Azərbaycan tarixinin yazılmasında
və tədrisində problemlər var
Tarix elmləri doktoru, professor, AMEA-nın
müxbir üzvü, eləcə də Naxçıvan
Dövlət Universitetinin müəllimi Vəli Baxşəliyev
Azərbaycan tarixinin yazılması və tədrisində olan
bugünkü çatışmazlıqlar və problemlərlə
bağlı “İki sahil”in suallarını
cavablandırıb.
-Vəli müəlllim, ötən əsrin
90-cı illərində Azərbaycan tarixinin yenidən
yazılması məsələsi gündəmə gəldi və
bu sahədə müəyyən addımlar da atıldı. Bəs
tədqiqatçılarımız tariximizi olduğu kimi ortaya qoya bildilərmi?
-XX əsrin 90-cı illərində Azərbaycan müqtəqilliyini qazandıqdan sonra Azərbaycan tarixinin milli konsepsiya baxımından yenidən yazılması tədqiqatçılarımızın qarşısında duran əsas məsələlərdən biri oldu. Azərbaycan ərazisində aparılan arxeoloji araşdırmalar və tarixçilərimizin tədqiqatları nəticəsində xeyli elmi yeniliklər əldə edilib. Bu yeniliklərin bir qismi Azərbaycan tarixinin yazılmasında istifadə olunsa da, tarixçilərimiz köhnə sovet konsepsiyasından tamamilə yaxa qurtara bilməyib. Azərbaycan tarixinin bir çox mühüm məsələləri, o cümlədən köçmə maldarlığın formalaşması, ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətin formalaşması ilə bağlı sovet tarixçilərinin irəli sürdüyü konsepsiyalar demək olar ki, təkrar edilib. Bunlar isə həm tariximizin yazılmasında, həm də tədrisində anlaşılmazlıqlar yaradıb. Ən başlıcası isə Azərbaycan tarixinə aid yeni yazılan həm ali məktəb, həm də orta məktəb dərsliklərində Araz çayından şimalda və cənubda yerləşən Azərbaycan torpaqlarınında yaşayan insanların sosial-iqtisadi baxımdan bir-birindən fərqlənməsinin, şimal bölgələrin geri qalmasının səbəbləri aydınlaşdırılmayıb.
-O zaman
bir az tarixə nəzər salaq. Hələ də
aydınlaşdırılmayan məsələlərdən nələri
vurğulamaq istərdiniz?
-Məsələn,
Azərbaycanda məskən salan qədim tayfaların
sosial-iqtisadi quruluşunda baş berən dəyişikliklərdən
biri də köçmə maldarlığın
yaranmasıdır. Azərbaycan
tarixşünaslığında köçmə
maldarlığın yaranması e. ə. IV-III minilliklərə
aid edilir. Yaxın Şərq ölkələrində isə
köçmə maldarlıq e. ə. VI minillikdən var idi.
Azərbaycanda da köçmə maldarlığın bu
dövrdə formalaşdığını demək olar.
Naxçıvanda dəniz səviyyəsindən 2400 m yüksəklikdə
yerləşən Neolit dövrünə aid Osmantəpə
yaşayış yeri bunu təsdiq edir. E. ə. VI minilliyin
sonu, V minilliyin əvvəlindən başlayaraq yüksək
dağlıq ərazilərdə salınan yaşayış
yerləri artmağa başlayır. Araşdırmalar göstərir
ki, istehsal təsərrüfatı formalaşdıqdan sonra bol
otlaqları və təbii sərvətləri əldə etmək
zərurəti köçmə maldarlığın
inkişafına təkan verib. Son illərin
araşdırmaları göstərir ki, e. ə. VI minillikdən
başlayaraq Şimali Mesopotamiya və Urmiya hövzəsində
yaşayan tayfalar Cənubi Qafqaz obsidianından intensiv şəkildə
istifadə etməyə başlayıblar. Araşdırmalara əsasən
deyə bilərik ki, Yaxın Şərqi Cənubi Qafqazla
bağlayan yolların biri Urmiya gölünün qərbindən
keçərək Naxçıvana, oradan isə
Göyçə və Zəngəzura doğru gedib. Dalmatəpə
mədəniyyətinə aid yaşayış yerlərinin dəniz
səviyyəsindən 1450-2000 m yüksəklikdə yerləşməsi
bu tayfaların köçmə maldarlıqla məşğul
olduğunu təsdiq edən faktlardan biridir.
