Cinayət və cəza
Beynəlxalq humanitar hüquq
pozucularının cəzasız
qalmayacağını göstərən
mühüm mesaj
Xəbər
verildiyi kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə
bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı
Ruben Vardanyanın barəsində cinayət işi üzrə
açıq məhkəmə iclasında yekun məhkəmə
qərarı (hökm) elan olundu. Bakı Hərbi Məhkəməsində
Ruben Vardanyana 20 il azadlıqdan məhrumetmə cəzası
verildi.
Qeyd edək ki, erməni əsilli
rusiyalı milyarder, Xankəndidəki sabiq
terrorçu-separatçı xuntanın maliyyə mənbələrindən
biri, sonra da rəhbərləri arasında yer almış
Ruben Vardanyan yalnız biznes və siyasətdəki rolu ilə
deyil, həm də bu hadisələrdəki yeri ilə
xüsusi fərqlənən şəxs kimi
tanınırdı. 2022-ci il sentyabrın 1-də Ruben Vardanyan
Rusiya vətəndaşlığından imtina edərək
Qarabağa köçüb. O, bütün Rusiya aktivlərini
ailə fonduna, idarəetməni isə tərəfdaşlarına
ötürmək qərarına gəlib. 2022-ci il oktyabrın
20-də Vardanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın
hökumət başçısı “vəzifəsi”nə “təyin
edilib” və noyabrın 4-də vəzifəsinin icrasına
başlayıb. Lakin Bakının qətiyyətli
addımlarından sonra qondarma vəzifədən
çıxmalı olub. Buna baxmayaraq Vardanyan Xankəndidə təxribatçı
fəaliyyətini davam etdirib. O, aktiv şəkildə
Qarabağın gorbagor olmuş status məsələsini
gündəmdə saxlamağa çalışıb,
“böhran”, “humanitar fəlakət”, “aclıq” kimi kartlardan
istifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini
çəkməyə cəhd edib. Ona qarşı irəli
sürülən ittihamlar Azərbaycan Cinayət Məcəlləsinin
15-dən çox maddəsini əhatə edir. Bu ittihamlar
aqressiv müharibənin təşkilindən terrorizmin maliyyələşdirilməsinə
qədər geniş bir spektri əhatə edir və onu
Qarabağ münaqişəsi ilə bağlı ən vacib
fiqurlardan birinə çevirir. Azərbaycan Baş
Prokurorluğu Vardanyanın cinayətkar fəaliyyətlərini
təsdiqləyən inandırıcı sübutlar təqdim
etmişdir. Onlar silahlı separatçı qruplaşmaların
maliyyələşdirilməsi, Azərbaycanın ərazi
bütövlüyünü pozmağa yönəlmiş əməliyyatların
təşkil olunması, habelə BMT Nizamnaməsi və Təhlükəsizlik
Şurasının qətnamələri kimi beynəlxalq sənədlərin
pozulmasıdır.
Beynəlxalq hüquq üzrə
ekspert Tomas Hamilton "Eurasian Legal
Review" jurnalına verdiyi müsahibədə bildirib:
"Bu proses təkcə Azərbaycan üçün deyil, həm
də bütün dünya ədalət sistemi
üçün əhəmiyyətlidir. Bu göstərir ki,
hətta maliyyə resursları və əlaqələri olan
nüfuzlu şəxslər də öz hərəkətlərinə
görə məsuliyyətdən yayına bilməyəcəklər".
Ruben Vardanyana qarşı irəli sürülmüş
əsas ittihamlara nəzər salsaq görərik ki, bura
daxildir: Aqressiv müharibənin planlaşdırılması və
aparılması (Azərbaycan CM-nin 100-cü maddəsi),
deportasiya və məcburi köçürmə (Azərbaycan
CM-nin 107-ci maddəsi), qanunsuz azadlıqdan məhrum etmə və
işgəncələr (Azərbaycan CM-nin 112 və 113-cü
maddələri) Zərərçəkmişlərin
şahid ifadələri dəhşətli mənzərələr
açır. Gözə dəyən şahidlərin dediyinə
görə, Vardanyan dinc sakinlərə qarşı işgəncələrin
və qeyri-insani rəftarın təşkilatçısı
olub. Həmçinin, terrorizmin maliyyələşdirilməsi
(Azərbaycan CM-nin 214 və 214-1-ci maddələri) Vardanyan
öz maliyyə resurslarından istifadə edərək
silahlı qruplaşmaları dəstəkləyib, bu isə
döyüşlərin davam etməsinə imkan verib.
