Elmar Qasımov: Xaricdə
BANM-in
filialını açmaq planımız
var
“İki sahil” Bakı Ali Neft Məktəbinin rektoru Elmar
Qasımovun müsahibəsini
təqdim edir
Ali təhsil sistemində aparılan islahatlar, ixtisaslaşmanın dərinləşdirilməsi
və kadr hazırlığında yeni yanaşmalar
daim diqqət mərkəzindədir. Universitetlərin
bu proseslərə necə uyğunlaşması
və prioritetlərini
hansı istiqamətdə
müəyyənləşdirməsi aktual məsələlər
sırasındadır. Bakı
Ali Neft Məktəbinin
fəaliyyəti və
qarşıdakı dövr
üçün planları
da bu kontekstdə maraq doğurur.
-
2011-ci ildə Bakı
Ali Neft Məktəbi yarandığı gündən
rektor vəzifəsini
icra edirsiniz. Bu vəzifəyə gələndə
cəmi 39 yaşınız
var idi. Maraqlıdır,
14 il əvvəl qarşısınızda
duran əsas vəzifə nə idi, indi nədir?
Ötən 14 ildə
BANM sizi necə dəyişdi?
Sualınıza cavab olaraq bildirmək istərdim ki,
BANM son 14 ildə dəyişmək
yox, yaranmaqla böyük nəticələrə
imza atıb. Adətən dəyişiklik
uzun illər fəaliyyət göstərən
ali məktəb və ya müəssisələrdə
müşahidə olunur.
Lakin biz sıfırdan yaranaraq,
bu gün gördüyünüz uğurlara
və yüksək göstəricilərə nail olmuşuq.
Təbii
ki, ali məktəbin yarandığı gün
ilk vəzifəmiz Azərbaycan
Prezidenti cənab
İlham Əliyevin bizə
göstərdiyi etimadı
doğrultmaq və qarşıya qoyulan öhdəlikləri yerinə
yetirmək idi. Çünki cənab Prezident tərəfindən
yeni nəsil universitet
konsepsiyasına uyğun
olaraq yaradılan
BANM-in əsas missiyası
müasir təlim texnologiyalarına əsaslanan
tədris proqramları
ilə mühəndislik
ixtisasları üzrə
yüksəkixtisaslı kadrlar
hazırlamaq idi. Missiyamız ingilisdilli, yüksək bacarıqlara
və praktik biliklərə sahib mütəxəssislərin
beynəlxalq tədris
standartları əsasında
yetişdirilməsi ilə
ölçülürdü. Əsas hədəfimiz də bu etimadı
doğrultmaqdan ibarət
idi.
Bu 14 illik yol ali
məktəb quruculuğu
baxımından qısa
müddət hesab olunsa da, geri dönüb baxanda əldə olunan nailiyyətlərin miqyası
görünür. Dünyanın
nüfuzlu universitetlərinin
tarixinin yüz illəri əhatə etdiyini nəzərə alsaq, Azərbaycan universitetləri arasında
80-100 illik tarixi olan ali məktəblərin
olduğunu görərik.
Onlarla müqayisədə
14 il çox qısa
zaman kəsiyidir. Amma bu
qısa müddətdə
BANM sözün əsl
mənasında yerli təhsil brendinə çevrilə bilib. İngilisdilli tədris, müasir proqramlar əsasında mühəndis
hazırlığı ilə
seçilən ali məktəb statusunu qazanıb.
BANM artıq beynəlxalq təhsil məkanında tanınır. Universitetimizin
məzunları dünyanın
nüfuzlu universitetlərində
magistratura və doktorantura təhsili alır, həm yerli, həm də beynəlxalq şirkətlərdə, transmilli
korporasiyalarda uğurla
fəaliyyət göstərirlər.
SOCAR-ın tərkibində
olan sənaye universiteti kimi BANM milli iqtisadiyyatın aparıcı
sahələri üçün
yüksəksəviyyəli kadr hazırlığı
həyata keçirməklə
yanaşı, beynəlxalq
şirkətlərə də
rəqabətqabiliyyətli mütəxəssislər yetişdirir.
Beləliklə, BANM bu illər
ərzində yeni yaranan
universitet statusundan çıxaraq daha sanballı, nüfuzlu və gənclərin arzuladığı ali məktəbə çevrilmişdir.
- Az əvvəldə qeyd etdiyiniz kimi, 2025-ci ilin bitməsinə son günlər qalıb. Bilmək istərdik ki,
2025-ci il BANM üçün necə yadda qaldı? Hədəflərinizdən hansılarına
çatdınız, hansılarına
hələ çatmaq
lazımdır?
- Bakı Ali Neft Məktəbi hazırda iki böyük kampusda fəaliyyət göstərir. Biri Bibiheybətdə,
digəri isə Ağşəhərdə yerləşir.
Möhtərəm cənab
Prezident İlham Əliyevin
iştirakı ilə
2017-ci ildə Qafqazın
ən gözəl kampuslarından biri hesab olunan Bibiheybət
kampusu istifadəyə
verilib.
2025-ci il bizim üçün xüsusilə uğurlu il
olub və bu uğurları mərhələli şəkildə
diqqətinizə çatdırmaq
istərdim.