Naxçıvanın şimalında, indiki Ermənistan ərazisində
Dalmatəpə mədəniyyətinə aid Godedzor
yaşayış yerinin dəniz səviyyəsindən 1800 m
yüksəklikdə yerləşməsi də bunu təsdiq
edir və bu proseslərin Azərbaycanı da əhatə
etdiyini göstərir. Son illər Naxçıvanda e. ə. V
minilliyin birinci yarısına aid Bülövqaya
yaşayış yerində aparılan arxeoloji tədqiqatlar bu
yaşayış yerinin köçmə maldarlıqla
bağlı olduğunu göstərib. Bülövqaya
yaşayış yerindən əldə edilən fauna
qalıqlarının araşdırılması və burada mədəni
təbəqənin az yığılması da bu
yaşayış yerində həyatın mövsümi
xarakterdə olduğunu təsdiq edib.
Köçmə
maldarlığın erkən formalaşması ilə
bağlı faktlar xarici ölkələrin elmi ədəbiyyatında
çoxdan mövcuddur. Azərbaycan
tarixşünaslığında bu məsələ ilə
bağlı tədqiqatlar olsa da, tariximizin yazılması
köhnə sovet konsepsiyasının təsiri ilə hələ
də yenilənməyib.
-Səhv
etmirəmsə, siz Azərbaycan ərazisində ibtidai icma cəmiyyətinin
dağılması ilə bağlı yazılanları da tam
dəstəkləmirsiniz?
-Yaxın
Şərq ölkələrində olduğu kimi, Azərbaycanda
da Neolit yaşayış yerlərinin heç birində
insanlar ümumi evlərdə yaşamırdılar. Neolit
yaşayış yerləri ailələrin
yaşadığı, bəzən ümumi həyəti olan
təsərrüfat kompleksi kimi xarakterizə olunur. Ailələrin
yaranması ibtidai icma quruluşunun dağılmasının
başlanğıcı hesab olunur. Bu dövrdə artıq ailələrə
məxsus mülkiyyət var idi. Bu, yalnız ailələrə
məxsus evlərin olması ilə deyil, həmçinin evlərin
içərisində təsərrüfat quyuların
olması ilə də təsdiq olunur.
2006-2013-cü
illərdə Şərur rayonunda yerləşən
Ovçulartəpə yaşyış yerində 2400 kv.m sahədə
tədiqat aparılıb. Tədqiqat zamanı evlərin qrup
halında yerləşdiyi, onların arasında isə bir
neçə yerdə təsərrüfat binalarının
olduğu müəyyənləşdirilib. Bu təsərrüfat
quyularının içərisində ərzaq məhsullarının
qalıqları aşkar olunub.Tədqiqat zamanı bəzi evlərin
içərisində təsərrüfat quyularının
olduğu, bəzi evlərin içərisində isə
döşəməyə basdırılmış iri həcmli
təsərrüfat küpələrinin olduğu təsbit
edilib. İnsanlar həm ailəyə məxsus, həm də
icmaya məxsus ehtiyyat ərzaqdan istifadə edirdilər. Bu
faktlar artıq kənd icmasının
formalaşdığını təsdiq edir. Ovçulartəpə
yaşayış yerinin e. ə. V minilliyin ikinci
yarısına aid olduğunu nəzərə alsaq, ibtidai icma
quruluşunun Azərbaycanın şimal bölgələrində
daha erkən dağıldığını deyə bilərik.
Bundan
başqa, Azərbaycan tarixşünaslığında şəhərlərin
və şəhər dövlətlərin varlığı
ilk dəfə XX əsrin 70-80-ci illərində Vəli
Əliyev tərəfindən irəli sürülüb.
Sonrakı illərdə bu fikirlərin doğru olduğunu
Naxçıvanda və Qarabağda şəhər tipli
yaşayış yerlərinin aşkar olunması təsdiq edib. V.Əliyevin
Naxçıvanda II Kültəpə yaşayış yerində
apardığı araşdırmalar bu yaşayış
yerinin e. ə. III minilliyin sonu və II minilliyin
başlanğıcında ətrafı müdafiə
divarları ilə əhatə olunmuş yaşayış
yeri olduğunu təsdiq edib. Bu fikirlər, həmçinin II
Kültəpədə şəhər mədəniyyəti
üçün xarakterik olan daş döşənmiş
küçələr, sənətkarlıq məhəllələrinin
və çirkab sularının çıxarılması
üçün xüsusi kanalların aşkar olunması ilə
də doğrulanıb. Vəli Əliyevin
araşdırmaları zamanı Şahtaxtı və
Qızılburunda da şəhər tipli yaşayış
yerlərinin mövcud olduğu müəyyən edilib.
