yaradılıb,
iqtisadi, sosial və məişət təyinatlı müxtəlif
müəssisələr tikilib,
kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Cənab İlham
Əliyev Bəylik kəndinə köçən
sakinlərlə görüşüb
onlara evlərin açarlarını təqdim
edərkən azad edilmiş ərazilərimizdə
geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş
bəhs edərək onu da əlavə
etdi ki, gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı
sahə, yəni, yaşamaq üçün,
çalışmaq üçün
bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq,
özü də öz torpağında yaşamaq, əlbəttə,
əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz
qalmış kəndlər
yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan
edilmişdi. İndi gözəl yaşayış
məntəqəsi yaradılmışdır:
«Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub,
Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri.
İndi Laçın
rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa
edilib. Amma, ümumiyyətlə, bərpa
edilmiş şəhər
və kəndlərimizin
sayı 15-ə çatıb.
Bütün bunları
qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə
genişmiqyaslı işlər
gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.” Dövlət
başçısı bu
reallığı da diqqətə çatdırdı
ki, may ayı
sizin üçün
ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün.
Amma may ayı laçınlılar
üçün faciəvi
ay olmuşdur. Məhz may ayında
Laçın işğala
məruz qaldı. Bu, böyük bir faciə, böyük bir bəla idi. Çünki məhz Laçının işğal
altına düşməsi
müharibədə ondan
sonrakı uğursuzluqlarımızın
təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla
birləşdi. Mənfur
Laçın dəhlizi
açıldı, hansı
ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu
var. Laçın dəhlizi tarixdə qaldı.
Həmin dövrün
bu reallığına
da diqqət yönəldildi ki, Azərbaycanda hakimiyyət
uğrunda mübarizə
gedirdi. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət,
satqınlıq etmişdir
və torpaqlarımızın
işğal altına
düşməsində onların
böyük mənfur
payı var. Məhz Laçın işğala məruz qalandan bir ay
sonra onlar öz istəklərinə
nail olub hakimiyyətə gəldilər.
O da ölkəmiz üçün böyük
bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə
gəlmək üçün
torpaqları satmaq, düşmənə təhvil
vermək böyük
cinayətdir, böyük
xəyanətdir, satqınlıqdır,
qorxaqlıqdır. Amma
o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı.
Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib.
Dövlətimizin başçısı
İlham Əliyev daim çıxışlarında
bildirir ki, Qarabağ və Şərqi Zəngəzur
bölgələri nəinki
Azərbaycanın, Qafqazın,
dünyanın ən gözəl yerlərindən
biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri,
yaşıllıqlar, bulaqlar
müasir və eyni zamanda, ənənəvi
üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır
ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Ümumiyyətlə,
ilin elə bir ayı yoxdur
ki, dövlət başçısı İlham
Əliyevin işğaldan
azad edilmiş ərazilərə səfəri
olmasın. Bu səfərlər Böyük
Qayıdış Proqramının
uğurlu icrasına xidmət edir. Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının
icrasının birinci
mərhələsi başa
çatanadək 140 min
keçmiş məcburi
köçkünün qayıdışına
nail olmaqdır. Bu fakt ölkəmizin
ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir.
Böyük Qayıdışdan
bəhs edərkən
bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış
Cocuq Mərcanlıdan
başladı. Məhz
Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin
dekabrından 1994-cü ilin
yanvarına qədər
davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
yazılmış uğurlu
Horadiz əməliyyatı
nəticəsində Füzuli
rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik
baxımından uzun müddət məskunlaşmanın
qeyri-mümkün olduğu
bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa
başladı. Buna
2016-cı ilin aprelində
qəhrəman Azərbaycan
Ordusunun düşmənin
təxribatına layiqli
cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə
yüksəkliyini azad
etməsi nəticəsində
nail olundu. Ağdərənin, Cəbrayılın,
Füzulinin işğaldan
azad olunmuş ərazilərində Azərbaycan
Bayrağı dalğalandı.
Aprel döyüşlərində
qazanılan qələbədən
sonra Cocuq Mərcanlı kəndində
təhlükəsiz yaşayışın
bərpa edilməsinə,
məcburi köçkünlərin
öz ata-baba yurdlarına qaytarılmasına
əlverişli şərait
yarandı.