Ən böyük nailiyyətlərimizdən
biri ali məktəbimizin nəzdində
Rəqəmsal Biliklər
Liseyinin fəaliyyətə
başlamasıdır. Bu liseydə
ingilis dili yüksək səviyyədə
tədris olunur və İT istiqamətləri
üzrə ixtisaslaşma
həyata keçirilir.
Deyə bilərəm
ki, ölkəmizin orta
təhsil məkanına
yeni bir konsepsiya ilə formalaşmış
lisey daxil olub. Fərqli cəhət odur ki, universitetimizin professor-müəllim
potensialı liseyin inkişafına dəstək
verir. Texniki biliklərin tədrisinə
üstünlük verən
bu təhsil müəssisəsi fəaliyyətinin
ilk ilində yüksək
nəticələr göstərən
şagirdlərin seçimi
olub. Belə ki, lisey və gimnaziyalara
mərkəzləşdirilmiş qəbul imtahanında ölkə üzrə ən yüksək bal (62.75) toplamış şagird məhz Rəqəmsal Biliklər Liseyini seçib. Bu seçim BANM-in illər ərzində formalaşdırdığı
nüfuz və etimadın göstəricisidir.
İkinci
böyük uğurumuz
isə ondan ibarətdir ki, ölkədə
ən yüksək bal toplayan abituriyentlərin
seçimində lider
mövqeni qoruyub saxlamışıq. Dövlət
İmtahan Mərkəzinin
məlumatına əsasən,
ölkəmizin ali təhsil müəssisələri
arasında ən yüksək balla qəbul olunan tələbələrin seçimi
üzrə BANM birinci
yerdədir. Bu il 102 Prezident
təqaüdçüsündən 36 nəfəri Bakı Ali Neft Məktəbini seçib və bu, ölkə üzrə rekord göstəricidir. Mənə
tez-tez “siz yüksək bal toplayanları seçirsiniz”
deyirlər. Mən isə hər zaman bildirirəm: biz tələbəni
seçmirik, tələbə
bizi seçir. Əgər tələbə
öz ailə üzvlərini, qohumlarını,
dostlarını bizim ali məktəbə yönəldirsə, bu ən böyük keyfiyyət indikatorudur.
Qəbul
planımız üç
dəfə artsa da, planın 100% dolması ənənəsi hələ
də davam edir. Bu il iki yeni ixtisas: Data analitikası və Maliyyə ixtisasları tədris olunmağa başlayıb.
Data analitikası üzrə
orta qəbul balı 658, Maliyyə üzrə isə 653 olub və yalnız
Maliyyə ixtisasında
12 Prezident təqaüdçüsü
təhsil alır. Bu isə tələbələrin
yeni açılan ixtisaslara
BANM markasına olan etimadla müraciət etdiyini göstərir.
İlk illər yalnız I ixtisas qrupu üzrə
qəbul həyata keçirən Bakı Ali
Neft Məktəbi artıq II ixtisas qrupu üzrə də lider mövqedədir.
Bu il Dövlət Məşğulluq
Agentliyinin açıqladığı
statistika da bunu təsdiqləyir: işlə
təmin olunan məzunların sayına görə ölkədə
birinci yerdəyik.
BANM həm də startaplar və innovasiyalar universiteti kimi tanınır. 2025-ci ildə tələbələrimiz
tərəfindən 30-dan çox
startap layihəsi təqdim olunub, 20-dən çox hakatonda qalibiyyət əldə olunub. Bu il də Bakı Ali Neft Məktəbi “Teknofest 2025”də ən güclü ali məktəb elan olunub. Şimali Kipr və İstanbulda keçirilən festivalda komandalarımız ümumilikdə
1 qızıl, 1 gümüş,
2 bürünc medal və
4 xüsusi mükafat qazanıblar. Bu nəticə
ölkə üzrə
misilsizdir.
Universitetin beynəlxalq əlaqələri
də genişlənir.
2025-ci ildə əcnəbi
tələbələrin sayında
67% artım qeydə alınıb. Hazırda 25
ölkədən tələbə
BANM-də təhsil alır. Ali məktəb
ilk dəfə olaraq tədris proqramlarının
ixracına başlayıb
və Özbəkistan
universitetləri ilə
ikili diplom proqramı həyata keçirilir. 16 özbək
tələbə Kimya
mühəndisliyi ixtisası
üzrə təhsil alaraq həm BANM-in, həm də öz universitetlərinin diplomunu əldə edəcək.
Eyni zamanda Konqodan olan tələbələrin
də ali məktəbimizdə təhsil
alması mühüm
nəticələrdəndir. SOCAR və Konqo Milli Neft Korporasiyası arasında imzalanmış
memorandum əsasında hazırda
Bakı Ali Neft Məktəbində 17 konqolu
tələbə təhsil
alır. Onlardan 9 nəfəri bu il qəbul olan tələbələrdir. Onlar
məzun olduqdan sonra həmin ölkənin neft sənayesində fəaliyyət
göstərəcəklər.
2025-ci ildə BANM-in bütün
akademik proqramları Almaniyanın ASIIN agentliyi tərəfindən beynəlxalq
akkreditasiyaya cəlb olunub. Ali məktəb ilk dəfə iştirak etdiyi “Times Higher Education (THE) Impact Rankings 2025” reytinqində yüksək
nəticə göstərərək
ölkə üzrə
2-ci, dünya üzrə
isə 801-1000-ci yerlər
intervalında qərarlaşıb.