Ümumiyyətlə,
Orta Tunc dövrü yaşayış yerlərinin mərkəzi
hissəsində ətrafı müdafiə divarları ilə
əhatə olunmuş sitadellərin aşkar olunması
artıq sosial təbəqələşmənin mövcud
olduğunu göstərirdi. Naxçıvan ərazisində
Orta Tunc dövrünə aid çox sayda qala tipli
yaşayış yerlərinin aşkar olunması da bu
dövrdə bu işlə məşğul olan müəyyən
qurumların olduğunu göstərir. Belə bir təşkilati
dəstək olmadan II Kültəpə, Şahtaxtı,
Çalxanqala, Qızqala, Qurddağ, Göynük və digər
qalaların müdafiə divarlarını inşa etmək
mümkün deyildi. Digər tərəftən, bu tip ətrafı
müdafiə divarları ilə əhatə olunmuş
yaşayış yerləri ibtidai icma üçün
xarakterik hesab edilə bilməzdi.
Araz
çayının cənubunda və şimalında fərqli
ictimai quruluşun olması ilə bağlı faktlar mövcud
deyil
-Vəli
müəllim, Araz çayının cənubunda və
şimalında fərqli ictimai quruluşun olduğunu göstərən
konkret faktlar varmı?
-Məlum
olduğu kimi, Yaxın Şərq ölkələrində
ibtididai icma quruluşunun dağılması, sinifli cəmiyyətin
və dövlətlərin yaranması daha erkən baş
verib. Arxeoloji araşdırmalar Cənubi Qafqazın, o cümlədən
Azərbaycanın qədim dövrlərdən başlayaraq
Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni
əlaqələr saxladığını təsdiq edir.
Naxçıvanda I Kültəpə, Tovuz rayonunda Göytəpə,
Mil və Muğan abidələrindəki tapıntılar bu əlaqələrin
e. ə. VII-VI minilliklərdən mövcud olduğunu göstərir.
Son ilər aparılan araşdırmalar bu əlaqələrin
e. ə. VI miilliyin sonu və V minilliyin əvvəlində daha
da sürətləndiyini ortaya çıxarır. Bu dövrdə biz Azərbaycanın
şimal bölgələrində, Naxçıvan, Qarabağ
və Muğanda Ubeyd mədəniyyətinin, həmçinin
Dalmatəpə mədəniyyətinin yayılmasının
şahidi oluruq. Əgər Azərbaycanın şimalında və
və cənubunda eyni mədəniyyətlər var idisə, nə
üçün onların ictimai quruluşu fərqli idi?
Ümumiyyətlə, Araz çayının cənubunda və
şimalında fərqli ictimai quruluşun olması hansı
faktlara əsaslanır? Tarixi və arxeoloji faktlar belə fərqlərin
olduğunu inkar edir.
-Bu
cür təzadlı fikirlər dərsliklərdə öz əksini
tapır. Sizcə, bütün bunlar hansı problemlərə
yol açır?
-Tarixçilərimizin
bir qrupu XX əsrdə Azərbaycan arxeologiyasının əldə
etdiyi nailiyyətlərə əsaslanaraq Orta Tunc
dövründə, e. ə. III-II minilliklərdə şəhər
dövlətlərin mövcud olduğunu qeyd ediblər. Bu
fikirlər həm ali məktəb dərsliklərində, həm
də orta məktəb dərsliklərində əks olunub.
Tarixçilərimiz yazırlar ki, e. ə. II minilliyin sonunda
ibtidai icma quruluçunun dağılması və sinifli cəmiyyətə
keçid sürətlənirdi, ondan bir qədər
aşağıda isə yazılır ki, e. ə. III minillkdə
Azərbaycanın cənubunda ilk dövlət qurumları
yaranmışdı. Bu fikirlər eynilə 7 cildlik Azərbaycan
tarixinin birinci cildində də təkrar olunur. Belə
çıxır ki, Azərbaycanın cənubunda və
şimalında sinifli cəmiyyət fərqli dövrlərdə
yaranmışdı. Əgər belədirsə, o zaman yəqin
ki, bu fikir köhnə sovet konsepsiyasına əsaslanır.
