Azərbaycan-Avropa İttifaqı
münasibətlərində yeni mərhələ
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri beynəlxalq təşkilatlarla,
həmçinin onlara
üzv olan dövlətlərlə əlaqələrin
qurulması, yeni istiqamətlər
üzrə inkişaf
etdirilməsidir. Bu gün
Azərbaycan-Avropa ittifaqı
(Aİ) münasibətlərinin fonunda bu reallığın şahidiyik. Aİ ilə qarşılıqlı hörmət
və maraq prinsipləri əsasında
qurulan münasibətlər
martın 11-də Avropa
İttifaqı Şurasının
Prezidenti Antonio Koştanın
ölkəmizə səfərində
özünün bir daha aydın ifadəsini tapdı.
Qeyd edək ki, Azərbaycan 1996-cı ildən
Avropa İttifaqı ilə tərəfdaşlıq
və əməkdaşlıq
sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və nəhayət, 2009-cu ildən
“Şərq Tərəfdaşlığı”
Proqramı çərçivəsində
əməkdaşlıq edir.
Quruma üzv ölkələrin üçdəbir
hissəsi ilə Azərbaycan strateji tərəfdaşlığı haqqında bəyannamələr imzalanıb. Bu, o deməkdir ki, ölkəmiz
Aİ ölkələrinin üçdəbirindən
çoxu ilə strateji tərəfdaşlıq formatı
yaradıb. Azərbaycan Aİ ilə müxtəlif sahələr
üzrə geniş əməkdaşlıq
əlaqələrinə malikdir. Azərbaycan regionun və
Avropanın enerji xəritəsini zənginləşdirən
dövlət kimi nüfuz qazanıb. Bu gün Azərbaycan
Avropa üçün yeganə yeni enerji mənbəyidir. Bu
münasibətlər dövlətlərarası əlaqələrin
inkişafına möhkəm zəmin yaradır. “Əsrin
müqaviləsi”ndən sonra
davam etdirilən layihələr
Azərbaycanı Avropanın enerji təhlükəsizliyində
əsas rol oynayan aktorlardan birinə çevirməklə
ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin
artmasına imkanlar yaradır.
Bu fikirləri Milli Məclisin
deputatı Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dövlət
başçısı İlham Əliyevin Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə
təkbətək və geniş tərkibdə
görüşlərində Azərbaycanla Aİ arasında əlaqələrin
müxtəlif sahələrdə inkişafından məmnunluq
ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat
məsələləri üzrə dialoqun uğurla
aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi
qeyd olundu. 10 Avropa ölkəsinə qazın ixrac edilməsi
bunun tərkib hissəsi kimi qiymətləndirildi. Həmçinin
nəqliyyat, logistika və bağlantılar üzrə
müzakirələr aparıldı, bu məsələlərdə
Azərbaycanın regionda mühüm rol oynadığı,
Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi
vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir
yolu xəttinin bərpasında və yenidən qurulmasında
Avropa İttifaqının iştirakına diqqət yönəldildi.
Söhbət əsnasında Azərbaycan ilə Avropa
İttifaqı arasında rəqəmsal transformasiya, süni
intellekt, data mərkəzlərinin yaradılması sahələrində
əməkdaşlığın perspektivlərinə dair
fikir mübadiləsi aparıldı.
Vüqar
Rəhimzadə vurğulayıb
ki, dövlət
başçısı İlham Əliyevin və Avropa
İttifaqı Şurasının Prezidenti Antonio
Koştanın mətbuata bəyanatları münasibətlərin
dünəninə və bugününə baxış əsasında
qarşıdakı dövrün
hədəflərinin təqdimatı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev səfərin hazırkı dövrdə
çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin
daha da yüksəlməsində mühüm rol
oynayacağına əminliyini ifadə etdi. İqtisadi göstəricilərə
diqqəti yönəldən Prezident İlham Əliyev əlavə
etdi ki, bu ilin yanvarında ticari
dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə
bağlı olub. Avropa İttifaqı bizim üçün bir
nömrəli ticari tərəfdaşdır. Hazırda Azərbaycan
Avropada fəal şəkildə sərmayə
yatırır. Tərəfdaşlığımızın
mühüm hissəsi hər zaman enerji əməkdaşlığı
olub, var və birmənalı olaraq olacaq.
Millət
vəkili 2022-ci ilin
iyulunda imzalanan Azərbaycan ilə
Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumuna diqqəti yönəldərək
bildirib ki, həmin vaxtdan etibarən ölkəmiz həm həcm, həm də ölkələrin
sayı baxımından Avropa ölkələrinə qaz
ixracını
artırıb. Bu gün
Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı
qəbul edir və ölkələrin ümumi sayı 16-ya
çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəməri ilə
qazı təchiz edən bir nömrəli ölkədir. Bu rəqəm
Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin
təminatına verdiyi töhfələrin miqyası barədə aydın təsəvvür
yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan üçün Avropa bazarı
artım potensialına malik ümumi qaz ixracımızın
yarısını təşkil edir. Ölkəmiz bu il qaz
hasilatını artırmağı planlaşdırır. Biz
qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu
gündən etibarən növbəti iki və ya üç
il ərzində, - əgər hər şey cədvələ
uyğun gedərsə,
bugünkü həcmlə müqayisədə minimum 10
milyard kubmetr əlavə qazımız olacaq.