Artıq beş
ildir Böyük Qayıdışdan qürurla
bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir.
Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində
həyata keçirilir,
soydaşlarımızın gələcəkdə burada
yüksək rifah şəraitində yaşayışı
üçün bütün
zəruri addımlar atılır. Dövlət
başçısı İlham
Əliyev hər zaman hədəflərdən
bəhs edərkən
bildirir ki, bu ərazilərdə yüksək yaşayışın
təmin edilməsi üçün bütün
zəruri olan addımlar atılacaq. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə
9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb.
Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin
görkəmli nümayəndəsi
Aşıq Ələsgərin
abidəsinin açılış
mərasimində çıxışı
zamanı xalqımızın
əyilməz ruhunu belə ifadə etmişdir: «Bu gün biz Azərbaycan
xalqının əyilməz
ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında
görürük. O torpaqları
heç vaxt görməyən Qarabağdan,
Şərqi Zəngəzurdan
olan soydaşlarımız
həvəslə, səbirsizliklə
o qayıdış gününü
gözləyirlər, Böyük
Qayıdış proqramının
icrasını səbirsizliklə
gözləyirlər. Əslində,
bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar
bu gün Qarabağa qayıdırlar.»
Azad edilmiş ərazilərimizə qayıdışın
miqyası genişləndikcə
bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin
prioritetliyi məsələsi
daha da aktuallaşır.
Sakinlərin məşğulluq
problemlərinin həlli
əsas hədəflər
sırasındadır. Nəzərə
alaq ki, tarixi Zəfərimizdən
sonra ilk olaraq sakinlərinə qovuşan «ağıllı
kənd» layihəsinin
ilk iştirakçısı
Ağalı kəndi oldu. Bu nöqteyi-nəzərdən
işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə
verilməsi prosesinə
ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən
də start veriləcək. Ağalıda
kənd təsərrüfatı
təyinatlı torpaqların
əkin məqsədilə
istifadəyə verilməsi
yerli əhalinin məşğulluq səviyyəsini
artıracaq. Bu, həmçinin kənd təsərrüfatı məhsullarının
istehsalını artıraraq,
yerli iqtisadiyyatı canlandıracaq. Əkinçilik
fəaliyyəti torpaqların
daha məhsuldar istifadəsini təmin etməklə, əkin sahələrinin genişlənməsinə
və məhsul istehsalının artırılmasına
səbəb olur. Əkin məqsədli torpaqların istifadəyə
verilməsi qida təhlükəsizliyini təmin
etmək baxımından
əhəmiyyətlidir. Yaxşı
idarə olunan kənd təsərrüfatı
fəaliyyətləri yerli
qida istehsalını artırır və xaricdən asılılığı
azaldır. Bu, ölkə daxilində istehsal olunan qida məhsullarının
təklifini artıraraq,
daha keyfiyyətli və əlverişli qiymətlərlə yerli əhaliyə təqdim edilməsini təmin edir.
Azad edilmiş ərazilərimizin hər
biri özünəməxsus
imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə həm bu ərazilərdə
yaşayan soydaşlarımızın
sosial müdafiəsini
gücləndirmək mümkündür,
eyni zamanda, Azərbaycanın dayanıqlı
inkişafına davamlı
töhfələrin veriləcəyi
qaçılmazdır. Tarixi
Zəfərimizdən dərhal
sonra iqtisadi rayonların bölgüsünün
yenidən aparılması
ilə bağlı Fərman imzalanmasında,
«Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və
sair kimi biri-birindən mühüm
addımların atılmasında
da məqsəd bu bölgənin imkanlarından səmərəli
istifadə etməkdir.
Artıq neçə
illərdir dövlət
başçısı İlham
Əliyev ənənəvi
kənd təsərrüfatı
sahələrinin inkişaf
etdirilməsini qarşıya
prioritet məsələ
kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi
də bu ixisaslaşmış ərazilərimiz
sırasında qeyd edə bilərik. 30 ilik işğal dövrdündə Ermənistan
bu torpaqlarımızın
mövcud imkanlarından
bəhrələnərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa
çalışmışdı.
