Qarşıma
seçim qoyulsa...
Şövqi Hüseynov: Həm teatrda, həm
də kinoda ərsəyə gətirdiyim bütün
rollarım mənə doğmadır, əzizdir
Şövqi Ərəstun oğlu Hüseynov
artıq 30 ildən çoxdur ki, teatr aləmindədir. O bu
müddətdə müxtəlif tamaşalarda yüzlərlə
obrazı tamaşaçılara təqdim edib. Elə həmin
rolları ilə tamaşaçı rəğbətini
qazanıb. Onu da qeyd edək ki, o, Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında ilk monotamaşa oynayan aktyor kimi tarixə
düşüb. Şövqi Hüseynov, həmçinin bir
sıra filmlərimizdə (“Günaydın mələyim”,
“Aktrisa”, “Qaydasız döyüş”, “Dərvişin qeydləri”,
“Xeyir və şər” və s.) də yaddaqalan obrazlar
yaradıb. Beləliklə, həmsöhbətimiz Əməkdar
artisti Şövqi Hüseynovdur.
Qısa bioqrafiya:
Şövqi Hüseynov 1972-ci il avqust
ayının 9-da Cəlilabad rayonunda dünyaya göz
açıb. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin dram teatrı və
kino aktyoru fakültəsinə daxil olub. Xalq artisti, professor Cənnət
Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət
xanımın rəhbərliyi ilə yaradılan Bakı Kamera
Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
2000-ci ildən həm də dublyaj işi ilə məşğuldur.
2009-cu ildən Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrının, 2014-cü ildən Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının aktyorudur. 2018-ci ildən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimidir.
-Əməkdar artist Şövqi Hüseynovu
teatr və kino aləmində bəxti gətirmiş aktyor
hesab etmək olarmı?
-Bəli, həqiqətən sənət aləmində bəxti gətirmiş aktyorlardanam. Məncə, sevdiyi işlə məşğul olan, arzuladığı rolları canlandıran, çalışdığı sahədə istedadını göstərə bilən hər bir sənət adamı bəxti gətirmiş insandır.
- Seçim qarşısında qalsanız
kinoya, yoxsa teatra üstünlük verərdiniz?
-Hesab etmirəm ki, aktyor kino və teatr arasında seçim etməlidir. Yeri gəlmişkən, xatırladım ki, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini bitirmişəm. Bu mənada fərq qoymaq istəməzdim. Amma işdi-şayət konkret qarşıma belə bir seçim qoyulsa, şübhəsiz, teatrı üstün tutardım.
-İndiyədək oynadığınız
hansı rolunuz və yaxud rollarınız sizə daha çox
şöhrət qazandırıb? Yəni sizin
üçün unudulmaz olan rollar hansılardır?
-Belə bir suala sənət adamları adətən “hamısı” cavabını verirlər. Mən də onlardan geri qalmaq istəməzdim. Yəni heç bir rolumu o birindən ayırmaq fikrində deyiləm. Bu mənada həm teatrda, həm də kinoda ərsəyə gətirdiyim bütün rollarım mənə doğmadır, əzizdir. Çünki onların hər biri, əgər belə demək mümkünsə, ağır zəhmətin, tarım əsəbin, yuxusuz gecələrin məhsuludur.
-30 ildən çox səhnədə olan
Şövqi Hüseynov bu günümüzün teatr və
kino aləmini necə xarakterizə edərdi?
-Sözün düzü, bir müddət əvvəl həm kino, həm də teatr aləmimizdə müəyyən problemlər mövcud idi. Amma son illər demək olar ki, bütün çatışmazlıqlar aradan qaldırılıb. Bütün teatr və kinoteatrlarımız, digər mədəniyyət ocaqlarımız təmir olunub, onların maddi-texniki bazaları günün tələbləri səviyyəsinə uyğunlaşdırılıb. Bütün bunlarla yanaşı, teatr və kino sahəsində uğurlu islahatlar da aparılıb. Şübhəsiz, bütün bunlar dövlətimizin mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yəni onu demək istəyirəm ki, indi aktyorların nədənsə şikayət etməyə, nəyi isə bəhanə gətirməyə yeri qalmayıb. İndi sadəcə, onlardan bir şey tələb olunur: vicdanla çalışmaq...
-Nə əcəb indiyədək
könlünüzdən rejissorluq keçməyib? Yeri gəlmişkən,
həmkarlarınız arasında həm rejissorluq, həm də
aktyorluq edənlər az deyil...
-Sözün düzü, cəhdim olub. Belə ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında alman dramaturqu Tankret Dorstun “Mən Feyerbaxam” əsəri əsasında eyniadlı monotamaşa hazırlamışam. Bu da nədən irəli gəlib? Sadəcə, o zaman hesab etdim ki, oynayacağım bu tamaşanın məğzini məndən savayı kimsə yaxşı duya bilməz. Nə gizlədim, gələcəkdə də belə bir ehtiyac duysam yenə rejissorluq edəcəyəm. Amma rejissorluğa heç bir iddiam yoxdur. Mənim iddiam yalnız və yalnız aktyor olmaqdır. Bir sözlə, fikrimcə, aktyor aktyorluq, rejissor rejissorluq etməlidir. Düzdür, onlar bir-birinə yaxın sənət kimi görünürlər, amma əslində tam fərqlidirlər.