Bütün bu nailiyyətlər
bir ili əhatə
edir. Hər bir uğurun arxasında böyük zəhmət, enerji, peşəkarlıq və
fədakarlıq dayanır.
2025-ci il Bakı Ali Neft
Məktəbinin tarixinə
inkişaf və uğur ili kimi
daxil olub.
- Tədris, beynəlxalqlaşma
və kadr hazırlığı istiqamətində
çatmaq istədiyiniz
əsas mərhələləri
necə təsnif edərdiniz?
- Uğura heç vaxt tam çatmaq mümkün deyil. İnsan hər hansı nailiyyəti əldə etdikdən sonra növbəti uğur barədə düşünməyə başlayır.
Yəni hədəflər
heç vaxt yekunlaşmır. Daim yeni mərhələlər, yeni zirvələr
meydana çıxır
və onlara çatmaq üçün
çalışırsan.
Əlbəttə, qarşıda yeni hədəflərimiz
var. Məsələn, bu
gün universitetdə
xarici tələbələrin
sayı 107 nəfər
təşkil edirsə,
biz bu göstəricinin
daha da artmasını
hədəfləyirik. Əgər
beynəlxalq reytinqlərdə
müəyyən nəticələr
əldə etmişiksə,
gələcəkdə daha
yüksək pillələrə
yüksəlmək üçün
çalışacağıq. Bu həm məqsəd, həm də uğurun özüdür.
Çünki hər hansı nailiyyəti təkrarlamaq, onu qoruyub saxlamaq və daha irəli
aparmaq özü də yeni uğurdur.
Əgər 3 il bundan əvvəl
25 xarici tələbəmiz
təhsil alırdısa,
2 il əvvəl 45, bu
il 107 və 2026-cı ildə
isə 200-ə çatdırmağı
planlaşdırmışıq.
- Sizcə, bir ali təhsil müəssisəsinin uğuru
əsasən idarəetmənin
effektivliyindən, yoxsa
orada fəaliyyət göstərən professor-müəllim
heyətinin elmi potensialı və peşəkarlığından asılıdır? Yəni
universiteti lider mövqeyinə gətirən
əsas amil nədir? Strateji idarəçilik, yoxsa akademik heyətin gücü?
- Qazanılan uğurlarda rektorluq, idarəetmə,
professor-müəllim heyəti,
texniki xidmət əməkdaşları və
tələbələr bir
ailə olaraq hədəflərə doğru
birlikdə irəliləməlidir.
Bundan başqa, bizim SOCAR kimi möhtəşəm
bir şirkətimiz
var. O, daim yanımızdadır
və əldə etdiyimiz uğurların qazanılmasında böyük
dəstək göstərir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf,
vitse-prezidenti Ziba xanım Mustafayeva və SOCAR ailəsinin
BANM-in qazandığı hər
bir uğurda dəstəyi var.
Tələbələrimizin sevimlisi ola bilən hər bir müəllim də bu ali
məktəbin gələcəyi
baxımından önəmlidir.
Çünki bu o deməkdir ki, gələcəkdə
savadlı və bilikli gənclər bizi seçəcəklər.
Ona görə də bu prosesdə hər kəsin rolu var və burada hamı eyni dərəcədə
məsuliyyət daşıyır.
- Ali məktəblərin səviyyəsini
müəyyən edən
əsas meyarlardan biri də dünya
reytinqlərindəki irəliləyiş,
həmçinin beynəlxalq
əməkdaşlıqlardır. Bu nüanslar universitetin imkanlarını genişləndirir
və tələbələr
üçün praktikada
üstünlüklər yaradır.
BANM bu iki istiqamətdə hansı konkret addımlar atıb?
- İlk növbədə qeyd etmək istəyirəm
ki, Bakı Ali Neft Məktəbində praktik
biliklər artıq kredit sisteminə daxil edilib. II, III və IV kurs tələbələrimiz 2 aylıq
praktikalar və istehsalat təcrübələri
keçirlər. Bu, tədris
proqramımızın tərkib
hissəsidir. Tələbələr
praktikadan sonra hesabat təqdim edir və qiymətləndirilir.
Təbii
ki, beynəlxalq reytinqlərlə
yanaşı, birinci hədəfimiz ölkə
daxilində yüksək
nüfuza malik olmaq olub. Yəni ali məktəb olaraq ölkə təhsil ictimaiyyəti tərəfindən qəbul
edilməliyik ki, beynəlxalq
reytinqlərdə də
iştirak edə bilək.
Bu ildən başlayaraq beynəlxalq reytinqlərdə
göstəricilərimizi artırmaq
məqsədilə müəyyən
hesabatlar təqdim edirik. Hesab edirəm
ki, ali məktəblər
dayanıqlı və
güclü nüfuz əsasında beynəlxalq
reytinqlərdə iştirak
etməli, nəticələri
də etibarlı şəkildə qəbul
olunmalıdır.
- Yeri gəlmişkən,
bəzən təhsil
ictimaiyyəti tərəfindən
eşidirik ki, BANM daha
çox “imicə” işləyir, amma daxildə hələ də klassik sistem qalır. Siz ali məktəb
daxilində “görünənlə”
“gerçək” arasında
fərq olduğunu düşünənlərə nə cavab verərdiniz?
- Məgər Harvardda mühazirələr yoxdurmu?
