Zəfərin, inkişafın və əbədi
suverenliyin rəmzi
25 oktyabr Qubadlı
şəhərinin işğaldan
azad edildiyi, azadlıq ruhunun və dövlətin gücünün təntənəsi
olaraq xalqın yaddaşına həkk olunduğu gün kimi tarixə yazıldı
Azərbaycanın müasir inkişaf salnaməsində elə məkanlar var ki, onların adı təkcə coğrafi anlayış deyil, həm də milli iradənin,
azadlığın və
yenidən doğuluşun
simvoludur. Qubadlı bu məkanlardan biridir. İşğalın
ağrı-acısını, viran qalan yurdların
nisgilini və nəhayət, qələbənin
qürurunu bir yaddaşda birləşdirən
Qubadlı bu gün müasir Azərbaycanın dirçəliş
fəlsəfəsinin canlı
təcəssümünə çevrilib.
Düşmənin illərlə dağıtdığı
torpaqlarda bu gün həyat yenidən canlanır, yollar, evlər, məktəblər və xəstəxanalar inşa olunur, kəndlərə nur, şəhərlərə
nəfəs qayıdır.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan Qubadlı artıq təkcə bir rayon deyil – o, azadlıqdan doğan inamın, ədalətin bərpasının və
dövlətin gücünün
parlaq simvoludur.
Həm də geosiyasi baxımdan strateji məkan
Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının
cənub-şərqində yerləşən Qubadlı
rayonu həm tarixi, həm strateji, həm də təbii imkanlarına görə ölkəmizin ən mühüm bölgələrindən
biridir. 802 kvadratkilometrlik
ərazisi ilə seçilən bu diyarın səthi əsasən dağlıq
olsa da, onun torpaqları, çayları
və təbiəti hər zaman kənd təsərrüfatı, heyvandarlıq
və sənaye üçün əlverişli
şərait yaradıb.
Qubadlı rayonunun qərbdən Ermənistanla,
şimaldan Laçınla,
şərqdən Cəbrayılla,
cənubdan isə Zəngilanla həmsərhəd
olması onu həm coğrafi, həm də geosiyasi baxımdan strateji məkana çevirib. Rayonun kəndlərinin əksəriyyəti
Həkəri və Bərgüşad çayları
boyunca salınıb və bu çaylar
tarix Qubadlının həyat damarları hesab olunub.
Rayonun torpaq fondu 79 min hektardan çoxdur. Ərazidə əsasən qəhvəyi
dağ-meşə torpaqları
yayılıb. “Yazı
düzü”, “Gəyən”
və “Məzrə” kimi düzənliklər uzun illər boyu bol məhsul
verən əkin sahələri kimi tanınıb. İşğala
qədər burada 15
min hektara yaxın əkin sahəsi, 850 hektar çoxillik bitkilər, 13 min hektardan çox meşə sahəsi mövcud idi. Təbii sərvətləri ilə
də zəngin olan Qubadlıda mərmərləşmiş əhəng
daşı, qum-gil, tuf, mişar daşı və hətta əqiq yataqları mövcuddur.
Qubadlıda kənd təsərrüfatı
və heyvandarlıq uzun illər boyu əhalinin əsas məşğuliyyəti
olub. “Gəyən” və “Yazı” düzlərində, Bərgüşad
və Həkəri çaylarının vadisində
yerləşən torpaqlarda
taxıl, üzüm,
tütün, bostan məhsulları becərilir,
tütünçülük isə rayon iqtisadiyyatının
aparıcı sahələrindən
biri kimi formalaşmışdı. Bu məhsuldar
torpaqlar, zəhmətsevər
əhali və inkişaf edən təsərrüfat rayonu Qarabağ bölgəsinin
iqtisadi mərkəzlərindən
birinə çevirmişdi.
İşğalın ağrı-acısı
və viran qalan yurdlar
Lakin
1988-ci ildən etibarən
Ermənistanın təcavüzkar
siyasəti Qubadlının
taleyinə ağır
zərbə vurdu.
1993-cü il avqustun 31-də rayon tam şəkildə işğal
olundu. Həmin dövrdə 120 kilometrlik Ermənistan sərhədi
boyunca yerləşən
bu bölgə həm Qarabağ, həm də Ermənistan istiqamətindən
hücumlara məruz qalırdı. İşğal
nəticəsində 30 minə
yaxın qubadlılı
məcburi köçkünə
çevrildi. 94 yaşayış
məntəqəsi, 7278 fərdi
ev, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət
müəssisəsi, 7 məscid,
16 körpü, yüzlərlə
təsərrüfat və
sənaye obyektləri
tamamilə dağıdıldı.