-Monotamaşa
demişkən, siz monotamaşalarınızla mütəmadi
festivallara da gedirsiniz.
-Bəli,
mən dəfələrlə müxtəlif ölkələrdə
keçirilən beynəlxalq festivallarda ölkəmizi, onun mədəniyyətini
monotamaşalarla təmsil etmişəm. Vətənə
diplomlarla qayıtmışam. Onu da deyim ki, hazırda
repertuarımda 6 monotamaşa var. Onların arasında 1998-ci
ildə Xalq artisti mərhum İrina Perlovanın quruluşunda
alman yazıçısı Patrik Züskindin
"Kontrabas" əsəri əsasında hazırlanan
eyniadlı monotamaşa daha çox səfərlərdə
olub. Monotamaşalarımla indiyədək Amerika, Şri-Lanka,
Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Almaniya,
Makedoniya, Qazaxıstan, Tatarıstan və digər ölkələrdə
beynəlxalq teatr festivallarında iştirak edib, müxtəlif
mükafatlar qazanmışam. Təkcə bu il 2 beynəlxalq
festivalda iştirak etmişəm, 2 beynəlxalq festivalda isə
iştirak edəcəyəm. Onlardan biri 2-9 sentyabrda
İranın Əhər şəhərində, digəri isə
6-13 oktyabrda Almaniyanın Hannover şəhərində
keçiriləcək beynəlxalq teatr festivalıdır.
-Bu
gün Şövqi Hüseynov hədəfinə
çatıbmı?
-Bizim
işimiz elə işdir ki, burada “hansısa hədəfə
çatdım, vəssəlam” demək doğru deyil. Onda gərək
pərdələri bağlayaq və işimizi dayandıraq.
Bitib-tükənməyən hədəflər və məqsədlər
var. Onlara çatmaq uğrunda vicdan və sevgi ilə irəliləmək
lazımdır.
- Kimlərlə
eyni səhnəni bölüşmək sizə xoşdur?
-Yaxşı
aktyorların hamısı mənim sevimli tərəf
müqabillərimdir. Onların hər biri ilə səhnəni
bölüşmək xoşdur. Belə
aktyorlarımızın sayı isə çoxdur. Onu da deyim
ki, belə aktyorlar demək olar ki, bütün
teatrlarımızda var.
- Səhv
etmirəmsə, yoldaşınız da sənət
adamıdır? Bəlkə bu barədə bir neçə kəlmə
söyləyəsiniz?
-Bəli,
həyat yoldaşım Şəbnəm Hüseynova da sənət
adamıdır, aktrisadır. Azərbaycan
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında
birgə çalışırıq. Bəzən serial və
filmlərdə də birgə görünürük. Bir
sözlə, bu sənət aləmində onunla birgə
addımlayıram.
- Bu sənətə
gəlişinizdə hansı amillər mühüm rol
oynayıb? Bu sualı belə də səsləndirmək olar:
Aktyorluğa gəlməyinizdə ən çox kimə
borclusuzmu?
-Sözün
düzü, aktyorluğa gəlməyimin, daha doğrusu, bu
eşqə düşməyimin dəqiq tarixini bilmirəm. O
yadımdadır ki, bir də ayıldım ki, bu sənətsiz
yaşaya bilmirəm. İkinci sinifdə oxuyarkən anam, yəqin
ki, nələrsə hiss etdiyindən, mənə dedi ki, dram dərnəyi
tap, orada iştirak elə. Halbuki o vaxt mən dram dərnəyinin
nə olduğunu dərk etmirdim. Nə isə, beləcə
anamın xeyir-duası ilə Cəlilabad rayonu mədəniyyət
evində fəaliyyət göstərən dram dərnəyinə
getdim. Elə ora gəlişimin ilk günündən bu sənətin
sehri məni öz ağuşuna aldı. Bu günə qədər
o sehrin içindəyəm.
-Hansı
aktyorların pərəstişkarı olmusunuz? Onlardan kimi
özünüzə ustad sayırsınız?
- Öz
işində faydalı və istedadlı olan hər bir insan mənim
üçün ən əziz insandır. Kinomuzda və
teatrımızda belə əziz insanlar, müqtədir peşəkar
sənətkarlarımız həmişə olub, bu gün də
var və gələcəkdə də olacaq. Mən demək
olar ki, onların hər birindən nəsə öyrənməyə
çalışmışam. Və çalışıram.
-Peşəkar
səhnəyə gəlişinizi necə
xatırlayırsınız? İlk rolunuz barədə nə
deyə bilərsiniz?
