Qarabağ
və Şərqi Zəngəzur: Baş quruculuq meydanı
İşğaldan azad olunmuş ərazilərə cari ilin birinci rübündə
738 milyon manat investisiya yatırılıb
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı
tarixi Qələbə
təkcə torpaqlarımızın
azad edilməsi ilə nəticələnmədi,
eyni zamanda, həmin ərazilərdə
sosial-iqtisadi dirçəlişə
yol açdı. Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən
bərpa və quruculuq işləri ölkəmizin ən böyük yenidənqurma
proqramına çevrilib.
Hazırda bu ərazilərdə paralel
olaraq şəhərsalma,
infrastrukturun yenidən
qurulması, enerji layihələrinin həyata
keçirilməsi, mədəni
və dini irsin bərpası, əhalinin qayıdışı
istiqamətində sistemli
işlər aparılır.
Azərbaycan hökuməti
bu prosesi tamamilə öz büdcəsi hesabına maliyyələşdirir və
beynəlxalq təşkilatlardan
asılı olmadan işğaldan azad olunmuş əraziləri dirçəltməyə nail
olur. 2025-ci ilin ilk üç ayı ərzində Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında bərpa və infrastruktur layihələrinə
738 milyon 383 min manat investisiya yatırılıb. Bu vəsaitin 727 milyon 996 min manatı tikinti-quraşdırma işlərinə
sərf olunub. Qarabağ iqtisadi rayonu üzrə investisiya həcmi 316 milyon 950 min manat təşkil edib, bunun 310 milyon 815 min manatı tikinti-quraşdırma
işlərinə yönəldilib.
Şərqi Zəngəzur
iqtisadi rayonuna isə cari ilin
ilk rübündə
421 milyon 432 min manat investisiya yönəldilib. Bunun 417 milyon 180 min manatı tikinti-quraşdırma
işlərinə sərf
olunub. Zəngilan rayonunda Ağalı kəndi “ağıllı
kənd” modeli üzrə yenidən qurulub və ilk köçlər də həyata keçirilib. Bu kənddə müasir texnologiyalar tətbiq edilir, enerji, su, rabitə və sosial xidmətlər tamamilə
rəqəmsallaşdırılıb. Bu model digər
kəndlər üçün
də nümunə rolunu oynayır.
Azərbaycan hökumətinin
maliyyə dəstəyi
ilə işğaldan
azad olunmuş ərazilərdə aparılan
bərpa və infrastruktur layihələrinin
uğurlu icrasının
nəticələri getdikcə
daha aydın görünür. Müasir
texnologiyaların tətbiqi
ilə enerji, su, rabitə və sosial xidmətlərin tam rəqəmsallaşdırıldığı
Ağalı kəndi,
həmçinin digər
kəndlərin inkişafına
stimul verir. Bu uğurlu təcrübə işğaldan
azad olunmuş digər rayonlarda da genişlənir. Kəlbəcər və Laçında dağlıq
relyefə baxmayaraq, yol infrastrukturu sürətlə genişləndirilir,
hidroenerji potensialından
səmərəli istifadə
olunaraq yeni elektrik stansiyaları inşa edilir. Kəlbəcərin zəngin
bulaqları, təbii ehtiyatları və mədən sahələri
iqtisadi dövriyyəyə
cəlb olunmaqla regionun dayanıqlı inkişafına xidmət edir. Laçında isə yeni inzibati
binalar, məktəblər,
səhiyyə müəssisələri
və turizm-mədəniyyət
obyektləri bərpa edilərək bölgənin
sosial və iqtisadi həyatına canlanma gətirilir. Bütün bu tədbirlər işğaldan
azad olunmuş ərazilərin iqtisadi dirçəlişini sürətləndirir
və sakinlərin həyat səviyyəsinin
yüksəldilməsinə mühüm töhfə verir.
İşğaldan azad
olunmuş ərazilərdə
sakinlərin köçürülməsi
prosesi sistemli şəkildə həyata
keçirilir. Əhalinin
məskunlaşması regionun
sosial-iqtisadi inkişafının
təməlini təşkil
edir və bununla da işğaldan
azad olunmuş ərazilərdə davamlı
yaşayış mühiti
formalaşdırılır. Bütün bu proseslərlə yanaşı,
bölgələrdə təhlükəsizlik
tədbirləri – əsasən
mina təmizlənməsi
sahəsində mühüm
addımlar atılır.
