Azərbaycan şəhərsalma sahəsində
beynəlxalq əməkdaşlığın
mərkəzinə çevrilir
Son 22 ildə davamlı inkişaf və strateji təşəbbüslər
sayəsində Azərbaycan
bir sıra qlobal səviyyəli tədbirlərə ev sahibliyi etməklə siyasi, iqtisadi və mədəni mərkəzə çevrilib.
Şübhəsiz ki,
bunu təmin edən başlıca faktor dövlətimizin başçısı cənab
İlham Əliyevin iradəsi ilə həyata keçirilən
uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycanın yürütdüyü
balanslaşdırılmış siyasi xətt beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə
və dövlətimizə
qarşı etimadın
artmasına xidmət edir. Ölkəmizin uzun illərdir biri-birindən mötəbər
tədbirlər təşkil
etməsi Azərbaycanın
dünyada sülhə,
mədəniyyətlər və
sivilizasiyalararası dialoqa
verdiyi əhəmiyyətli
töhfələrin növbəti
təsdiqidir.
Bu baxımdan
şəhərsalma və
şəhər inkişafı
sahəsində strateji
əməkdaşlığın gücləndirilməsi məqsədilə
tədbirlər davam edir. Oktyabrın 15-dən Xankəndi şəhərində
III Milli Şəhərsalma
Forumu işə başlayıb. Tədbir Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi ilə Birləşmiş Millətlər
Təşkilatının Məskunlaşma
Proqramının (UN-Habitat)
tərəfdaşlığı çərçivəsində təşkil edilir. Forumda 60-dan çox ölkədən 400-ə yaxın
dövlət və özəl qurum nümayəndələri, beynəlxalq
təşkilatlar, akademik
institutlar və vətəndaş cəmiyyətinin
təmsilçiləri iştirak
edir. Üç gün davam edəcək Forum şəhərsalma
sahəsində aktual çağırışlar və
imkanları müzakirə
etmək üçün
yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayır. Tədbirdə münaqişə və təbii fəlakətlərdən
sonrakı dayanıqlı
bərpa prosesləri,
mənzil təminatı
və layiqli yaşayış məskənləri,
dayanıqlı və
sağlam şəhərlər,
ekoloji və enerji sahəsində effektiv təcrübələr,
rəqəmsallaşma və
innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və
Yeni Şəhər Gündəliyi, eləcə
də regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzular müzakirə ediləcək. Forum çərçivəsində
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında aparılan genişmiqyaslı
bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma
standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə
dövründə əldə
etdiyi nailiyyətlər
geniş təqdim olunacaq. Həmçinin müxtəlif ölkələrin
qabaqcıl təcrübələrinə
dair təqdimatlar iştirakçılara beynəlxalq
standartlarla tanış
olmaq imkanı yaradacaq. Eyni zamanda, şəhərsalma
üzrə tədqiqatlar
aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr sahədə
bilik mübadiləsini
daha da gücləndirəcək,
elmə əsaslanan dayanıqlı qərarların
qəbuluna imkan yaradacaq təkan verəcək və regional inkişaf strategiyalarının formalaşdırılmasına
töhfə verəcək.
Forum, həmçinin innovativ
yanaşmaların tətbiqi,
yerli və beynəlxalq tərəfdaşlıqların
möhkəmləndirilməsi, habelə şəhər planlaşdırması və
idarəetməsində ən
yaxşı təcrübələrin
paylaşılması üçün
geniş imkanlar yaradacaq. Qeyd etmək lazımdır ki, ilk Şəhərsalma
Forumu 2022-ci ildə Ağdamda, ardınca, 2023-cü ildə Zəngilanda keçirilib. Bu dəfə isə Qarabağın qədim və köklü şəhəri Xankəndidə
təşkil olunur. Forumun ilk iki
günü Xankəndidə,
daha sonra isə Bakıda keçiriləcək. III Azərbaycan
Milli Şəhərsalma
Forumunun Xankəndidə
keçirilməsi xüsusi
məna daşıyır.