Əlbəttə ki, var, sadəcə
mühazirələrin saatları
ilə praktik dərslərin saatları
uyğunlaşdırılmalıdır. Təbii ki, tədrisdə
100% yalnız mühazirə
ola bilməz. Nəzəri
biliklər olmadan praktik bilikləri mənimsəmək mümkün
deyil. Eyni zamanda, yalnız praktik biliklər olsa, nəzəri bilik olmadan tədqiqat
işinə başlamaq
da mümkün deyil.
Buna görə müəyyən
qədər nəzəri
biliklərə ehtiyac
var.
Məsələn, mexanika mühəndisliyinin
əsaslarını bilmədən
necə mexanika mühəndisi ola bilərsən?
Yüksək səviyyəli
mühəndis yetişdirmək
üçün praktik
biliklər nəzəri
və laboratoriya dərsləri ilə birləşdirilməlidir.
İmic
məsələsinə gəlincə,
mən bu yanaşma ilə razı deyiləm. Biz tələbələrimizin uğurlarını
yüksək səviyyədə
təqdim edirik, onların nailiyyətlərindən
qürur duyuruq və bunu Azərbaycan
ictimaiyyətinə çatdırırıq.
- Rektorlar arasında
sosial mediada aktiv olanlar içərisində
demək olar ilk sıralardasınız. Sosial
mediada aktiv olmanız universitetdə şəffaflığı artırmaq
strategiyasıdır, yoxsa
burada PR məqsədi
də var?
- Mən sosial şəbəkələrə son 3-4 ildə daxil olmuşam. Bunu etməyimin əsas səbəbi bizim gənclərimiz və tələbələrimizin aktiv
olaraq istifadə etdiyi platformalarda onların yanında olmaqdır. Tələbələrim
haradadırsa, mən də orada olmalıyam
ki, onların istəklərini,
məlumatlarını dərhal
görə bilim. Sosial şəbəkələrdə
olmağımın məqsədi
məhz budur. Üstəlik, biznes mühitində də
LinkedIn vasitəsilə ictimaiyyətlə
əlaqə qurmaq mümkündür.
Feysbukda
əsasən müəllimlər,
valideynlər və abituriyentlər aktivdir. İnstaqram isə gənclərimiz arasında
daha populyardır. Buna
görə müxtəlif
platformalardan istifadə
edərək tələbələrin
yanında olmalıyıq.
Hansısa gəncin uğur
hekayəsini paylaşanda,
bu həm gənclər üçün
motivasiya mənbəyi
olur, həm də müəllimlər
üçün diqqətə
layiq bir nümunə təqdim edir. Biz hər bir vasitəni ondan səmərəli şəkildə istifadə
etmək üçün
nəzərdən keçirməliyik.
Bu gün süni intellektin tətbiqindən
danışırlar və
hər kəs maraqlıdır ki, necə
olacaq. Əgər insan bəşər övladı onu səmərəli, yaradıcı
və uğur strategiyası üçün
istifadə edərsə,
süni intellekt inkişaf üçün
əla bir vasitədir.
- Dövlət İmtahan Mərkəzinin bu il açıqladığı nəticələrə
əsasən, Bakı
Ali Neft Məktəbinin
bir sıra ixtisasları ölkə üzrə ən yüksək keçid ballarını formalaşdırıb.
Xüsusilə buna “İnformasiya
təhlükəsizliyi” ixtisasının
adını çəkə
bilərik. Hansı
ki, keçid balı
681 olub. Maraqlıdır,
sizcə, yüksək
bal toplayan abituriyentlər niyə məhz BANM-i seçirlər?
- Düşünürəm ki, bu
sualın ən doğru cavabını tələbələrimizin özü
verə bilər. Bir rektor kimi fikrim
subyektiv ola bilər və tələbələrin
yerinə danışmaq
istəməzdim. Amma ümumi
müşahidələrimə əsasən deyə bilərəm ki, yüksək
bal toplayan abituriyentləri BANM-ə cəlb
edən başlıca
məqam şəffaf
və yüksək səviyyəli təhsildir.
İkincisi, burada tələbələr
üçün bacarıqlarını
inkişaf etdirməyə
imkan verən mühit formalaşıb.
BANM-də tələbə
yalnız təhsil almır, həm də fərdi inkişaf üçün
geniş imkanlar qazanır. Hazırda 40-a yaxın tələbə klubu fəaliyyət göstərir. Tələbələr
Azərbaycanda fəaliyyət
göstərən yerli
və transmilli şirkətlərlə əlaqə
qurmaq imkanı əldə edirlər.
Bununla yanaşı, ali məktəbdə yüksək
səviyyədə ingilis
dili tədrisi həyata keçirilir və tələbələr
dil bacarıqlarını
peşə mühitində
də tətbiq edə bilirlər. BANM tələbə yönümlü
universitetdir və burada təhsil almaq tələbələrə
arzularına çatmaq
üçün real imkanlar
yaradır.
Bizim bir şüarımız
var: “Biz sizi həyata və dünyaya hazırlayırıq".
Biz heç vaxt qəbul planının 100
faiz dolması uğrunda mübarizə aparmırıq. Bu, bizim üçün nə prioritet, nə də hədəfdir. Biz hesab edirik ki, yüksək səviyyədə
keyfiyyətli təhsil
təqdim etsək, abituriyentlər onsuz da bizi seçəcəklər.
Hədəfə çatmağın
yolu da məhz keyfiyyətdən keçir.
