Prezident mükafatçısı:
Dövlət hər
bir fəal gəncin
əməyini qiymətləndirir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2026-cı il üçün Gənclər
üçün Prezident mükafatlarının verilməsi
haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən,
elm, təhsil, mədəniyyət, gənclər siyasəti və
gənclərlə iş, ictimai və sosialyönümlü
fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində
xüsusi fərqlənən bir qrup gənc bu ali dövlət
mükafatına layiq görülüb.
2026-cı il üzrə Gənclər üçün Prezident mükafatına layiq görülən gənclər sırasında “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyeva da yer alır.
Bununla bağlı “İki sahil” qəzetinə müsahibəsində Gülbağda Leysanova-Hacıyeva Prezident mükafatının onun üçün ifadə etdiyi mənəvi dəyərdən, “Regional İnkişaf” İctimai Birliyində gördüyü işlərin nəticələrindən, beynəlxalq təşkilatlarla əməkdaşlığın ölkəmizin sosial və humanitar inkişafına verdiyi töhfələrdən, eləcə də gənclərin bu prosesdə rolundan ətraflı bəhs edir.
Əvvəl müsahibimizin həyat və fəaliyyət yoluna qısa nəzər salmaq istərdik.
Gülbağda Leysanova-Hacıyeva 13 may 1998-ci
ildə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə
Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyi
bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin beynəlxalq
münasibətlər ixtisasına daxil olaraq, 2015–2019-cu illərdə
bakalavr təhsili alıb. Magistratura təhsilini isə Azərbaycan Dövlət
Neft və Sənaye Universitetində davam etdirib.
Əmək
fəaliyyətinə 2019-cu ildə “Regional İnkişaf”
İctimai Birliyində başlayan Gülbağda
Leysanova-Hacıyeva hazırda qurumun Beynəlxalq təşkilatlarla
əməkdaşlıq şöbəsinə rəhbərlik
edir.
-Gənclər
üçün Prezident mükafatına layiq görülməyinizi
eşidəndə hansı hissləri keçirdiniz və bu təltif
sizin üçün nəyi ifadə edir?
-Bu xəbəri
eşidəndə böyük qürur, sevinc, eyni zamanda, məsuliyyət
hissi keçirdim. Prezident mükafatı mənim
üçün təkcə şəxsi nailiyyətimin deyil,
ümumilikdə gənclərin bilik, təşəbbüs və
əzminə verilən ali dövlət qiymətinin bariz
nümunəsidir. Bu mükafat gördüyüm işlərin
düzgün istiqamətdə olduğunu göstərməklə
yanaşı, gələcək fəaliyyətimdə cəmiyyətə
daha faydalı olmaq, üzərimə düşən məsuliyyəti
daha böyük həvəslə və peşəkarlıqla
daşımaq üçün mənə əlavə motivasiya
verir. Eyni zamanda, bu yüksək etimad gənclərin ölkənin
inkişafında oynadığı mühüm rolun dövlət
səviyyəsində tanınmasının ifadəsidir.
Fürsətdən istifadə edərək Gənclər
üçün Prezident mükafatına layiq
görüldüyüm üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Göstərilən
etimadı doğrultmaq üçün bundan sonra daha
böyük əzmlə çalışacağam.
-Prezident
mükafatı gənclərin
ictimai və beynəlxalq fəaliyyətə
marağının artmasına necə təsir göstərir?
-Prezident
mükafatı kimi ali təşəbbüs gənclər
üçün ən böyük mənəvi stimuldur. Bu,
dövlətin hər bir fəal gəncin əməyini izlədiyini
və qiymətləndirdiyini göstərən bir mesajdır.
Belə mükafatlar gənclərdə sağlam rəqabət
hissini gücləndirir, onları daha yaradıcı, təşəbbüskar
və məsuliyyətli olmağa sövq edir. Xüsusilə
beynəlxalq sahədə fəaliyyət göstərmək
istəyən gənclər üçün bu mükafat bir
növ "keyfiyyət nişanı" rolunu oynayır və
onlara öz güclərinə inanaraq Azərbaycanın səsini
daha uca platformalardan duyurmaq üçün cəsarət
verir.
-Gənc
bir rəhbər kimi dövlət səviyyəsində dəyərləndirilmək
sizdə hansı yeni məsuliyyət və gözləntilər
formalaşdırır?
- Bu etimad
gələcək fəaliyyətimdə qərarların daha
düşünülmüş, strateji və uzunmüddətli
təsirə hesablanmış şəkildə verilməsini
zəruri edir. Eyni zamanda, üzərimə düşən məsuliyyətin
miqyasını artıraraq həyata keçirdiyim təşəbbüslərdə
şəffaflıq, davamlılıq və real nəticələrə
fokuslanmağı əsas prioritetə çevirir.
Bu qiymətləndirmə
çalışdığım sahədə gənclər
üçün nümunə olmağı, onların
potensialına inanmağı və biliklərini praktik fəaliyyətə
çevirmələri üçün motivasiyaedici mühit
yaratmağı qarşıma məqsəd qoyur. Dövlətin
müəyyən etdiyi inkişaf prioritetlərinə uyğun
şəkildə ictimai faydanı daha da artırmaq, xüsusilə
sosial həssas qrupların dəstəklənməsi, gənclərin
inkişafı və dayanıqlı layihələrin
icrası istiqamətində töhfələrimi genişləndirməyə
sövq edir.
