Şərqin böyük memarı
Əcəmi Naxçıvani-900
Prezident
İlham Əliyev dahi memar Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin 900 illiyinin təntənə ilə qeyd
edilməsi üçün Sərəncam
imzalamışdır.
Memar Əcəmi Naxçıvani
Şərqin ən böyük
memar-arxitektor-mühəndislərindən biri idi. Bir neçə
abidəsi ona böyük şöhrət
qazandırmışdır. Dağıdıcı feodal
müharibələri zamanı abidəyə heyran qalan
düşmənlər belə ona zərər
vurmamışlar. Əcəminin yaratdığı möhtəşəm
abidələrdən yalnız ikisi-Möminə Xatun türbəsi
və Yusif ibn Küseyir türbəsi barədə məlumat
var.
Qeyd etmək lazımdır ki,
Yusif ibn Küseyir oğlu saraylarda yüksək vəzifələrdə
işləyən şeyxlər şeyxi kimi ali dini mərtəbəyə
ucalmış xalq arasında nüfuzlu şəxslərdən
biri kimi dərin hörmət qazanmışdır. Ancaq
sonrakı əsrlərdə mədəniyyətimizin
düşmənləri bu məsələdə də bədxahlıq
etmişlər. Azərbaycanın belə böyük
memarını onların gözü götürməmişdir.
Xatırladaq ki, “Taraz” jurnalı
1890-cı ildən Tiflisdə Tiqran Nazaryanın redaktorluğu
ilə nəşr olunub. Bədii-ədəbi və publisistik
xarakter daşıyan illüstrasiyalı jurnal Qafqazın şəhərləri,
abidələri və etnoqrafiyasına dair nadir materiallar dərc
edib. 1891-ci il 24 fevral tarixli sayında jurnal “Köhnə
Naxçıvan yaxınlığında ərəb məzarı”
başlığı ilə Yusif ibn Küseyir oğlu türbəsinin
qara-ağ təsvirini oxuculara təqdim edib.
Təəssüf ki, həmin dövrdə
jurnalın bir çox nömrələrində Azərbaycan
şəhərləri və abidələri haqqında vizual
materiallar təqdim edilsə də, onlar tez-tez “ərəb” və
ya “fars” abidələri kimi yad ünsürlər qismində təqdim
olunurdu. XIX əsrin sonlarında Qafqazda nəşr olunan erməni
və rusdilli mətbuatda İslam memarlığına belə
təhrifedici yanaşma geniş yayılmışdı. Ancaq
həqiqəti yalanla gizlətmək mümkün deyil.
Yusif ibn
Küseyir oğlu
türbəsi-Naxçıvan şəhərində yerləşən,
Naxçıvan-Marağa memarlıq məktəbinin və
ümumilikdə Azərbaycan memarlığının ən
gözəl nümunələrindən biridir. Türbə
ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı
biçimdədir. Sərdabə yer altına
salındığından türbə bayırdan birqatlı
qüllə kimi görünür. Yusif Küseyir oğlu
türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi,
nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə
yadda qalır.
Türbə konstruktiv həllinin
harmoniyası və gözəlliyi ilə
diqqəti cəlb edir. Türbənin sərdabəsi
yuxarıda yastı olan günbəzlə
örtülmüşdür. Türbənin yerüstü hissəsi
içəridən çatmatağ şəkilli sferik
günbəzlə tamamlanır. Xaricdən prizmatik gövdəyə
malik olan türbə səkkiz üzlü piramidal
örtüklə tamamlanmışdır. Həm içəridən,
həm də xaricdən bişmiş kərpiclə üzlənmişdir.
Sərdabənin divarları ilə günbəz arasında
kiçik çıxıntılar vardır. Sərdabə
günbəzinin təpəsi kəsilmiş səkkizbucaqlı
fiqurla tamamlanır. Türbənin yuxarı kamerasının
döşəməsində düzəldilmiş səkkizbucaqlı
deşik, onun altında yerləşən sərdabəyə
açılır.
Türbənin qülləsi səkkibucaqlı
formasında olub künclərdə
qalın dayaqlar şəklində işlənmiş, dayaqlar
arasında dördkünc formalı taxçalar
yaradılmışdır ki, bu da türbənin xarici
görünüşünə özünəməxsus
görkəm vermişdir. Qülləvari hissənin bu tip
konstruktiv həlli onun dayanıqlığını və
uzunömürlülüyünü artırmışdır.