Dövlətimizin həyata
keçiridyi iqtisadi siyasətin əsasında
azad edilmiş ərazilərimizin bərpası,
soydaşlarımızın bu torpaqlara qayıdışı
və yeni həyatın başlanması
dayanır. Qısa müddətdə bu torpaqlara qayıdışı
reallışdırmaq böyük
iqtisadi gücün, xalqımızın yenilməzliyinin
təqdimatıdır. Dövlət
başçısı İlham
Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs
edərkən böyük
qürur hissi ilə qeyd etdiyi
kimi, biz bu gün Ağdamdayıq,
Füzulidəyik, Laçındayıq,
Cəbrayıldayıq, Zəngilandayıq,
Qubadlıdayıq, Kəlbəcərdəyik,
Şuşadayıq, Hadrutdayıq,
Xocalıdayıq, Ağdərədəyik,
Əsgərandayıq, Xankəndidəyik!
«Mən müharibə
başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik»
söyləyən Prezident
İlham Əliyev onu da bildirir
ki, əslində, onsuz da bura
öz təbii quruluşuna, gözəlliyinə
görə cənnətdir.
Amma müasir infrastruktur, yaşayış
yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə
çevriləcək. Bura
çox böyük coğrafiyadır. Qarabağ
və Şərqi Zəngəzurdakı bütün
yaşayış məntəqələri
vahid Baş plan əsasında qurulur. Bu, bir
nümunə olacaq. Sonra biz bunu
ölkəmizin digər
bölgələrinə də
tətbiq edəcəyik.
Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün
ölkəni əhatə
edəcək. Bax, bizim planlarımız bundan ibarətdir.
Son beş ildə diqqət çəkən mühüm
məqamlardan biri də dövlət başçısı İlham
Əliyevin bayram günlərində azad edilmiş ərazilərimizə
səfər etməsi,
bu məkanlardan xalqa təbriklərini çatdırmasıdır. Cənab
İlham Əliyevin hər bir çıxışı
gələcəklə bağlı
hədəflərin açıqlanması,
dünyaya mühüm
çağırışlardır. Dövlət başçısı
Laçın şəhərində
sakinlərlə görüşündə
bu məqam xüsusi qeyd edildi ki, Prezidentlə
üçüncü dəfədir
görüşürlər. Sakinlərin bu görüşlərdən keçirdikləri
xoşbəxtlik hissi onların nəinki simalarında, səsləndirdikləri
fikirlərdə özünün
aydın ifadəsini tapdı. 30 ildən sonra doğma yurd-yuvalarına qayıdışın
sevincini sözlə belə ifadə etmək mümkün deyil. Sakinlər bu torpaqlara qayıdaraq
böyük bərpa-quruculuq
işlərini, onlara yaşayışları üçün
çox gözəl şəraitin yaradıldığını
görür və bundan böyük qürur hissi keçirirlər. Dövlət
başçısı İlham
Əliyev ilə söhbət zamanı sakinlərin doğma yurd-yuvaları ilə bağlı səsləndirdikləri
«Hər şey yaxşıdır. Gözəl
havası, gözəl
suyu» fikirlər onların 30 ilik torpaq həsrətinə işıq salır. Bu gün soydaşlarımız
qayıdışın sevincini
yaşamaqla yanaşı,
bu günü onlara yaşadan dövlət başçısı,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza
minnətdarlıqlarını ifadə edirlər.
Dövlət başçısı
İlham Əliyevin Laçına səfərini
bu gün diqqətdə saxlayan mühüm məqamlardan biri məhz 28 May-Müstəqillik Günündə
Laçın Beynəlxalq
Hava Limanının istifadəyə verilməsi
olacaq. Bu mərasimdə iştirak etmək üçün artıq Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz
Şərif ölkəmizdədir.
