Azərbaycan İnnovativ yanaşmaların
formalaşmasında etibarlı tərəfdaş
Dövlət başçısı İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki
çıxışında diqqəti bir daha Azərbaycanın ev sahibliyi edəcəyi
Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyasına
yönəldərək belə
bir əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda
sizlərlə görüşüb
dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin
edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi
davam etdirəcəyik
Azərbaycanda şəhərsalma və
memarlıq ənənələrinin
çoxəsrlik zəngin
bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət
mərkəzləri kimi
Şərq ölkələri
ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin
özünəməxsus simasının
formalaşmasında qiymətli
memarlıq abidələri
müstəsna rol oynamışdır. Bu gün
ölkə ərazisində
dövlət tərəfindən
mühafizə olunan müdafiə
qalaları, karvansaralar,
məscid, məbəd
və türbələr
milli memarlığın parlaq
ənənələrini əks
etdirir.
Bədii-memarlıq həllinin kamilliyi
baxımından iftixar
hissi doğuran dünya əhəmiyyətli
tarix və mədəniyyət abidələrindən
Möminə xatun türbəsi, Xudafərin
körpüsü, “Atəşgah”
kompleksi və digər bu kimi
misilsiz nümunələr
Azərbaycan memarlığının
rəmzlərinə çevrilmişdir.
Dövlət başçısı
İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz
– qədim və orta əsrlərin şəhər mədəniyyətini
özündə təcəssüm
etdirən İçərişəhər
və Şirvanşahlar
sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və
memarlıq sənətinin
dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.
Azərbaycanda şəhərsalma
və memarlıq fəaliyyətində milli ənənələrdən
yaradıcı şəkildə
istifadə olunmasına
XX əsrdə xüsusi
diqqət yetirilmişdir.
Bu dövrdə bir sıra şəhərlər
yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə
şəhərlərin planlaşdırılması
önə çəkilmişdir.
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma
və memarlığının
inkişafında xüsusi
mərhələ təşkil
edir. Tarixən təşəkkül tapmış
Azərbaycan şəhərlərinin
və bütöv şəhərsalma sistemlərinin
qorunması ilə bağlı bu illərdə Ulu Öndərin
təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər
həyata keçirilmiş,
şəhərlərdə memarlıq abidələrinin
bərpası üzrə
planlı iş aparılmış, memarlıq
və şəhərsalma
fəaliyyətinin davamlılığını
təmin edən institusional təsisatlar qurulmuşdur. Ötən müddətdə milli təcrübələri
əks etdirən layihələrin gerçəkləşdirilməsi
sayəsində şəhərsalma
sənətinin yüksək
mənəvi-estetik təsir
gücünə malik orijinal
nümunələri yaradılmışdır.
Mövcud möhtəşəm
binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi
modern üslublu unikal memarlıq abidələrinin
və Ağ şəhər kompleksinin
əlavə edilməsi
ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların
memarlıq siması xeyli dəyişərək
yeni şəkil almışdır.
Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə
uğurla davam etdirən cənab
İlham Əliyev sosial-iqtisadi
inkişaf strategiyasına
uyğun olaraq şəhərlərimizin müasirliklə
qədimliyin sintezinin qorunması fonunda yeniliklərə, təkmilləşməyə
xüsusi diqqət yetirir. Bu gün qürurla işğaldan azad edilmiş şəhərlərimizin simasında
Azərbaycanın müasir
şəhəRsalma təcrübəsinin
nəticələrindən bəhs edirik. “Ağıllı şəhər”
və “ağıllı
kənd” layihələri
uğurla həyata keçirilir, şəhər
və kəndlərimiz
müasir tələblər
səviyyəsində yenidən
qurulur. Bu torpaqlarda həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq
işləri Azərbaycan
dövlətinin memarlıq
və şəhərsalmaya
müfəssəl baxışını
aydın nümayiş
etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə
2020-2025-ci illərdə dünya
memarlıq-inşaat təcrübəsində
az rast gəlinən
qısa bir müddətdə 100-dən artıq
yaşayış məntəqəsi,
o cümlədən 12 şəhər
üzrə planlaşdırma
sənədləri hazırlanmış
və quruculuq işlərinə başlanılmışdır.
