Biz birlikdə
güclüyük!
20 sentyabr Dövlət Suverenliyi
Günüdür
20 Sentyabr -Dövlət Suverenliyi Günü
hər birimizin qəlbində dərin izlər qoyan, ölkəmizin
gələcəyi üçün böyük əhəmiyyət
kəsb edən xüsusi bir gündür.
Əməkdar artist Nuriyyə Hüseynova
İki sahil.TV-yə müsahibəsində bu əlamətdar
günün mənəvi dəyərlərini, milli birliyin və
vətənpərvərliyin önəmini vurğulayaraq,
suverenliyin hər bir vətəndaşın qəlbində
qorunmalı olan ali dəyər olduğunu bildirdi.
- Nuriyyə xanım, 20 Sentyabr-Dövlət
Suverenliyi Gününün qeyd edilməsi bir sənətçi
və pedaqoq olaraq, sizdə hansı mənəvi dəyərləri
və duyğuları ifadə edir?
- 20 Sentyabrın Dövlət Suverenliyi
Günü kimi rəsmi şəkildə qeyd olunması
xalqımız üçün çox böyük əhəmiyyət
daşıyır. Bu, təkcə tarixi bir hadisənin
anılması deyil, həm də Azərbaycanın suveren
dövlət kimi keçdiyi çətin və şərəfli
yolun təntənəsidir. Hər bir vətəndaş, o
cümlədən mənim üçün də bu
günün ayrı bir mənəvi dəyəri var.
Çünki suverenlik bizim milli kimliyimizin, müstəqillik əzmimizin
və gələcəyə inamımızın təməlidir.
Bir sənətçi və pedaqoq kimi düşünürəm
ki, biz bu tarixi təkcə yaşamadıq, həm də qalib
xalq olaraq yazdıq. Dövlət suverenliyinin tam bərpası
sayəsində Azərbaycanın hər qarışında, o
cümlədən illərlə həsrətində
olduğumuz torpaqlarda üçrəngli bayrağımız
qürurla dalğalanır. Bu duyğu sözlə ifadə
olunmayacaq qədər dərin və təsirlidir. Hesab edirəm
ki, bu gün, eyni zamanda, tarixə
hörmətin, gələcəyə inamın və birlik
ruhunun bayramıdır.
- Bu il
ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan
olunub. Sizcə, bu qərar ümumilikdə cəmiyyətimizə
hansı dəyərləri aşılayır və hansı
mesajları verir?
-2025-ci
ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin
elan olunması təkcə hüquqi və siyasi müstəvidə
deyil, həm də mənəvi və ideoloji baxımdan
çox mühüm əhəmiyyət daşıyır.
Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil
edir, suverenlik isə bu hüququn azad və müstəqil
şəkildə həyata keçirilməsinin təminatıdır.
“Konstitusiya
və Suverenlik İli” həm hüquqi dövlət
quruculuğuna sadiqliyimizi, həm də suverenliyin hər bir vətəndaş
üçün nə qədər müqəddəs və əhəmiyyətli
olduğunu bir daha xatırladır. Bu, insanlara öz
hüquqlarını tanımaqla yanaşı, dövlət
qarşısında vəzifə və öhdəliklərini
də dərk etməyi aşılayır. Eyni zamanda, bu il
çərçivəsində keçirilən tədbirlər,
təbliğat kampaniyaları və icra olunan maarifləndirici
layihələr cəmiyyətin müxtəlif təbəqələrini,
o cümlədən ziyalıları, sənət
adamlarını, müəllimləri, vətəndaş cəmiyyətini
birləşdirən ortaq bir məram ətrafında
toplayır. Bu qərar cəmiyyətə qanunun aliliyinin, vətəndaş
məsuliyyətinin, suveren dövlət
anlayışının vacibliyini bir daha xatırladır.
