Regional
reallıqları dəyişən nəqliyyat xətti
Zəngəzur
dəhlizi
Zəngəzur dəhlizi ətrafında gedən
proseslər təkcə iri infrastruktur layihəsinin icrası
kimi deyil, bütövlükdə regionun geosiyasi, geoiqtisadi və
nəqliyyat xəritəsinin yenidən formalaşması kontekstində
qiymətləndirilməlidir. Bu dəhliz uzun illər blokada
şəraitində saxlanılan Naxçıvan Muxtar
Respublikasının Azərbaycanın əraziləri ilə
fasiləsiz əlaqəsinin təmin olunması
baxımından tarixi əhəmiyyət daşıyır,
eyni zamanda, Cənubi Qafqazın beynəlxalq tranzit sisteminə
inteqrasiyasında yeni mərhələnin əsasını
qoyur. Artıq fakt ondan ibarətdir ki, Zəngəzur dəhlizi
konseptual ideya mərhələsini çoxdan geridə qoyub və
onun əsas hissəsi Azərbaycan ərazisində real, fiziki
icra mərhələsinə keçib. Horadizdən
başlayaraq Cəbrayıl, Zəngilan və Ağbənd
istiqamətində uzanan yol və dəmir yolu xətləri bu
prosesin ən bariz nümunəsidir.
Siyasi iradə və texniki reallıqların
vəhdəti
Hazırda Zəngəzur dəhlizinin reallaşması istiqamətində aparılan işlər göstərir ki, Azərbaycan bu layihəni yalnız milli maraqlar çərçivəsində deyil, regional əməkdaşlıq və beynəlxalq logistika baxımından da strateji hədəf kimi görür. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun 96 faizinin tamamlanması, Ağbənd körpüsündə işlərin 95 faiz səviyyəsinə çatması təsadüfi deyil. Bu göstəricilər həm texniki, həm də siyasi baxımdan Azərbaycanın iradəsini və ardıcıl mövqeyini ortaya qoyur. Yolun 2026-cı ilin birinci yarısında istifadəyə verilməsi planı isə onu deməyə əsas verir ki, artıq Zəngəzur dəhlizi mərhələli şəkildə real nəqliyyat arteriyasına çevriləcək və bu arteriya təkcə daxili deyil, həm də beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayacaq.
Naxçıvan istiqamətində paralel
yollar:
Təhlükəsizlik və çeviklik
strategiyası
Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas məqamlardan biri Naxçıvan istiqamətində paralel marşrutların formalaşdırılmasıdır. Məlum olduğu kimi, Naxçıvanla əlaqə üçün həm Ermənistan ərazisindən keçən yol, həm də İran üzərindən alternativ marşrut nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın nəqliyyat təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsidir. Bir istiqamətdən asılılığın aradan qaldırılması, marşrutların şaxələndirilməsi və risklərin minimallaşdırılması ölkənin strateji düşüncə tərzini əks etdirir. Ermənistan üzərindən keçəcək yol regionda etimadın bərpası və iqtisadi əməkdaşlığın genişlənməsi üçün imkan yaradırsa, İran istiqaməti Azərbaycanın regional tərəfdaşlarla əlaqələrini daha da möhkəmləndirir və Zəngəzur dəhlizini çoxşaxəli nəqliyyat şəbəkəsinə çevirir.
Dəmir yolu xətti: Yeni tranzit
imkanlarının açarı
Dəmir yolu infrastrukturu bu layihənin ən vacib komponentlərindən biridir. Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizinin, tikinti işlərinin isə 69 faizinin icra olunması onu göstərir ki, proses planlı şəkildə və müəyyən edilmiş qrafikə uyğun aparılır. Bu xətt yalnız mövcud dəmir yolu əlaqələrinin bərpası deyil, eyni zamanda, yeni nəqliyyat imkanlarının yaradılması deməkdir. Naxçıvan istiqamətində nəzərdə tutulan 188 kilometrlik dəmir yolu xətti boyunca körpülərin, tunellərin və viyaduktların yenidən qurulması bölgənin mürəkkəb relyef şəraitində belə yüksək mühəndislik həllərinin tətbiq edildiyini göstərir. Bu xəttin illik buraxılış qabiliyyətinin 15 milyon ton olması isə Zəngəzur dəhlizinin sadəcə regional deyil, beynəlxalq əhəmiyyətini açıq şəkildə ortaya qoyur.
15
milyon tonluq perspektiv:
Qlobal
marşrutlara inteqrasiya
Bu rəqəm
təsadüfi deyil. 15 milyon ton yük dövriyyəsi Zəngəzur
dəhlizini Orta Dəhliz, Şimal–Cənub və Şərq–Qərb
nəqliyyat marşrutları ilə birləşdirən
mühüm logistika qovşağına çevirir. Beləliklə,
Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi
Qafqaz və Avropa arasında daşınan yüklər
üçün alternativ və daha qısa yol
formalaşır. Bu da həm vaxt itkisini azaldır, həm də
daşınma xərclərini minimuma endirir.