Azərbaycanın mədəniyyət
paytaxtı, xalqımızın
qürur mənbəyi
Şuşa şəhərinin
əvvəlki memarlıq
mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi
isə milli iradənin
təzahürüdür. Hazırda
sakinlərinə qovuşan
9 azad edilmiş şəhərimiz-Füzuli, Laçın,
Cəbrayıl, Kəlbəcər,
Şuşa, Xocalı,
Ağdam, Xocavənd, Xankəndi müasir görünüşü, burada
yüksək səviyyədə
icra edilən infrastruktur layihələri
ilə dünyanın
diqqətindədir. Bu torpaqlarda
qısa müddətdə
üç beynəlxalq
hava limanının tikilib istifadəyə verilməsi ərazilərimizin
strateji əhəmiyyətini
nümayiş etdirir.
Ermənistan 30 illik işğal
zamanı şəhər
və kəndləri qəsdən dağıdaraq,
hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib.
Dövlətimizin başçısı
İlham Əliyevin daim
çıxışlarında qeyd etdiyi kimi,
bəlkə də İkinci Dünya müharibəsindən sonra
şəhərlərin bu
miqyasda dağıdılması
dünyanın heç
bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri
və yüzlərlə
kəndi yer üzündən silinib. Ağdam şəhəri
o dərəcədə dağıdılmışdır
ki, əcnəbi mütəxəssislər
onu “Qafqazın Xirosiması” adlandırıblar.
Füzuli şəhəri
işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı
dalğalandırmağa bir
dənə də olsun tikili tapa bilməmişdi.
Hazırda Azərbaycan müasir
tarixinin mühüm mərhələsini- azad edilmiş torpaqlarımızın
bərpası və yenidən qurulması prosesini yaşayır. Azad
edilmiş şəhərlərimiz
Baş plan əsasında
bərpa edilirlər.
Bu da şəhərsalmanın müasir təcrübəsinin
tərkib hissəsidir.
Prezident İlham Əliyev
bildirir ki, Azərbaycan
tərəfindən belə
iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi
şəhər inkişafı
sahəsində mükəmməllik
laboratoriyasına çevirir.
Azərbaycan bu sahədə nəhəng
təcrübəsini beynəlxalq
ictimaiyyətlə bölüşəcək.
Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma
sahəsində ölkəmizlə
həmrəylik və
beynəlxalq dəstək
bizim üçün
mühüm əhəmiyyətə
malikdir.
Azərbaycan bu ilin mayında Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına ev
sahibliyi edəcək.
Tədbirə hazırlıq
işləri yüksək
səviyyədə həyata
keçirilir. Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış
təşkilatı olan
UN Habitatdır. 2024-cü ildə
Bakıda keçirilən
COP29 iqlim konfransında
da şəhərsalma mövzusu
əsas müzakirə
mövzularından biri
oldu. Gələcək
COP tədbirlərində də
bu istiqamətdə işlər davam etdiriləcək. 2026-cı ilin
may ayında Bakının
ev sahibliyi edəcəyi Forum çərçivəsində
bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi
planlaşdırılır. Hazırlıq işləri
artıq koordinasiyalı
şəkildə həyata
keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə
xüsusi diqqət yetirilir.
Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə
qədimliyin vəhdətini
yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini
yenidən bərpa etdikdən, 1993-cü ildə
Ulu Öndər Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin
bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan
addımlar ölkəmizlə
iqtisadi əlaqələrin
qurulmasında maraqlı
olan dövlətlərin
sayının artmasına,
Azərbaycanın böyük
investisiyalar məkanına
çevrilməsinə səbəb
oldu. Yaradılan möhkəm təməl
2003-cü ildən bu günəgək islahatlar
prosesinin dərinləşməsinə
geniş imkanlar açdı. Dövlət
başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı
atılan hər addımda öz təsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının
hesabatlarında ən
islahatçı ölkə
kimi qərarlaşıb.
