Səhnəyə həsr olunan şərəfli ömür
İftixar Piriyev-65
Ziyalılıq, sənətkarlıq və
cəmiyyətə xidmət
kimi ali dəyərləri öz ömür yoluna çevirmiş insanlar vardır ki, onların həyatı bir məktəb, fəaliyyəti isə nümunədir. Belə şəxsiyyətlərdən biri də Azərbaycan
teatr sənətinin tanınmış simalarından
olan İftixar Piriyevdir. Bu gün İftixar müəllim 65 illik ömür yoluna nəzər salır. Yarım əsrdən artıq bir zaman kəsiyində onun keçdiyi sənət yolu, rəhbərlik etdiyi kollektivlər, səhnəyə
verdiyi töhfələr
həm sənətsevərlərə,
həm də gənc nəslə nümunədir. 65 yaşı
tamam olan İftixar Piriyevlə bu müsahibədə sənətkarın zəngin
yaradıcılıq yoluna,
eyni zamanda, həyat fəlsəfəsinə
işıq salmağa
çalışdıq.
-İftixar müəllim, 65 illik zəngin ömür və yaradıcılıq
yolunu geriyə dönüb nəzərdən
keçirərkən, sizi
ən çox qürurlandıran hansı
uğurlar və dəyərlərdir? Həyatınızda
və sənət fəaliyyətinizdə hansı
anlar və nailiyyətlər sizin üçün xüsusi
əhəmiyyət kəsb
edir?
-65 illik ömür
yoluma dönüb baxanda məni ən çox qürurlandıran odur ki, bu illəri
mən sənətə,
teatra, insanlara xidmətə həsr etmişəm. Gənc yaşlarımdan səhnəyə
bağlanmışam, bu
bağ bu gün də qopmayıb. Həyatım boyu vicdanla, məsuliyyətlə çalışmışam
ki, həm tamaşaçının, həm
də sənət dostlarımın etimadını
doğruldum. Səhnədə
qazandığım hər
bir uğur, rəhbəri olduğum kollektivlərin əldə
etdiyi nailiyyətlər
mənim üçün
qürur mənbəyidir.
Ən böyük sevincim isə odur ki, yetişdirdiyimiz
gənclər bu gün də sənətə sədaqətlə
xidmət edir və teatrımızın
gələcəyinə inam
bəxş edirlər.
Düzünü desəm,
bu yaş həm bir hesabat
dövrüdür, həm
də yeni başlanğıcların təməlidir.
65 il az müddət deyil, keçilən yol, çəkilən zəhmət,
görülən işlər
insanı düşündürür,
geriyə baxıb nəticə çıxarmağa
vadar edir. Amma mən bu
yaşı təkcə
keçmişin hesabatı
kimi yox, həm də gələcəyə inamla
baxmaq kimi dəyərləndirirəm.
Bəli, bu
gün geriyə dönüb baxanda görürəm ki, zaman necə də sürətlə keçib. Mən sənətə
və səhnəyə
könül verən bir ömür yaşamışam. 1960-cı ildə
Gürcüstanın Qaraçöp
mahalında dünyaya
gəlmişəm. 1977-ci ildə
orta məktəbi bitirdikdən sonra Mədəniyyət və
İncəsənət Universitetinin
dram və kino aktyorluğu fakültəsinə daxil oldum. Ali
təhsilimi başa vurduqdan sonra yolum Akademik Milli Dram Teatrına düşdü.
Bu teatr mənim sənət məktəbim
oldu. Edqar, Əlibəy, Niftalı, Vəliqulu, Bayandur kimi fərqli obrazlarda çıxış
edərək səhnədə
püxtələşdim. Eyni
zamanda, kinoda və televiziya tamaşalarında da bir çox rollar ifa etdim. “Ozan” folklor toplusunda aparıcı oldum, ədəbi-bədii verilişlərdə
çıxış etdim.
1998-ci ildə Azərbaycan
Mədəniyyət Nazirliyinin
qərarı ilə iki il müddətinə Gürcüstan Respublikasına
ezam olundum. Məqsəd Tbilisi Azərbaycan
Dövlət Dram Teatrının
bərpası idi. Bu teatr bizim mədəniyyət
tariximiz üçün
xüsusi əhəmiyyət
daşıyırdı. Gürcüstan
Mədəniyyət Nazirliyinin
əmri ilə teatrın bərpası üzrə rəhbər təyin olundum və həmin illərdə bu məsuliyyətli işi sevə-sevə, böyük
bir məsuliyyətlə
yerinə yetirdim. Bu dövr də mənim sənət yolumda çox dəyərli və unudulmaz mərhələlərdən
biri oldu.1990-cı ildə
isə Azərbaycan
Milli “Dastan” Teatrını yaratdım
və onun direktoru və bədii rəhbəri kimi çalışdım.
