”ABAD” ailə bizneslərinin inkişafını
dəstəkləyir və məşğulluğu
artırır
Azərbaycan
Respublikasında mikro, kiçik və orta
sahibkarlığın inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir. Bu baxımdan, ailə
bizneslərinin dəstəklənməsi və regionlarda
iqtisadi fəallığın artırılması məqsədilə
yaradılmış “ABAD” – Ailə Biznesinə Asan Dəstək
publik hüquqi şəxs xüsusi əhəmiyyət kəsb
edir. 2016-cı il sentyabrın 23-də Prezident İlham
Əliyevin Fərmanı ilə fəaliyyətə
başlayan qurum, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
fəaliyyət göstərir.
“ABAD”ın
əsas məqsədi sosial-iqtisadi inkişafda vətəndaşların
fəal iştirakını təmin etmək, ailə təsərrüfatlarının
rəqabət qabiliyyətini artırmaq, məşğulluğu
yüksəltmək və mikro, kiçik və orta
sahibkarlığın inkişafına dəstək verməkdir.
Bu məqsədlə qurum, dekorativ-tətbiqi xalq sənətkarlığı
və qida məhsulları istehsal edən ailə bizneslərinə
biznes-planlaşdırmadan tutmuş satışın təşkili
və avadanlıq təminatına qədər geniş spektrli
xidmətlər göstərir.
“ABAD”
publik hüquqi şəxsin direktor müavini Vüsal
Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində
qurumun fəaliyyət istiqamətləri, regionlarda
sahibkarlığın inkişafı, ailə bizneslərinə
göstərilən dəstək mexanizmləri və
perspektivləri haqqında ətraflı söz açır.
-“ABAD”
ötən ili necə başa vurdu və bu uğurlar
2026-cı il üçün hansı hədəflər
müəyyənləşdirilib?
-Ötən
il “ABAD” üçün fəaliyyətin keyfiyyətinin
artırılması və regionlarda sahibkarlığın
inkişafının stimullaşdırılması
baxımından mühüm nəticələrlə yadda
qaldı. İl ərzində yeni ailə təsərrüfatları
layihəyə cəlb edildi, mövcud sahibkarların məhsullarının
daha geniş bazarlara çıxışı təmin edildi və
“ABAD” məhsullarının tanıdılması və təşviqi
istiqamətində işlər daha intensiv şəkildə
aparıldı. Eyni zamanda, istehsal və emal imkanlarının
genişləndirilməsi, sahibkarların fəaliyyətinə
dəstəyin artırılması və məhsulların
bazarda mövqeyinin gücləndirilməsi istiqamətində
mühüm addımlar atıldı. Bu nəticələr
2026-cı il üçün əsas prioritetlərin müəyyənləşdirilməsinə
zəmin yaratdı. Qarşıdakı dövrdə əsas
diqqət yeni ailə bizneslərinin layihəyə cəlb
olunmasına, mövcud “ABAD”çıların fəaliyyətinin
genişləndirilməsinə və regionlarda istehsal
imkanlarının daha səmərəli istifadəsinə
yönəldiləcək. Bununla yanaşı, müxtəlif
şirkətlərin korporativ sosial məsuliyyət
proqramları çərçivəsində həyata
keçirilən layihələr də uğurla icra olunub. Belə
ki, “AzIntelecom” MMC tərəfindən həyata keçirilən
“Sahibkarlara dəstək” layihəsi çərçivəsində
Quba və İsmayıllı rayonlarında fəaliyyət
göstərən “ABAD”çılara istehsal
imkanlarının inkişafı üçün müvafiq
avadanlıqlar təqdim edilib.
-2016-cı
ildən bu günə qədər “ABAD” dəstəyi alan ailə
bizneslərinin sayı nə qədərdir? Bu göstəricilər
illər üzrə necə dəyişib?