Ümumilikdə, Qubadlıda
650 kilometr avtomobil yolu, 4830 kilometr elektrik xətti, 150 kilometr magistral su xətləri və onlarla infrastruktur obyektləri yerlə-yeksan
edildi. Bu dağıntılar
təkcə maddi deyil, həm də mənəvi faciə idi.
İşğal dövründə Ermənistan
burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma həyata
keçirdi. Xaricdən
gətirilən ermənilər
üçün Qubadlının
Xanlıq kəndində
qəsəbə salındı.
Bu, Cenevrə Konvensiyalarının
açıq şəkildə
pozulması demək idi.
Ədalət və Qələbənin
günü
Ancaq tarix dönməzdir. Azərbaycan xalqının
iradəsi, dövlətin
gücü və ordunun qəhrəmanlığı
bu ədalətsizliyi aradan qaldırdı.
2020-ci il payızında başlanan
44 günlük Vətən
müharibəsi Qubadlı
torpaqlarının azadlığına
aparan yolun başlanğıcı oldu.
25 oktyabr tarixi həmin döyüşlərin
ən həlledici günlərindən biri kimi yadda qaldı. Şəhərin ətrafında
düşmən güclü
istehkamlar qurmuşdu, yüksəkliklərdə yerləşmiş
erməni hərbi birləşmələri Azərbaycan
Ordusunun hərəkətinə
mane olurdu. Lakin ordumuzun peşəkarlığı
və fədakarlığı
nəticəsində əvvəlcə
strateji yüksəkliklər,
ardınca Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad edildi. 25 oktyabr 2020-ci ilin Qubadlı şəhəri
işğaldan tam azad
olundu.
Bu qələbə Azərbaycan
Ordusunun qəhrəmanlığının,
xalqın birliyinin və Ali Baş Komandan İlham Əliyevin
müdrik rəhbərliyinin
parlaq nəticəsi idi. Noyabrın 9-dək davam edən əməliyyatlar nəticəsində
Qubadlı şəhəri
ilə yanaşı
41 kənd də azad edildi. Bu igidlik tarixdə əbədi yaşamaq üçün rəmzləşdi.
2020-ci il noyabrın 26-da təsis
edilən “Qubadlının
azad olunmasına görə” medalı bu qəhrəmanlığın
dövlət səviyyəsində
təcəssümü oldu.
15 mindən çox Azərbaycan əsgəri həmin medalla təltif edildi.
Zəfərdən sonra dövlətimizin
qarşısında yeni və
tarixi vəzifə dayandı – dağıdılmış
Qubadlını bərpa
etmək və ona yeni həyat bəxş etmək. Prezident İlham Əliyevin
31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə
25 oktyabr Qubadlı Şəhəri Günü
kimi təsis edildi.
Gələcəyin Qubadlısı:
Modern və yaşıl şəhər
Azadlıqdan sonrakı dövrdə
Qubadlı rayonunda geniş bərpa və yenidənqurma işləri başlanıb.
2021-ci ilin oktyabrında
“Qubadlı” yarımstansiyasının
açılışı ilə rayonun enerji təhlükəsizliyinin
bünövrəsi qoyuldu.
“Şükürbəyli” yarımstansiyasından
çəkilən 76 kilometrlik
110 kV-luq elektrik xətti həm Qubadlını ümumi enerji sisteminə bağladı, həm də bölgəyə yüksək ötürücülüklü
fiberoptik internet gətirdi.
Bərpa
prosesində Qubadlının
kəndlərinin yenidən
qurulması mühüm
mərhələlərdən biridir. Hazırda Mahruzlu və Zilanlı kəndlərində
genişmiqyaslı tikinti
işləri aparılır.
Mahruzlu kəndində
birinci mərhələdə
190 evin tikintisi, 836 nəfərin məskunlaşdırılması
nəzərdə tutulub.
Zilanlı kəndində
isə 159 evin inşası və ilkin mərhələdə
772 nəfərin yerləşdirilməsi
planlaşdırılıb. Gələcəkdə bu kənddə 630 ailə – yəni 2520 nəfərin yaşaması nəzərdə
tutulur.