Hazırda isə İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
direktoruyam. Bütün
bu illər boyu məqsədim Azərbaycan teatrına, mədəniyyətinə xidmət
etmək olub. Hesab edirəm ki, hələ həyata, sənətə verəcəyim
çox şey var. Hər yaşın öz gözəlliyi olur. Bu yaşda insan daha təmkinli
olur, daha müdrik qərarlar verir. Bu da gələcək
planların daha sağlam əsaslarla qurulmasına imkan yaradır.
- İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
direktoru olaraq bu sənət ocağının inkişafı
və milli irsimizin yaşadılması istiqamətində
hansı əsas prioritetlər üzərində
çalışırsınız?
- Bu teatr yalnız bir səhnə deyil, həm də bir yaddaş,
tarix, milli kimliyimizin simvoludur. Mənim üçün İrəvan
teatrı təkcə
rəhbərlik etdiyim
bir qurum yox, həm də
taleyimin bir parçasıdır. O çətin
illərdə çox
çətin məskunlaşma
şərtləri altında
belə, kollektiv ruhunu itirmədi. Səhnəmiz istilik sistemi belə olmayan, şəraitsiz otaqlarda qurulurdu. Amma biz bu şəraitdə belə, mədəniyyətə,
sənətə xidmət
etməyə davam etdik. 2000-ci ildən etibarən, teatrda yeni mərhələyə
keçid baş verdi. Tarixi missiyasını
davam etdirmək üçün, teatrın
yaradıcılıq xəttini
yenidən bərpa etdik. Bu prosesdə görkəmli teatr xadimlərini kollektivə cəlb etdim, yeni nəsil aktyorlarla birlikdə klassik və müasir mövzularda müxtəlif
səpkili tamaşalar
hazırladıq. Bu teatr
mənim üçün
yalnız bir sənət evi deyil, həm də milli-mənəvi irsimizin qorunduğu bir qaladır.
-İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
məskunlaşdığı məkanın çətinlikləri
fonunda siz yaradıcı fəaliyyəti
necə davam etdirə bildiniz və bu əzm
teatrın 125 illik yubileyinə necə yol açdı?
-Doğrusu, şərait çox ağır idi. Teatrın yerləşdiyi məkan nə texniki, nə də məişət baxımından
qənaətbəxş deyildi.
Amma biz bu çətinlikləri
bəhanə etmədik.
Dinamik və prinsipial fəaliyyət yolunu seçdik, keyfiyyətli tamaşalar ərsəyə gətirdik.
Qastrol səfərlərində,
xüsusilə də respublika miqyasında göstərdiyimiz səhnə
əsərləri ilə
sübut etdik ki, bu sənət ocağı yaşayır
və yaşamaqla kifayətlənməyib, sənət
baxımından sözünü
deyir. Nəticədə,
Prezidentin Sərəncamı
ilə 2007-ci ildə teatrımızın 125 illik
yubileyinin yüksək
səviyyədə qeyd
olunması bizim əzmimizin, fədakarlığımızın
və sənətə
sədaqətimizin bəhrəsi
oldu. Bu, həm kollektivimiz üçün
böyük qürur idi, həm də
dövlətin bu sahəyə verdiyi önəmin təzahürü
idi.
-İftixar müəllim, rəhbərlik etdiyiniz İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
repertuarında Ulu Öndər
Heydər Əliyev obrazı xüsusi yer tutur. Bu obrazın
yaradılmasının sizin
sənət yolunuzda hansı mənəvi məsuliyyət
yükü var?
-Bu bir amal, bir
vəfa borcudur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətçiliyimizin
xilaskarı və memarıdır. Onun həyat və fəaliyyət yolunun, xalqımıza bəxş
etdiyi qurtuluşun bədii obraz kimi səhnədə yaşadılması mənim
üçün həm
böyük şərəf,
həm də məsuliyyətdir. İlk dəfə
2009-cu ildə “Xilaskar”
tamaşasında Ulu Öndərin
bədii obrazını
yaratdım. O gündən
bu günə qədər də “Qurtuluş dastanı”, “Qurtuluş”, “İşıqlı,
nurlu sabah”, “Qalx ayağa, Azərbaycan!”, Hidayətin
“Burdan min atlı keçdi” kimi tamaşalarda bu obrazı səhnəyə
daşımaq mənim
yaradıcılıq taleyimin
bir hissəsinə çevrilib. Tamaşaçının
hər dəfə bu obrazı ayaqüstə alqışlaması
onu göstərir ki, Ümummilli Lider Heydər Əliyev yalnız siyasətdə deyil, həm də milli mədəniyyətimizin
bədii yaddaşında
əbədi yaşayır.
