Milli kimlik və
dil: Azərbaycan dilinin
qloballaşan dünyada təhlükəsizliyi
Münasibət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili məsələsinə xüsusi diqqət ayırması bu mövzunun dövlət və cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha göstərdi. Prezidentin səsləndirdiyi fikirlər müasir dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi mesaj xarakteri daşıyır. Dövlət başçısı vurğuladı ki, Azərbaycan dili milləti birləşdirən əsas amillərdən biridir.
Tarix boyu xalqımız müxtəlif siyasi və ideoloji təsirlərə məruz qalsa da, öz dilini qoruyub saxlamış, onu milli kimliyinin əsas dayağına çevirmişdir. Məhz bu amil Azərbaycan xalqının milli varlığını bu günə qədər yaşatmağa imkan verib. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, müstəqil dövlət üçün dövlət dili məsələsi sadəcə mədəni deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Azərbaycan dili Konstitusiya ilə dövlət dili kimi təsbit edilib və onun bütün sahələrdə düzgün tətbiqi vacibdir. Rəsmi sənədlərdə, təhsil müəssisələrində, mediada və gündəlik ünsiyyətdə ana dilimizin ədəbi normalarına əməl olunmalıdır.
Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də xarici sözlərin həddindən artıq istifadəsi ilə bağlı oldu. Prezident bildirdi ki, xarici dilləri bilmək müasir dövrün tələbidir, lakin bu, ana dilinə laqeyd münasibətə çevrilməməlidir. Lazımsız alınma sözlər Azərbaycan dilinin saflığını pozur və dil mədəniyyətinə mənfi təsir göstərir.
Prezident İlham
Əliyev media nümayəndələrinin Azərbaycan
dilinin qorunmasında xüsusi rol oynadığını da
vurğulamışdır. Televiziya, radio, xəbər
saytları və sosial media platformaları geniş auditoriyaya təsir
imkanına malikdir. Bu səbəbdən ədəbi dil normalarına
əməl olunması, düzgün tələffüz və
savadlı nitq ictimai şüurun formalaşmasında həlledici
amildir. Dövlət başçısı jurnalistləri və
aparıcıları ana dilinə daha həssas yanaşmağa
çağırmışdır. Belə ki, televiziya və mətbuat
cəmiyyətə nümunə olmalı, düzgün və
səlis Azərbaycan dilinin təbliğinə xidmət etməlidir.
Dövlət başçısı əsasən ziyalıların
bu məsələdə xüsusi məsuliyyət
daşıdığını vurğuladı. Eyni zamanda gənc
nəslin dilə münasibətinin formalaşmasında təhsil
sisteminin rolu da ön plana çəkildi.
Prezident
İlham Əliyev müsahibəsində
xarici dillərin öyrənilməsinin vacibliyini inkar etmədən,
ana dilinə laqeyd münasibəti kəskin tənqid
etmişdir. Onun fikrincə, bir neçə dil bilmək
üstünlükdür, lakin bu, Azərbaycan dilinin kölgədə
qalması hesabına olmamalıdır. Son illərdə məişətdə,
mediada və sosial şəbəkələrdə
lazımsız xarici sözlərdən həddindən
artıq istifadə edilməsi dilin saflığına mənfi
təsir göstərir. Dövlət başçısı
bu tendensiyanın qarşısının alınmasını
cəmiyyətin ümumi vəzifəsi kimi dəyərləndirmişdir.
Müsahibədə dolayısı ilə toxunulan əsas məsələlərdən
biri də təhsil sahəsində ana dilinin mövqeyidir. Məktəblərdə
və ali təhsil müəssisələrində Azərbaycan
dilinin yüksək səviyyədə tədrisi milli
şüurun formalaşmasında mühüm rol oynayır.
Dil qaydalarının düzgün öyrədilməsi,
şifahi və yazılı nitqin inkişaf etdirilməsi gələcək
nəsillərin milli dəyərlərə bağlı
yetişməsinə zəmin yaradır. Prezidentin
yanaşmasına görə, müəllimlər və təhsil
müəssisələri bu prosesdə xüsusi məsuliyyət
daşıyır.
Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıların
ana dilini unutmamasının vacibliyini də qeyd etdi. Prezidentin
fikrincə, Azərbaycan dili diaspor üzvlərinin Vətənlə
mənəvi bağını qoruyan əsas vasitədir və
bu istiqamətdə görülən işlər davam etdirilməlidir.
Prezident İlham Əliyev telejurnalist Mirşahin Ağayevin
verdiyi sualı cavabalandırarkən bir məsələni
xüsusi qeyd edir: “Əgər biz müstəmləkəçilik
illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız
onu bizə əmanət veriblərsə, necə ola bilər
ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən,
bəzən bilməyərəkdən dilimizə daxil olan
xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir
və o kəlmələri istifadə edənləri daha
ağıllı etmir. Çox dil bilmək
yaxşıdır, mən də onun tərəfdarıyam.
Amma sən xarici dillərdə lazım olan vaxtda danış,
biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr
dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də
sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə
də özümüz heç buna fikir vermirik,
damcı-damcı sarsıdır. Dil əldən gedəndən
sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə
uyğunlaşandan sonra onda milli kimlik də gedəcək,
ondan sonra dövlətçilik də gedəcək, ondan
sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər,
böyük fəlakətlə üzləşə bilər.
Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir.
Bunu mən tam əminliklə deyirəm və hamını bu
mübarizəyə dəvət edirəm”.
Nəticə etibarilə, Prezidentin
müsahibəsində səsləndirilən
fikirlər göstərir
ki, Azərbaycan dilinin
qorunması və inkişafı ümummilli
məsələdir. Qloballaşmanın
sürətləndiyi, informasiya
axınlarının sərhədsizləşdiyi
müasir dövrdə
ana dilinin qorunması və inkişaf etdirilməsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan dili təkcə ünsiyyət
vasitəsi deyil, milli kimliyin, tarixi yaddaşın və müstəqil dövlətçiliyin
təməl sütunlarından
biridir. Ana dilinə hörmət milli kimliyə,
dövlətçiliyə və gələcək nəsillərə hörmət
deməkdir. Bu məsuliyyəti
dərk etmək və dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Zülfiyyə İsmayıl,
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
İki sahil.- 2026.- 16 yanvar, ¹4.- S.3.