Vüqar
Rəhimzadə
vurğulayıb ki, hazırkı
dövrün əsas çağırışlarından biri
yaşıl enerjiyə keçiddir. Azərbaycanın malik
olduğu bərpaolunan enerji potensialı dünya dövlətləri ilə
əlaqələrin inkişafında əhəmiyyətli rol
oynayır. Azərbaycanla Avropa İttifaqı arasında enerji
sahəsində əməkdaşlığın digər
istiqaməti bərpaolunan enerji ilə bağlıdır.
Ölkəmiz külək, Günəş və su elektrik
enerjisinə böyük sərmayələr
yatırır. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
planımız beş və ya altı il ərzində ixraca
hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik
olmaqdır. Hazırda Avropa tərəfdaşları
ilə ötürülmə xətləri, dəniz dibi kabelləri,
enerji infrastrukturunun digər fərqli hissələri üzərində
çalışırıq.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində
Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu
gün və gələcək üçün bir növ yol
xəritəsidir. Digər mühüm məsələ isə
Azərbaycanın coğrafi mövqeyini və müasir
daşımalar infrastrukturunu nəzərə alaraq, potensialımız arasında şəbəkənin
qurulmasıdır. Prezident İlham Əliyev mətbuata bəyanatında
bu məqama xüsusi diqqət yönəltdi ki, Ermənistanla
paraflanmış sülh sazişinə nail olduqdan sonra
daşımalar ikitərəfli gündəliyimizin
mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi
üçün yeni imkanların açılması nikbinliyimizi artırır. Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta “Daşımalar bizim
əməkdaşlığımızın başqa bir
mühüm sahəsidir” söyləyərək
vurğuladı ki, Orta Dəhlizin
inkişafı yeni nəqliyyat bağlantıları
üçün strateji fürsətdir.
Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin
tamamlanması bu mənada böyük əhəmiyyət kəsb
edəcək. Avropa ilə Asiya arasında ticarət
dayanıqlılığını gücləndirməklə iş yerləri yarada, artımı
stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə
gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın
dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan
və çiçəklənən Cənubi Qafqaz hədəfini
bölüşür.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin elə
bir görüşü, çıxışı yoxdur ki,
diqqəti ötən ilin
avqustunda ABŞ-a işgüzar səfəri zamanı əldə
olunan tarixi sülh razılaşmasına, onun uğurlu nəticələrinə yönəltməsin. Bu baxımdan
dövlət başçısının Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə
birgə mətbuata bəyanatı da diqqətdə oldu. Cəmi
yeddi aydır sülh şəraitində
yaşadığımızı bildirən Prezident İlham
Əliyev bu əminliyi ifadə etdi ki, Ermənistanla sülh
daimi olacaq. Biz, həmçinin ticarətə
başlamışıq. Ermənistana mühüm neft məhsullarının
təchizatına başlamışıq. Digər ölkələrdən
Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən
yüklərin tranzitinə bütün məhdudiyyətləri
aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi
iradəmizi göstərir. Çünki biz sülhə təkcə
iki ölkənin parafladığı sənəd üzərində
deyil, həmçinin əyani şəkildə nail oluruq.
Sülhdən yaxşı heç nə ola bilməz. Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta bəyanatında
bildirdi ki, bugünkü görüş bizim xüsusilə təhlükəsizlik,
enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın
daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin
bariz əlamətidir. Təhlükəsizlik və insan
haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən
tam şəkildə istifadə etmək məqsədilə
hazırda biz Avropa İttifaqı ilə Azərbaycan
arasında daha sıx əməkdaşlıq
üçün yeni çərçivə üzərində
işləyirik. Bu, bizim gələcəyə birgə
baxışımıza dair güclü siqnal verir.
Vüqar
Rəhimzadə Azərbaycanın
ev sahibliyi etdiyi tədbirlərin əlaqələrin
inkişafında, yeni əməkdaşlıq
formatlarının yaradılmasında əhəmiyyətli
rolundan da bəhs edib. Bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin ənənəvi
toplantıları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət
başçısı İlham Əliyev ilə Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta
arasında keçirilən görüşlərdə,
onların mətbuata bəyanatlarında bu toplantıların əhəmiyyətinə
xüsusi diqqət yönəldildi. Azərbaycanın
dünyanın enerji təhlükəsizliyinə töhfələri
hər zaman yüksək dəyərləndirilir. Antonio
Koşta mətbuata bəyanatında Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə
Görüşünə ev sahibliyi edəcəyini də
xüsusi vurğulayaraq bidirdi ki, bu tədbiri səbirsizliklə gözləyirik.
Qurumun məqsədinin Avropada təhlükəsizliyi,
sabitliyi və əməkdaşlığı gücləndirmək
olduğunu nəzərə alsaq Azərbaycanın Zirvə
Görüşünə ev sahibliyinin uğurlu nəticələri barədə
öncədən aydın mənzərəni təqdim edə
bilərik. Antonio Koşta bir daha bildirdi ki, Avropa İttifaqı bugünün
çağırışlarını sabahın fürsətlərinə
çevirmək üçün Azərbaycanla işləməyə
sadiqdir, tərəfdaşlığımız
güclüdür. Bu tərəfdaşlığı
xalqlarımızın rifahı naminə birlikdə daha da
genişləndirə bilərik.
Vüqar Rəhimzadə
İki sahil.- 2026.-
13 mart, ¹19.- S.5.