Çünki arxeoloqlarımızın apardığı
araşdırmalar göstərir
ki, sosial-iqtisadi baxımdan Azərbaycanın şimalı ilə
cənubu arasında heç bir fərq olmayıb.
Qeyd
etdiyim kimi, Dalmatəpə mədəniyyəti e.ə. V
minillikdə Azərbaycanın şimalında və cənubunda
yayılmışdı. İlk Tunc dövrünə aid
Kür-Araz mədəniyyəti Azərbaycanın həm
şimalını, həm də cənubunu əhatə
etmişdi. Orta Tunc dövründə isə boyalı qablar mədəniyyəti
həm Urmiya hövzəsini, həm də Azərbaycanın
şimalını əhatə edirdi. Başqa bir məsələ
isə şəhərlərin yaranması idi. Tədqqatlar
göstərir ki, e. ə. III minilliyin ikinci yarısı və
sonunda Naxçıvanda və Qarabağda şəhər
tipli yaşayış yerləri yaranıb. Şəhərlərin
yaranması Azərbaycanın şimal bölgələrinin cənub
bölgələrindən geri qalmadığını təsdiq
edir. Çünki bu dövrdə Azərbaycanın cənubunda
şəhər dövlətlərin olması ilə
bağlı yazılı mənbələrin məlumatları
var. Yenə də sual yaranır. İbtidai icma quruluşunda
şəhərlər ola bilərdimi? Əlbəttə ki,
yox. Şəhərlər var idisə, demək ki, ibtidai icma
quruluşu çoxdan dağılmışdı. Şəhərlərin
yaranması isə yuxarıda qeyd etdiyimiz kimi, arxeoloji faktlarla
təsdiq olunub.
Azərbaycan
ərazisində ən qədim dövlət isə Manna deyil,
Aratta dövləti olub
-Təzadlı
yanaşmalardan biri də dövlət qurumları ilə
bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
-Tarixçilərimiz
tərəfindən fərqli yozulan məsələlərdən
biri də dövlət qurumları məsələsidir. Yenə
də tarixçilərimiz Azərbaycan tarix elminin nailiyyətlərinə
əsaslanaraq e. ə. IV minilliyin sonu-III minilliyin əvvəlində
Azərbaycanın cənubunda sinifli cəmiyyətin
yarandığını, Aratta, Kuti və Lullubi dövlətlərinin
yaranmasından bəhs ediblər. Lakin bir qədər sonra qeyd
edilir ki, Qədim Azərbaycan tayfaları eramızdan əvvəl
II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət
qurumlarının meydana gəlməsi ərəfəsində
idi. Yaxud yazılır ki, Manna dövləti yarananadək
Urmiya gölü zonasındakı ərazilərdə
yaşayan tayfalar ibtidai-icma quruluşu şəraitində
yaşayırdılar. Bəs
Aratta, Kuti, Lullubi dövlətləri Urmiya hövzəsində
və Cənubi Azərbaycanda deyildimi? Ona görə də məsələnin
belə qoyuluşu düzgün deyil. Çünki
tarixçilərin özlərinin də qeyd etdiyi kimi, Assur
qaynaqlarında Manna dövləti yaranana qədər müxtəlif
çarlıqların olduğu qeyd edilib. Manna dövləti
yalnız mərkəzləşmiş dövlət idi. Orta məktəb
dərsliklərində isə Mannanın Azərbaycan ərazisində
ilk dövlət olduğu qeyd edilir. Bəzi tarixçi alimlərimizin
Aratta, Kuti və Lullubi dövlətlərini dövlət
deyil, dövlət qurumu olduğunu qeyd etmələri də
maraqlıdır. Bunlar yanlış yanaşmadır.
Çünki e. ə. III minillikdə Azərbaycanın həm
şimalında, həm də cənubunda şəhərlər
və şəhər dövlətlər var idisə, Azərbaycanda
sinifli cəmiyyətin mövcudluğu və dövlətin
yaranması da bu dövrə aid edilməlidir. Arxeoloji mədəniyyətlərin
tədqiqi isə Azərbaycanın şimalı ilə cənubu
arasında sosial-iqtisadi və mədəni baxımdan heç
bir fərq olmadığını təsdiq edir.