Bu fikir Prezident İlham Əliyevin Forum iştirakçılarına
ünvanladığı müraciətdə
də yer alıb. Dövlətimizin
başçısı qeyd
edib ki, uzun illər işğal altında qalmış Xankəndi bu gün sülhün,
bərpanın və dirçəlişin rəmzidir:
“Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin
müasir, ağıllı
və innovativ şəhər konsepsiyasına
uyğun inkişafını
təmin edir”.
Şəhərsalma sahəsində ölkəmizin
əldə etdiyi uğurlar və beynəlxalq arenadakı nüfuzu fonunda, 2026-cı
ildə dünyanın
şəhərsalma sahəsində
ən nüfuzlu tədbirlərindən olan
Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyasının
Bakı şəhərində
keçirilməsi qərarı
Azərbaycanın beynəlxalq
urbanizasiya proseslərinə
verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək
etimadın göstəricisidir. Bununla bağlı III Azərbaycan
Milli Şəhərsalma
Forumunun iştirakçılarına
ünvanladığı müraciətdə
dövlətimizin başçısı
qeyd edib ki, bu mötəbər
tədbir Azərbaycanın
ümumdünya urbanizasiya
proseslərində rolunu
daha da gücləndirəcək,
regionun dayanıqlı
inkişafına və
qlobal urbanizasiya məqsədlərinə mühüm
töhfə verəcək.
BMT-nin Məskunlaşma
Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudiya Rossbax Xankəndi şəhərində
keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda
bildirib ki, bu gün təxminən
3 milyard insanın mənzil şəraiti əlverişsizdir, 1 milyarddan
çox insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində
yaşayır, 300 milyondan
çox insan isə evsizdir: “Mənzil ləyaqətin, imkanların və iqlim dayanıqlılığının
təməlidir. Məhz
bu səbəbdən
o, üzv dövlətlərin
bu il təsdiqlədiyi
UN-HABITAT-ın 2029–2034-cü illər üçün yeni strateji planının
təməl daşı
olub”. O qeyd edib ki, Bakıda
keçiriləcək WUF13 bu gün Azərbaycanda
müşahidə olunan
təkana əsaslanacaq:
"2023-cü ilin ortalarında
Bakıda ölkə ofisimizi açdığımız
vaxtdan bəri
UN-HABITAT kompleks şəhər
həllərinin tətbiqi
üçün milli
və yerli tərəfdaşlarla fəal
əməkdaşlıq edir.
UNEP və IOM ilə birgə həyata keçirilən 10 milyon
ABŞ dolları dəyərində
Uyğunlaşma Fondu layihəsi çərçivəsində
Xəzər sahili boyu iqlimə davamlı şəhər
və icmaların yaradılmasında Azərbaycana
dəstək veririk. Bu, Böyük Bakıda infrastrukturun ekoloji cəhətdən optimallaşdırılmasını, Neftçalada erkən xəbərdarlıq sistemlərinin
inkişafını və
Astarada yağış
sularının toplanması
vasitəsilə su təhlükəsizliyinin təmin
edilməsini əhatə
edir. Bütün təşəbbüslər yerli
icmaların iştirakına
və inklüziv layihələndirmə prinsiplərinə
əsaslanır. Bundan
əlavə, UN-HABITAT milli
prioritetlərə və
qlobal öhdəliklərə
uyğun olaraq şəhər dayanıqlılığı
üçün siyasi
və institusional çərçivələrin qurulmasına kömək edir".
Forumda Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev bildirib ki, “Bakı şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı”nın
əsas xüsusiyyətlərindən
biri çoxmərkəzli
inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin
bir mərkəzdə
cəmlənməsi əvəzinə,
Bakı şəhəri
boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi
formalaşdırılır. 2018-ci ildən Azərbaycan şəhərlərin Baş
planlarının hazırlanması
və mütəmadi yenilənməsi yolu ilə məkan inkişafına kompleks və uzunmüddətli yanaşma tətbiq edib: “Bu planların
əksəriyyəti artıq
tamamlanıb və yaxud icra mərhələsindədir,
beynəlxalq ekspertlərlə
əməkdaşlıq çərçivəsində
hazırlanaraq qlobal standartlara uyğunlaşdırılıb.
Bu gün Azərbaycan münaqişədənsonrakı
bərpa modelini fəxrlə təqdim edir. Bu model
dayanıqlılıq, ərazi
reinteqrasiyası və
insanyönümlü inkişaf
prinsiplərinə əsaslanır.