Azərbaycan
Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya
kanallarına müsahibəsində də bu məqama
xüsusi diqqət çəkərək bildirib ki, Çin və
Orta Asiya ölkələrindən gələn yüklərin
Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyi
gözlənilir: “Təbii ki, biz buna ilk növbədə
Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm
də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq”. Bu
yanaşma Zəngəzur dəhlizinin yalnız regional
kommunikasiya xətti deyil, qlobal ticarət marşrutlarının
ayrılmaz hissəsi kimi nəzərdə tutulduğunu
aydın şəkildə göstərir.
Ermənistan
üçün açılan iqtisadi pəncərə
Zəngəzur
dəhlizi ilə bağlı tez-tez səsləndirilən
fikirlərdən biri də onun yalnız Azərbaycanın
maraqlarına xidmət etməsi ilə bağlı
iddialardır. Lakin reallıq tamam fərqlidir. Dəhlizin
açılması Ermənistan üçün də
iqtisadi dividendlər vəd edir. Ermənistan uzun illər
regional nəqliyyat layihələrindən kənarda qalıb və
bu da ölkənin iqtisadi inkişaf tempinə mənfi təsir
göstərib. Zəngəzur dəhlizi vasitəsilə Ermənistan
tranzit ölkə statusu qazana, yeni gəlir mənbələri
əldə edə və regional layihələrdə
iştirak imkanlarını genişləndirə bilər. Bu
baxımdan dəhliz qarşıdurma deyil, əməkdaşlıq
platforması kimi dəyərləndirilməlidir.
“Tramp
marşrutu” anlayışı və qlobal maraqlar
Son
dövrlərdə beynəlxalq mediada və ekspert dairələrində
“Tramp marşrutu” ifadəsinin səslənməsi də Zəngəzur
dəhlizinə olan qlobal marağın göstəricisidir. Bu
termin daha çox ABŞ və Qərb dairələrinin
regionda alternativ nəqliyyat xətlərinə verəcəkləri
önəmi ifadə edir. Zəngəzur dəhlizi Avrasiya məkanında
təkcə regional deyil, həm də qlobal ticarət
axınlarının optimallaşdırılması
baxımından əhəmiyyətli sayılır. Bu
marşrut enerji resurslarının, sənaye məhsullarının
və kənd təsərrüfatı mallarının daha
çevik və təhlükəsiz daşınmasına
şərait yaradır. Beləliklə, Zəngəzur dəhlizi
qlobal logistika zəncirinin mühüm halqasına
çevrilir.
2028 -
ci il üçün əsas hədəf: Mərhələli
və düşünülmüş strategiya
Dəhlizin
tam 2028-ci ilə planlaşdırılması layihənin
miqyasını və mərhələli icra
strategiyasını göstərir. Bu, tələsik qərar
deyil, uzunmüddətli və düşünülmüş
planın nəticəsidir. Azərbaycan bu müddət ərzində
həm texniki standartların yüksək səviyyədə təmin
olunmasına, həm də regional və beynəlxalq tərəfdaşlarla
koordinasiyanın gücləndirilməsinə xüsusi önəm
verəcək. İnfrastrukturun keyfiyyəti, təhlükəsizlik
məsələləri və dayanıqlılıq prinsipləri
layihənin əsas prioritetləri sırasında yer alacaq.
Postmünaqişə
dövrünün əsas dayaqlarından biri
Zəngəzur
dəhlizi, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin
bərpası və inkişafı prosesinə də
güclü təkan verir. Magistral yol və dəmir yolu xətlərinin
çəkilməsi, körpülərin, tunellərin
inşası regionda yeni iqtisadi aktivlik yaradır, məşğulluğu
artırır və yaşayış məntəqələrinin
dirçəlməsinə şərait yaradır. Bu
baxımdan Zəngəzur dəhlizi yalnız tranzit xətti
deyil, həm də postmünaqişə dövründə
Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi
inkişafının mühüm alətidir.
Strateji
layihənin yaratdığı yeni regional reallıq
Nəticə
etibarilə Zəngəzur dəhlizi Azərbaycanın strateji
baxışının, siyasi iradəsinin və iqtisadi
potensialının təcəssümüdür. Bu layihə
Naxçıvanın blokadadan çıxarılması ilə
yanaşı, regionda yeni əməkdaşlıq mühitinin
formalaşmasına, beynəlxalq nəqliyyat əlaqələrinin
genişlənməsinə və Cənubi Qafqazın qlobal
logistika xəritəsində mövqeyinin möhkəmlənməsinə
xidmət edir. 2028-ci ilə doğru atılan hər addım
göstərir ki, Zəngəzur dəhlizi artıq sadəcə
gələcək planı deyil, reallığa çevrilən
strateji layihədir və bu reallıq regionun gələcək
inkişaf trayektoriyasını müəyyən edən əsas
amillərdən biri olacaq.
Nigar
Orucova
İki
sahil.-
2026.- 16 yanvar, ¹4.- S.7.