Eyni
zamanda bu təşəbbüs hər bir vətəndaşa
çatdırır ki, Konstitusiya yalnız hüquqi sənəd
deyil, həm də milli iradənin ifadəsi, dövlətin
möhkəm dayağıdır. Suverenliyin qorunması isə
təkcə siyasi deyil, həm də mənəvi borcdur. Bu il vasitəsilə həm cəmiyyətin
hüquqi maarifləndirilməsi gücləndirilir, həm də
milli həmrəylik və dövlətə
bağlılıq hissi möhkəmləndirilir. Dövlət
başçısının bu qərarı, əslində, hər
bir azərbaycanlını dövlətinə sahib
çıxmağa, hüquqlarını tanımağa və
qorumağa çağıran strateji və simvolik bir
addımdır.
Gənclər bu prinsipləri dərindən
anlamalı, onları dəyərləndirməyi və
qorumağı bacarmalıdırlar. Bu qərar həm də gəncləri
daha fəalvətənpərvər və məsuliyyətli vətəndaş
kimi formalaşdırmaq istiqamətində bir
çağırışdır. Bu, həm də hər birimizin bu
müqəddəs anlayışlara sahib çıxmaq və
onları gələcəyə daşımaq məsuliyyətimizi
xatırladan vacib bir mərhələdir.
-Sizcə,
suverenlik anlayışı gənc nəslə necə
başa salınmalı, necə hiss etdirilməlidir?
-Suverenlik
anlayışı gənc nəslə yalnız nəzəri
şəkildə deyil, həm də hiss, duyğu və həyatla
bağlı nümunələr vasitəsilə
aşılanmalıdır. Bu anlayış təkcə siyasi
və hüquqi məfhum deyil. Suverenlik xalqın öz taleyini
özü müəyyən etməsi, sərbəst
yaşaması, öz dəyərlərinə sahib
çıxması və gələcəyini azad şəkildə
qurması deməkdir. Gənclər bunu dərindən
anlamalıdırlar ki, müstəqillik və azadlıq illərlə
verilən qurbanların, çəkilən əziyyətlərin
nəticəsində əldə olunur. Mən bir pedaqoq və
sənətçi kimi hesab edirəm ki, bu anlayışı
gənclərə başa salmağın ən təsirli
yollarından biri onlara milli tariximizi, qəhrəmanlıq səhifələrimizi,
mübariz ruhumuzu sevdirməkdir. Bu, dərsliklərlə bərabər,
musiqidə, ədəbiyyatda, teatrda və sənətdə
öz əksini tapmalıdır. Onlar bu duyğunu təkcə
öyrənməməli, həm də yaşamalıdırlar.
Məsələn, Xankəndidə, Xocalıda bu gün
dalğalanan Bayrağımızın arxasında hansı
mübarizə, hansı qürur, hansı əzmkarlıq
durduğunu dərk etdikcə, suverenliyin əsl mənasını
hiss edəcəklər. Gənclərə suverenlik hissini
aşılamaq onlara sadəcə keçmişi tanıtmaq
deyil, həm də gələcəyi qorumaq məsuliyyətini
hiss etdirmək deməkdir. Bu, hər birimizin borcudur.
-Musiqi
sənəti vasitəsilə gənclərə suverenlik, Vətənə
bağlılıq və milli dəyərlər necə
ötürülə bilər?
-Musiqi sənəti xalqın ruhunun, tarixinin,
düşüncə və hiss dünyasının bədii
ifadəsidir. Bu baxımdan suverenlik, Vətənə
bağlılıq və milli dəyərlərin gənc nəslə
ötürülməsində musiqi mühüm vasitə kimi
çıxış edir. Hər bir vətənpərvərlik
mövzulu mahnı, xalq havaları, klassik musiqilər gənclərdə
milli şüurun formalaşmasına, onların öz milli
kimliyini və Vətənini daha dərindən dərk etməsinə
şərait yaradır. Məsələn, xalq və bəstəkar
musiqisində səslənən qəhrəmanlıq,
azadlıq, milli birliyə çağırış kimi motivlər
emosional təsir gücü ilə gənclərin
yaddaşında daha möhkəm yer tutur. Eyni zamanda, bu musiqilər
tarixi hadisələri, şəhidlərin qəhrəmanlığını
və xalqın mübarizə yolunu çatdırmaqla, gənclərdə
həm qürur, həm də məsuliyyət hissi oyadır.
