Bu vərdiş gözdə
ciddi fəsadlar yaradır
Gecə işıqları söndürüb
telefona baxmaq çoxlarına zərərsiz
bir vərdiş kimi görünsə də, mütəxəssislər
bunun həm göz sağlamlığına,
həm də orqanizmin bioloji ritminə mənfi təsir göstərdiyini
bildirirlər. Xüsusilə
qaranlıq mühitdə
ekrana baxmaq, fərqinə varılmadan
uzunmüddətli sağlamlıq
problemlərinə zəmin
yarada bilər.
Göz xəstəlikləri üzrə mütəxəssis, həkim Akgün Sayar qaranlıq mühitdə smartfondan istifadənin gözlər üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. O bildirib ki, ağıllı telefonlardan gündəlik həyatımızda intensiv istifadə olunması göz sağlamlığı ilə bağlı təhlükələri də artırır.
Mütəxəssis vurğulayıb ki, işıqlar söndürülmüş vəziyyətdə parlaq ekrana baxmaq gözün daha çox gərginliklə işləməsinə səbəb olur: “Qaranlıq mühitdə ekran işığına məruz qalan göz daim uyğunlaşmağa məcbur qalır. Bu isə göz yorğunluğunu artırır və uzun müddətdə miyopiya riskinin yüksəlməsinə gətirib çıxara bilər. Xüsusilə uşaqlar və yeniyetmələr bu baxımdan daha həssas qrupdur.”
Həkim Sayar telefon və planşet ekranlarından yayılan mavi işığın qaranlıqda daha güclü qəbul edildiyini də qeyd edib. Onun sözlərinə görə, mavi işıq göz quruluğu, gözdə yanma və batma hissi, baş ağrısı kimi şikayətlərə səbəb ola bilər. Eyni zamanda,mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldaraq yuxu rejimini pozur və gecə yuxusuna getməyi çətinləşdirir.
Mütəxəssis gözlərin qorunması üçün bir sıra vacib tövsiyələr verib:
Qaranlıqda telefon və planşetdən istifadə etməmək
Ekran parlaqlığını ətrafın işıqlandırmasına uyğun tənzimləmək
Xüsusilə gecə saatlarında ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmaq
Bundan əlavə, 20-20-20 qaydasının göz yorğunluğunu azaltmaqda effektiv üsul olduğunu xatırladıb. Bu qaydaya görə, hər 20 dəqiqədən bir, 20 saniyə ərzində təxminən 6 metr (20 fut) uzaqlıqda olan bir nöqtəyə baxmaq gözlərin dincəlməsinə kömək edir.
Mütəxəssislər bildiriblər ki, bu sadə, lakin əhəmiyyətli vərdişlər həm göz sağlamlığını qorumaqda, həm də keyfiyyətli yuxu rejimini təmin etməkdə mühüm rol oynaya bilər.
İki sahil.- 2026.- 11 fevral, ¹10.- S.8.