Qarabağ və Şərqi Zəngəzurdakı
şəhər və
kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə
texniki sənədlər
deyil - həyatların
yenidən qurulması
üçün yol xəritəsidir”.
Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə
və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi
Elçin Yusubov çıxış edərək
bildirib ki, bərpa edilən 19-dan çox yaşayış
məntəqəsində 22 mindən yuxarı əhalinin yaşayışı
təmin edilib. Onların 4 mindən çoxu məcburi köçkünlərdir. Hazırda
ən prioritet məsələnin məşğulluğun
təmin olunması ilə bağlı olduğunu diqqətə çatdıran xüsusi nümayəndənin sözlərinə
görə, ötən
müddətdə özəl
investorlar tərəfindən
regiona 65 milyon manat özəl investiya qoyulub, bunun hesabına 3 minə yaxın yeni iş yeri
yaradılıb. Xankəndidə
keçirilən Forum beynəlxalq
əməkdaşlıq, yaşıl
enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi
üçün mühüm
platformadır. Bu, Qarabağın gələcək
inkişafına yeni impuls verəcək.
Azərbaycanın şəhərsalma sahəsində
əldə etdiyi uğurlar və azad edilmiş ərazilərin bərpası
istiqamətindəki təcrübəsi
beynəlxalq səviyyədə
diqqət çəkir.
Bu kontekstdə Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri
Soltan Hacıyev III Azərbaycan Milli Şəhərsalma Forumunun
(NUFA3) kuluarlarında bildirib:
“Azad edilmiş ərazilərin bərpası
WUF13-də dünyaya örnək
olacaq. Hazırkı tədbir Azərbaycanın
BMT-nin Məskunlaşma
Proqramı (UN-HABITAT) ilə
uğurla inkişaf edən əməkdaşlığının
parlaq nümunəsidir.
Bu əməkdaşlıq
Azərbaycanın şəhərsalma,
xüsusilə azad edilmiş ərazilərin
bərpası və yenidən qurulması sahəsindəki qabaqcıl
təcrübəsinin təşviqi
üçün böyük
fürsət və mühüm platformadır.
Forum həmçinin bu
nailiyyətləri beynəlxalq
qonaqlara və ekspertlərə təqdim
etməyə imkan verir”. Onun sözlərinə
görə, bu tədbir həm də 2026-cı ilin mayında Bakıda keçiriləcək WUF13-ə hazırlıq mərhələsidir.
Ümumdünya Şəhərsalma
Forumu şəhərsalma,
memarlıq və planlaşdırma sahəsində
ən böyük və nüfuzlu tədbirdir. Forumda yüzdən çox ölkənin nümayəndələri
iştirak edir. Azərbaycan həmişə
olduğu kimi, bu tədbiri ən yüksək səviyyədə keçirəcək
və beynəlxalq nüfuzunu bir daha təsdiqləyəcək.
Bakıda müasir
texnologiyalar əsasında
aparılan tikinti və infrastruktur işləri, eyni zamanda azad edilmiş
ərazilərdə geniş
vüsət alan abadlıq-quruculuq prosesi şəhərsalma fəaliyyəti
ilə məşğul
olan beynəlxalq qurumlar üçün böyük əhəmiyyət
kəsb edir. Forumda dünyanın müxtəlif ölkələrindən
gələn mütəxəssislər
iştirak edir və şəhərsalma
istiqamətində yeni
konsepsiyalar müzakirə
olunur. Bu baxımdan tədbir həm beynəlxalq təcrübənin paylaşılması,
həm də Azərbaycan mütəxəssislərinin
bilik və bacarıqlarının təkmilləşdirilməsi
üçün mühüm
platforma rolunu oynayır. Eyni zamanda, bu Forum siyasi və diplomatik baxımdan da xüsusi əhəmiyyət daşıyır.
Bu mənada,13-cü Ümumdünya
Şəhərsalma Forumunun
13-cü sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi həm diplomatik uğur, həm də Azərbaycanın beynəlxalq
nüfuzunun daha da artmasının bariz göstəricisidir.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 22 oktyabr, ¹191.-
S.8.