Bu dəyərləndirmə
mənim üçün yalnız bir nailiyyət deyil, eyni
zamanda, gələcək fəaliyyətimdə özümə
daha yüksək peşəkar və etik standartlar qoymaq, daim
inkişaf etmək və cəmiyyətin etimadını
doğrultmaq öhdəliyidir.
-Dövlətin
gənclər siyasətini ümumilikdə necə qiymətləndirirsiniz?
-Azərbaycan
dövlətinin gənclər siyasəti regionda və
dünyada ən uğurlu modellərdən biri kimi qəbul
edilə bilər. Bu siyasətin təməlində Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu strateji xətt və cənab
Prezident İlham Əliyevin gənclərə göstərdiyi
sonsuz etimad dayanır. Mən bu siyasəti ardıcıl,
inklüziv və gələcəyə hesablanmış bir
strategiya kimi qiymətləndirirəm. Gənclər
üçün yaradılan infrastruktur, xaricdə təhsil
proqramları, gənclər fondları və müxtəlif
dövlət mükafatları gənclərin cəmiyyətin
hərəkətverici qüvvəsinə çevrilməsi
üçün hər bir şəraiti təmin edir..
-Sizcə,
bu gün Azərbaycan gənci beynəlxalq platformalarda
özünü təsdiqləmək üçün
hansı üstünlüklərə malikdir və onların
beynəlxalq arenada təmsilini necə dəyərləndirirsiniz?
-Müasir Azərbaycan gənci beynəlxalq platformalarda özünü təsdiqləmək üçün kifayət qədər zəngin və çoxşaxəli üstünlüklərə malikdir. Bunların təməlində güclü təhsil bazası, milli kimliyimizə bağlılıq və qlobal dünyagörüş dayanır. Gənclərimiz həm öz köklərinə, milli-mənəvi dəyərlərinə dərindən sadiqdir, həm də müasir texnologiyalara, xarici dil biliklərinə və beynəlxalq standartlara sürətlə adaptasiya olmağı bacarır. Xüsusilə Zəfər qazanmış bir ölkənin nümayəndəsi olmaqdan doğan özünəinam və dövlətimizin gənclərə yaratdığı geniş imkanlar gənclərimizin istənilən beynəlxalq mühitdə intellektual rəqabətə tab gətirməsinə və Azərbaycanın maraqlarını peşəkarlıqla müdafiə etməsinə zəmin yaradır.
Müşahidələr göstərir ki, gənclərimiz artıq beynəlxalq platformalarda sadəcə iştirakçı deyil, təşəbbüskar kimi çıxış edirlər. Beynəlxalq konfranslarda, simulasiyalarda və diplomatik görüşlərdə onların arqumentləri daha peşəkar və əsaslandırılmışdır. “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri olaraq xarici tərəfdaşlarla bərabərhüquqlu və effektiv dialoq qura bilirik ki, bu da dövlətimizin yumşaq gücünün (soft power) bir hissəsi kimi qiymətləndirilir.
-Bu gün gənclərə, xüsusilə
də ictimai və beynəlxalq sahədə
çalışmaq istəyən gənclərə tövsiyələriniz
nədən ibarətdir?
-Gənclərə tövsiyəm odur ki, heç vaxt öyrənməkdən yorulmasınlar. Beynəlxalq münasibətlər daim dəyişən bir sahədir. Bu sahədə uğur qazanmaq üçün həm nəzəri biliklərə, həm də güclü "soft skills" (kommunikasiya, liderlik, böhran idarəçiliyi) bacarıqlarına malik olmaq lazımdır. Hər zaman ölkəmizi xaricdə təmsil edərkən üzərinizdə böyük bir bayrağın məsuliyyətini hiss edin və fəaliyyətinizi fərdi uğurdan çox, cəmiyyətə verəcəyiniz fayda üzərində qurun.
-Gələcək planlarınız və hədəfləriniz
nədən ibarətdir, beynəlxalq əməkdaşlıq
sahəsində hansı əsas istiqamətləri prioritet
hesab edirsiniz?
-Gələcək hədəfim “Regional İnkişaf” İctimai Birliyinin beynəlxalq əməkdaşlıq coğrafiyasını daha da genişləndirmək və Azərbaycan modelini qlobal səviyyədə uğurlu keys kimi təqdim etməkdir. Prioritetlərim arasında regionlarda dayanıqlı inkişaf, yaşıl enerji, rəqəmsal maarifləndirmə və gənclərin məşğulluğunun artırılması üçün beynəlxalq investisiyaların cəlb edilməsi dayanır. Mən inanıram ki, Azərbaycan gəncliyi olaraq biz dövlətimizin inkişafına hələ çox böyük töhfələr verəcəyik.
Gülbağda Leysanova-Hacıyeva
Müsahibəni
apardı:
Yaqut Ağaşahqızı
İki sahil.- 2026.-
4 fevral, ą8.- S.5.