Azərbaycanın enerji siyasəti qlobal miqyasda
sabitliyə töhfə verən
strateji modeldir
2015-ci
ilin fevral ayından etibarən hər il keçirilən Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin toplantısı hesabat dövrü ərzində
Azərbaycanın enerji sektorunda qazandığı
uğurların təqdimatında əhəmiyyətli rol
oynayır. Martın 3-də Bakı Konqres Mərkəzində
keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 4-cü
iclaslarına Azərbaycan və Avropa İttifaqı dövlətləri
daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və
təşkilat, həmçinin 49 enerji şirkəti
qatıldı.
Tədbirdə
nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli
nümayəndələr iştirak etdilər. Hər il
iştirakçıların say tərkibində artım Azərbaycanın
beynəlxalq münasibətlər sistemində artan rolunun,
dünyanın enerji təhlükəsizliyinin təminatına
verdiyi töhfələrin təqdimatıdır. Ötən
il Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
11-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı
daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və
42 enerji şirkəti qatılmışdı.
Azərbaycanın
enerji diplomatiyasının uğurları
davamlılığı ilə diqqətdədir. Ötən
ilin iyununda keçirilən Bakı Enerji Həftəsində
və aprel ayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının iclaslarında qaz ixracının
artırılması və yaşıl enerji layihələrinin
genişləndirilməsi istiqamətində mühüm
mesajlar səsləndirildi və razılaşmalar əldə
edildi. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan
neft, qaz ilə yanaşı, həm də elektrik enerjisi
ixracatçısıdır. 2024-cü ildə Azərbaycanın
ev sahbiliyi etdiyi COP29 iqlim konfransı ölkəmizin bərpaolunan
enerji sahəsində malik olduğu potensialı bir daha
nümayiş etdirdi.
Hazırkı
dövrün əsas çağırışı bərpaolunan
enerji mənbələrinə investisiyaların
yatırılmasıdır. COP29 tədbiri çərçivəsində,
həmçinin ondan sonrakı dövrdə bu sahədə əməkdaşlığa
verilən önəmin imzalanan sənədlərdə
özünün aydın ifadəsini tapdığını
görərik. Dövlət başçısı İlham Əliyev
Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 4-cü islaslarında
bu məqamı xüsusi qeyd etdi ki, artıq bir neçə
ildir ki, Məşvərət Şurası çərçivəsində
müzakirə olunan məsələlərin bir hissəsi də
yaşıl gündəlikdir. Biz hamımız planetin təhlükəsiz
və təmiz olmasını istəyirik. Heç birimiz iqlim
dəyişikliyinin fəsadlarını görmək istəmirik.
Burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını
görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə
ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm
nöqteyi-nəzərindən yanaşmalıyıq.
Qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin
vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin
səylərinin yüksək qiymətləndirilməsi, -
ölkənin öz qaz ehtiyatlarının 100 il
üçün kifayət edə biləcəyi halda bərpaolunan
enerji mənbələrinə milyardlarla sərmayə
yatırması, iş məhz belə aparılmalıdır.
Bu
fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə
KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin
deputatı qeyd edib ki, Azərbaycanın bu sahədə
qazandığı möhtəşəm uğurları təsəvvürə
gətirmək üçün ölkəmizin iqtisadi və
siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli
rol oynayan “Əsrin
müqaviləsi”nin imzalandığı 1994-cü ildən
bugünədək Azərbaycanın enerji sektorunda
qazandığı
uğurların xronologiyasına diqqət yetirmək kifayətdir.
“Əsrin müqaviləsi”nin
imzalanmasından sonra Azəraycanın beynəlxalq aktorlarla əməkdaşlığının
coğrafiyası genişləndi. Ümummilli Lider Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının əsas
tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz layihlələrinin uğurlu
icrası ilə regional
inkişafın aparıcı qüvvəsinə çevrilən
Azərbaycan 2014-cü ildə çoxtərəfli əməkdaşlığın
başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməlinin
qoyulması ilə etibarlı tərəfdaş
kimi mövqeyinin möhkəmləndiyini bir daha nümayiş
etdirdi. 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi
açılışı oldu, həmin ilin iyununda bu layihənin əsas tərkib
hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə
TAP istifadəyə verildi.
2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın enerji sektorunun aydın gələcəyinin
təqdimatı oldu.
