Qərbi Azərbaycanda milli
mətbuatımızın əsl salnaməsi...
Qərbi Azərbaycanda milli dildə mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzeti 221-ci – sonuncu nömrəsindən sonra 1939-cu ilin sentyabrın 26-da “Sovet Ermənistanı” qəzeti adı altında nəşr olunmağa başlamışdır. 1939-cu ildə cəmi 79 nömrəsi işıq üzü görən qəzet gündəlik 4 səhifədən ibarət böyük formatda çap olunurdu. Qəzetin redaktoru isə tanınmış ictimai xadim, təcrübəli jurnalist Cəfər Vəlibəyov təyin edilmişdi. 50 ilə yaxın “Sovet Ermənistanı” adı altında nəşr olunan qəzet müxtəlif vaxtlarda mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, 1989-cu ilə kimi uğurla fəaliyyət göstərmiş, Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsinə çevrilmişdir.
Qərbi Azərbaycanda milli mətbuat tariximizdə mühüm mərhələ təşkil edən “Sovet Ermənistanı” qəzeti 1940-cı ilin iyun ayından kiril əlifbası ilə çap olunmuşdur. Həmin illərdə digər mətbuat orqanları kimi “Sovet Ermənistanı” qəzeti də repressiya dövrünü ört-basdır edir, kolxoz quruluşunun üstünlüklərini təbliğ edirdi. Amma bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda milli mətbuatın zəngin ənənələrini yaşadıb inkişaf etdirməkdə “Sovet Ermənistanı” qəzetinin böyük xidmətləri olmuşdur.
1940-cı ildə Nəcəf Məmmədov, Adil Axundov, Abdulla Mirzəyev, Hüseyn Nəcəfov, Yusif Abbasov, Salman Rəhimov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Lətif Hüseynov, Cəfər Misgərov, Məmməd Xəlilov və başqa gənclərin qəzetin redaksiyasında müxtəlif şöbələrdə işə cəlb edilməsi bu mətbu orqanın fəaliyyətinin daha da canlandırılmasına, öz ətrafına geniş oxucu kütləsinin və onlarla fəal müxbirin toplanmasına stimul vermişdir. Bu jurnalistlər qəzet səhifələrində öz çıxışları ilə oxucuların rəğbətini qazanmışdılar. Bu baxımdan 1940-cı ildə mətbuatda fəallığı ilə seçilən jurnalistlər arasında Fəxri fərmanla təltif olunan azərbaycanlılardan qəzetin məsul redaktoru Cəfər Vəlibəyovun, məsul redaktor müavini Yusif Abbasovun, təbliğat şöbəsinin müdiri Salman Rəhimovun, müxbir Qəşəm Şahbazovun, “Zərbəçi kolxozçu” qəzetinin məsul redaktoru Fərman İsmayılovun, “Maldarlıq cəbhəsində” qəzetinin məsul redaktoru Xuda Xudayevin də adlarına rast gəlinir.
Qəzetin ilk müxbirlərindən olan və bir müddət bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışan Nəcəf Məmmədovun “Sovet Ermənistanı” qəzetinin 20 illiyi münasibəti ilə bağlı “Keçmişdən xatirələr” adlı məqaləsində qəzetin ilk texniki heyəti və müxbirləri haqqında verdiyi məlumatlar maraqlı və əhəmiyyətlidir. Məqalədə qəzetin böyük çətinliklər bahasına əlverişli olmayan şəraitdə nəşrə hazırlanması, bu işdə fəallıq göstərən şəxslərin xidmətləri haqqında maraqlı məlumatlar verilmişdir. Bu məlumatlardan aydın olur ki, qəzeti yığmaq üçün ixtisaslı linotopçiyə böyük ehtiyac olduğundan bu işi icra etmək üçün Bakı Birləşmiş Baş Mətbəəsindən bir mütəxəssis İrəvana dəvət olunmuşdur. 1940-cı ildə Bakı Birləşmiş Baş Mətbəəsi tərəfindən əvvəllər “Azərnəşr”in mətbəəsində, sonra isə “Kommunist” qəzeti mətbəəsində linotipçi vəzifəsində çalışan Məhərrəm Sultanov İrəvana göndərilmişdir. O, 40 il müddətində İrəvanda “Sovet Ermənistanı” qəzetinin materiallarını yığmış, qəzetin vaxtlı-vaxtında oxucularına çatdırılması üçün mətbəə işinin bütün çətinliklərinə mətanətlə tab gətirib böyük əzmkarlıqla çalışmışdır.