Musiqi pedaqoqları və ifaçılar milli vətənpərvərlik
ruhlu repertuarlarla çıxış etdikdə, onlar gənclərə
yalnız gözəl sənət nümunələri təqdim
etmir, eyni zamanda, onları milli dəyərlər
ətrafında birləşdirən mənəvi körpü
rolunu da oynayırlar. Bu baxımdan musiqi, təkcə estetik
zövq deyil, həm də ideoloji və vətənpərvərlik
tərbiyəsi baxımından təsirli vasitədir.
-Nuriyyə
xanım, səhnədə və ya ifalarınızda azərbaycançılıq
ruhunu yaşatmaq sizin üçün nə qədər
önəmlidir?
-Məni
tanıyanlar yaxşı bilir ki, azərbaycançılıq
ruhunu səhnədə yaşatmaq mənim sənət yolumun əsas
istiqamətlərindən biridir. Bu, təkcə milli
musiqimizi ifa etmək və ya
xalq motivlərinə müraciət etməklə bitmir. Azərbaycançılıq Vətənə sevgi, milli kimliyə
bağlılıq, tariximizə, mədəniyyətimizə
hörmət və bu dəyərləri gələcək nəsillərə
ötürmək məsuliyyətidir. Səhnəyə
çıxdığım hər an dərk edirəm ki, bu,
sadəcə ifa deyil - həm də bir missiyadır.
Mahnılarımda xalqımızın dərdini, sevincini, qəhrəmanlığını,
mübarizəsini çatdırmaqla, insanlarda Vətən
sevgisini daha da gücləndirməyə
çalışıram. Ən əsası isə budur ki, gənc
nəsil bizə baxaraq öz milli kimliyini tanıyır,
formalaşdırır. Ona görə də mən səhnədə
Azərbaycan ruhunu yaşatmağı yalnız bir sənət
borcu deyil, həm də mənəvi borc hesab edirəm. Bu ruh
yaşadıqca milli birliyimiz və suverenliyimiz də daha
möhkəm olacaq.
-Gənclərin
estetik zövqündə və milli ruhunda sənətin yeri nə
qədər önəmlidir?
-Sənət,
xüsusilə musiqi, poeziya, teatr və vizual incəsənət
gənclərin estetik zövqünün formalaşmasında və
milli ruhunun dərinləşməsində əvəzsiz rol
oynayır. Estetik zövq sadəcə gözəlliyi dəyərləndirmək
bacarığı deyil, həm də insanın daxili
dünyasının zənginliyini əks etdirir. Bu baxımdan
sənət gənclərə həm duymaq, həm
düşünmək, həm də hiss etmək mədəniyyəti
aşılayır. Milli ruh isə Vətənə sevgi, tarixə
hörmət, mədəniyyətə bağlılıq deməkdir.
Gənclərin bu ruhu mənimsəməsi üçün sənət
bir körpü rolunu oynayır. Məsələn,
muğamımızı dinləyən bir gənc təkcə
musiqi zövqünü inkişaf etdirmir, həm də
xalqının minillik duyğusunu, fəlsəfəsini,
yaşantılarını hiss edir. Teatrda səhnələşdirilən
milli dəyərlər, vətənpərvərlik ruhunda
yazılmış musiqilər, milli ornamentlər əsasında
yaradılmış rəsm və dekorativ sənət
nümunələri gəncin içindəki milli kimlik hissini
möhkəmləndirir. Gənclərin sağlam estetik
zövqə və güclü milli ruha sahib olması
onların şəxsiyyət kimi formalaşmasında, milli-mənəvi
dəyərlərə sadiq vətəndaş olmalarında
mühüm rol oynayır. Sənət bu mənada tərbiyəedici,
birləşdirici və ruhlandırıcı qüvvədir.
