Saf, təmiz hisslərin
poeziyada təzahürü
Əsgərov Xəyyam Vaqif oğlu (Xəyyam
Avşar) 1975-ci ildə Ağcabədi rayonunun Avşar kəndində
doğulub. Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının İqtisadiyyat fakültəsini
bitirmişdir.
Ağcabədi
rayon İcra hakimiyyətində, Müdafiə Nazirliyinin
bölmələrində zabit kimi xidmət göstərib. Hazırda
sahibkarlıq fəaliyyətilə məşğuldur. Ailəlidir,
iki övladı var.
Şair qəlbli insanlar həyatlarında
baş verən hər hansı bir hadisəyə qarşı
çox həssas olurlar. Belə insanlar sevincli-kədərli
anlarının poetik duyğularını şeirə
çevirməyə çox meyl göstərirlər. Kimsə
ilk şeirini sevməyə başlayanda, kimsə həyatda
dostundan və ya sevgilisindən xəyanət görəndə,
kimsə sevgisinə cavab almayanda yazır. Bəzən insan
çox yaxın bir insanını, təbiətin özü
tərəfindən "təşkil olunmuş" tərkibində
yüksək sevgi hissləri olan sevimli insanını itirdikdə
bütün düşüncəsi yenilənir, emosional
duyğuları təlatümə gəlir və şeirlər
yazmağa başlayır. Qardaşının,
övladının, həyat yoldaşının
dünyasını dəyişməsindən sonra şairlik
yoluna qədəm qoyanların sayı heç də az deyildir.
Xəyyam Avşar, bəlkə də, nə vaxtsa şair olacağını, şair kimi tanınacağını heç düşünməmişdi. Günlərin bir günü yaşı əlliyə yaxınlaşan bu insanın anası dünya işığına gözlərini əbədi yumur. Xəyyam çox sevdiyi anasının yoxluğu ilə barışa bilmir və hisslərini sakitləşdirmək üçün bütün dərdini kağızlara köçürür. Günlər ötdükcə dərddən üzü qaralmış vərəqlərin də sayı artmaqda davam edir. Əlbəttə, hələ bu yazılara şeir demək olmazdı. Çünki Xəyyamın şeir janrları, qafiyə, rədif və s. ədəbi janrlar haqqında heç bir anlayışı yox idi. Bir gün tale Xəyyam Avşarı gözəl şeirlərin müəllifi, AYB-nin üzvü, alim-şair Aynur Qafarlı ilə rastlaşdırdı. Xəyyamın yazılarına diqqət yetirən çoxşaxəli yaradıcılığa malik olan və şeiriyyətin müxtəlif janrlarında bir-birindən gözəl şeirlər yazan şair xanım ona müəyyən nüansları izah edir. O gündən sonra Xəyyam doğru-düzgün yazmağa başlayır və köhnə şeirlərinə də əl gəzdirib qaydaya salır.
Xəyyam Avşarın şeirləri içərisində anasına həsr olunmuş şeirlər çoxdur. Ürəyi ana həsrəti ilə alışıb-yanan şair şeirlərinin birinin son bəndində deyir:
Gülmürəm ki, qəmə hey üz çəkirəm,
Bircə kərə də yox, lap yüz çəkirəm.
Həsrətini gecə, gündüz çəkirəm,
İnan ki, yanına gələrdim, ana.
Digər “Ad günüm” adlı bir şeirinin ilk bəndində də şair anaya müraciət edir:
Məni doğan ana, hardasan indi?
Bu gün ad günümdür, ən
şad günümdür.
Sən yoxsan yanımda, mənə
çətindi,
Bəlkə də, mənim ən
bərbad günümdür.
Övladın
ahıl yaşında da anaya - o müqəddəs
varlığa ehtiyacı var. Şairin şad günündə
- ad günündə belə, anası yanında
olmadığı üçün sevinə bilmir. Həmin
şeirin 2-ci bəndində şair bu fikri daha gözəl
ifadə edir:
Qeyd edə bilmirəm doğum
günümü,
Sənsiz kecən günüm
zülmətdir, ana.
Yoxluğun kəsibdir mənim
önümü,
Sevinmirəm xeyli müddətdir,
ana.
Xəyyam
Avşarın "Bilirəm yerin hardadır" şeiri də
anaya aiddir:
Əziz anam, yoxsa məndən
küsmüsən?
Demirsən ki, mənim balam
hardadır...
Şair
ritorik sualla başlanan şeirin 2-ci bənddə
inkişafını davam etdirərək cavab verir:
Görən gözlərimdə,
vuran qəlbimdə,
Sən mənim dövr edən saf
qanımdasan.