Cənub
Qaz Dəhlizi Məşvərət Şurasının hər
il ənənəvi olaraq keçirilən iclasları ölkəmizin
bu sahədə qazandığı uğurlara baxış əsasında
qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində
öz sözünü deyir. Dünyanın enerji gündəliyinin
mütəmadi olaraq Azərbaycanda müzakirə edilməsi
ölkəmizin malik olduğu təcrübənin,
qazandığı uğurların göstəricisidir. Avropa
İttifaqı Azərbaycanı etibarlı tərəfdaş
və pan-Avropa qaz təchizatçısı adlandırır.
Prezident İlham Əliyev çıxışında bildirdi
ki, Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə
gəlincə, bu yaxınlarda Türkiyədə ən
böyük elektrik stansiyalarından birini əldə
etmişik. Gücü
870 meqavatdır. Ötən ay Serbiya ilə 500
meqavatlıq elektrik stansiyasının inşasına dair
müqavilə imzalandı. Enerji təhlükəsizliyinə
töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub
Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin
mühüm nailiyyətlər, amillər arasında
İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2
neftayırma müəssisəsinin əldə olunması var. Əgər
Egey dənizinin Türkiyə sahillərində artıq sahib
olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də
əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində
22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində
neft məhsullarının davamlı təchizatını
təmin etməyə kömək edəcək.
Vüqar
Rəhimzadə bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
4-cü iclaslarında «Hər zaman olduğu kimi, biz Məşvərət
Şurasının illik iclasında ötən iclasdan bəri
görülmüş işləri nəzərdən
keçirir, enerji təhlükəsizliyi və dayanıqlı
enerji təchizatı sahələrində əməkdaşlığımızın
və tərəfdaşlığımızın gücləndirilməsi
ilə bağlı gələcək birgə
addımlarımızı planlaşdırırıq» söyləyən
dövlət başçısı İlham Əliyev onu da
vurğuladı ki, bu təşəbbüsün
davamlılığını nümayiş etdirməsindən
artıq on ildən çox vaxt keçir və 12 il əvvəl
bu təşəbbüsə başladığımız
dövrlə müqayisədə
məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə
dair mühüm məsələləri müzakirə yolu ilə
həll etməyin nə dərəcədə vacib olduğunu
indi daha aydın şəkildə anlayırıq. Hər dəfə
biz məhz irəliləyişdən danışırıq.
Hesabat
dövründə Azərbaycanın enerji sektorundakı
mühüm hadisələrdən biri 2025-ci il iyununda rəsmi açılış mərasimi keçirilən “8 Noyabr” Elektrik
Stansiyasıdır. Mingəçevirdə yerləşən
və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın
müstəqillik dövründə inşa edilən ən iri
elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin
enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti
ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili
enerji tələbatının ödənilməsində deyil,
həm də ixrac potensialının artırılmasında
mühüm rol oynayacaq. Bərpaolunan
enerji layihələri ilə yanaşı, müasir və səmərəli
stansiyaların açılışı enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə, enerji ixrac
imkanlarının genişləndirilməsinə, ətraf
mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın
güclənməsinə xidmət edir. Azərbaycanın
yaşıl enerji konsepsiyası və dayanıqlı enerji
siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə
də regionun və Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynamağa davam edəcək. Bu gün Azərbaycanın
enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də
qlobal enerji keçidinə və regional sabitliyə töhfə
verən strateji model kimi nümunə göstərilir. Dövlət
başçısı İlham Əliyev bu ilin yanvarında
“Gülüstan” sarayında Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti tərəfindən
inşa edilmiş 240 MVt gücündə
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının
rəsmi açılış mərasimində çıxışında hesabat dövrünün enerji
uğurları sırasında bu hadisəni qeyd edərək
bildirdi ki, bu, artıq malik
olduğumuz potensiala əlavə edilən yeni yaşıl
enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti
230 meqavat gücündə Günəş elektrik
stansiyası inşa edib: “Bir neçə layihə artıq
icra mərhələsindədir və gələcək illərdə
biz alternativ enerji mənbələri ilə işləyən
yeni elektrik stansiyalarının
açılışını gözləyirik. Bizdə xarici sərmayədarlardan
və yerli şirkətlərdən ibarət müsbət
kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə
ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR
yox, həmçinin özəl şirkətlər alternativ
enerji mənbələrinə investisiya yatırmağa
başlayıb. Çünki burada böyük potensial və
bazarda tələbat var.”