Ali qonaq Laçın Beynəlxalq
Hava limanında qarşılandı. Mayın
28-də isə bizə
dost, qardaş, müttəfiq ölkə
olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfər
edəcək. 28 mayda böyük tarixi gün yaşanacaq. 44 günlük İkinci Qarabağ müharibəsinin
başlandığı gündən
beynəlxalq aləmin
diqqətində olan bu birlik, həmrəylik
bir daha Laçından bütün
dünyaya nümayiş
etdiriləcək. Bu mühüm hadisə ölkələr arasında
əlaqələrin inkişafında
liderlərin dostluq, qardaşlıq münasibətlərinin
böyük rol oynamasına bir daha işıq salır. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər
tarixində xüsusi yer tuturlar. Bu
əlaqələrin əsasını
xalqlarımızın ortaq
tarixi, dini-mənəvi
dəyərləri və
bir-birinə olan sarsılmaz bağlılığı
təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər
zamanın sınaqlarından
keçərək daim
güclənib və müasir dövrdə strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Qardaşlıqdan strateji
müttəfiqliyə uzanan
yol Azərbaycan-Türkiyə
münasibətlərinin aydın
mənzərəsini təqdim
edir. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi
Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi
müttəfiqlik səviyyəsinə
çatdırdı. Azərbaycan
və Pakistan arasındakı münasibətlər
də yalnız diplomatik əlaqələrdən
ibarət deyil. Bu iki ölkə
arasında çoxəsrlik
qardaşlıq və
dərin mənəvi
bağlılıq mövcuddur
ki, bu da
onların beynəlxalq
səviyyədə bir-birinə
dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən
biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində
Azərbaycanın haqq
səsini dünyaya çatdıran önəmli
tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın
Azərbaycanın yanında
olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin
ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin
strateji tərəfdaşlıq
baxımından bir-birinə
nə qədər möhkəm bağlandığını
nümayiş etdirdi. Prezident İlham Əliyev Pakistanla əlaqələrimizi belə
xarakterizə edib: “Ölkələrimiz arasında
münasibətlər birgə
tarix, mədəniyyət,
din, həmrəylik və qarşılıqlı
dəstək üzərində
qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana
dəstək verib və 44 günlük Vətən müharibəsi
zamanı da bizə güclü dəstək göstərib.
... Azərbaycan Pakistanı
Kəşmir məsələsində
hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş
etdiririk. Əlbəttə
ki, qarşılıqlı
dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Azərbaycan, Türkiyə
və Pakistan arasında üçtərəfli
əməkdaşlıq son
illərdə yeni keyfiyyət mərhələsinə
qədəm qoyaraq strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində
deyil, həm də üçtərəfli
formatda çoxşaxəli
əməkdaşlıq modelinə
çevrilib. Üç
dövlət arasında
dərin tarixi, dini və mənəvi
köklərə əsaslanan
münasibətlər son
dövrlərdə intensiv
siyasi dialoq, iqtisadi təşəbbüslər
və təhlükəsizlik
sahəsində qarşılıqlı
fəaliyyətlə daha
da möhkəmlənib.
Azərbaycan, Türkiyə
və Pakistan liderləri arasında yüksək səviyyəli
görüşlərin təşkil
olunması bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.
28 May-Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan
dostluğunun, qardaşlığının
növbəti səhifəsi
yazılacaq. Bu tarixdə Azərbaycanda sayca 9-cu hava limanı-Laçın Beynəlxalq
Hava Limanı istifadəyə verilməklə
bir daha bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləyəcək. Ermənilərin
30 ildə dağıtdıqları
torpaqlarımız bu gün müasir tələblər səviyyəsində
qurulur, beynəlxalq səviyyəli hava limanlarının tikilib istifadəyə verilməsi
ilə diqqətdədir.
Bütün işlərin
ardıcıllıqla və
zamanında görülməsi
Böyük Qayıdışı
daha da sürətləndirir.
Dövlət başçısı
İlham Əliyev daim çıxışlarında
Laçın Beynəlxalq
Hava Limanının
2025-ci ildə istifadəyə
veriləcəyini bildirirdi.
Artıq o gün gəldi. Laçın Beynəlxalq Hava Limanı qonaqlarını
qarşılayır. Bu
gün hər bir azərbaycanlı xoşbəxtdir ki, artıq təkcə paytaxt Bakımız deyil, azad edilmiş
ərazilərimiz də
dost, qardaş ölkələrin liderlərini
bir araya gətirir, münasibətlərin
gələcək yol xəritəsi bu məkanlardan təqdim olunur.
Yeganə Əliyeva
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.2-3.