İstintaqın məlumatına görə, bu əməliyyatlar
ofşor hesablar vasitəsilə həyata keçirilib. Hakimiyyətin
zorla ələ keçirilməsi (Azərbaycan CM-nin 278-ci maddəsi)
Vardanyan qanunsuz silahlı birləşmələrdən istifadə
edərək siyasi məqsədlərini həyata keçirməyə
çalışıb. Onun hərəkətləri yalnız
Azərbaycana deyil, həm də regionun sabitliyinə təhlükə
yaradıb.
Vardanyanın vətəndaşlığı məsələsi xüsusi
diqqət çəkir. Rusiyanın keçmiş vətəndaşı
və iri biznesmen olaraq, o, qəfildən Ermənistan vətəndaşlığına
keçib ki, bu da suallar doğurur. Vətəndaşlığın
dəyişdirilməsi ona siyasi sığınacaq əldə
etməyə imkan verib və Qarabağ münaqişəsindən
öz ambisiyalarını həyata keçirmək
üçün istifadə edib. Cinayət işinin
istintaqı zamanı onun qanunsuz fəaliyyətinin
miqyasını və dərinliyini göstərən kifayət
qədər sübutlar toplanmışdır. Bu sübutlar
beynəlxalq humanitar hüququn çoxsaylı
pozuntularını üzə çıxarıb. Həmin
cinayətlər arasında mülki şəxslərin hərbi
əməliyyatlarda iştirakına məcbur edilməsi,
mülki infrastrukturun hərbi məqsədlər
üçün istifadə olunması, beynəlxalq ictimaiyyət
tərəfindən Azərbaycanın suveren hissəsi kimi
tanınan ərazilərdə qanunsuz hərbi təlimlərin
keçirilməsi və s. var.
Ruben
Vardanyan üzərində aparılan
məhkəmə prosesi
təkcə region üçün deyil, həm də qlobal
hüquq sistemi üçün böyük təsirə
malikdir. Bu proses göstərdi ki, suverenliyə və beynəlxalq
qaydalara qarşı törədilən cinayətlər cəzasız
qala bilməz. Azərbaycan sübut edir ki, qanunun və ədalətin
gücü hətta ən çətin münaqişələrin
həllində əsas prinsip olaraq qalır. “Ruben Vardanyan
işi” yalnız ədalətin bərpasına doğru bir
addım deyil, həm də qanunun gücünü və Azərbaycanın
öz hüquqlarını və maraqlarını qorumaq qətiyyətini
dünyaya xatırladan güclü bir mesaj oldu. Həbs qərarından
sonra bəzi Qərb dairələrinin və insan haqları təşkilatlarının
prosesi "siyasi motivli" kimi təqdim etməyə
çalışa biləcəyi də istisna edilmir. Lakin bu məsələ
də ötən həftələrdə ən yüksək
səviyyədə həll edildi. İrəvan Bakıda həbsdə
olan ermənilərə görə son çarə kimi
ABŞ Vitse-prezidenti Ceyms Devid Vensi qabağa vermişdi. O,
Prezident İlham Əliyevlə görüşdə bu məsələyə
toxundu. Azərbaycanın isə cavabı qəti oldu. Bu barədə
İlham Əliyev fevralın 13-də Münxendə "France
24" telekanalına müsahibəsində bildirdi:
"Vitse-prezidentlə bir neçə saat davam edən
görüş zamanı digər məsələlərlə
yanaşı, bu məsələ də onun tərəfindən
qaldırıldı və mən bu məsələ ilə
bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam".
Prezident müxbirin əfvlə bağlı sualına isə
birmənalı cavab verdi. “Bəli, bu insanlar bəşəriyyətə
qarşı ağır cinayətlər törədiblər və
onların əfvi mümkün deyil!”
Bu proses bir daha göstərdi
ki, heç kim, statusundan, var-dövlətindən və ya təsirindən
asılı olmayaraq, törətdiyi cinayətlərə
görə məsuliyyətdən yayına bilməz. Azərbaycan
dünya ictimaiyyəti üçün nümunə olacaq bir
standart qoydu: Ədalət mümkündür, hətta şərait
mürəkkəb və siyasi gərginlik yüksək olduqda
belə. Azərbaycan hüquqsuzluğa qarşı mübarizə
aparmaq, öz hüquqlarını müdafiə etmək və
ədalətə nail olmaq üçün digər ölkələri
ruhlandıracaq mühüm bir presedent müəyyən
etmişdir. Bu isə hüquq sisteminə olan inam və
etibarı gücləndirəcək bir amildir.
Sevinc Azadi
İki sahil.- 2026.- 18 fevral, ¹12.- S.7.