Qubadlının inkişafı ilə bağlı mühüm infrastruktur layihələri
həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
əlaqəliliyini təmin
edən 28,5 kilometrlik Qubadlı–Eyvazlı avtomobil yolu artıq inşa olunmaqdadır. Bu yol həm iqtisadi
əlaqələri gücləndirəcək,
həm də yeni məskənlərin yaranmasına şərait
yaradacaq. 2023-cü il sentyabrın 5-də Prezident
İlham Əliyevin imzaladığı Sərəncama
əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və
tikintisinə 20 milyon manat ayrılıb. Bu yol gələcəkdə
Zəngəzur dəhlizinin
regional nəqliyyat sisteminə inteqrasiya baxımından da mühüm rol oynayacaq.
Eyni zamanda,
Qubadlı ərazisində
yaradılan “Qubadlı”
gömrük postu strateji və təhlükəsizlik baxımından
xüsusi əhəmiyyət
daşıyır. Bu postun fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə
qanunsuz daşınmaların
qarşısı alınır,
gömrük nəzarətinin
tam tətbiqi təmin edilir.
Bu gün
artıq Qubadlıda həyat yenidən canlanır. 2025-ci ilin sentyabrında təsdiqlənmiş
“Qubadlı şəhərinin
2040-cı ilədək Baş
planı” bölgənin
sosial-iqtisadi inkişafının
konkret istiqamətlərini
müəyyənləşdirir. Əgər işğala qədər rayonun elektrik enerjisinə tələbatı 12 MVt idisə, 2040-cı il üçün bu rəqəmin 38 MVt-dan artıq olacağı proqnozlaşdırılır. Bu
isə bölgədə
sənayeləşmənin, kənd təsərrüfatının
və turizmin genişlənəcəyindən xəbər verir.
Bu gün Qubadlı azadlığın və quruculuğun simvoludur. Burada təkcə evlər və yollar deyil, həm də həyat, ümid və gələcək bərpa olunur. Qubadlının hər daşında ədalətin bərpası, hər tikilisində dirçəlişin nəfəsi hiss olunur. Bu torpaq artıq dağıntıların deyil, zəfərin, inkişafın və əbədi suverenliyin rəmzidir. Azərbaycan xalqının iradəsi, dövlətin uzaqgörən siyasəti və ordunun qəhrəmanlığı sayəsində Qubadlı öz tarixi ləyaqətinə qovuşub – azad, qüdrətli və yenidən çiçəklənən bir yurd kimi.
Prezidentin Qubadlı səfərləri:
Dirçəliş
salnaməsinin parlaq səhifələri
Qubadlının azad olunmasından sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə etdiyi səfərlər bu torpağın dirçəliş
salnaməsinin əsas
səhifələrini təşkil
edir. Hər səfər Qubadlının
həyatına yeni nəfəs, yeni mərhələ gətirib.
2020-ci ilin 23 dekabrında
dövlət başçısının
Qubadlıda Azərbaycan
bayrağını ucaltdığı
an təkcə işğaldan azad olunmuş bir şəhərin deyil, həm də milli qürurun, suverenliyin və ədalətin bərpasının
təntənəsi idi.
Prezident İlham
Əliyevin Qubadlıya
səfərləri bir
konsepsiyanın tərkib
hissəsidir – azad olunmuş torpaqlarda həyatın təkcə
yenidən qurulması
deyil, müasir standartlara uyğun formalaşdırılması, dayanıqlı
inkişaf modelinin yaradılması məqsədini
daşıyır. Hər
təməlqoyma mərasimi,
hər açılış
və hər görüş Azərbaycanın
azad edilmiş ərazilərində həyata
keçirilən quruculuq
siyasətinin canlı
sübutudur. Bu gün Qubadlı artıq dirçəliş
dövrünü yaşayır.
O, təkcə Qarabağın
və Şərqi Zəngəzurun deyil, bütövlükdə Azərbaycanın
yeni inkişaf fəlsəfəsini – azadlıqdan
doğan güc, bərpadan yaranan həyat fəlsəfəsini
təcəssüm etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu torpaqlarda əsası qoyulan yeni Qubadlı
gələcəyin modern,
yaşıl, ağıllı
və dayanıqlı
şəhər modeli
kimi formalaşır. Bu inkişaf hekayəsi Azərbaycanın
əbədi suverenliyinin
və xalqın birliyinin sarsılmaz rəmzidir.
Nigar Orucova
İki sahil.- 2025.- 24 oktyabr, ¹193.- S.3.