-Ulu Öndər Heydər Əliyevlə bağlı
xatirələriniz çox
zəngindir. Gürcüstanın
sabiq Prezidenti Eduard Şevardnadze ilə bağlı yaşadığınız
xüsusi məqamdan
"Pələng dərisi
geymiş pəhləvan"
əsərindən səsləndirdiyiniz
bəndlərin doğurduğu
təəssüratdan danışa
bilərsinizmi?
-Bəli, bu mənim
həyatımda və
yaradıcılıq yolumda
unudulmaz bir hadisədir. Eduard Şevardnadze
2000-ci ilin payızında
Ulu Öndər Heydər
Əliyevin dəvəti
ilə Bakıya gəlmişdi. Ümummilli
Lider onun şərəfinə qapalı
bir ziyafət təşkil etdirmişdi.
Həmin dövrdə
mən Tibilisi teatrında işimi başa vurmuş, yenicə İrəvan Teatrına direktor təyin olunmuşdum. Əvvəlcədən planlaşdırılmış
ziyafətdə gözlənilmədən
dəyişiklik edildi.
Polad Bülbüloğlunun
yadına düşür
ki, Tibilisidən dönərkən
onunla görüşümüz
zamanı demişdim:
“Tibilisidə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini
gürcü dilində
mənimsəmişəm. Bu faktı dərhal Ulu Öndər Heydər Əliyevə çatdırır
və O da Eduard Şevardnadze
üçün xoş
sürpriz olması məqsədilə həmin
məclisdə çıxış
etməyimi tapşırır.
Ziyafətdə hər
iki dildə səsləndirdiyim şeirdən
parçalar Eduard Şevardnadzeni
sözün əsl mənasında heyrətə
gətirdi. Hələ
də gözlərim önündən getmir. Dostluğa həsr olunmuş gürcü dilində ilk bəndi söylədiyim anda Şevardnadze ağzına
apardığı tikəni
havada saxladı. Gözlənilməzlik onu
dərin təsirləndirmişdi.
Ulu Öndər isə
bu mənzərəni
böyük zövqlə
izləyir, dostunun sevincinə sevinirdi. Ziyafətin sonunda bədii hissənin nümayəndələri ilə
görüş zamanı
Eduard Şevardnadzenin əlini
sinəmə vuraraq gürcü dilində “didi madloba”-“çox sağ ol” deməsi isə Ümummilli Liderimizin təbəssümündə
və baxışlarında
əks olunan razılıq hisslərinin
təcəssümü idi.
Bir xoş xatirəni də bölüşmək
istərdim. 2009-cu il idi.
Ulu Öndərimiz artıq
əbədiyyətə qovuşmuşdu,
Eduard Şevardnadze isə
Gürcüstanda baş
vermiş "məxməri
inqilab"dan sonra iqamətgahında yaşayırdı.
Həmin il İrəvan
Teatrının kollektivi
ilə yazıçı-dramaturq
Aqşin Babayevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Xilaskar” tamaşasını Tibilisidə
Şota Rustaveli adına
Akademik Dram Teatrının
səhnəsində oynayırdıq.
Eduard Şevardnadzeni də
xüsusi olaraq tamaşaya dəvət etmişdim. Tamaşadan sonra səhnə arxasına keçdi, kollektivimizlə görüşdü
və təəssüratlarını
bizimlə bölüşdü.
Çox səmimi idi. Dedi: “Çox
yaxşı etmisiniz
ki, Azərbaycan xalqının
böyük oğlu, mənim əziz dostum Heydər Əliyev haqqında tamaşa hazırlamısınız.
O, təkcə Azərbaycanın
yox, ümumqafqazın
lideridir. Mən tamaşanı diqqətlə
izlədim, dilinizi bilməsəm də, hər şey mənə tam aydın oldu. Siz Heydər
Əliyevi elə məharətlə canlandırdınız
ki, sanki əziz dostumla yenidən görüşdüm. Yerişiniz,
duruşunuz, mimikanız,
jestləriniz və xüsusən də səsiniz - hər şey onun özü
kimi idi. Kövrəldim…”
Təəssüratının sonunda bizi evinə dəvət etdi və dedi: “Vaxt tapın, görüşək. Mən
də sizə Heydər Əliyevlə bağlı xatirələrimi
danışım”. Bu görüş
də baş tutdu və biz unudulmaz xatirələrə
şahidlik etdik. Eduard
Şevardnadzenin “Heydər
Əliyev ümumqafqazın
lideridir” sözlərini
eşidəndə isə
gözlərimin önünə
2000-ci ilin martında Tiflisdə Ulu Öndərin
etdiyi tarixi çıxış gəldi.
