Hələbdəki qərib
məzar…
İnsan anadan olduğu torpağın
övladıdır, öldüyü yox
Böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin Suriyadakı məzarı Azərbaycana
gətirilə bilər.
Xəbər verilir ki, Azərbaycan dövləti
Nəsiminin məzarının ölkəyə
köçürülməsində maraqlıdır. Bu,
müstəqil ölkəmizin ədəbi ictimaiyyətinin,
şair və yazıçılarının, ədəbiyyatşünasların
çoxdankı arzusudur.
Belə ki, deyilənlərə görə
artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin
danışıqlar aparılıb, Suriya hökumətinə
məlumat verilib.
Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı
Suriya Ərəb Respublikasının Hələb şəhərindədir.
Neçə illər hərbi münaqişənin davam etdiyi
bu şəhərdə Nəsiminin də məzarı
dağıntılara məruz qalıb, ruhu incidilib. Həyatı
narahat keçən böyük şairin ruhunun əziyyət
çəkməsini qəbul etməyən Azərbaycan
ictimaiyyəti nəhayət, onun cənazəsinin
qalıqlarının anadan
olduğu dogma Vətəninə gətirilməsini səbirsizliklə
gözləyir. Nəsimi Yaxın Şərqin ən
böyük şairlərindən biri idi. Dövründə
ona bərabər şair yox idi desək, səhv olmaz. Ərəb,
fars və türk dillərində gözəl qəzəllər
və rübailər yazırdı. Hətta düşmənləri
belə onun şeirlərindən feyziyab olurdular.
Xatırladaq ki, Nəsiminin türk
divanının 1926-cı il Bakı kütləvi nəşri
təkcə şairə münasibətdə yox,
bütünlükdə türkdilli hürufi mətnlərinin
yenidən elmi dövriyyəyə
çıxarılmasında tarixi rol oynadı. Nəsimi
divanının görkəmli ədəbiyyatşünas
Salman Mümtaz tərəfindən nəşrindən əvvəlki
daş basımı 1844-cü ildə İstanbulda
buraxılmışdı. Aradan 80 ildən çox vaxt
keçmişdi. Ən mühümü o idi ki, Nəsimi irsi
onun vətənində zirvə şairlərindən biri kimi
bərpa edildi. Məhz Bakıda şairin hürufi əqidəsi
onun sevilməsinə və qiymətləndirilməsinə
mane olmadı. Hürufilik isə bu gün Azərbaycan alimləri
tərəfindən xalqımızın dini-fəlsəfi
irsinin qiymətli hissəsi kimi araşdırılır.
Vurğulamaq lazımdır ki, 1973-cü ildə
o zaman Azərbaycanın rəhbəri olan Ümummilli Liderimiz
Heydər Əliyev Nəsiminin yubileyinin qeyd edilməsi barədə
xüsusi qərar verdi və çox sevdiyi şair
üçün Azərbaycan tarixində və ədəbiyyatında görunməmiş bir yubiley təşkil
etdi. Ulu Öndər əvvəlcə Suriyaya gedərək
görkəmli şairin məzarının
abadlaşdırılmasını təşkil etdi və sonra
abidəni ziyarət etdi. Həmin il şairin 600 illiyi UNESKO xətti
ilə dünyada qeyd edilirdi. Bu yubiley münasibətilə nəsimişünaslığı
yeni mərhələyə çıxaran elmi və təbliği
işlər görüldü. İlk dəfə olaraq
şairin dünya kitabxanalarında saxlanan bütün anadilli
şeirləri üç cilddə çap edildi. Şairin
dilinin lüğəti buraxıldı, adı rayonda və
AMEA-nın Dilçilik İnstitutunda əbədiləşdirildi,
nəşrlərinə geniş elmi şərhlər
yazıldı, haqqında bədii film çəkildi, paytaxtda
heykəli ucaldıldı. İlk dəfə idi ki, yubiley tədbirlərinə
xərclənən vəsaitə heç bir məhdudiyyət
yox idi. Çünki əhəmiyyətlisi pul deyil,
görülən işlər əsas sayılırdı.
Bakı yenidən nəsimişünaslığın mərkəzinə
çevrildi. Biz Nəsimini milli tarixi və bədii irsimizin
misilsiz nailiyyəti kimi yenidən dərk etdik. Nəticədə
Türkiyə və İranda da Nəsimi irsinə maraq
artdı, yeni elmi kitablar və nəşrlər meydana gəlməyə
başladı. Azərbaycanda
Salman Mümtazın davamçıları olan Həmid
Araslı, Zümrüd Quluzadə, Cahangir Qəhrəmanov,
Rüstəm Əliyev, Məmmədəli Əsgərov,
Əliyar Səfərli, Qəzənfər Paşayev və digər
nəsimişünaslar yetişdi, ədəbi və elmi
fikrimizi zənginləşdirdi.
Ədəbiyyatımızı və dilimizi sevənlər,
elmi ictimaiyyət, söz və sənət adamları Azərbaycan
Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında Prezidentin 11 yanvar tarixli sərəncamını
razılıqla qarşıladılar. Bu, müstəqil
dövlət quruculuğunun ən fundamental istiqamətlərindən
biridir. 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında
Nəsiminin vəfatının 600 illiyi qeyd edilib.
2018-ci ilin sentyabr ayında ölkəmizdə
ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat
festivalı keçirilib. Əlamətdar hadisənin layiqincə
qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr
tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər
planının hazırlanıb həyata keçirilməsi
tapşırılıb.
Bəs şairin Suriyaya getməsinin və orada
yaşamasının səbəbi nə ilə bağlı
idi? Nəsimi yaşadığı dövrdə sufi şairi
olduğuna görə Teymurilərin və mühafizəkar
dini hakimiyyətin təqib və təzyiqlərinə məruz
qoyulub. Hürufilik təliminə görə Allah insanın
surətində təcəlli edir. Bunu yaydığına,
”Ənəlhəqq”, yəni “Allah mənəm” dediyinə
görə o, kafir elan olunub və tutulduğu yerdə
öldürülməsinə fitva verilib.
Nəsimi mürşüdü şeyx Fəzlullah
Nəiminin qızı ilə ailə qurub. Din şairin haqqında ölüm
hökmü çıxardıqdan sonra o, labüd
ölümdən yaxa qurtarmaq üçün Suriyaya gedib. Bir
müddət Türkiyədə və İraqda dərviş
kimi gizli həyat keçirib. Buna baxmayaraq, el arasında
yayılan şeirləri sevilərək dillər əzbəri
olub. Ölümü barədə müxtəlif versiyalar irəli
sürülüb. Lakin bu qətl haqqında əsl həqiqət
tarixin dərin qatlarında qalıb.
Vəli İlyasov
İki sahil.- 2025.- 2 sentyabr, ¹155.- S.7.