Əgər tələbələrin
gözləntilərini doğrultmasaq,
qəbul göstəricilərinin
yüksək olması
mümkün deyil.
BANM tələbə yönümlü
ali məktəbdir, lakin bu o demək
deyil ki, dərsə qarşı məsuliyyətsizlik
və ya qiymətləndirmədə subyektivlik
kimi hallara yol verilir. Əksinə,
BANM-a qəbul olmaq da,
burada oxumaq da, buranı bitirmək də çətindir.
Amma tələbələr bilirlər ki, buranı bitirdikdən sonra karyera imkanlarını ən yüksək səviyyədə təmin
edə biləcəklər.
- Yenidən ali təhsil almaq fürsətiniz olsaydı,
hansı universiteti və hansı ixtisası üzrə təhsil almaq istəyərdiniz?
-
1990-cı illərin əvvəllərində
Azərbaycanda yeganə
universitet Bakı Dövlət Universiteti idi, digər ali təhsil ocaqları isə institut statusunda fəaliyyət göstərirdi.
Mən 1990-cı ildə
BDU-ya qəbul oldum. Həmin illərdə Azərbaycan
qapalı bir mühitdə idi, Sovet İttifaqının dağılma ərəfəsi
yaşanırdı. Mənim
tələbəlik dövrüm
isə ölkəmizin
ən çətin, ağır illərinə
təsadüf edib. O illər Azərbaycan tarixinin faciəli dövrü idi – biz Qarabağı itirdik, ölkə ciddi sınaqlarla üz-üzə
qaldı.
İndiki
illər isə Azərbaycanın qalibiyyət
illəridir. Bu günün
tələbələri ən
xoşbəxt nəsildir.
Çünki güclü,
qalib dövlətin vətəndaşı kimi
yaşayırlar. 1993-cü ildə xalqın istəyi ilə Ulu Öndərin hakimiyyətə
qayıdışı isə
bu günkü zəfərimizin əsasını
qoydu. Müzəffər
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan bu gün tarixinin
möhtəşəm dövrünü
yaşayır.
Bu gün abituriyent olsam, bir an belə
tərəddüd etmədən
Bakı Ali Neft Məktəbini seçərdim.
Çünki BANM mənim
bütün arzularımı
reallaşdıra biləcək
ali məktəbdir.
- Gələcək 5 il üçün
BANM-in inkişaf planlarında
nələr var?
-Bizim planımız ondan ibarətdir ki,
2026-2030-cu illər üçün
Bakı Ali Neft Məktəbinin strateji inkişaf proqramının
hazırlanmasına başlayaq.
Bu proqram təsdiqləndikdən
sonra qarşıdakı
5 ildə BANM-in hansı
mərhələyə çatacağı,
hansı hədəflərə
yönələcəyi aydın
şəkildə müəyyən
olunacaq. Əsas məqsədimiz ölkə
daxilindəki nüfuzumuzu
qoruyub saxlamaq və istehsalat sahəsi ilə əməkdaşlıqları daha
da gücləndirməkdir.
Lakin ən böyük hədəfimiz beynəlxalq
arenada daha böyük uğurlar qazanmaqdır. Bizim üçün qlobal təhsil mühiti və dünya bazarının tələblərinə
cavab verən mühəndis kadrlar hazırlamaq xüsusilə
maraqlıdır. Hazırladığımız
yüksək ixtisaslı
mühəndislərə yalnız
Azərbaycanda deyil, dünya bazarında da ciddi ehtiyac var.
Bu səbəbdən gələcək
planlarımız arasında
Afrika və Asiya ölkələrinin kadr hazırlığında həlledici
rol oynamaq dayanır. Artıq bu istiqamətdə ilk addımlar atılıb: Özbəkistanda ikili diplom proqramlarımız mövcuddur, Konqo və digər Afrika ölkələrində fəaliyyətimizi
genişləndirməyi planlaşdırırıq.
Ən böyük arzularımdan
biri isə xarici ölkələrdən
birində Bakı Ali Neft Məktəbinin filialını açmaqdır.
- Məsələn, hansı
ölkədə?
- Çox istərdim ki, ilk dəfə ikili diplom proqramına başladığımız ölkə
- Özbəkistanda Bakı
Ali Neft Məktəbinin
filialını açaq.
Təbii
ki, texnologiyalar müasirləşdikcə
tədris proqramlarımız
da dəyişməlidir. Düşünürəm
ki, bu proses 5 ildən bir yox, hər
il yenilənməlidir.
Proqramların müasirləşdirilməsində
bizə ən böyük dəstəyi
məzunlarımız verir.
Onlar istehsalatda, iş prosesində hansı bacarıqlara ehtiyac olduğunu görürlər və tədrisə hansı yeniliklərin daxil edilməli olduğunu bildirirlər. 10 il əvvəl
tədris olunan bəzi fənlər bu gün artıq
aktuallığını itirib.
Onları proqramda saxlamağın mənası
yoxdur. Çıxarılıb yerinə
yeni tələblərə uyğun fənlər əlavə edilməlidir.
- Qarabağda, işğaldan
azad edilmiş ərazilərimizdə BANM-in layihələri
olacaqmı? Ümumiyyətlə
bu məsələ ilə bağlı fəaliyyət planınızda
nələr var?