1941-ci ilə kimi qəzet öz ətrafında ən aktiv fəhlə-kəndli müxbirlərini cəm etmiş və onlarla işgüzar təmasını daha da möhkəmlətmişdir. Regionlarda qəzetin ən aktiv xüsusi müxbirləri İrəvanda – Etibar Rəcəbli, Tahir Abbasov, Cəfər Misgərov, Zəngibasarda – Sadıq Əliyev, Hüseyn Nəcəfov, Vedidə – Mirzə Bəşirov, Fərman İsmayılov, Amasiyada – Məmməd Rəhim Xəlilov, Lətif Hüseynov, Gümrüdə – Məmməd Əliyev, Əştərəkdə – Əli Babayev, Qafanda – Əsəd Əsədov, Cəmil Əliyev, Dilicanda – Salman Həsənov, Çəmbərəkdə – Hüseyn Mustafayev, Haqverdi Tağıyev, Həsən Tağıyev, Rəis Məmmədov təmsil edirdilər.
Qəzet özünün 20 illiyinə xüsusi nömrə buraxmasa da, 1941-ci il 105-ci sayının 3-cü səhifəsini bu əlamətdar hadisəyə həsr etmişdir. Ermənistan Kommunist bolşevik partiyası Vedi rayon komitəsinin katibi Məmməd Məmmədov, Basarkeçər rayon icraiyyə komitəsinin katibi Talıb Musayev, Kalinino rayon icraiyyə komitəsinin katibi Əli Qurbanov, Amasiya rayon icraiyyə komitəsinin təşkilat şöbəsinin müdiri Həsən Hüseynovun qəzetdə birgə dərc etdirdikləri məqalədə azərbaycanlılar yaşayan bölgələrdə bir sıra problemlərin aradan qaldırılması və müxtəlif sahələrdə uğurlu inkişafın əldə olunmasına böyük diqqət göstərilməsində, gənc azərbaycanlı kadrların hazırlanmasında onlara əməli köməkliklərin göstərilməsi istiqamətində geniş tədbirlərin həyata keçirilməsində “Sovet Ermənistanı” qəzetinin böyük rol oynadığı barədə məlumat verilir. Yuxarıda adlarını qeyd etdiyimiz şəxslər mütəmadi olaraq qəzetlə əməkdaşlıq edir və vaxtaşırı onun səhifələrində çıxış edirdilər.