Xəyyam Avşar anaya çoxlu
şeirlər yazmaqla bərabər atanı da unutmur. Onun
"Mənim atam" şeiri “İşıq idi yollarıma”
misrası ilə başlanır. Şair bənd-bənd bədii
təsvir vasitələrindən istifadə etməklə ata
obrazını bütövləşdirir. Sonda
Vermədi heç fələk
aman,
Namərdlik eylədi yaman.
Qəlbdə yaşar hər bir
zaman,
Mənim atam, mənim atam.
deyərək,
şairin fələkdən inciməsini əsaslandırır.
Xəyyam Avşarın doğma kəndinə,
elinə, obasına həsr etdiyi şeirlər də maraq kəsb
edir. Onun "Avşar elim, Avşar kəndim" şeiri doğma
yurdun qədim tarixini vərəqləyir, indiki zamanından
söz açır. Şairin doğma məkana məhəbbətinin
böyüklüyünü "Avşarın" şeirində
daha aydın görmək olur. Üç bəndlik şeirin
son bəndində şair öz şeirini xeyir-dua ilə
tamamlayır:
Könlüm
xoş gününü gördü, sevindi,
Baxana
xoş gəlir növrağı indi,
Xəyyamın
qəlbində bir arzu dindi –
Sönməsin
heç zaman közü Avşarın
Saf, təmiz
hisslər Xəyyam Avşarın şeirlərinin özəyini
təşkil edir. Yəqin ki bu hisslər şairin insani keyfiyyətinin
poeziyada təzahürüdür.
Xəyyam
Avşarın şeirlərindən nümunələri təqdim
edirik:
MƏNİ
HAMIDAN ÇOX HƏSRƏT İSTƏYİR
Elə
yapışıb ki, yaxamdan mənim,
Məni hamıdan çox həsrət istəyir.
Sevinc, nəşə
olub ömrümə qənim,
Məni
hamıdan çox həsrət
istəyir.
Əlini
boşlamaz heç vaxt əlimdən,
Adı
heç düşmədi, inan, dilimdən,
Elə
sevinc qapdı hər bir ilimdən,
Məni
hamıdan çox həsrət istəyir.
Qoymadı
xoşluqla ürəyim dola,
Qoymadı
üzümdə bir
gülüş ola,
Qoymadı
qəm, kədər qəlbimdə sola,
Məni
hamıdan çox həsrət istəyir.
Həsrət
ayrılıqla, hicranla birgə,
Süpürür
xoş anı əldə süpürgə.
Elə
bil sevinclə çıxıbdır cəngə,
Məni
hamıdan çox həsrət istəyir.
Günəş
ondan qorxub doğmur üzümə,
Şərbət
deyil, zəhər qatır sözümə,
Çox
sevir, qısqanır məni özümə,
Məni
hamıdan çox həsrət istəyir.
Atadan,
anadan, oğuldan, qızdan,
"Sevirəm!"
söyləyən sevdiyim qızdan,
Qardaşdan,
dostlardan - hər vəfasızdan
Məni
hamıdan çox həsrət istəyir.
QARŞILIQLI
SEVGİ
Allahın
insana lütfü gərəkdir, -
Sağlamlıq,
bir də ki, təmiz məhəbbət!
Məhəbbətlə
gözəl olan ürəkdir,
Sağlamlıq
gətirər Rəbbə ibadət!
Sevgi
Yaradanın özüdür elə,
Qəlbi
saflaşdırar, nurla doldurar.
Biri
çətinlikdən yorulsa belə,
Allahın
eşqiylə ayağa durar.
Allah hər
bir kəsin bil, ürəyinə
Məhəbbət,
mərhəmət toxumu əkmiş.
Kimisi
baxmamış öz bəzəyinə,
Kimisi bəsləmiş,
hey zəhmət çəkmiş.
Baxımsız
toxumlar bir daşa dönüb,
İnsan
qəlbini də daşa döndərib.
Sevgi
ocağının alovu sönüb,
Keçən
bir ömrü də boşa döndərib.
Qoy nurla,
işıqla dolsun sevgimiz,
Öz dar
qəfəsində buza dönməsin.
Parlayan
bir Günəş olsun sevgimiz,
Daim
alovlansın, heç vaxt sönməsin.
Təkcə
var dövlətə olmasın sevgi,
Ulu
Yaradanı biz sevə bilək.
Daş
ürəkdə yorğun qalmasın sevgi,
Sevinər
hər arzu, gülər hər dilək.
Əhməd
Haqsevər.
AYB-nin
üzvü
İki
sahil.- 2025.- 7 oktyabr, ¹180.- S.8.