Mənəvi dəyərlərimizin
təməl daşı
Əməkdar artist Azad Şükürov:
Dilimizi dünya miqyasında təbliğ edə biləcək əsas sahə kino və teatr
fəaliyyətidir ki,
bu sahədə işlərimiz elə də qənaətbəxş
deyil
Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərindən,
milli kimliyimizin əsas sütunlarından
biridir. Tarix boyu xalqımız öz ana dilinə
sahib çıxmaqla milli varlığını
qoruyub, onu beynəlxalq müstəviyə
çıxarıb. Müasir
dövrdə bu məsələ dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib. Mövzu
ilə əlaqədar
Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) kafedra müdiri,
Azərbaycan Teatr Xadimləri İtifaqının
sədr müavini, professor Azad Şükürovla həmsöhbət
olduq.
-Prezident İlham
Əliyev yerli televiziya kanallarına müsahibəsində dilimizdən
də ətraflı söz açdı. Hətta bildirdi ki, dil dövlətçiliyin
əsas atributlarından
biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Bu çağırış
bir daha bizə xatırladır ki, dil yalnız
ünsiyyət vasitəsi
deyil, həm də milli varlığımızın,
kimliyimizin və mənəvi dəyərlərimizin
təməl daşıdır.
Bu fikirlə bağlı nələr deyə bilərsiniz?
-Bəli, ölkə
başçısı bildirdi
ki, dil həm
də strateji məsələdir, xalqın
kimliyini təyin edən dəyərlər
toplusudur. Millətin normal bir millət olması üçün
onun gərək dili ola. Dilin də dil olması
üçün gərəkdir ki, o dildə normal vəziyyətdə,
bütün gözəlliyi ilə danışmağı
bacaran millət ola.
Prezident İlham Əliyev 5 yanvar
2026-cı ildə yerli televiziya kanallarına müsahibəsində
“Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün
dövrlər ərzində dilimizi qorumuşuq və bu gün
danışdığımız Azərbaycan dili bizim ulu
babalarımızın danışdığı Azərbaycan
dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir”
söyləməklə dilimizlə,
danışığımızla bağlı çox əhəmiyyətli
yol xəritəsinə çevrilə biləcək fikirlər
söylədi. Mən artıq
42 ildir ki, ADMİU-da Səhnə danışığı,
Nitq mədəniyyəti, Natiqlik sənəti, Televiziyada
danışıq və bu kimi fənlərdən dərs deyirəm.
Yetişdirdiyim tələbələr arasında dövlətimizin
fəxri adlarına layiq görülmüş sənət
adamları, tanınmış televiziya aparıcıları,
kino və teatr xadimləri var. Yəni, bütün həyatını
ana dilimizdə düzgün və aydın
danışmağın təbliğ edilməsinə həsr
edən biri kimi bu məsələlərə biganə qala bilmərəm.
Ümummilli Liderimiz Heydər Əliyevin dilimizə olan
münasibətindən və bu sahədə atdığı
cəsarətli addımlardan günlərlə danışmaq
olar. İndi də möhtərəm Prezidentimiz İlham
Əliyevin bu sahəyə diqqət artırması
biz sənət adamlarına,
bu sahədə pedaqoji fəaliyyət göstərənlərə
sanki bir stimul verdi, qarşımızda daha konkret vəzifələr
qoydu.
-Sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr
daxil olub. Bu proses davam edir. Hazırda bunu normallaşdıra
bilirikmi?
- Nitqdə, danışıqda
saflığın, sərrastlığın
tərbiyə edilməsində mütaliənin rolu əvəzolunmazdır.
Nə olsun ki, Sovet dövrünün ədəbiyyatıdır,
bizim dilimizin zənginliyini kəşf eləmək istəyirsinizsə
Yusif Vəzir Cəmənzəminlinin, Süleyman Rəhimovun,
Əli Vəliyevin, İlyas Əfəndiyevin, İsa
Muğannanın, Anarın, Elçinin əsərlərini
oxuyun. Bu yazıçıların əsərlərinin
mütaliə edilməsində fayda var. Bizim dilimizin şəhdi-şəkəri
ədəbiyyatımızdadır. Nitqimizin,
danışığımızın gözəlliyi, zənginliyi
həm müasir yazarlarımızın, həm də artıq
klassikaya çevrilmiş yazıçı və şairlərimizin
əsərlərindədir.
Bütün bunlara baxmayaraq,
Sovet təbliğat maşını milli
dəyərlərə elə də rəğbət bəsləmirdi.
O cümlədən tutaq ki, bizim dilimizə olan müqəddəs
münasibətimizə yumşaq desək qısqanclıqla
yanaşırdı. Etiraf etməliyik ki, bütün ölkəni
bürüyən sovetləşmə adı altında
ruslaşdırma prosesindən bizim respublikamız da kənar
qalmamışdır. Bax bu “prosesin” əsdirdiyi yellər
zaman-zaman Azərbaycan dilinin də başı üstündən
keçirdi və obrazlı desək bəzən kövrək
yaşıl yarpaqları da vaxtından əvvəl soldururdu.