Mətbuatın sürətli inkişafına onun işinin tərkibinin dərinləşməsinə kütləvi fəhlə-kəndli hərəkatı çox böyük köməklik göstərmişdir. Araşdırmalardan aydın olur ki, 1941-ci ilin may ayına kimi qəzetlə daim əməkdaşlıq edən fəhlə-kəndli müxbirlərinin sayı 800-dən artıq olmuşdur. Qəzetin fəaliyyətini izlədikdə bütün bölgələrdə fəhlə-kəndli müxbirlərinin sayının ilbəil daha da artdığı nəzərə çarpır. Redaksiya kəndli müxbirlərindən hər gün 35-40 məktub alırdı. Bu da hər ay orta hesabla 800-850 məktub edirdi. Redaksiya təkcə 1940-cı ildə 6167 müxbir məktubu almışdır ki, bunlardan da 4924 məktub qəzetin səhifələrində çap olunmuşdur. “Sovet Ermənistanı” qəzetinin redaksiyası təkcə Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deyil, eyni zamanda keçmiş İttifaqın müxtəlif şəhərlərindən, xüsusilə də Azərbaycandan il ərzində minlərlə məktub alırdı.Redaksiyanın məktublar şöbəsi onları çeşidləyib, ayda bir neçə dəfə “Bizə yazırlar” rubrikası altında qəzetin səhifələrində dərc edirdilər. Yerlərdən redaksiyaya məktub axınının belə çox olması Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların bu qəzetə olan inamının göstəricisi idi. Qəzetin səhifələrində dərc olunmuş həmin məktubları nəzərdən keçirdikdə onların böyük əksəriyyəti yerlərdəki haqsızlıqlardan, soydaşlarımızın üzləşdiyi problemlərdən, pozulmuş hüquqlarından və digər sahələrdə baş verən neqativ hallardan bəhs edildiyi məlum olur. Soydaşlarımızın pozulmuş hüquqları öz həllini tapmadığı təqdirdə, şikayətçinin əli hər yerdən üzüləndən sonra, məktubla axırıncı ümid yeri kimi inandıqları-güvəndikləri “Sovet Ermənistanı” qəzetinə üz tuturdular. “Sovet Ermənistanı” qəzetinin redaksiyasında müraciətlərə diqqət çox güclü idi. Yazılara “soydaşlarımızın ümid və güvən yeri” amalı ilə yanaşılırdı. Həllini tapan bütün məktublar “Sovet Ermənistanı”nın köməyi ilə” rubrikası adı altında qəzetdə dərc edilirdi.
Lakin qəzet əldə edilən bu uğurlarla kifayətlənmirdi. Qəzet və onun müxbirləri mətbuatın ən gözəl nümunələrini yaratmaqla üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirməyə çalışırdılar. Qərbi Azərbaycanda fəhlə-kəndli müxbirlərinin qəzetlə əməkdaşlığını daha da gücləndirmək, qəzetin səhifələrində çap edilən materialların keyfiyyətinə ciddi fikir vermək məqsədi ilə qəzetin redaksiyası tərəfindən bölgə müxbirləri üçün müntəzəm tədbirlər həyata keçirilirdi.
Ümumiyyətlə, belə müxbir müşavirə və konfransları həm də qəzetin ətrafında cəm olan fəhlə-kəndli müxbirlərinin yeni həyat quruculuğu uğrunda mübarizə əhval-ruhiyyələrini daha da artırırdı.
Dövrün sosial həyatda yaratdığı çətinlik və problemlər qəzetin çapının zəifliyi və kağız qıtlığında da özünü göstərirdi. 1941-ci illərdə qəzetin həcmində və bəzi nömrələrində səhifələrin sayı fərqli göstərilir. 1941-ci ilin sonlarından başlayaraq qəzet həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdır. 12 aprel 1942-ci il 87-ci nömrəsindən etibarən isə qəzet həftədə 5 dəfə iki səhifədən ibarət çap olunmuşdur. Qəzet 1944-1945-ci illərdə həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdı. Həmin illərdə həftədə 4 dəfə nəşr olunan qəzetin üç nömrəsi iki, bir nömrəsi isə 4 səhifə həcmində çap olunurdu. 1946-cı illərdə qəzetin həftədə 4 dəfə iki səhifə həcmində çap olunmasına da rast gəlirik.
Böyük Vətən müharibəsi illərində qəzet partiyanın siyasi tribunasına çevrilərək “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ətrafında kütlələri səfərbərliyə alırdı. Qəzet müharibə illərində cəbhədə mərdliklə vuruşan, qəhrəmanlıq göstərən və ad-san qazanan Qərbi Azərbaycandan olan azərbaycanlı döyüşçülərin göstərdikləri şücaət və igidlikləri, eyni zamanda azərbaycanlı zəhmətkeşlərin fədakar əməyini də vaxtaşırı öz səhifələrində işıqlandırmışdır.