O çıxışda Heydər
Əliyev Qafqaz xalqları üçün
sülh, təhlükəsizlik
və inkişafın
vacibliyindən danışaraq,
Bakı-Tibilisi-Ceyhan layihəsinin bölgə üçün necə mühüm perspektivlər
vəd etdiyini bütün dünyaya bəyan etmişdi. Bu, bir lider uzaqgörənliyinin,
bölgənin gələcəyinə
olan böyük inamının nümunəsi
idi.
-İftixar müəllim, İrəvan Teatrı təkcə bir sənət məkanı deyil, həm də tarixi yaddaşımızın, milli kimliyimizin
yaşadıldığı bir mərkəzdir. Qərbi Azərbaycana, xüsusilə də İrəvana qayıdış
ideyası bu teatrın ruhunda və fəaliyyətində
necə təzahür
edir?
-Bəli, siz çox doğru qeyd etdiniz. İrəvan
teatrı bu gün sadəcə tamaşa göstərən bir
mədəniyyət müəssisəsi
deyil, bütöv bir xalqın, bir millətin tarixini, yaddaşını,
ağrı-acısını və eyni zamanda
ümidini, qürurunu
yaşadan, gələcəyə
daşıyan bir sənət ocağıdır.
Bizim üçün
Qərbi Azərbaycan anlayışı təkcə
coğrafi bölgə
deyil. O, mənəviyyat,
kimlik və ruhun təzahürüdür.
İrəvan Teatrının
varlığı və
yaradıcılığı bu tarixi ədalətin
bərpası missiyasına
xidmət edir. Prezident
İlham Əliyevin irəli
sürdüyü “Qayıdış
Konsepsiyası” bizim üçün bir vəzifə, bir yol xəritəsidir. Teatrımız hazırda Bakıda fəaliyyət göstərsə də, mənəvi olaraq biz hər zaman İrəvandayıq,
Dərələyəzdəyik, Göyçədəyik... Oradakı
tamaşaçılarımızı, doğma səhnəmizi gözləyirik. Hazırladığımız
hər bir tamaşa, söylədiyimiz
hər bir söz bu qayıdışın
çağırışı və təbliğatıdır.
Mən inanıram ki,
o gün uzaqda deyil. İrəvan Teatrı öz doğma yurduna qayıdacaq.
-İftixar müəllim,
siz artıq 65 illik zəngin bir həyat və yaradıcılıq
yolu keçmisiniz. Qarşıdakı illər
üçün özünüzə
hansı hədəfləri
və məqsədləri
müəyyən etmisiniz?
Gələcək planlarınız
nədən ibarətdir?
-Həyatım boyu çalışmışam ki, dayanmadan öyrənim, axtarım, yaradım və bu sənətə,
mədəniyyətimizə daim töhfə verim. Bu gün 65 yaşa çatsam da, daxilən hələ yolun yarısındayam kimi hiss edirəm. Qarşıdakı illər
üçün əsas
hədəfim İrəvan
Teatrının tarixi missiyasını daha da genişləndirmək, Qərbi
Azərbaycan həqiqətlərini
sənət dili ilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Bundan əlavə, uzun illərin təcrübəsini, şahidi
olduğum tarixi hadisələri və teatr proseslərini bir neçə kitab şəklində qələmə
almaq istəyirəm. Arzum budur ki, bu sənət məbədgahı- İrəvan
Teatrı bir gün doğma yurduna, İrəvana qayıtsın və orada Azərbaycan mədəniyyətinin yenidən
dirçəlişinə xidmət
etsin. Mən də bu müqəddəs
yolun bir əsgəri kimi sonadək fəaliyyətimi
davam etdirəcəyəm.
Ən böyük hədəfim budur: sənət vasitəsilə
tariximizi yaşatmaq və gələcəyə
daşımaq.
-İftixar müəllim, sizi 65 illik yubileyiniz
münasibətilə səmimi
qəlbdən təbrik
edirik! Mənalı ömür yolunuz, milli mədəniyyətə göstərdiyiniz
xidmətlər, sənətə
bəxş etdiyiniz dəyərli töhfələr
cəmiyyətimiz üçün
dəyərli bir irsdir.
İftixar Piriyevin 65 illik sənət yolu milli mədəniyyətimizin keşiyində
dayanan fədakar bir ömrün bənzərsiz salnaməsidir.
O, təkcə səhnə
adamı deyil, həm də ideya daşıyıcısı,
milli yaddaşın qoruyucusu,
Qərbi Azərbaycanın
simvolik səsi, İrəvan Teatrının
ruhudur. Onun fəaliyyəti bir daha sübut edir ki, sənət yalnız səhnədə
deyil, həm də tarixə, kimliyə və torpağa sədaqətdə
yaşamalıdır. Bu sədaqət
isə İftixar müəllimin timsalında
- ömrünün sonuna
qədər daşıyacağı
müqəddəs bir
missiyadır.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 6 sentyabr, ¹159.-
S.7.