Bu islahatlar ölkənin
siyasi, iqtisadi qüdrətinin yüksəlməsini
təmin etdiyi kimi, paytaxtımızın,
şəhər və
kəndlərimizin simasının
dəyişilməsinə də
töhfəsini verir. Dünyanın aparıcı
dövlətlərinin, eyni
zamanda, nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında paytaxt
Bakımız füsünkar
gözəlliyi ilə
liderliyini qoruyur.
Ümummilli Lider Heydər Əliyevin düşünülmüuş
və gələcəyə
hesablanmış siyasəti
daim Azərbaycanın
qarşısında yeni imkanlar
açır. Ölkəmiz
hərtərəfli inkişafı,
bütün sahələrdə
zəngin təcrübəsi
ilə dünyanın
diqqətindədir. Dövlətimizin
başçısı İlham Əliyev daim bu çağırışı
edir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim
irəli baxmalı, zamanı qabaqlamalıyıq.
Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri
də əhatə edir. Bakı və Bakıətrafı
qəsəbələrin, regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarının uğurlu
icrası nəticəsində
paytaxtımızın memarlıq
abidələri Şərq
üslubu saxlanılmaqla
bərpa edilir, müasirliklə qədimliyi
tamamlayan yeni binalar tikilir, bölgələrimizin
siması tamamilə dəyişir, şəhərlə
kənd arasında fərq müəyyən mənada aradan götürülür. Dövlət
proqramlarında müəyyənləşdirilən
hədəflərin zamanında
və yüksək səviyyədə reallığa
çevrilməsi bu gün həm paytaxt Bakımızın,
həm də regionların inkişafında
özünün aydın
ifadəsini tapır.
Son illərdə cənab
İlham Əliyevin rəhbərliyi
ilə paytaxtımızda
həyata keçirilən
abadlıq-quruculuq işləri,
şəhər sakinlərinin,
qonaqların, turistlərin
istirahəti üçün
salınan parklar, qədim memarlıq abidələrinin bərpası
və təmiri Bakını dünyanın
ən gözəl şəhərlərindən birinə
çevirib.
Qeyd etdiyimiz kimi, hazırda əsas prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin
müasir tələblər
səviyyəsində qurulmasıdır.
Dövlət başçısı
İlham Əliyevin Sərəncamı
əsasında təsdiqlənən
“Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövr
üçün prioritetlər
və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa
zamanda reallığa çevrilməsi, işğaldan
azad edilmiş ərazilərdə müasir
və abad yaşayış mühitinin
formalaşdırılması üçün atılan
addımlar sistemli xarakter daşıyır.
Yeni yanaşmaların, müasir
innovasiyaların tətbiq
edildiyi bu ərazilərdə iqtisadi
fəaliyyətin bərpası
ölkəmizin dayanıqlı
inkişafına dəstək
olacaq. Dövlətimizin
başçısı İlham Əliyev hər bir yeni təcrübənin
ölkəmizə gətirilməsini
və tətbiqini qarşıya mühüm
vəzifə kimi qoyub. Azərbaycan bu gün təkmil
dirçəliş modeli,
eyni zamanda, müasir şəhərsalma
təcrübəsi ilə
dünyanın diqqətindədir.
Müxtəlif çağırış və qeyri-müəyyənliklər
qarşısında iqtisadi cəhətdən inkişaf edə
biləcək davamlı şəhərlərin qurulması ilə
bağlı strategiyaların müzakirəsinə həsr edilən,
fikir mübadiləsi və əməkdaşlıq
üçün müxtəlif maraqlı tərəfləri,
ekspertləri, siyasətçiləri və icmaları bir
araya gətirən forumlara paytaxt Bakımızın, eyni
zamanda, işğaldan azad edilmiş ərazilərimizin ev
sahibliyi özündə bütün məqamları ehtiva
edir.