“Sovet Ermənistanı” qəzetinin müxbirləri fərq qoymadan qeyri-millətlərin əsgər və zabitlərinin də cəbhələrdəki igidliklərini öz səhifələrində işıqlandırırdı. Qəzet öz oxucularına sovet xalqının alman faşist işğalçılarına qarşı apardığı müharibənin gedişindən, cəbhə epizodlarından Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı əsgər və zabitlərin göstərdikləri igidlik və qəhrəmanlıqlarından ətraflı məlumat verir, arxa cəbhədəki döyüşçüləri yeni-yeni əmək qəhrəmanlıqları göstərməyə ruhlandırırdı.
Müharibə ərəfəsində Qərbi Azərbaycanda yaşayan ziyalıların bir qismi repressiya qurbanı olmuş, bir qismi isə o cümlədən qəzetin əməkdaşları Lətif Hüseynov, Yusif Abbasov, İbrahim Əliyev, Cəlal Sərdar və başqaları döyüşən ordu sıralarına çağrılmışdı. İrəvanda Azərbaycan ictimai, ədəbi mühitində bir qədər sönüklük yaranmışdır. Həmin vaxtlarda “Sovet Ermənistanı” qəzetində diqqəti cəlb edən məqamlardan biri qələm sahiblərinin insanları döyüşə ruhlandıran, sabaha inamla baxmağa və nikbin olmnağa səsləyən poetik nümunələridir. “Sovet Ermənistanı” qəzeti çox vaxt yerli şair və yazıçılarla yanaşı Bakıda yaşayıb-yaradan şairlərin də şeirlərini, bədii nümunələrini dərc edirdi. Böyük Vətən müharibəsi illərində qəzet Vətənin müdafiəsində qəhrəmanlıqla vuruşanlara Səməd Vurğunun Həzi Aslanova həsr etdiyi “Qəhrəmanın ölümü”, Süleyman Rüstəmin “Vətən”, Abdulla Şaiqin “Vətən gənclərinə”, Əyyub Abbasovun “Günəş”, İslam Qaradağlının “Sovet topçusu” şeirləri, Məmməd Rahimin “Onu Don qucaqladı”, Hüseyn Cavadovun “Azərbaycan xalqının generalları”, Əli Zeynalovun “Görüş”, Abbas Tahirin “Terekdən Elbaya” oçerkləri dərc olunmuşdu. Qəzet xalq təsərrüfatının bütün sahələrində çalışan əmək adamları sırasında irəlidə gedənlərin sayının artmasına, nöqsan və kəsir cəhətlərin kəskin tənqid edilərək aradan qaldırılmasına ciddi fikir verirdi. Böyük Vətən müharibəsi illərində “Sovet Ermənistanı” qəzetinə Cəfər Vəlibəyovun redaktorluq etdiyi 1941-1945-ci illərdə qəzet müharibə illərinin arxa cəbhədəki və döyüş mövqelərindəki ritmini əks etdirmiş, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” rubrikaları altında səfərbərlik və vətənpərvərlik ruhunda xeyli məktub, oçerk, şeirlər və sair müharibə mövzusuna dair təsirli yazılar çap etmişdir.
1945-ci ildə müharibə qurtardıqdan sonra müharibənin vurduğu ağır yaraları sürətlə sağaltmaq, dağılmış xalq təsərrüfatını sürətlə bərpa etmək, şəhər və kəndləri yenidən qurmaq, müharibədən sonrakı beşillikləri müvəffəqiyyətlə yerinə yetirmək uğrunda səfərbərliyə almaqda partiyanın genişləndirdiyi təşkilatçılıq işinin və kütləvi izahat işinin ayrılmaz hissəsi idi.