-2016-cı
ildən fəaliyyətə başlayan “ABAD” qısa müddətdə
regionlarda mikro, kiçik və orta sahibkarlığın
inkişafı istiqamətində mühüm platformaya
çevrilib. Bu günə qədər 700-ə yaxın ailə
təsərrüfatı layihənin müxtəlif xidmətlərindən
yararlanıb. Fəaliyyətə başladığı ilk
illərdə əsas diqqət ailə bizneslərinə
göstərilən xidmətlərin təşkilinə və
layihənin fəaliyyət mexanizmlərinin
formalaşdırılmasına yönəlmişdisə,
sonrakı illərdə regionlarda layihəyə maraq
artdıqca “ABAD”çıların sayı da tədricən
artmağa başladı və fəaliyyət sahəsi daha da
genişləndi. Hazırda “ABAD” dəstəyi alan ailə
bizneslərinin böyük hissəsi dekorativ-tətbiqi xalq sənətkarlığı
sahəsində fəaliyyət göstərir. Statistik göstəricilərə
əsasən, “ABAD”çıların təxminən 75 faizi sənətkarlıq,
21 faizi qida istehsalı, 4 faizi isə digər sahələr
üzrə fəaliyyət göstərir. Bu, onu göstərir
ki, layihə həm milli sənətkarlıq ənənələrinin
qorunmasına, həm də kənd təsərrüfatı məhsullarının
emal olunaraq bazara çıxarılmasına real imkanlar
yaradır. Ümumilikdə isə fəaliyyətə
başladığı dövrdən bu günə qədər
bu qurum vasitəsilə “ABAD”çılara məxsus 17.3 milyon
manatdan artıq məhsul satılıb. Bu göstərici bir
daha sübut edir ki, “ABAD” publik hüquqi şəxs ailə
bizneslərinin dayanıqlı gəlir mənbəyinə
çevrilmişdir
-“ABAD”ın
dəstəyi ilə yaranan ailə biznesləri hansı məhsullar
üzrə bazarda daha rəqabətqabiliyyətlidir?
-“ABAD”
layihəsi çərçivəsində istehsal olunan məhsullar
əsasən təbii tərkibi, əl əməyinə əsaslanması
və milli xüsusiyyətləri ilə seçilir. Bu
xüsusiyyətlər məhsulların bazarda fərqlənməsinə
və istehlakçılar tərəfindən onlara daha
çox maraq görməsinə imkan yaradır. Bu səbəbdən
xüsusilə qida məhsulları və dekorativ-tətbiqi
xalq sənətkarlığı nümunələri bazarda
daha çox maraqla qarşılanır. Qida məhsulları
istiqamətində bal, mürəbbələr, souslar, müxtəlif
çaylar, meyvə quruları, təbii yağlar, süd və
ət məhsulları istehlakçılar tərəfindən
daha çox tələb olunan məhsullar
sırasındadır. Eyni zamanda, “ABAD” çərçivəsində
satışa çıxarılan yumurtalar da bazarda xüsusi
yer tutur. Müxtəlif regionlarda fəaliyyət göstərən
təsərrüfatlardan toplanan yumurtalar ailə təsərrüfatlarının
gəlir əldə etməsində mühüm rol oynayır
və yüzlərlə kənd sakininin məşğulluğuna
töhfə verir. Sənətkarlıq sahəsində isə
keramika, vitraj sənəti, taxta üzərində
hazırlanmış əl işləri, eləcə də
digər dekorativ-tətbiqi sənət nümunələri həm
yerli istehlakçılar, həm də turistlər arasında
böyük marağa səbəb olur. Bu məhsullar milli-mədəni
dəyərləri özündə əks etdirməklə
yanaşı, Azərbaycan sənətkarlıq ənənələrinin
qorunmasına və tanıdılmasına da mühüm
töhfə verir.
-Regionlarda
fəaliyyət göstərən “ABAD” mərkəzlərinin
işini necə qiymətləndirirsiniz və hər bölgənin
öz iqtisadi və sosial xüsusiyyətləri nəzərə
alınaraq fərqli dəstək modelləri tətbiq olunurmu?
-Regionlarda
fəaliyyət göstərən “ABAD” mərkəzləri
ailə bizneslərinin inkişafında mühüm rol
oynayır və layihənin əsas dayaqlarından hesab olunur.