Ümumiyyətlə,
arxeoloji tədqiqatlar göstərir ki, e. ə. VI minilliyin
sonlarından başlayaraq Azərbaycanda Araz çayından
şimalda və cənubda yaşayan insanlar vahid mədəniyyətə
sahib olublar. Dalmatəpə mədəniyyəti, Kür-Araz mədəniyyəti,
Orta Tunc dövrünün Boyalı qablar mədəniyyəti,
Xocalı-Gədəbəy mədəniyyəti Arazın həm
şimalında, həm də cənubunda yayılıb. Bu mədəniyyətlərin
yayılmasında Azərbaycan torpaqlarının təbii sərvətləri,
yaylaq və qışlaq maldarlığı üçün
əlverişli olması şərait yaradıb.
Araşdırmalarımız mədəniyyətlərin
yayılmasında köçmə maldarlığın
mühüm rol oynadığını göstərir. Ölkəmizin
ərazisində, dəniz səviyyəsindən 1400-2400 m
yüksəklikdə yerləşən mövsümi
yaşayış yerləri e. ə. VI-V minilliklərdə
köçmə maldarlığın geniş inkişaf
etdiyini göstərir. Şübhəsiz ki, eyni mədəniyyəti
paylaşan tayfalar fərqli ictimai quruluşda yaşaya bilməzdilər.
Digər tərəfdən, hələ XX əsrin 70-80-ci illərində
aparılan arxeoloji tədqi tədqiqatlar Azərbaycanın
Arazdan şimalda yerləşən torpaqlarında, xüsusilə
Naxçıvan və Qarabağda, e. ə. III-II minilliklərdə
şəhərlərin yarandığını sübut edir.
Naxçıvanda aparılan arxeoloji araşdırmalar isə
ölkəmizin bu bölgəsində e. ə. III-II minilliklərdə
Qızqala, Göynükqala, Çalxanqala, Qurddağ, Bəzəkli
və digər qala tipli yaşayış yerlərinin
mövcud olduğunu göstərir. Belə hesab edirik ki, şəhərlərin
və müdafiə tikintilərinin olduğu bir bölgədə
ibtidai icmadan danışmaq elmi baxımdan düzgün deyil.
Buna görə də Azərbaycanın şimalında sinifli
cəmiyyətin yaranması e. ə. III-II minilliklərdən,
dövlətlərin yaranması da elə bu dövrdən
götürülməlidir. Azərbaycan ərazisində ən
qədim dövlət isə Manna deyil, Aratta dövləti
olub.
-Vəli
müəllim, bu problemlərin öz həllini tapması
üçün hansı addımlar atılmalıdır?
Tarix dərsliklərimiz yenidən yazılmalıdır?
-Əlbəttə,
qüsurlar düzəldilməli, dərsliklərimiz yenilənməlidir.
Mən qədim dövrü tədqiq etdiyim üçün
yalnız o dövrlə bağlı qüsurlarları söylədim.
Ancaq həmkarlarımdan eşitdiklərim digər dövrlərdə
də qüsurlar olduğunu göstərir. Dərsliklər
mütləqləq mütəxəssislərlə müzakirə
olunmalıdır. Əslində mən bu qüsurları
müəlliflərə və əlaqədar təşkilatlara
çoxdan demişəm. Hər bir işdə qüsur ola bilər.
Ancaq niyə düzəliş olmur, bilmirəm. Elə bilirəm
ki, alimlərimiz və müəllimlərimiz mühafizəkarlıqdan
imtina etməyi, yeniliyi qəbul etməyi bacarmalıdırlar.
Digər
bir təklifim də orta məktəbin tarix dərsliklərində
tarixlərin konkretləşdirilməsi və hadisələrin
bir qədər yığcamlaşdırılmasıdır. Yəni
ki, bir paraqrafda ən çox üç əsas tarix ola bilər.
Xüsusilə də 6-7-ci siniflərin dərsliklərində.
Faktların və xronologiyanın yığınından azad
olmaq və şagirdlərimizə mükəmməl bilik verən
dərsliklərin yazılmasının vaxtı çoxdan
çatıb.
-
Maraqlı müsahibə üçün təşəkkür
edirik.
Aygün
İbrahimli
İki
sahil.-
2025.- 29 oktyabr, ¹196.- S.6.