Böyük Vətən müharibəsindən sonra əvvəlki illərlə müqayisədə “Sovet Ermənistanı” qəzetində də dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Sovet Ermənistanı” qəzeti xalq təsərrüfatının ayrı-ayrı sahələrindən müntəzəm təsirli yazılar verməklə yanaşı, ədəbi-mədəni mühitlə bağlı yazılar da vermişdir. Həmin dövrdə qəzetin əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.
1946-cı ildə qəzetin ən fəal bölgə müxbirləri sırasında özünə yer almış Ağa Ağayev, Əli Dünyamalıyev (Keşişkənd), Səməd Novruzov (Amasiya), Nurəli Qurbanov (Qafan), Əli Həsənov (Qarabağlar), Elman Məmmədov (Noyemberyan), Oktay Məmmədov (Kalinino) və başqaları öz üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmişdilər. Qəzetin müxbirləri yerlərdə aparılan abadlıq, inşaat, kolxoz quruluşunun inkişafı və s. əlaqədar olan mühüm işlərə dair ən kiçik məlumatı belə mətbuat vasitəsi ilə oxuculara çatdırmağa çalışırdılar.
Qəzetdə “Məktəb həyatı”, “Xarici ölkələrdə”, “İrəvan”, “Sovet Ermənistanında”, “Partiya həyatı” rubrikaları altında xeyli məqalə və məktublar dərc edilmişdir.
Dövrü mətbuat bu illərdə zəhmətkeşlərin kommunist tərbiyəsində böyük rol oynamışdır. “Sovet Ermənistanı” qəzeti respublikada baş verən hadisələri öz səhifələrində hərtərəfli əks etdirirdi. Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək, tarixi qərarların həyata keçirilməsini təmin etmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilirdi. Bu mənada, müxbir konfrans və müşavirələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu cür tədbirlərdə müvafiq qurumların nümayəndələri kəndli-fəhlə müxbirləri qarşısında çıxış edirdilər. Məsələn, qəzet 1947-ci ilin iyul ayının əvvəlində fəal oxucu və fəhlə-kolxozçu müxbirlərinin respublika müşavirəsi keçirildiyini bildirir. “Sovet Ermənistanı” qəzetinin 1947-ci il 153-cü nömrəsində həmin müşavirənin çağrılması və gedişinə dair ətraflı məlumat verən “Müxbir və oxucularımızın respublika müşavirəsi” sərlövhəli yazıdan aydın olur ki, iyul ayının 27-də keçirilən müşavirədə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin və İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı texnikumunun müəllim və tələbələrindən, o cümlədən şəhər və rayon təşkilatlarından 400-ə qədər müxbir və oxucu iştirak etmişdir.
1951-ci ilin iyul ayında
qəzetin 30 illik yubileyi tamam olmuşdur. Qəzetin bu yubileyi altı
aydan sonra 1952-ci ilin yanvar ayının
14-də İrəvanda L.P.Beriya
adına Təbliğatçı
evində qəzetin redaksiya kollektivinin, bir sıra mətbuat
işçilərinin və
müvafiq dövlət
qurumlarının iştirakı
ilə qeyd edilmişdir.
“Sovet Ermənistanı” qəzeti ötən əsrin 50-ci illərinədək
çətin şəraitdə
fəaliyyət göstərmişdir.
Ötən əsrin ikinci yarısından başlayaraq qəzetdə
bir sıra sahələrdə yeniləşmə
sahələrinə ciddi
diqqət yetirilmişdir.
Qəzetin ilk dəfə
olaraq 1954-cü ilin yanvarın 17-dən 12-ci nömrəsindən
etibarən gündəlik
böyük formatda nəşri təmin edilmişdir. Amma belə bir xoş dövr
uzun sürməmiş,
bir müddətdən
sonra qəzet yenidən həftədə
dörd dəfə böyük formatda 4 səhifə həcmində
öz fəaliyyətini
davam etdirmişdir.