Bu mərkəzlər yerli potensialın üzə
çıxarılmasına və ailə bizneslərinin daha səmərəli
fəaliyyət göstərməsinə imkan yaradır. Hər
bir bölgənin iqtisadi xüsusiyyətləri, mövcud
resursları və ənənəvi fəaliyyət sahələri
nəzərə alınaraq fəaliyyət istiqamətləri
müəyyənləşdirilir. Məsələn, bəzi
regionlarda kənd təsərrüfatı məhsullarının
emalı və qida istehsalı daha geniş inkişaf etdirilir,
digər bölgələrdə isə dekorativ-tətbiqi xalq
sənətkarlığı sahəsi üstünlük təşkil
edir. Yuxarıda qeyd edilən yanaşma regionların mövcud
iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə,
yerli resursların dəyər zəncirinə daxil edilməsinə
və ailə bizneslərinin bazara çıxış
imkanlarının genişlənməsinə şərait
yaradır. Nəticə etibarilə “ABAD” regionlarda məşğulluğun
artırılmasına, ailə gəlirlərinin yüksəlməsinə
və ənənəvi sənətkarlıq fəaliyyətinin
qorunmasına əhəmiyyətli təsir göstərir. Bu
istiqamətdə fəaliyyət göstərən
mühüm infrastrukturlardan biri Quba “ABAD Factory” İstehsalat
Kompleksidir. Bu kompleks qida məhsullarının emalı və
istehsalı üçün müasir imkanlar yaradaraq bölgədə
fəaliyyət göstərən ailə bizneslərinin
inkişafına geniş şərait təmin edir. Eyni zamanda,
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi
dekorativ-tətbiqi sənətkarlığın
inkişafına xidmət edir, yerli sənətkarların fəaliyyətini
dəstəkləyir və ənənəvi sənətkarlıq
nümunələrinin qorunub saxlanmasına imkan yaradır.
-Mikro sahibkarların
qarşılaşdığı əsas çətinliklər
və risklər hansılardır və bu problemlərin həlli
üçün “ABAD” hansı konkret tədbirlər
görür?
-Mikro sahibkarlar fəaliyyətlərinin ilkin mərhələsində bir sıra çətinlik və risklərlə üzləşirlər. Bu çətinliklər əsasən məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunlaşdırılması, sertifikatlaşdırma proseslərinin həyata keçirilməsi, bazara çıxış imkanlarının məhdudluğu və məhsulların tanıdılması ilə bağlı olur. Bundan əlavə, bir çox hallarda mikro sahibkarların vergi və mühasibat uçotunun aparılması, rüblük vergi hesabatlarının hazırlanması və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi sahəsində də kifayət qədər təcrübəsi olmur. “ABAD” bu problemlərin aradan qaldırılması üçün ailə bizneslərinə müxtəlif istiqamətlərdə dəstək göstərir. Qurum tərəfindən məhsulların standartlara uyğunlaşdırılması və sertifikatlaşdırılması prosesində texniki dəstək təqdim olunur, məhsulların dizaynı və qablaşdırılması üzrə həllər hazırlanır, həmçinin sahibkarlara istehsal avadanlıqlarından istifadə imkanı yaradılır və müxtəlif satış kanalları vasitəsilə məhsulların bazara çıxışı təmin edilir. Eyni zamanda, “ABAD” ailə bizneslərinə mühasibatlıq xidməti göstərir, vergi uçotunun aparılmasına dəstək verir və sahibkarların rüblük vergi hesabatlarının hazırlanması və təqdim edilməsi prosesində onlara kömək edir. Bu yanaşma mikro sahibkarların inzibati və maliyyə məsələlərini daha rahat idarə etmələrinə və əsas diqqətlərini istehsal və fəaliyyətlərinin, uğurlu təşkilinə və inkişafına yönəltməsinə imkan yaradır.
-Gələcəkdə “ABAD”ın fəaliyyətində
hansı yeniliklər və prioritetlər olacaq? Ailə bizneslərinin
daha dayanıqlı olması üçün nə kimi tədbirlər
planlaşdırılır?
-Gələcək mərhələdə “ABAD” fəaliyyətini daha çox innovativ yanaşmalar və praktik həllər üzərində qurmağı planlaşdırır. Əsas məqsəd ailə təsərrüfatlarını kiçik, lakin rəqabətqabiliyyətli biznes subyektlərinə çevirməkdir. Bu istiqamətdə məhsulların yüksək keyfiyyət standartlarına uyğunlaşdırılmasında daha intensiv addımların atılması, müasir qablaşdırma və dizayn həllərinin tətbiqi, həmçinin istehsal və satış proseslərinin daha səmərəli təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2026-cı ildə ASAN Süni İntellekt platforması (ASAN AI Hub) vasitəsilə süni intellekt alətinin yaradılması planlaşdırılır. Bu alətin tətbiqi “ABAD”ın fəaliyyətinin daha çevik və operativ təşkilinə, həmçinin ailə bizneslərinə göstərilən xidmətlərin daha effektiv şəkildə həyata keçirilməsinə, məhsulların brendinq prosesinin təkmilləşdirilməsinə və satış proqnozlarının daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq.
Yaqut Ağaşahqızı
İki sahil.- 2026.- 18 mart, ą20.- S.7.