- Cənab Prezidentin Sərəncamı ilə
Qarabağ Universiteti yaradılıb. Bakı
Ali Neft Məktəbi olaraq biz həmin universitetlə çox sıx əməkdaşlıq
edirik. SOCAR artıq Qarabağ Universiteti ilə müqavilə bağlayıb. Həmin müqavilə əsasında
SOCAR, o cümlədən BANM, 2026-cı ilin əvvəlindən Qarabağ Universitetində
bir sıra layihələrə başlayacaq.
SOCAR-ın vitse-prezidenti
Ziba xanım Mustafayevanın rəhbərliyi
ilə nümayəndə
heyəti Qarabağ
Universitetinə oldu, Qarabağ Universiteti ilə əməkdaşlıq
və inkişaf haqqında sənəd imzalandı. Qarşıdakı
illərdə Qarabağ
Universiteti ilə çox möhtəşəm
praktik layihələr
həyata keçirilməsi
planlaşdırılır.
- BANM-in
digər binası “Ağ şəhərdə”dir. Maraqlıdır ki, əvvəl burada neft zavodları yerləşirdi. Neft Azərbaycan üçün
hələ də ən önəmli resurslardan sayılır.
Amma zamanla da ayaqlaşmaq
lazımdır. Yəqin
ki, 20-25, bəlkə də
daha qısa müddətdə bizə
“nefti quyudan çıxaranlar” deyil,
yeni texnoloji avadanlıqları
idarə edənlər
lazım olacaq. Bu baxımdan BANM gələcək
əsas hədəfləri
nələrdir?
- Akademik Xoşbəxt Yusifzadə hər zaman belə deyirdi: “1947-ci ildə Neft Daşlarında neft hasilatı başlayanda
alim və geoloqlar qeyd ediblər ki, bu yatağın cəmi 10 il ömrü
var”. Amma bu gün
2025-ci ildir və həmin yataq hələ də məhsuldarlığını qoruyur. Görün, aradan nə qədər zaman keçib.
Buna görə də
neft hasilatı bir gün tükənə
bilər, bu təbiidir, lakin neft və qaz
bizim üçün
yalnız xammal deyil, həm də kimya sənayemizin
əsas təməlidir.
Hazırda ölkənin neft
və qaz yataqları istismar olunur, hasilat davam edir. Lakin bir məqamı unutmaq olmaz: BANM yalnız neft-qaz və kimya mühəndisləri
hazırlamır. Bizdə
informasiya təhlükəsizliyi,
data analitikası, proseslərin
avtomatlaşdırılması kimi ixtisaslar da mövcuddur. Mən tez-tez misal çəkirəm:
məsələn, Türkiyənin
neft-qaz ehtiyatları demək olar ki, yoxdur, amma Orta
Doğu Texniki Universiteti neft-qaz mühəndisləri hazırlayır.
Yaponiyada neft yoxdur, amma “Itochu” kimi dünyanın ən böyük neft şirkətlərindən
biri məhz Yaponiyaya məxsusdur. Almaniya, Yaponiya kimi nefti olmayan
ölkələrdin universitetlərində
Neft-qaz mühəndisləri
yetişdirilir. Bu kadrlar
kim üçün hazırlanır? Dünyanın
əmək bazarı üçün.
Bu baxımdan neft-qaz mühəndisliyi bizim
milli peşəmizdir. Ona görə
də bu sahəni əldən verə bilmərik. Əksinə, daha güclü neft-qaz mühəndisləri yetişdirməliyik
ki, onlar dünya üzrə nüfuzlu neft şirkətlərində
söz sahibi olsunlar.
bp hər il BANM-in 15-20 məzununu
işə qəbul edir. Daha sonra
həmin gənclər
öz bilik və bacarıqları ilə irəliləyirlər.
Mənim ən böyük arzularımdan
biri budur ki, 10-15 ildən sonra transmilli şirkətlərin
rəhbər heyətində
azərbaycanlıların sayı
artsın. Bu, həm universitetimizin, həm də ölkəmizin uğuru və qüruru olar.
Niyə
də azərbaycanlı
neft-qaz mühəndisləri
dünyanın transmilli
şirkətlərində həlledici
rol oynamasın? Bizim buna potensialımız
da var, şəraitimiz də.
- Əgər gələcəkdə
neft-qaz mühəndisliyinə
tələbat azalarsa və ya sıradan
çıxarsa, BANM hansı
addımları atacaq?
- Yeddi il əvvəl açdığımız Kibertəhlükəsizlik
ixtisası bu gün ölkədə ən nüfuzlu ixtisaslardan biridir. Hazırda Azərbaycanda ən güclü kibertəhlükəsizlik mühəndisləri
məhz BANM-də yetişdirilir. Sənaye varsa, biznesin idarə edilməsi də olmalıdır. Bu baxımdan BANM bu gün yalnız neft-qaz mühəndisliyi üzrə deyil, həm də İT ixtisasları üzrə ölkədə ən güclü təhsil müəssisəsidir. Bunu
qətiyyətlə deyə
bilərəm. Ona görə
də narahat deyilik və düşünürük ki, 2030-cu illərdə də zirvədə olacağıq.
- Artıq ilk dəfə olaraq Data analitika və Maliyyə ixtisasları üzrə də tədrisə başlamısınız. Gələcəkdə
hansı yeni ixtisasların
açılması planlaşdırılır?
Bunlar arasında hüquqşünaslıq ixtisası
varmı?