Azərbaycan Respublikası
Minatəmizləmə Agentliyi
(ANAMA) tərəfindən bu
ərazilər mərhələli
şəkildə təmizlənir.
Təmizlənmiş sahələrdə
dərhal quruculuq işləri aparılır,
bu da prosesin
ardıcıllığını təmin edir. Hər bir təmizlənmiş
ərazi yeni bir layihənin başlanğıcı deməkdir.
Bu, təkcə infrastruktur baxımından
deyil, həm də humanitar və sosial cəhətdən əhəmiyyətlidir.
Azərbaycan dövləti
bu ərazilərin bərpasında yalnız fiziki infrastrukturla kifayətlənmir. Eyni zamanda sosial-iqtisadi inkişafın təşviqi,
innovasiya və yeni texnologiyaların tətbiqi, kənd təsərrüfatının modernləşdirilməsi
istiqamətində də
ardıcıl siyasət
aparılır. Qarabağ
və Şərqi Zəngəzur bölgələri
kənd təsərrüfatı
potensialı ilə seçilir. Xüsusilə
Zəngilan, Qubadlı,
Füzuli və Ağdam rayonlarında iri fermer təsərrüfatlarının
yaradılması, suvarma
sistemlərinin yenilənməsi,
torpaqların təmizlənməsi
kimi işlər regionun ərzaq təhlükəsizliyi və
ixrac potensialını
artıracaq.
Məşğulluq məsələsi
də işğaldan azad olunmuş ərazilərdə prioritet
istiqamətlərdən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyi
həmin ərazilərə
köçürülən sakinlərin məşğulluğunu
təmin etmək məqsədilə aktiv proqramlar həyata keçirir. 2025-ci ilin may ayında verilən məlumata görə, artıq 4300 nəfər sakin işlə təmin edilib. Bundan əlavə, 206 nəfər
peşə hazırlığı
kurslarına cəlb olunub və 284 nəfər özünüməşğulluq
proqramı çərçivəsində
kiçik təsərrüfatlarını
qurub. Hazırda daha 680 nəfərin məşğulluğu təmin
olunması istiqamətində
işlər davam etdirilir.
Qarabağ bölgəsi
beynəlxalq investorlar
üçün də
cəlbedici platformaya çevrilir. Xarici şirkətlər artıq
logistik, enerji və turizm sektorlarında layihələrə
maraq göstərir. Bu isə regionun
inteqrasiya olunmuş iqtisadi zonaya çevrilməsinə zəmin
yaradır. Dövlət
tərəfindən bu
məqsədlə xüsusi
iqtisadi zonaların yaradılması, vergi və gömrük güzəştləri, hüquqi
təminatların artırılması
istiqamətində addımlar
atılır.
Azərbaycan hökuməti
qarşıdakı illərdə
işğaldan azad edilmiş ərazilərdə
daha böyük miqyaslı layihələr
həyata keçirməyi
planlaşdırır. Bunlara
Zəngəzur dəhlizinin
istifadəyə verilməsi,
beynəlxalq nəqliyyat-logistika
şəbəkələrinin yaradılması, təhsil
və tədqiqat mərkəzlərinin qurulması
və beynəlxalq turizm marşrutlarının
açılması daxildir.
Xüsusilə Şuşa,
Zəngilan və Ağdam şəhərlərinin
regional mərkəzə
çevrilməsi, burada
beynəlxalq tədbirlərin,
konfransların və sərgilərin təşkili
planlaşdırılır. Onu da qeyd
etmək lazımdır
ki, işğaldan azad olunmuş ərazilərdə aparılan
quruculuq prosesi təkcə fiziki yenidənqurma deyil. Bu, eyni zamanda,
xalqın mənəvi
dirçəlişi, milli
kimliyimizin və tarixi yaddaşımızın
bərpasıdır. Qarabağ
və Şərqi Zəngəzur artıq Azərbaycanın gələcəyini
formalaşdıran strateji
rolunu oynamaqdadır. Bu torpaqlarda həyat təkcə yenidən başlamır, həm də daha güclü, daha dayanıqlı və daha parlaq
gələcəyə doğru
irəliləyir.
Nigar Orucova
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.7.