Birinci Türkoloji Qurultay:
tarixi gerçəklik, gerçəkliyin tarixi
Birinci
Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni
tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.
1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda
keçirilən bu möhtəşəm toplantı dil, tarix,
etnoqrafiya, ədəbiyyat və mədəniyyət sahələrində
ortaq elmi platformanın formalaşdırılmasına xidmət
etmişdir. Qurultay təkcə elmi hadisə deyil, həm də
milli özünüdərk və mədəni inteqrasiya hərəkatının
rəmzi idi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
22 oktyabr 2025-ci il tarixində imzalanmış sərəncamla
Qurultayın 100 illik yubileyinin qeyd olunması bu tarixi hadisəyə
verilən yüksək dəyərin göstəricisidir. Sənəd
türk dövlətləri arasında qardaşlıq
münasibətlərinin möhkəmləndirilməsi, ortaq
milli-mənəvi dəyərlərin qorunması və
inkişaf etdirilməsi baxımından mühüm siyasi-mədəni
addım kimi çıxış edir.
Əlifba
məsələsi və milli kimlik
Qurultay
daha çox əlifba islahatı ilə əlaqələndirilsə
də, onun mahiyyəti bundan xeyli geniş idi. Ərəb əlifbasının
mürəkkəbliyi XIX əsrin ortalarından etibarən
maarifçi ziyalılar arasında müzakirə olunurdu. Bu
prosesin ideoloji əsasları böyük mütəfəəkkir
Mirzə Fətəli Axundzadə tərəfindən hələ
XIX əsrdə irəli sürülmüşdü. Onun
latın qrafikalı əlifbaya keçidlə bağlı
ideyaları sonradan geniş ictimai dəstək qazandı.
Lakin sovet
hakimiyyəti dövründə əlifba məsələsi təkcə
texniki və ya maarifçilik problemi deyildi; bu, həm də
siyasi nəzarət və ideoloji yönləndirmə alətinə
çevrilmişdi. 1929-cu ildə ərəb əlifbasının
qadağan olunması, 1939-cu ildə isə kiril qrafikasına
keçid milli yaddaşa müdaxilənin tərkib hissəsi
idi. Proses formal olaraq yeniləşmə kimi təqdim edilsə
də, əslində mədəni bağların zəiflədilməsinə
xidmət edirdi.
Siyasi nəzarət
və repressiya kölgəsi
Qurultayda
131 nümayəndə iştirak etmiş, 17 iclas
keçirilmiş və 38 məruzə dinlənilmişdi.
Lakin bu elmi müzakirələrin arxasında ciddi siyasi nəzarət
mexanizmi dayanırdı. Sovet rəhbərliyi qərarların
partiya xəttindən kənara çıxmamasına
xüsusi diqqət yetirirdi. Çıxışlar, qətnamələr
və hətta terminologiya belə nəzarət altında idi.
Təəssüf
ki, Qurultayın bir çox fəal
iştirakçıları sonradan repressiyalara məruz
qaldılar. 1937-ci ilin qanlı hadisələri milli ruhlu
ziyalıların böyük qismini məhv etdi. Onlara
qarşı irəli sürülən “pantürkizm” və
“panislamizm” ittihamları sovet ideoloji aparatının klassik
vasitələri idi. Beləliklə, elmi inteqrasiya və mədəni
həmrəylik ideyaları totalitar sistem tərəfindən təhlükə
kimi qəbul edildi.
Tarixi
miras və müasir reallıq
Buna
baxmayaraq, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni
inteqrasiyasında başlanğıc mərhələ kimi
tarixə düşdü. Bu gün müstəqil Azərbaycan
üçrəngli bayrağı, dövlət dili və
milli-mənəvi dəyərləri ilə həmin
ideyaların davamçısıdır. Latın qrafikalı əlifbaya
qayıdış da uzunmüddətli milli arzunun gerçəkləşməsi
kimi qiymətləndirilə bilər.
Müasir
dövrdə Azərbaycan beynəlxalq tədbirlərə ev
sahibliyi etməklə, multikultural dəyərlərə
sadiqliyini nümayiş etdirir. Birinci Türkoloji Qurultayın
irəli sürdüyü elmi-mədəni əməkdaşlıq
ideyaları bu gün türk dövlətləri arasında
artan inteqrasiya proseslərində yeni məzmun qazanır.