Millət
vəkili bildirib ki,
Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının iclasları enerji təhlükəsizliyi
sahəsində yeni yanaşmaların
formalaşdırılmasında,
səylərin əlaqələndirilməsində
mühüm rol oynayır. Komandanın tərkibi genişlənir. Əsas məqsəd
əməkdaşlığın gücləndirilməsidir.
Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi
layihələrinin heç biri mümkün olmazdı. Cənub
Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm
enerji layihəsidir. Bu gün Cənub Qaz Dəhlizi təkcə
Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin
əsas dayaqlarından birinə çevrilib. Azərbaycan hər
zaman yeni əməkdaşlıq formatlarının yaradılmasının
təşəbbüskarı olmaqla yanaşı, hazırda icra edilən, yaxud icrasını
başa çatdıran layihələrin
coğrafiyasının genişləndirilməsinin də
vacibliyini bildirir. Təcrübə mübadiləsinin
aparılması, səylərin birləşdirilməsi
bütün dövrlər üçün
aktuallığını qoruyur. Ümummilli Lider Heydər Əliyev
hələ “Əsrin müqaviləsi”nin
imzalanmasından öncə dünya təcrübəsinə əsasən
belə bir çağırışı səsləndirmişdi
ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə
mübadiləsi olmadan, səylər
və ehtiyatlar birləşdirilmədən
təkbaşına iqtisadi tərəqqiyə
nail ola bilməz. Dövlətimizin başçısı
İlham Əliyev Cənub Qaz Dəhlizi Nazirlər
Şurasının iclaslarında bildirdi ki, istehsalçı Azərbaycan,
tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda
müsbət dinamika müşahidə olunur. Məhz bu birlik,
birgə maraqlar və qarşılıqlı fayda prinsipi on
ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Vüqar
Rəhimzadə qeyd edib ki, Azərbaycan hər dövrün
çağırışlarını yüksək səviyyədə
cavablandırır. Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının ötənilki iclasında əsas
çağırışlardan biri qaz ixracının
coğrafiyasının genişləndirilməsi olmuşdu.
Dövlətimizin başçısı İlham Əliyev
sözügedən çıxışında bu məqamı
xüsusi qeyd etdi. Vurğuladı ki, sonuncu dəfə bu
auditoriya qarşısında çıxış edərkən
bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük
edirik: “Hazırda isə Azərbaycan qazının
istehlakçısı olan ölkələrin sayı 16-ya
çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri
vasitəsilə qaz tədarük etdiyi ölkələrin
sayına əsasən dünyada birinci yerdədir. Qaz təchizatının
coğrafiyasının genişləndirilməsi ilə
bağlı planlarımızı da qeyd etmişdim. Bu planlar
artıq reallaşdırılıb. Digər mühüm hadisə
qaz təchizatımızın artıq Avropa
hüdudlarından kənardakı istiqamətlərə çatması olmuşdur.
İlk dəfə olaraq Suriyaya qaz tədarükünə
başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin
elektrik enerjisi qıtlığının azaldılmasında
yardım göstərmək məqsədi daşıyır.”
Planlara gəldikdə Prezident İlham Əliyev
vuruğaladı ki, biz Avropanın enerji bazarında
mövcudluğumuzu genişləndirmək niyyətindəyik.
Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və
Avstriyaya qaz tədarükünə başlamışıq.
Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv
dövləti Azərbaycandan qaz alır. Qarşıdakı
illərdə Azərbaycanın yataqlarından yeni qaz
hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini
artırmaq imkanımız mövcuddur. Lakin bunun
üçün şübhəsiz ki, ötən dəfə
də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli
infrastrukturlarının genişləndirilməsi üzərində
düşünməliyik. Çünki bu gün Cənub Qaz
Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir.
Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti
nəzərə alaraq, artacaq tələbatı
qarşılamaq məqsədilə əlavə genişləndirmə
və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz
ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Prezident İlham Əliyevin Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
4-cü iclaslarında iştirak edən Avropa
Komissiyasının enerji və mənzil siyasəti üzrə
komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edərkən də söhbət zamanı Azərbaycanın,
xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfəyə diqqət yönəldildi, enerji sahəsində
ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının
genişləndirilməsi və təbii qaz, yaşıl enerji
ilə bağlı əməkdaşlığın perspektivlərinə
dair məsələlər müzakirə olundu. Ümumiləşdirilmiş
şəkildə qeyd etsək, Azərbaycanla Avropa təsisatları
arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan
güclü tərəfdaşlıq mövcuddur.
Vüqar
Rəhimzadə
İki sahil.- 2026.- 4 mart, ¹16.- S.4.