Fəhlə-kəndli müxbirlərinin
formalaşması və
onların fəallığının
artırılması məqsədi
ilə müntəzəm
olaraq fəhlə-kəndli
müxbirlərinin qurultayları
keçirilirdi. 1956-cı il noyabr ayının 30-da Ermənistan Ali Sovetinin iclaslar salonunda Ermənistan fəhlə-kəndli
müxbirlərinin qurultayı
keçirilmişdir. Qəzetin
1956-cı il 141-ci nömrəsində həmin qurultayın çağırılması və
gedişinə dair “Ermənistan fəhlə və kəndli müxbirlərinin qurultayı”
sərlövhəli yazıda
ətraflı məlumat
verilmişdir. Həmin
məlumatdan aydın olur ki, noyabr ayının 30-da çağırılan
və iki gün davam edən qurultayda partiya və ictimai təşkilatlardan,
fəhlə-kəndli müxbiri,
qəzet, jurnal və radio işçilərindən
518 nəfər nümayəndə
qismində iştirak etmişdir. Qurultayda 7 nəfər azərbaycanlı
nümayəndə də
iştirak edirdi ki, bunlardan da “Sovet Ermənistanı” qəzetinin
redaktoru Cəfər Vəlibəyovu, qəzetin
Gümrü bölgəsi
üzrə müxbiri
Əli Mirzəyevi, Keşişkənd bölgəsi
üzrə müxbiri
Ağa Ağayevi, Basarkeçər rayonundan
Qəşəm Aslanovu,
Üçmüədzindən Aydın Vəliyevi, Qafandan Həsən Hüseynovu, Sisiandan Həsən Məhərrəmovu
göstərmək olar.
Qurultayda keçmiş
İttifaq respublikalarının
tanınmış mətbuat
nümayəndələri, o cümlədən Bakıdan
“Kommunist” qəzetinin redaktoru Xasay Vəzirov da iştirak etmişdir. Həmin qurultayda ermənidilli mətbuat orqanlarının
uğurları qeyd edildiyi halda, Qərbi Azərbaycanda yeganə milli mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti isə müxbirlər hərəkatına
lazımi diqqət yetirilməməkdə, fəhlə
və kolxozçuların
qəzet səhifələrində
çox az çıxış etdikləri
bəhanə gətirilərək
qərəzli tənqid
hədəfinə çevrilmişdir.
Əslində qəzetin
tənqid hədəfinə
çevrilməsinə heç
bir əsas yox idi. Birincisi
erməni şovinist dairələri və müvafiq qurumları tərəfindən müxtəlif
dövrü nəşrlərə
yaradılan əlverişli
şərait Azərbaycan
dilində çıxan
bu mərkəzi mətbuat orqanına yaradılmamışdır. Digər
tərəfdən isə
qəzet öz imkanları daxilində mövcud dövrün tələblərinə uyğun
olaraq öz fəaliyyətini təmin
edirdi.
1959-cu ildə jurnalistlərin vahid bir təşkilatda
birləşməsi məqsədi
ilə SSRİ Jurnalistlər
İttifaqı yaradıldı.
Bu baxımdan keçmiş
İttifaq respublikalarında
da jurnalistlər ittifaqları
təşkil edilməyə
başladı. 1959-cu ilin
aprelin 6-da Qərbi Azərbaycan jurnalistlərinin
birinci təsis qurultayı keçirildi.
Qurultayda 280 nəfərdən
artıq mətbuat nümayəndəsi təmsil
olunmuşdur. Qurultayda
bir çox respublikalardan, o cümlədən
Azərbaycan Jurnalistlər
İttifaqından “Bakı”
axşam qəzetinin şöbə müdiri
Sabir Məmmədov da iştirak
və çıxış
etmişdir. Azərbaycanlı
nümayəndələrdən “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov,
Basarkeçər rayon unda
çıxan “Bolşevik
uğrunda” qəzetinin
redaktoru İsmayıl
Əliyev də çıxış etmişdir.
Qurultayda Qərbi Azərbaycanın mətbuat
cəbhəsindəki vəziyyəti
təhlil edilmişdir.
