Bu günədək salamat qalmış yeganə
klassik Azərbaycan mədrəsəsi
Ordubad
Mədrəsəsi
Ordubad
şəhərində “Mədrəsə” tarix-memarlıq abidəsinin
bərpası üçün ilkin işlərə
başlanılıb. Bu barədə Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib
ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023–2027-ci illər üçün
Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə
Təfsilatlı Tədbirlər Planında əksini
tapmış layihələr, habelə investisiya layihələri
nazirlik tərəfindən diqqətdə saxlanılır, bu
istiqamətdə bir sıra işlər həyata
keçirilir. Görülən işlərin davamı olaraq,
"Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta
sənədlərinin hazırlanması məqsədilə
"BİMD" QSC ilə müqavilə
bağlanılıb. Müqaviləyə əsasən,
şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin
layihə-smeta sənədləri hazırlanacaq.
Milli Məclisin
deputatı Ülviyyə Həmzəyeva mövzu ilə
bağlı “İki sahil”ə açıqlamasında bildirdi
ki, X–XIV əsrlərdə İslam dünyası bəşəriyyət
sivilizasiyasının ön sıralarında idi: “O dövrdə
ən iri elm mərkəzləri – universitetlər, rəsədxanalar,
xəstəxanalar, əczaxanalar və zəngin kitabxanalar məhz
müsəlman Şərqində fəaliyyət göstərirdi.
Burada yetişən alimlər həm Şərq, həm də
Qərb mədəniyyətinin inkişafına güclü təsir
göstərmişlər. Azərbaycan şəhərlərində
də böyük məscidlərin yanında mədrəsələr
fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında ərəb
və fars dilləri, qrammatika, məntiq, kəlam, fiqh,
riyaziyyat, tarix, ədəbiyyat, kalliqrafiya kimi fənlər tədris
olunur, daha iri mədrəsələrdə isə yunan fəlsəfəsi,
həndəsə, tibb, əlkimya, astrologiya və natiqlik də
öyrədilirdi.
Azərbaycanın
qədim mədəniyyət və elm ocaqlarından biri də
Naxçıvanda yerləşən Ordubad şəhəridir.
Bu ərazi əsrlər boyu mühüm ticarət
yollarının üzərində yerləşdiyi
üçün həm iqtisadi, həm də mədəni
baxımdan böyük əhəmiyyət daşıyıb.
Ordubadın təbiəti və tarixi irsi hər zaman səyyahların
diqqətini çəkib, onların qeydlərində öz əksini
tapıb. Ulu Öndər Heydər Əliyevin 1980-ci illərdə
Ordubadı “Azərbaycanın incisi” adlandırması da şəhərin
qədim və zəngin mədəniyyətinin bariz göstəricisidir.
Şəhərin
mərkəzində XVIII əsrə aid olan Ordubad mədrəsəsi
yerləşir. Tədqiqatçılara görə, bina bu
günədək salamat qalmış yeganə klassik Azərbaycan
mədrəsəsidir. Mədrəsənin tikintisi Səfəvi
hökmdarı Şah Sultan Hüseynin dövründə
aparılmış və dövlətin yüksək vəzifəli
şəxsləri tərəfindən dəstəklənmişdir.
Giriş qapısı üzərindəki kitabədə elmin,
təhsilin, mədəniyyətin və ordunun güclənməsi
üçün bu məkanın yaradıldığı qeyd
olunmuşdur.
Tarixi mənbələrə
əsasən, mədrəsə əvvəlcə hərbi məktəb
kimi fəaliyyət göstərmiş, daha sonra isə yerli
dükanlardan vəqf hesabına maliyyələşdirilərək
təhsil mərkəzinə çevrilmişdir.
“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə
göstərilir ki, mədrəsə müxtəlif mənbələrdən
gəlir əldə edir, müəllim və idarəçilərinə
maaş ödəyirdi”.
Milli Məclisin
deputatı daha sonra vurğuladı ki, memarlıq
baxımından mədrəsə qapalı həyət
formasında tikilmiş, dörd tərəfi tələbələrin
hücrələri ilə əhatə olunmuşdur:
“Fasadında oxvari tağlar ardıcıllıqla düzülərək
xüsusi ahəng yaratmış, lakin dekorativ elementlərdən
istifadə olunmamış, diqqət daha çox strukturun sadəliyinə
və möhkəmliyinə yönəlmişdir. Tədqiqatçılar
bu mədrəsənin plan quruluşunu Azərbaycan karvansara
memarlığı ilə müqayisə edirlər.
Burada bir
sıra görkəmli şəxsiyyətlər təhsil
almışdır. Onların arasında yazıçı Məmməd
Səid Ordubadi, diplomat İbrahim Əbilov, kimyaçı alim
Yusif Məmmədəliyev kimi adlar xüsusi yer tutur. Mədrəsə
Sovet dövrünə qədər fəaliyyət göstərmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı
ilə Ordubad mədrəsəsi ölkə əhəmiyyətli
tarix və mədəniyyət abidəsi kimi qorunur. Hazırda
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən
bərpa layihələri çərçivəsində mədrəsənin
də rekonstruksiyası planlaşdırılır. Bu işlər
Ordubadın tarixi simasının qorunmasına, şəhərin
mədəni irsinin gələcək nəsillərə
ötürülməsinə xidmət edəcəkdir.
Sonda bir
daha qeyd edim ki, Ordubad mədrəsəsi təkcə qədim
memarlıq nümunəsi deyil, həm də Azərbaycan xalqının
elmə, maarifə və mədəniyyətə verdiyi
böyük önəmin canlı şahididir”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 6 sentyabr, ¹159.- S.5.