Yeni ildə yeni hədəflərə,
yeni uğurlara doğru…
Prezident
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə müraciəti
2025-ci ilin uğurlarına qısa baxış əsasında
Yeni ilin hədəflərinin təqdimatı oldu. Yeni il yeni hədəflərin
müəyyənləşdirilməsi, möhtəşəm
uğurlara gedən yolun başlanğıcıdır.
Möhkəm təməl, düşünülmüş
siyasət Azərbaycana daim uğurlar, zəfərlər
qazandırır, hər dövrün
çağırışlarının yüksək səviyyədə
yerinə yetirilməsini şərtləndirir. Müraciətində
“2025-ci il arxada qaldı. Bu il də ölkəmiz
üçün, xalqımız üçün uğurlu il
olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik,
əmin-amanlıq şəraitində yaşamışdır.
Xalq-iqtidar
birliyi bizim uğurlarımızın əsas amilidir” söyləyən
Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki,
qarşıdan gələn 2026-cı il də ölkəmiz
üçün uğurlu olacaq, ölkə
qarşısında duran bütün vəzifələr həmişəki
kimi uğurla icra ediləcək. 2025-ci ildə şanlı Zəfərimizin
beşinci ildönümünü böyük fəxarət
hissi ilə qeyd etdik, tarixi Zəfərimiz bizimlə əbədi
olacaq.
Diqqəti
2025-ci ildə keçirilən Zəfərimizin beşinci
ildönümünə həsr olunmuş Hərbi parada
yönəldən dövlət başçısı
İlham Əliyev bildirdi ki, paradda son illər ərzində
ordu quruculuğunda görülmüş işlərin bir hissəsi
xalqımıza və bütün dünyaya nümayiş
etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri
öz gücünü böyük dərəcədə
artırıb. Yeni silahlar və texnika ilə təchiz
edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra
etməyə qadirdir. Son 5 ildə həm yerli istehsal olan silah və
texnikadan istifadə edərək, eyni zamanda, xaricdən
aldığımız silah və texnikanı Ordumuzun
potensialına əlavə edərək hərbi
gücümüzü böyük dərəcədə
gücləndirə bildik. Silahlı Qüvvələrimizin
döyüş qabiliyyəti böyük dərəcədə
artdı. Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi
bir neçə dəfə artırıldı, yeni
yaradılmış Komando Qüvvələrinin say tərkibi
minlərlə əsgər və zabitdən ibarətdir.
Prezident İlham Əliyev bu çağırışı da
etdi ki, biz yeni müharibəyə hazırlaşmırıq.
Bizim üçün müharibələr arxada qaldı. Ancaq
bugünkü dünyada hər bir ölkə ilk növbədə
öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir.
Bugünkü dünyada beynəlxalq hüquq normaları
işləmir, “Kim güclüdür, o da haqlıdır”
prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən
qəbul edilib. Bütün dünyada genişmiqyaslı
silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi
bütövlüyümüzü, suverenliyimizi, öz
seçimimizi layiqincə müdafiə etmək
üçün hazır olmalıyıq.