- Xeyr, hüquqşünaslıq
ixtisasını nəzərdə
tutmuruq, çünki
bu sahə üzrə ölkədə
kifayət qədər
universitet kadr hazırlayır. Biz daha çox süni intellekt sahəsini düşünürük. Gələcək
planlarımızda bərpa
olunan enerji mühəndisliyi, süni
intellektin mühəndisliyə
tətbiqi və həmin sahələrdə
kadr hazırlığı
dayanır.
- BANM-də müəllim olmaq üçün hansı üstünlüklərə
sahib olmaq lazımdır?
Təcrübəli kadrlarla
yanaşı, yeni mütəxəssislərin
də universitetə cəlb edilməsi prioritetdir?
- BANM-ə
baxsanız, görərsiniz
ki, çalışanların əhəmiyyətli hissəsi
öz məzunlarımızdır.
Məsələn, prorektorumuz
və dekan müavinlərimiz bizim məzunlarımızdır. Biz öz məzunlarımıza
xüsusilə önəm
veririk. Şirkətlər
bizim məzunlarımızı
işə dəvət
edirsə, niyə biz onlardan faydalanmayaq? Bu səbəbdən gənc
müəllimləri universitetə
cəlb edirik və çox yaxşı nəticələr
əldə edirik. Onlar tələbələri
daha yaxşı anlayır, tələbələr
də onları. Bu baxımdan deyə bilərəm ki, bizim ali məktəb Azərbaycanın ən gənc heyəti olan universitetlərdəndir.
Elə olur ki, müəllimlə tələbə
arasında yaş fərqi belə hiss olunmur.
- Bakı Ali Neft Məktəbində doktorantura
proqramı ilə bağlı işlər necədir? Ümumiyyətlə,
gənc alimlərimizin
müdafiə səviyyəsi
nə yerdədir?
- Bakı Ali Neft Məktəbində bir neçə ildir ki, doktorantura səviyyəsində
tədris həyata keçirilir. Doktoranların
sayı 10-dan artıqdır.Bu yaxınlarda
da bizim həm bakalavr, həm də magistratura məzunumuz Aida Aslanova doktoranturanı bitirərək
müdafiə etdi və mühəndislik sahəsində fəlsəfə
doktoru adını qazandı.Təkcə 2025-ci ildə
7 alimimiz fəlsəfə
doktoru adını alıb. Xüsusilə vurğulamaq istəyirəm
ki, Famil müəllim
başda olmaqla, Azərbaycan Respublikasının
Prezidenti yanında Ali
Attestasiya Komissiyası
gənc alimlərin müdafiə prosesindən
sənədləşmə işində bürokratik əngəlləri tam aradan
qaldırıb. Artıq
gənc alimlərimiz çox rahat və yüksək səviyyədə Ali Attestasiya
Komissiyasına sənədlərini
təqdim edərək
müəyyən yoxlamalardan
və araşdırmalardan
sonra qısa müddətdə onlara diplomları təqdim olunur. Bu prosesdə Ali Attestasiya Komissiyasının
şəffaflığı, çevikliyi, operativliyi diqqətəlayiqdir, təqdirəlayiqdir.
Ali Attestasiya Komissiyasının
bu fəaliyyəti gənclərin tədqiqatla
məşğul olmasına
motivasiyanı artırır.
Bu da Azərbaycan elminin
gəncləşməsində böyük rol oynayır.
- Maraqlıdır ki, ali
təhsil müəssisələrinin
adlarında adətən
universitet və ya akademiya ifadəsi
işlədilir. Lakin siz
“məktəb” adından
istifadə etmisiniz. Niyə məhz Bakı Ali Neft Məktəbi?
- Dünyada bir sıra nüfuzlu məktəblər var. Məsələn,
keçmiş Sovet İttifaqında ən məşhur ali texniki təhsil ocaqlarından biri Bauman adına ali texniki məktəb adlanırdı və bu məktəb mühəndislik sahəsində
yüksək nüfuz
qazanmışdı. Bu gün
Böyük Britaniyada
London İqtisadiyyat Məktəbi
fəaliyyət göstərir
- nə universitet, nə də akademiya adı daşıyır. Bizim ali məktəb də sırf mühəndislik istiqamətində
fəaliyyət göstərdiyi
üçün “məktəb”
adı ilə qeyd olunub. Həmçinin,
yüksək bal toplayan tələbələrimiz
göstərdi ki, ali məktəbin adı onlar üçün əsas deyil. Tələbələr akademiya
və ya universitet adı ilə deyil, keyfiyyətli təhsil və müasir tədris proqramlarına görə bizi seçirlər. Bu baxımdan,
BANM Azərbaycanın yeganə
“məktəb” adlanan ali təhsil ocağıdır və
TOP tələbələr arasında
populyarlığını qoruyur.
- Digər maraqlı
məqam tələbələrin
köçürülmə (transfer) prosesinin olmamasıdır.
Bunun səbəbi nədir?
- Biz hesab edirik ki, BANM-də təhsil alan tələbələr
orta təhsildən etibarən çox çalışaraq yüksək
bal toplayırlar. Burada təhsil almaq üçün ciddi zəhmət çəkirlər. Transferlə
gələn tələbə,
əgər bal məsələsi nəzərə
alınsa belə, həm dil, həm
də bilik baxımından fərqlilik
göstərə bilər
və hətta digər tələbələrdə
demotivasiya yarada bilər. Ona görə də bizdə transfer yoxdur. Tələbə istəsə, ali məktəbdən gedə
bilər, lakin xaricdən transfer yolu ilə gəlib təhsil almaq mümkün deyil. Sona qədər də bu siyasət davam edəcək.