Bu günlərdə paytaxt Bakımızın ev sahibliyi etdiyi XIII Qlobal
Bakı Forumu da bunun bariz nümunəsi oldu. Forum çərçivəsində
keçirilən panel iclaslardan birinin mövzusu məhz “Mənzil
üçün qlobal əməkdaşlıq: WUF13
üçün perspektivlər” idi. Azərbaycanın müxtəlifliyin
bir araya gəldiyi və qlobal problemlərin müzakirə
olunduğu mühüm məkana çevrildiyini, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin fəaliyyətinin isə
parçalanmış dünyada dialoqun və əməkdaşlığın
təşviqinə xidmət etdiyini önə çəkən
UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər
üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa
Şəhərlərinin İrqçiliyə Qarşı
Koalisiyasının prezidenti Benedetto Zacchiroli müsahibəsində
bu məqamları xüsusi qeyd edib ki, yaxın aylarda Bakıda
keçiriləcək Ümumdünya Şəhərsalma
Forumu müxtəlif ölkələrdən insanların bir
araya gələrək şəhərlərin gələcəyini
müzakirə etməsi üçün mühüm imkan
yaradacaq. Forumda əsas müzakirə mövzularından birinin
mənzil məsələsi olacağını qeyd edən B.Zacchiroli bildirib ki, hazırda dünyada təxminən
üç milyard insan adekvat yaşayış şəraitinə
malik deyil. Bu, artıq qlobal miqyasda təxirəsalınmaz
problemə çevrilib və onun həlli üçün
beynəlxalq səviyyədə birgə addımlar
atılmalıdır. “Ev” anlayışı yalnız
yaşayış məkanı deyil, həm də sabitlik və
gələcək deməkdir. İnsanlar ölkələrinə
qayıdarkən “evə qayıdıram” deyirlər. Lakin
dünyada milyonlarla insan var ki, bunu demək imkanından məhrumdur.
Ona görə də insanların özlərini evində hiss
etməsi üçün şərait yaratmaq qlobal prioritet
olmalıdır. Bu mühüm məqam da
açıqlanır ki, şəhərsalma prosesi sürətlə
davam edir və proqnozlara görə, 2050-ci ilə qədər
dünya əhalisinin 68 faizi şəhərlərdə
yaşayacaq. Bu səbəbdən şəhərlərin daha
dayanıqlı və ağıllı şəkildə
inkişaf etdirilməsi vacibdir. Biz texnologiyanın sürətlə
inkişaf etdiyi bir dövrdə yaşayırıq. Lakin əsas
prinsip ondan ibarət olmalıdır ki, texnologiyalar
insanlığa xidmət etsin. “Ağıllı” şəhərlər
məhz texnologiyanın insanların rifahı üçün
istifadə edildiyi şəhərlərdir.
UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə
Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin
İrqçiliyə Qarşı Koalisiyasının prezidenti
Benedetto Zacchiroli XIII Qlobal Bakı Forumu çərçivəsində
“Mənzil üçün qlobal əməkdaşlıq: WUF13
üçün perspektivlər” mövzusunda panel iclasda onu da
qeyd etmişdir ki, mənzil təminatı sadəcə iqtisadi
artımın nəticəsi deyil, fundamental insan hüququ kimi
də qəbul edilməlidir. Şəhər şəbəkələri
Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə
həyata keçirilməsində, BMT sistemi ilə əməkdaşlığın
gücləndirilməsində və yerli idarəetmə
orqanlarının potensialının artırılmasında
mühüm rol oynayır. Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar
Quliyev həmin panel iclasda bildirmişdir ki, Beynəlxalq
ictimaiyyət mürəkkəb keçid dövrlərindən
keçərkən belə platformalar dialoqun təşviqi,
etimad mühitinin yaradılması və kollektiv həll
yollarının müəyyən olunması üçün
vacibdir. Builki Forumun mövzusu zamanımızın əsas
reallıqlarını əks etdirir. Biz dərin geosiyasi dəyişiklikləri,
texnoloji transformasiyaları və artan iqlim
çağırışlarını müşahidə
edirik. şəhərləşmə və mənzil problemləri
qlobal dinamika ilə sıx bağlıdır. Bugünkü
şəhərlər dünyada rifah və yoxsulluq, imkan və
istisna, dayanıqlılıq və həssaslıq
arasındakı fərqlərin ən çox
göründüyü məkanlardır. Adekvat mənzilə
çıxış təmin etmək cəmiyyətlərdə
sosial və iqtisadi fərqliliklərin aradan
qaldırılmasında mühüm elementdir.