Türbənin konstruksiyasında başlıca
məsələ isə künclərin
konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər
də qalın olmayan (80 sm) tikilinin
uzunömürlüyünün təmin edilməsidir. Yüksək
mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir
oğlu türbəsi Azərbaycanın qülləvari
türbələri içərisində üst piramidal
örtüyü 800 ildən artq bir müddətdə salamat
qalan tək abidədir.
Türbənin xarici səthinin
hər biri müxtəlif şəkilli həndəsi
ornamentlərlə bəzədilmişdir. Bu ornamentlər
kiçik kərpiclərdən
quraşdırılmış, sonra gəc məhlulu ilə
tavalar şəklində birləşdirilərək səthlərin
üzərində möhkəmləndirilmişdir. Quruluşu
etibarı ilə türbənin qərb tərəfə baxan
səthi fərqli şəkildə həll edilmiş və
burada türbənin giriş qapısı yerləşdirilmişdir.
Çatmatağ şəkilli bu qapının üzərindəki
kitabə bildirir ki, “Bu türbə xacə, sanlı rəis,
dinin zəkası, islamın camalı, şeyxlər
başçısı Yusif Küseyir oğlunundur”. Həmin
kitabə türbənin hicri 557-ci ilin şəvval ayında
(miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki
kitabədə isə “Bənna Əcəmi Əbubəkir
oğlu Naxçıvaninin əməlidir” şəklində
türbənin memarının adı qeyd olunmuşdur.
Yusif Küseyir oğlu türbəsinin daxili səthi bəzədilməmiş,
xarici səthi isə kərpicdən
yığılmış sıx həndəsi
naxışlarla üzlənmişdir. Türbənin səthləri
ilə piramidal örtüyü arasında yaranan qurşaqda
kufi xətti ilə yazılmış kitabə yerləşdirilmişdir.
Kitabədə türbənin kim tərəfindən tikilməsi
haqqında məlumat verilmişdir. Dekorativliyi ilə
seçilən bu kitabə zolağı gövdə ilə
örtük arasında yüngül bir keçid yaradır.
Kitabənin hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən
düzəldilmişdir. Yazılar friz müstəvisindən 2
sm irəli çıxaraq xüsusi effekt
yaratmışdır. Memar tağçaların içərisini
də naxış kompozisiyaları ilə yüngülləşdirmiş,
künclərin vertikal ritmini, konstruktiv dəyərini
artırmışdır.
Memar Əcəmi türbənin
şimal üzünə baştağ
kompozisiyası vermiş, burada da yerüstü qülləyə
giriş qapısı yerləşdirmişdir. Qapı daha dərin
tağça içərisinə salınıb üstü
böyük kitabə lövhəsi ilə bəzədilmişdir.
Ayrıntıları, biçimləri daha incə işləməklə
memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun
baş elementinə çevirmişdir.
Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm
də bəzək hörgüsü bir materialla-keyfiyyətli
bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin
saya, aydın və təmiz həndəsi biçiminin
bütövlüyünü gücləndirir, ona vahid, ifadəli
qırmızımtıl kolorit verir. Prizmatik gövdə,
piramidal günbəz, üzlərin
girinti-çıxıntıları, bol kölgə -
işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.
Yusif Küseyr oğlu türbəsinin bəzəklərində
şirli kərpiclərdən istifadə olunmamışdır.
Bu abidədə yazılar müxtəlif
ölçülü kərpiclərin hörgüyə
düzülüşü nəticəsində əldə
edilmişdir. Frizlər və haşiyələrdəki kitabələrin
fonunda şaquli ləm, əlif, kəf hərflərinin
arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilmişdir.
Orta əsrlərdə belə abidələr az-az
yaradılırdı. Çünki qiymətli abidələrin
yaradılması üçün Əcəmi kimi dahi
memarın olması tələb olunurdu. Çox böyük
ehtimal var ki, uzun illər Bağdadda yaşayan Əcəmi
Naxçıvani orada və daha bir neçə Şərq
ölkəsində ya abidələr tikmiş, ya da onların
eskizlərini vermişdir. Çünki heç ola bilməz
ki, o cür nəhəng memar bütün ömrü boyu
yalnız iki adidə tikmiş olsun.
Prezident
İlham Əliyevin Sərəncamında
Yusif ibn Küseyir oğlu abidəsindən bəhs edilməsi
türbənin bədii qiymətinin yüksək olmasından
xəbər verir.
UNESCO-nun qərarı ilə Azərbaycan memarlıq sənətinin
yaradıcısı olan Əcəmi Naxçıvaninin
yubileyi bu il geniş qeyd ediləcək.
Vəli İlyasov
İki sahil.- 2026.- 7 yanvar, ¹1.- S.14.