Tarixi
gerçəklik göstərdi ki, ideyalar repressiya ilə məhv
edilə bilməz. Qurultayın iştirakçıları
fiziki olaraq aradan götürülsələr də,
onların irsi və idealları yaşayır. Bu gün qeyd
olunan yubiley yalnız keçmişə ehtiram deyil, həm də
gələcəyə yönəlmiş strateji
baxışın ifadəsidir.
Birinci
Türkoloji Qurultay türk xalqlarının, habelə azərbaycanlıların
həyatında əlamətdar hadisələ kimi tarixə
düşüb. Qurultayın işində Azərbaycan və
Rusiyadan, müttəfiq respublikalardan, o cümlədən
dünya ölkələrindən bir çox nüfuzlu və
tanınmış akademik və professorlar, dilşünas alimlər,
folklor biliciləri iştirak edirdilər. 17 iclas
keçirilmiş, dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətə
dair 38 məruzə dinlənilmişdi. Qurultaya SSRİ-dən
və xarici ölkələrdən ümumilikdə 131 nəfər
nümayəndə dəvət olunmuşdu. Lakin zal 400 nəfər
(təmirdən sonra geniş oturacaqlar qoyulduğundan yer
sayı azalıb) tuturdu və maraq göstərənlər
zalda ayaq üstə durmağa məcbur olurdular. Bu mənada,
Qurultay nümayəndələrinin tam tərkibini müəyyənləşdirmək
də müşküldür.
Türk
xalqlarının mədəni inteqrasiyasında
başlanğıc
Türk
xalqlarının mədəni inteqrasiyasında
başlanğıc mərhələ olan bu möhtəşəm
tədbir ilk növbədə böyük bir coğrafi məkanda
yaşayan çoxsaylı türk xalqları üçün
bir sıra taleyüklü məsələlərin
qoyuluşu, işlənib hazırlanması və sonradan
ardıcıl şəkildə gerçəkləşdirilməsi
baxımından müstəsna əhəmiyyət
daşıyır. Müxtəlif dövlətlərdən
olan görkəmli adamların fəxri üzv, rəsmi
nümayəndə və qonaq kimi bu tədbirdə
iştirakı, məruzələrdə və
çıxışlarda problem və məsələlər ətrafında
qızğın müzakirələr, etiraz və təkliflər,
fikirlər bu və digər şəkildə stenoqramlardan
(yaxud bütöv stenoqramlar) gizlədilsə də, xatirələrə
köçürülmüş, əbədi olaraq
yaddaşlara yazılmışdır.
Qurultaya hazırlıq
və təşkilati məsələlər, iclasların
gedişatında ümumən 37-yə aparan yolun
çığırları aydın sezilirdi. Müxtəlif
millətlərin düşünən beyinlərinin
toplaşdığı Qurultayda gedən müzakirələr,
qəbul olunan QƏTNAMƏLƏR özlüyündə
repressiyanın QƏTLLƏRinə gətirib
çıxarmalı idi. Elə də oldu. Birinci Türkoloji
Qurultayın milli ruhlu fəallarından 90 faizi, onların ətrafları
və davamçıları antisovet, pantürkizm, panislamizm təbliğatında
suçlu bilinərək ölüm cəzasına məhkum
olundular, Sibirə sürgün edildilər. Ancaq haqq nazilər,
üzülməz, deyib atalar! Ötən yüzilliklər
boyunca başımıza gətirilənlər unudulmadı,
yaddaşlarda yazılaraq mübarizlik əzmimizə güc
qatdı. Türk dövlətlərinin mehriban qonşuluq
münasibətləri həm də dünyada sülhün və
əmin-amanlığın bərqərar olmasına bir
töhfədir.
...Möhtəşəm
Zəfərimizlə, Böyük
Qayıdışımızla, iqtisadi, siyasi, hərbi, mədəni
dirçəlişimizlə nüfuz qazanan Azərbaycan, Şərqin
qapısı paytaxt Bakı, gözəlləşən əyalət
şəhərlərimiz qonaqpərvərliyi ilə
dünyanın diqqət mərkəzindədir. Beynəlxalq təşkilatların,
xalqların və insanların dostluq və həmrəylik
arzularının vüsət aldığı tədbirlərə
ev sahibliyi etmək həm də multukultural adət-ənənələrə
söykənən tarixi nailiyyətimiz, eyni zamanda Birinci
Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü
ideyaların reallaşmasıdır.
Mahir
CAVADLI,
AMEA
Folklor İnstitutu
İki
sahil.-
2026.- 13 mart, ¹19.- S.3.