Bu yerdə dilimizə xüsusi diqqət yetirən, bu sahədə
çalışanlara qayğı göstərməsi ilə
tarix yaradan Heydər Əliyevin ruhuna bir salavat
düşür.
Təəssüf olsun ki, bu təsir
hələ də tamamilə ötüb keçməyib. Cəmiyyətdə
hələ də o yellərin təsiri altında saçlarını
darayanlar var. Etiraf edək ki, nəinki cəmiyyətdə, lap
elə dilin qayğısına qalmaq peşə borcu olan
televiziyalarımızdakı, radiolarımızdakı səslənən
danışığımızda kifayət qədər
qüsurlar var. Yox, mən hər şeyi qara rəngdə
görən, cəmiyyəti ümidsizliyə inandırmaq istəyinlərdən
deyiləm. Əlbəttə,
müsbət tərəflər də var.
Danışığına, söylədiyi fikirlərə
diqətli olan kifayət qədər uğurlu diktor və
aparıcılarımız var. Yeri gəlmişkən,
özünü tərif olmasın mən zaman-zaman
danışıq sənətindən çörək qazanan
bu və ya digər aparıcıların nöqsanlarına
rast gələndə həmən iradımı bildirir,
qüsurlarını izah edirəm. Təəssüf ki, bu “sənətkarların”
əksəriyyəti güzgünü sındırmağa
daha çox həvəslidirlər, nəinki ləkələrini
silməyə.
Bilirsiniz vacib bir məqamı
qarışdırmaq olmaz. Bir var dil, bir də var o dildə
danışmaq. Dilimizin heç bir problemi yoxdur. Musiqili,
yumşaq, hər bir fikri qısa və konkret ifadə edəcək
dərəcədə zəngin bir dilimiz var. İndi gəl
ki, ana dili adlandırdığımız bu dildə necə
danışırıq məsələsində problemlər
çoxdur. A kişi, problem yumşaq səslənir ey, belə
düşmən münasibəti müşahidə
olunmaqdadır.
Hələ M.Ə.Sabirin
şeirlərində, C.Məmmədquluzadənin,
Ü.Hacıbəylinin felyetonlarında bu
nöqsanlarımız haqqında üzümüzə
şillə kimi çırpılan iradlar var. Hansını
deyim. Allah Məhəmməd Füzuliyə rəhmət eləsin
“Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” kimi eyham
qoyub gedib.
Allaha and olsun ki, hərdən istəyirəm
şəhərimizin uca bir nöqtəsinə
çıxıb qışqıram ki, ay qardaşlar, nə əyninizdəki
bahalı kostyumlar, nə taxdığınız firmaların
qalistukları, nə qolunuzdakı saatlar, nə
ayaqqabılarınız, nə də mindiyiniz bahalı
maşınlar sizin ziyalılıq mərtəbənizi ehtiva
eləmir. Ağzınızı açan kimi səviyyəniz
görsənir. Amanın günüdür, birdən elə
bilərsiniz ki, kiminsə imkanlı dolanmasına
qısqanclıq hissi var. Yox, Allah xatirinə, qoy millətimiz
yaxşı yaşasın. Yaxşı geyinsin, bahalı
maşınlarda gəzsin. Bunun nəyi pisdir ki? Bəs yuksək
səviyyəli fikirlər söyləyərək, aydın
danışmaq, təmiz tələffüzə malik olmaq, səlist
və konkret danışmaq, bəs fikirlərini
işıqlı surətdə izhar eləmək, axı
bunlardır mədəniyyət, bunlardır gözəllik.
Yoxsa düz demirəm?
-Azərbaycan dilinin beynəlxalq müstəvidə
və müxtəlif qlobal platformalarda təbliğini qənaətbəxş
hesab etmək olarmı?
-Mən qənaətbəxş
hesab eləmirəm.
Əlbəttə, müsbət tərəflər də var.
İstər Heydər Əliyev Fondu, istər TÜRKSOY, istərsə
də bu və ya digər səfirliklərimizin müsbət fəaliyyətləri
nəticəsində beynəlxalq miqyasda mədəniyyətimiz
kifayət qədər təmsil edilir. Deməli,
dolayısı ilə dilimiz də təbliğ olunur. Təəssüf
ki, dilimizi dünya miqyasında təbliğ edə biləcək
əsas sahə kino və teatr fəaliyyətidir ki, bu sahədə
işlərimiz elə də qənaətbəxş deyil.