“Sovet Ermənistanı”
qəzetində qurultayın
gedişi barədə
geniş məlumat verilmişdir. Qərbi Azərbaycanda medianın inkişaf istiqamətləri
göstərilmiş və
jurnalistlərə tövsiyələr
verilmişdir. Gənc
jurnalistlərin ideya səviyyəsini, onların
yaradıcılıq təşəbbüsünü
inkişaf etdirmək,
jurnalistikanın problemləri
onun forma, üslub janrlarını genişləndirmək
və bu sahəyə dair bir sıra məsələlər
Jurnalistlər İttifaqının
qarşısında duran
ən mühüm vəzifə idi.
1957-ci ildə Qərbi Azərbaycanda 10 respublika qəzeti nəşr edilirdi ki, bunların da birdəfəlik tirajı
204500 nüsxə, bundan
başqa 4 şəhər,
29 rayon qəzeti, 8 çoxtirajlı
qəzet, 11 jurnal çıxırdı ki, bunların
da birdəfəlik tirajı
58000 nüsxə təşkil
edirdi. Respublikada Azərbaycan dilində cəmi bir gündəlik
mərkəzi qəzet
və iki rayon qəzeti nəşr edilirdi. Qərbi Azərbaycanda mətbuatın
inkişafı üçün
böyük imkanlar yaradıldığı, ilbəil
yeni qəzet və jurnallar çap edildiyi halda Azərbaycan dilli yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı”
qəzeti və cəmi 4-5 rayonda çap edilən bölgə qəzetlərinin
Azərbaycan şöbələri
bu qayğılardan məhrum idi. Ermənistanın müvafiq
qurumları tərəfindən
Rusiyanın Moskva, Sankt-Peterburq,
Kiyev şəhərinin
universitetlərində peşəkar
jurnalistika və mətbuat məsələləri
üzrə yüksək
ixtisaslı elmi kadrlar hazırlamaq, hətta keçmiş İttifaqın nüfuzlu qəzetlərinin redaksiyalarında
təcrübə keçmək
üçün erməni
millətindən olan gənclər göndərildiyi
halda, bir nəfər də olsun azərbaycanlı nə təhsil almağa, nə də bu məqsədlə
ezamiyyətə göndərilmirdi.
Bu ayrı-seçkilik mətbuat
işçilərinin təltif
edilməsində də
özünü göstərirdi.
Məsələn, 1962-ci il 5 may “Pravda” qəzetinin 50 illiyi və mətbuat günü ilə bağlı Qərbi Azərbaycanda fəaliyyət
göstərən bir
sıra mətbuat, nəşriyyat, radio və
televiziya işçilərinin
bir qrupuSSRİ orden və medalları
ilə təltif edildiyi halda, onlardan yalnız bir nəfər azərbaycanlı, “Sovet Ermənistanı” qəzetinin
redaktor müavini S.Şərifov “Əməkdə
fərqlənməyə görə”
medalı ilə təltif edilmişdir. Ermənilərdən isə
bir nəfəri
“Lenin” ordeni, 4-ü “Şərəf”
nişanı, 18-i Əmək
igidliyinə görə,14-ü Əməkdə fərqlənməyə
görə medalı ilə təltif edilmişdir. Fəxri fərmanla təltif edilmiş 117 nəfərdən
isə 3 nəfəri
azərbaycanlı idi.
Bunlardan Əliyeva Lətifə Rəcəb qızı (“Sovet Ermənistanı” qəzetinin
korrektoru), Əsgərov
Rza İbrahim oğlu
(“Sovet Ermənistanı”
qəzetinin mədəniyyət
və məişət
şöbəsinin müdiri),
Məmmədov İsrafil
Süleyman oğlunu
(“Sovet Ermənistanı”
qəzetinin partiya həyatı şöbəsinin
müdiri) qeyd etmək olar.
Ardı var…
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.- 2025.- 27 may, ¹90.- S.7.