-Gənclər
arasında milli musiqiyə marağın artırılması
üçün hansı yeni yollar təklif edərdiniz? Sizcə,
bir müğənninin və pedaqoqun üzərinə
düşən ictimai və mənəvi məsuliyyət nədir?
-Milli
musiqiyə gənclər arasında marağın
artırılması üçün ilk növbədə
müasir yanaşmalarla ənənəni birləşdirən
yeni layihələrə ehtiyac var. Gənclərin estetik
dünyası sürətlə dəyişir və bu dəyişikliklərə
uyğun olaraq milli musiqini onlara yaxınlaşdırmaq vacibdir.
Məsələn, muğam, xalq mahnıları və klassik əsərlər
müasir aranjimanlarla təqdim oluna, populyar musiqi janrları ilə
sintez edilə bilər. Sosial şəbəkələr, musiqi
platformaları və interaktiv tədbirlər bu prosesin vacib alətlərindəndir.
Eyni zamanda məktəblərdə və universitetlərdə
milli musiqi ilə bağlı ustad dərsləri, interaktiv
seminarlar və müsabiqələr təşkil
olunmalıdır.
Bir
müğənninin və pedaqoqun üzərinə
düşən ictimai və mənəvi məsuliyyət isə
çoxşaxəlidir. O, müğənni kimi səhnədə
yalnız səs və ifa nümayiş etdirmir, həm də
bir millətin ruhunu, tarixini, mədəniyyətini
yaşadır. Onun ifası gənclərə örnək
olur, dəyərlər sisteminə təsir göstərir.
Pedaqoq kimi isə birbaşa gələcək nəslin
formalaşmasına təsir edir. Gənclərə yalnız
musiqi bilikləri deyil, həm də milli kimlik, Vətənə
sevgi, estetik mədəniyyət aşılayır. Bu mənada
hər bir sənətçi və müəllim bu sahəyə
yalnız peşə deyil, həm də missiya kimi
yanaşmalıdır. Çünki onların təsir dairəsi
yalnız auditoriya və ya sinif otağı ilə məhdudlaşmır.
Onların dedikləri, etdikləri, təmsil etdikləri
bütöv bir cəmiyyətin gələcəyinə istiqamət
verir.
-Şəxsi
təcrübənizdən çıxış edərək,
gənclərə hansı tövsiyəni verərdiniz ki, bu dəyərləri
yaşatsınlar və gələcək nəsillərə
ötürə bilsinlər?
-Gənclərə
ən vacib tövsiyəm budur ki, öz köklərinizə
sahib çıxın, amma dünyaya da açıq olun. Milli
dəyərlərimizi, musiqimizi, dilimizi və tariximizi dərindən
tanımaq, onları sevmək və yaşatmaq şəxsiyyətin
formalaşmasında çox önəmlidir. Amma bu sevgini
yalnız qəlbdə saxlamaq kifayət deyil onu
davranışda, yaradıcılıqda, ünsiyyətdə
göstərmək lazımdır. Gənclər öz sahələrində
necə inkişaf edirlərsə, milli kimliklərini də
eyni ciddiliklə inkişaf etdirməlidirlər. Öz mədəniyyətini
tanıyan və sevən insan həm daha güclü şəxsiyyətə
çevrilir, həm də başqalarına örnək olur.
Onlara tövsiyyə edirəm ki, milli dəyərləri
yaşatmağın ən gözəl yolu onları səmimi
şəkildə, göstəriş üçün deyil,
qürurla yaşamaq və yaşatmaqdır. Onların
davranışı, dünyagörüşü, zövqü
sabahın cəmiyyətini formalaşdıracaq. Odur ki,gənclərimiz
ilk növbədə milli dəyərləri sevməyi həm
özləri öyrənməli, həm də ətraflarına
sevdirməlidirlər.
Şəmsiyyə
Əliqızı
İki
sahil.- 2025.- 20 sentyabr, ¹169.- S.6.