İkinci Dünya müharibəsindən sonra, xüsusilə
1970-80-ci illərdə və sonrakı dövrlərdə
çəkdikləri filmlərində öz millətlərini
yüksək səviyyədə təqdim edən yəhudi əsilli
bir neçə kinorejissorun adını çəkmək istəyirəm. Steven Spielberg, Stanley Kubrick, Roman
Polanski və s. kimi məşhurları deyirəm. Onlar dram,
komediya, triller, elmi-fantastika janrlarında çoxsaylı məşhur
filmlər yaradıblar və tez-tez yəhudi mədəniyyəti,
tarixi və psixologiyası mövzularına toxunublar. Müəyyən
kadrlarda yəhudi dilini səsləndiriblər. Nəhayət, bu yolla dünya
xalqları arasında yəhudi millətinə, yəhudi dilinə
və mədəniyyətinə rəğbət, hörmət
qazandırıblar. Arzu edərdim ki, dilin, mədəniyyətin
dünya miqyasında təbliğ edilməsində müstəsna
xidmətlər göstərə biləcək teatr və kino
sahəsində bizim də beynəlxalq aləmə
çıxarıla biləcək uğurlu işlərimiz olsun.
-Bugünkü televiziya
və radionun dili sizi
qane edirmi? Yeri gəlmişkən, dilin qorunub
saxlanılmasında medianın xüsusi rolu var.
-Bilirsiniz, bu, bir faktdır ki, bizim
xalqımız radio və televiziyada səslənən
danışığı, nitqi etalon kimi qəbul edir. Hərdən
mübahisə edəndə “Əşi nə
danışırsan, bu sözü televiziyada belə tələffüz
edirlər” deyə dirəşirlər də. Əcəba, gəlin
görək televiziya və radioda danışarkən,
veriliş aparıcısı kimi fəaliyyət göstərərkən
nitqimizi bu etalon səviyyəsinə layiq qura bilirikmi?
Danışıq sənəti kifayət
qədər mürəkkəb, xüsusi
hazırlıq tələb edən bir peşə sahəsidir.
Bu və ya digər teleradio məkanlarında
çalışan aparıcılar kimi, müxtəlif sahələrin
şərhçiləri də danışıq keyfiyyətlərinin
cilalanmasına, səslərinin qurulmasına, söz ehtiyatlarının
zənginləşməsinə xüsusi diqqət verməlidirlər.
Bütün dünyada, o cümlədən mənim
çalışdığım ADMİU-da televiziyada
danışıq ayrıca fənn olaraq xüsusi bir proqram əsasında
tədris edilir. Bi işin nəzəri və praktiki cəhətləri
var. Bu tələblər səviyyəsindən
yanaşdıqda kimin təfəkkürü bəsit olduğu
aydınca görünür. Təbii ki, dilimizin qorunub
saxlanılmasında medianın rolu danılmazdır.
Respublikamızda tanınmış media işciləri
vardır ki, onların əksəriyyəti ilə zaman-zaman
dilimizin qorunması haqqında müzakirələrimiz olur.
Onların bir mütəxəsis kimi səviyyələrinə
yaxşı bələd olduğum üçün bu sahəyə
toxunmağa ehtiyat edirəm. Hər sahənin öz peşəkarı
var. Onların peşə heysiyystına hörmətlə
yanaşmaq heab edirəm ki, elə bir mədəniyyətdir. Yəni,
qoy bu barədə onlar danışsınlar.
-Biz öz dilimizi qorumaq üçün nələrə əməl
etməliyik?
-Mənə elə gəlir ki, orta məktəblərin yuxarı
siniflərində, ixtisasından asılı olmayaraq
bütün ali və orta ixtisas məktəblərində,
Nitq mədəniyyəti və ya Natiqlik sənəti bir fənn
kimi tədris edilməlidir. Eyni zamanda, sənətin
danışıq növünü seçən gənclərin
bu sahədə hazırlıq prosesini keçməsinin
vacibliyini diqqətə almaq lazımdır. Bu mənada
ADMİU-dakı mütəxəssislərin gücündən
daha səmərəli surətdə istifadə etmək
faydalı olardı. Yeri gəlmişkən, Azərbaycan
Televiziyasının nəzdində fəaliyyət göstərən
Televiziya Akademiyasının müsbət nəticələri
sevindirici haldır, ümidverəndir. Azərbaycan Milli Elmlər
Akademiyasının Dilçilik İnstitutunun əməkdaşlarının
da bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Amma
etiraf eləməliyik ki, ümumi vəziyyət elə də
ürəkaçan deyil. Danışıq sənəti
istiqamətində heç bir hazırlıq prosesi keçməyən,
savadsız, bütün fəaliyyəti boyunda dilimizin
“anasını ağladan” aparıcı və diktorların
yağışdan sonra göbələk kimi efir və ekran məkanımızı
işğal etməsinə mane olmaq lazımdır. Yoxsa bunun
ağır nəticələrini aradan qaldırmaq daha çətin
olacaq. Yeri gəlmişkən qeyd edim ki, həm Bakı şəhərində,
həm də bölgələrdə fəaliyyət göstərən
ticarət və iaşə obyektlərinin adlarının və
reklamlarının təqdimatındakı qüsurları
aradan qaldırmağa da ehtiyac var.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2026.- 16 yanvar, ¹4.- S.5.