-Yuxarıda
bildirdiyim kimi, mən rayon dram dərnəyində fəaliyyətə
başlamışam. Orada ilk rolum S.S. Axundovun “Anaların səsi”
tamaşasındakı gənc pioner rolu olub. Sonradan həmin
dram dərnəyi Xalq teatrı adı aldı. Nahid
Hacıyevin “Məhəbbət yaşadır” əsərini və
Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsini
səhnələşdirmişdik və o tamaşalarda müxtəlif
rolları canlandırdım.
Mənim peşəkar teatr -aktyorluq
fəaliyyətim isə 1991-ci ildə yaradılmış
Bakı Kamera Teatrı ilə bağlıdır. Belə ki, mən
bu teatrın ilk səhnə əsərində, yəni Cəlil
Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”
povesti əsasında Cənnət Səlimovanın
hazırladığı “Məkkəyə gedən yol”
tamaşasında Qazı rolunda çıxış etmişəm. Onu da deyim ki, həmin rol mənim
darıxdığım rollarımdan biridir.
-Bir
çox mükafatlara layiq görülmüsüz, o cümlədən
Azərbaycan və Kalmıkyanın Əməkdar artistisiniz.
Bütün bunları sizin əməyinizə verilən dəyər
kimi qiymətləndirmək olarmı? Yəni əməyinizə verilən dəyərdən
razısınızmı?
-Bəribaşdan
deyim ki, Azərbaycanın incəsənət xadimlərinə
dövlət qayğısı həyata keçirilən mədəniyyət
siyasətinin hər zaman mühüm istiqamətlərindən
olub. Şübhəsiz, mədəniyyət işçilərinin
dövlət təltifləri ilə
mükafatlandırılması, həmçinin onların
sosial vəziyyətinin yaxşılaşdırılması
üçün digər müxtəlif proqramların həyata
keçirilməsi bu qayğının bariz nümunəsidir.
Yaradıcı insanlara göstərilən bu münasibət
onların şəxsində, ümumiyyətlə, mədəniyyətimizin
inkişafı üçün müstəsna əhəmiyyət
daşıyır. Onu da vurğulamaq istərdim ki, Prezident
İlham Əliyev dəfələrlə bildirib ki: “Azərbaycanı
dünyada tanıdan bizim ziyalılarımızdır: alimlərimiz,
rəssamlarımız, şairlərimiz, aktyorlarımız,
yazıçılarımız, bəstəkarlarımız.
Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin
aparıcı təbəqələridir, cəmiyyətin
elitasıdır". Bu mənada mən də dövlətimizin
biz incəsənət xadimlərinə verdiyi qiyməti
yüksək dəyərləndirirəm.
- Yaradıcılığınızda
nə kimi yeniliklər var? Hazırda hansı əsər
üzərində iş gedir?
- Azərbaycan
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında
Mirzə Fətəli Axundzadənin "Sәrgüzәşti-mәrdi-xәsis"i, yəni “Hacı Qara”sı
yeni quruluşda (quruluşçu rejissoru Cənnət Səlimovadır)
hazırlanır. İnşallah, bu tamaşa yeni mövsümdə
sənətsevərlərə təqdim olunacaq. Bildiyiniz kimi,
mən həm də Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının aktyoruyam. Orada isə bu yaxınlarda
dünyasını dəyişmiş görkəmli dramaturq,
Xalq yazıçısı Elçinin “Cəhənnəm
sakinləri” pyesi üzərində tamamlama işləri gedir.
-1991-2009-cu
ilə qədər çalışdığınız
"Kamera Teatrı"nı yenidən bərpa etmək
fikriniz varmı?
-Bəli,
Cənnət Səlimova ilə birgə
yaratdığımız Bakı Kamera Teatrını yenidən
bərpa etmək niyyətindəyəm. Bu mənim
böyük arzumdur. Artıq müvafiq qurumlar
qarşısında belə bir təkliflə də çıxış
etmişəm. Ümid edirəm ki, bu arzuma da
çatacağam. Bu da təsadüfi deyil. Belə ki, bu
gün müəllim kimi çalışdığım Mədəniyyət
və İncəsənət Universitetində kifayət qədər
istedadlı gənclərlə qarşılaşıram. Amma
onların hamısının mövcud teatrlarda işlə təmin
olunması çətindir.
Hesab edirəm ki, əgər Bakı Kamera Teatrı fəaliyyətini
bərpa etsə, onlardan 10-15 nəfəri burada fəaliyyət
göstərə bilər. Ümumiyyətlə, gənclərdən
təşkil olunan teatr studiyaları yaradılsa,
teatrımızın gələcəyinə böyük
töhfələr verilmiş olar.
-
Şövqi Hüseynovun hobbisi varmı?
-Konkret
bir hobbim yoxdur. Amma hərdən taxtadan müxtəlif əşyalar
hazırlayıram. Bu da bir
yaradıcılıqdır və bu işdən zövq
alıram.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2025.- 9 sentyabr, ¹160.- S.4.