Bu
fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə
AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib
ki, son beş il tarixi Zəfərimizi beynəlxalq və siyasi
müstəvidə möhkəmləndirmək, təsdiqləmək
istiqamətində atılan addımlarla zəngin oldu. Azərbaycanın
tarixi ədalətə, beynəlxalq hüquqa söykənən
siyasətinə dəstək, Zəfərimizin
yaratdığı reallıqların dünya miqyasında qəbulu
son beş ildə Azərbaycanın xarici siyasət
uğurlarında özünün aydın ifadəsini
tapır. Bunun üçün təkcə 2025-ci ildə
dövlət başçısı İlham Əliyevin xarici
ölkələrə, həmçinin müxtəlif ölkələrin
liderlərinin Azərbaycana səfərlərinin say tərkibinə
diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev hər
bir səfər çərçivəsində keçirilən
görüşlərdə diqqəti tarixi Zəfərimizə
və suverenliyimizin tam bərpasına yönəldərək
bölgədə dayanıqlı sülhün təmin edilməsi,
Ermənistanla münasibətlərdə yeni səhifənin
açılması üçün ölkəmizin
qarşı tərəfə ünvanladığı sülh
təklifindən,onun reallaşması istiqamətində
atılan addımlardan geniş bəhs edir. Dövlət
başçısı sözügedən müraciətində
diqqəti məhz bu reallıqlara yönəldərək
bildirdi ki, bütün dünya bizim Zəfərimizi qəbul
edir və bizim haqlı olduğumuzu əyani şəkildə
görür. Ermənistan-Azərbaycan münaqişəsini həll
etmək üçün mandat almış Minsk qrupu isə
tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ
münaqişəsi artıq beynəlxalq gündəlikdən
tamamilə silinmişdir. Zəfər çalmış
ölkə kimi biz məğlub edilmiş Ermənistana
sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin
təzahürüdür. Biz əbədi müharibə aparmaq
fikrində deyilik. Bizim başqa ölkələrin
torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi
bütövlüyümüzü bərpa etmək
üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi
çərçivəsində, BMT Təhlükəsizlik
Şurasının qətnamələri əsasında öz
suveren hüquqlarımızı təmin etmişik. Vətən
müharibəsindən cəmi beş il keçəndən
sonra Ermənistanla paraflanmış sülh müqaviləsi
bir daha xalqımızın böyüklüyünü və
bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi
beş ilə yaxındır ki, de-fakto sülh şəraitində
yaşayırıq. Biz döyüş meydanında qan tökərək,
şəhidlər verərək şanlı Qələbə
qazanmışıq və bu Qələbəni dünyanın
ən mötəbər yeri olan Amerikanın Ağ Evində,
Amerika Prezidentinin iştirakı ilə möhürlədik.
Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan
ərazi bütövlüyümüzün bərpası və
bütün dünya tərəfindən bunun qəbul edilməsi
məsələsi öz həllini tapmışdır.
V.Rəhimzadə
vurğulayıb ki, son beş ilin mühüm
reallıqlarından biri də işğaldan azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işlərinin
aparılması, soydaşlarımızın mərhələ-mərhələ
doğma yurd-yuvalarına qayıdışıdır. Azad
Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət
məkana çevrilir. Bu ərazilərimizdə
soydaşlarımızın yüksək səviyyədə
yaşayışının təmin edilməsi
üçün bütün zəruri işlər
görülür. Azərbaycanın son beş ildə
Böyük Qayıdış Proqramı çərçivəsində
gördüyü işlərin miqyası ölçüyəgəlməzdir.
Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının,
eyni zamanda, 30 il torpaq həsrəti ilə yaşayan
xalqımızın necə qurucu xalq olduğunun nümayişidir.
Xalqımız bu günləri böyük səbirsizliklə
gözləmişdi. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində
sahibinə qovuşan torpaqlarımız sevincli günlərini
yaşayır. Prezident İlham Əliyev Yeni il müraciətində
bildirdi ki, Böyük Qayıdış Proqramı uğurla
icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad
edilmiş ərazilərdə yaşayır,
çalışır, təhsil alır. Keçmiş
köçkünlər 32 kənd, qəsəbə və
şəhərdə yerləşiblər və onlar
üçün ən gözəl şərait yaradılmışdır.
Dövlət başçısı tarixi Zəfərimizin
reallıqları fonunda bu reallığı da qeyd etdi ki, biz
beynəlxalq mövqelərimizi böyük dərəcədə
möhkəmləndirə bildik. Bu gün Azərbaycana
dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi
deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları
Azərbaycanla əməkdaşlıq etmək
üçün müxtəlif təkliflər irəli
sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir,
bu siyasət bir çox istiqamətlər üzrə
uğurla aparılır.