- Tələbələrin etik davranış qaydalarını pozması
halında hansı mexanizmlər tətbiq olunur?
- Cəza demək düzgün olmaz, lakin müəyyən sanksiyalar tətbiq olunur. Məsələn,
biz antiplagiat sistemi tətbiq edirik. Əgər tələbə
plagiatlıq edirsə
və işin 25%-i plagiatdırsa, onun barəsində sanksiyalar tətbiq olunur. Eyni tələbə
iki dəfə töhmət alarsa, ali məktəbdən xaric edilə bilər.
Plagiat həm də əqli mülkiyyət oğurluğudur. BANM Azərbaycanda
Turnitin sisteminə qoşulan
iki ali təhsil
müəssisəsindən biridir. Bu keyfiyyətin qorunması üçündür.
Bundan başqa, tələbələr üçün
orientasiya proqramları
keçirilir. I kurs tələbəsi proqramı
oxuduğunu təsdiqləmək
üçün qol çəkir. Beləliklə,
1 ildən sonra “bunu mənə niyə tətbiq etdiniz?” kimi şikayətlərə yer
qalmır.
Həm ali məktəbdə, həm də kənarda siqaret çəkmək qəti
qadağandır. Disiplin
qaydaları ciddi tətbiq olunur və heç kim üçün güzəşt yoxdur.
- Bəs bu vaxta qədər qaydaları pozan tələbələrlə rastlaşmısınızmı?
- Tələbələr müxtəlif
mühitlərdən gəlir
və buraya korporativ mühitə hazırlanmaq üçün
daxil olurlar. Burada onlar həm
şəxsiyyət, həm
də peşəkar bacarıqlar baxımından
yetişirlər. Ən
çox qayda pozuntuları I və II kurslarda baş verir. Lakin zamanla tələbələr daha
da disiplinli olurlar.
Biz sadəcə bilik və bacarıq vermirik, həm də gələcəkdə
korporativ mühitdə
işləmək bacarıqlarını
öyrədirik. Tələbə
bilməlidir ki, o, dərsə
deyil, iş mühitinə gəlir. Dərsdən yarımçıq
getmək, işdən
yarımçıq çıxmaqla
eyni mənanı daşıyır.
Buna görə də məzunlarımız mənə
deyirlər: “Biz ali məktəbdən şirkətə
deyil, şirkətdən
şirkətə işə
gedirik”. Vaxtaşırı
qayda pozuntuları olur, amma biz tələbələri xaric
etmirik. Əgər tələbə qaydaları
ciddi şəkildə
pozursa, ona alternativ olaraq başqa universitetə
transfer olunmaq təklif
olunur. Yüksək bal topladıqları üçün onlar bu imkanlardan rahat istifadə edə bilirlər.
- Tələbələrin əmək
bazarına uyğunlaşmasında
praktik təcrübə
mühüm rol oynayır. Universitet SOCAR-ın tərkibində yaradılıb. Bu, BANM-ə hansı
öhdəlikləri verir?
- SOCAR-da çox yaxşı Gənc İstedadlar Proqramı var. Bu proqram təkcə BANM üçün
deyil, Azərbaycanın
bütün universitetləri
üçün nəzərdə
tutulub.
Həmçinin, BANM SOCAR-ın tərkibində
olduğuna görə,
II kursdan tələbələrimizi
praktikaya göndəririk.
Praktika tədris proqramının ayrılmaz
hissəsidir. Biz nəinki
ölkədə fəaliyyət
göstərən yerli
və transmilli şirkətlərlə əməkdaşlıq
edirik və maraqlıyıq.
- BANM ilə bağlı həyata keçirmək istədiyiniz ən böyük plan nədir?
- Ən böyük planlarımdan biri BANM-i dünyanın ən nüfuzlu reytinq sıralarına daxil etməkdir. Ölkəmizi yüksək
reytinqdə təmsil etmək bizim əsas arzumuzdur. Təbii ki, digər prioritetimiz vətənimizə
layiqli vətəndaşlar
yetişdirməkdir. Biz tələbələrimizi
yalnız bilikli deyil, həm də vətənpərvər,
dövlətə sədaqətli
və vətənini sevən kadrlar kimi hazırlayırıq.
Onlara hər zaman deyirik: "Siz ölkəmizin intellektual əsgərlərisiniz”.
- Azərbaycanda
BANM-ə rəqib universitet
varmı?
- Biz Azərbaycan universitetlərini
rəqib kimi yox, tərəfdaş kimi görürük. Layihələrimizdə onları
da cəlb edirik. Məsələn, Sumqayıt
Dövlət Universiteti
və Naxçıvan
Dövlət Universiteti
ilə əməkdaşlıq
edirik. NDU ilə birgə Kibertəhlükəsizlik
ixtisasını açmışıq.
Bütün rektor həmkarlarımızla dostluq
münasibətlərimiz mövcuddur.
Rəqabəti isə
daha çox dünyanın nüfuzlu universitetləri ilə aparırıq.
İki sahil.- 2026.- 7 yanvar, ¹1.- S.13-14.