Forum çərçivəsində keçirilən görüşlərdə,
panel iclaslarda səsləndirilən bu kimi
çağırışları xeyli sayda sadalamaq olar. BMT-nin
Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi
İqor Qarafuliç isə vurğulayıb ki, şəhər
transformasiyasından danışanda Bakıda Ağ Şəhəri
gördük. Bu, ilhamverici, transformativ və çox
faydalı ola biləcək şəhər
transformasiyasının açıq-aydın nümunəsidir.
Bu təcrübələr həm ilhamvericidir, həm də tərəfdaşlıq
və əməkdaşlıq baxımından olduqca
faydalıdır. BMT-nin Baş Assambleyasının 73-cü
Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər
naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə
Heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü
Sessiyasına (WUF13) həsr olunan mətbuat konfransında
vurğulayıb ki, Azərbaycanın qonaqpərvərliyinin,
güclü logistika imkanlarının, Bakı şəhərinin
zəngin tarixinin və mədəniyyətinin şahidi olaraq
Ümumdünya Şəhərsalma Forumunun burada böyük
uğurla keçiriləcəyinə əminəm.
Qısa
təhlil bu qənaətə əsas verir ki, dayanıqlı
gələcəyin şəhərləri bu il Bakıda
müzakirə ediləcək. Məzmununa və əhatə
dairəsinə görə BMT-nin İqlim Dəyişikliyi
üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən
böyük və strateji əhəmiyyətli qlobal platforma
hesab olunan Ümummdünya Şəhərsalma Forumunun
Bakıda keçirilməsi yalnız regional deyil, həm də
qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf
mühit sahələrində Azərbaycanın artan liderliyini
nümayiş etdirəcək. Bakı bu mötəbər tədbirin
ev sahibi olmaqla artıq formalaşmış şəhər
inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim
etmək imkanı qazanacaq. Azərbaycanın çoxəsrlik
tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti
ənənələrinin yaşadılması, eləcə də
ölkədə bu sahədə yeni
çağırışlara cavab verən mütərəqqi
yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi
məqsədilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma
və Memarlıq ili” elan edilməsi özündə
mühüm hədəfləri,
çağırışları ehtiva edir. Ölkəmiz
iqlim dəyişmələri və şəhərsalma ilə
əlaqədar qlobal çağırışların həllində,
innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş
kimi tanınır. BMT‑nin Məskunlaşma
Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər
və bu çərçivədə memarların bir araya gəldiyi
milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq
tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu
nümunəsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev
Ümumdünya Şəhərsalma Forumunun «Daha yaxşı gələcək
naminə şəhərlərimizi dəyişdirək»
mövzusunda 2022-ci ildə Polşanın Katovitse şəhərində
kecirilən 11-ci sessiyasında videoformatda
çıxışı zamanı Azərbaycanın
Ümumdünya Şəhərsalma Forumunun növbəti
sessiyalarının birinə ev sahibliyi etmək arzusunda
olduğunu bildirmişdi və belə bir əminliyi ifadə
etmişdi ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə
evsahibliyi etməkdə böyük təcrübəyə
malik olan ölkəmizdə bu Forumun keçirilməsi
uğurlu olacaqdır. Şəhərsalma sahəsində Azərbaycanın
təcrübəsi yüksək dəyərləndirilərək
Ümumdünya Şəhər Forumunun 13-cü
sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi
qərara alınmışdı. Azərbaycan bu tədbirə
yüksək təşkilatçılığı ilə
tariximizin növbəti uğur səhifəsini yazacaq. Dövlətimizin
başçısı İlham Əliyev XIII Qlobal Bakı
Forumundakı çıxışında diqqəti bu tədbirə
yönəldərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
İdarə Heyətini və bütün kollektivini Forumda fəal
iştiraka dəvət etdi və “Ümid edirəm ki, bir neçə
aydan sonra Bakıda sizlərlə görüşüb
dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin
edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi
davam etdirəcəyik” çağırışını səsləndirdi.
Yeganə Əliyeva
İki sahil.- 2026.- 18 mart, ¹20.- S.2 .