Milli Məclisin
deputatı bildirib ki, dövlətimizin başçısı
müraciətində Azərbaycanın xarici siyasət
uğurları sırasında ev sahibliyi etdiyi tədbirlərdən
də bəhs etdi. 2025-ci ildə ölkəmizdə bir
çox mötəbər beynəlxalq tədbirlər
keçirildi. Bunların arasında işğaldan azad
edilmiş Xankəndidə ECO-nun Zirvə
Görüşünü, Qəbələdə Türk
Dövlətləri Təşkilatının Zirvə
Görüşünü qeyd edə bilərik. O da
vurğulandı ki, bir çox beynəlxalq təşkilatlarla
sıx əlaqələrimiz bizim maraqlarımıza
uyğundur. Hər bir çıxışı, müraciəti
mühüm çağırışlarla zəngin olan
dövlət başçısı İlham Əliyevin
sözügedən müraciətində də gələcəyimizə
yönələn hədəflər öz əksini
tapmışdır. “Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın
tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik
ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə
nəyisə diktə etsin, kimsə bizə yuxarıdan
aşağı baxsın. Biz müqavimət göstərmişik,
biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin
qarşısında baş əyməmişik, heç kimə
imkan verməmişik və verməyəcəyik ki, bizim
işimizə qarışsın” söyləyən Prezident
İlham Əliyev qeyd etdi ki, tədricən hər kəs belə
cəhdlərin sayının da kəskin
azaldığını görür. Çünki bunun
heç bir mənası yoxdur. Bizə təzyiq etmək
üçün heç kimin əlində heç bir vasitə
yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi
gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz,
nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər
gücləndirib ki, heç kim bizə öz iradəsini diktə
edə bilməz.
V.Rəhimzadə
ölkəmizin hərtərəfli inkişafında
stimulverici amil olan iqtisadi tərəqqidən də bəhs
edib. Reallıq budur ki, Azərbaycan dayanıqlı iqtisadi
inkişafı ilə daim dünyanın diqqətindədir.
Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar
üzərində qurması Azərbaycanın davamlı
inkişafında əhəmiyyətli rol oynayır.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasının son 22 ildən artıq dövrdə
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi sosial-iqtisadi göstəricilərimizdə öz
təsdiqini tapır. Prezident İlham Əliyev ilk gündən
bu çağırışı etdi ki, iqtisadi tərəqqi
yalnız rəqəmlərdə deyil, insanların gündəlik
həyatında öz əksini tapmalıdır. Dövlətimizin
başçısının Yeni il müraciətində də
əsas diqqət yönəltdiyi məsələlərdən
biri iqtisadi tərəqqi oldu. Bildirdi ki, valyuta
ehtiyatlarımız tarixi rekord həddə çataraq 80
milyard dollardan çoxdur. Xarici borcumuz daha da aşağı
düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi
6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf
etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan
da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə
üstələyir və təsadüfi deyil ki,
dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın
kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət
reytinq səviyyəsinə qaldırıb.
“Bu qeydlərimizdə
2025-ci ilin tariximizə yazdığı uğurların
yalnız az bir hissəsini diqqətə çatdırdıq.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün
sahələrdə uğurla davam etdirən Prezident İlham
Əliyevin əsas çağırışlarından biri məhz
budur ki, güclü Azərbaycan həmişə bizim hədəfimiz
olub. Təbii ki, bu hədəf özündə mühüm məqamları
ehtiva edir. Azərbaycanın yeni-yeni hədəflərə
doğru inamla irəliləməsini şərtləndirən
əsas faktor düşünülmüş siyasəti ilə
ölkəmizi Zəfərlərdən Zəfərlərə
aparan, dövlətinə, xalqına bağlı Liderdir.
Dövlətimizin başçısı İlham Əliyev
Yeni il müraciətinin əvvəlində də
uğurlarımızda xalq-iqtidar birliyinin rolunu xüsusi
vurğuladı. Ölkə Prezidenti, həmçinin
müraciətində bir daha bu
çağırışı da səsləndirdi ki,
dünyada yaşayan bütün azərbaycanlılar bilməlidirlər
və bilirlər ki, onların arxasında güclü Azərbaycan
dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr
bir daha göstərdi ki, hansı ölkədə yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlının taleyi
bizim üçün qiymətlidir, önəmlidir və bizi
- azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz
birləşdirir. Azərbaycanlılar hansı ölkədə
yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər
ki, onların Ana Vətəni müstəqil Azərbaycan
dövlətidir”, - deyə deputat bildirib.
İki
sahil.-
2026.- 7 yanvar, ¹1.- S.9.