Zəlimxan Yaqub: Aşıq sənəti bəşəriyyətə təqdim olunmalıdır

 

- Artıq əməliyyatdan bir müddət keçib. İndi özünüzü necə hiss edirsiniz?

- Mənim səhhətimlə hamı maraqlanırdı. Həmçinin OLAYLAR agentliyi məni diqqətdən qoymayıb. Bu barədə məlumatım var. Buna görə çox sevinirəm. Bilirsiniz ki, əməliyyatda sağ böyrəyimi çıxarıblar. 30 il əvvəl böyrəyimdə problem olub. Böyrəyimdəki problemdən xəbərsiz idim. 30 ildən sonra sağ böyrəyimin altında şiş əmələ gəlib. Dedilər ki, bunun ən yaxşı müalicəsi İstanbulda amerikan xəstəxanasıdır. Bir saatlıq əməliyyat keçdi. Uğurlu oldu, böyük ağrılar isə sonradan yarandı. Gərək özümü gözləyim. Mən mübariz adamam. Ürəyim dünya boydadı. Dünya ürəyimə yerləşə bilər. Millətin istəyini, dövlətin qayğısını görürəm. Ağrılar tam keçməsə , işlərimi görməliyəm. Bunları həyata keçirmək lazımdır. Şükür ki, yüksək əhval-ruhiyyə var.

- Artıq işə başlamısınız. Burada hansı tədbirlər həyata keçirəcəksiniz?

- Əməliyyatdan əvvəl burada hazırlıq işləri görmüşdük. Artıq işə başlayırıq. Birinci növbədə neçə minillik aşıq sənəti Azərbaycan dövlətinin diqqətində olduğuna görə, eyni zamanda xalqın çox böyük ümidlə baxdığına görə, YUNESKO səviyyəsində dünya tərəfindən təsdiq olunduğuna görə, işlərimiz çoxdu. Birinci növbədə aşıq sənətini dünya ölkələrində təqdim etmək lazımdır. O bəşəriyyətə təqdim olunmalıdır. Planlarımız tək Azərbaycan çərçivəsində deyil. Beynəlxalq arena üçün tədbirlər planı hazırlanır. Yubileylər, görüşlər, konsertlər, xatirə gecələri, yaşayan ustadların yubiley gecələri keçiriləcək. Bu gün aşıq sənətinin çox güclü inkişaf etdiyi zonalar var-Borçalı, Gəncə, Şirvan, Qazax, Tovuz. Amma bu gün faktiki olaraq Gədəbəy daha güclüdür. Həm rəhbərlik tərəfindən çox güclü diqqət var, həm ustadımız aşıq İsfəndiyar onları qoruyur. Onlara tək rəhbərlik etmir, sanki orduya yol göstərir. Azərbaycan telekanalları ilə danışıqlarımız gedir. Bir gün Gədəbəy, bir gün Kəlbəcər, bir gün Şirvan aşıqlarının televiziya kanallarında, konsert salonlarında konsertləri olacaq. Bütün zonaları əhatə edəcəyik. Lider televiziyası ilə danışıqlarımız olub. Aşıqlar müsabiqəsini növbəti dəfə təşkil edəcəyik. Amma bu dəfə sms-siz olacaq. Yəni müsabiqədə təmənnasız dövlətin millətin istedadları parlayacaq. Onu da deyim ki, münsifləri diqqətlə seçəcəyik. Keçən dəfə müəyyən səhvlər olmuşdu, bu dəfə onlar təkrarlanmayacaq. Məsələn, Aşıq İsfəndiyar deyə bilməz ki, ay gədəbəylilər, bunu belə edin. Yerlibazlıq söhbəti olmayacaq. Münsiflər heyəti dünyagörmüş ağsaqllardan ibarət olacaq. Artıq layihə hazırdır. Böyük bir başlayırıq.

Qarşıda layihələrimiz çoxdur. Saz-söz bayramlarımız var. Bununla yanaşı kitab nəşrləri olacaq. Yəni bir alim dəvət edəcəyik ki, hansısa ustad haqqında kitab yazsın. Həmin kitabda aşıqların həyat yaradıcılığı əhatə olunacaq.

- Aşıqlarımızda hansı nöqsanlar var?

- Mən bugünkü aşıqlarımızın çoxundan narazıyam. Bu yaxınlarda Heydər Əliyev Sarayında Təbriz aşıqları konsert verdilər. Çox bəyənildi. Bilirsiniz niyə? Çünki orda böyük zəhmət, ritm var idi. Həm möhkəm kollektiv gördüm. Bizim gənclər isə dağılıb, ustadlar seyrəlib. 3-4 ağsaqqal aşığımız qalıb. Ona görə heç olmasa qalanların təcrübəsindən istifadə edək.

- Təbriz aşıqlarının sevilməsinin əsas səbəblərindən biri sintez idi.

- Düzdür. Bu gün aşıq sənəti dünyaya yayılmaq ərəfəsindədir. Mən aşıq sənətini gözəl bilən adamam. Hər bir sözə improvizə eləmək olar. Klassika ilə müasirliyi birləşdirmək təbii ki, mümkündür. Niyə aşıqlar tərəfindən Bethoven, Motsart ifa olunmasın? Təbriz aşıqları məhz incəsənətdəki yeniliyə görə o qədər alqışlandılar. Həm onlar arasında birlik var. İsfəndiyar Gədəbəy aşıqlarını yumruq kimi saxlayır. Başçı, ağsaqqalın olması yaxşıdır.

Bizim bu gün yaxşı solo çalan gözəl aşıqlarımız var. Amma dastanı, danışığı, divanı yoxdur. Aşıqlar qaravəlli danışmalı, atmaca deməyi bacarmalıdır. Bizim cavan aşıqlar ustaddan deyil, diskdən gəlirlər. Ona görə çalışacağam ki, ustadlardan qalan ənənəni gənclərdə yetişdirmək üçün onların dastan danışığını bərpa edək. 75 yaşında aşıq Əmrahın yanında bir şeir dedim, sabah məclislərdə həmin şeiri deyirdi. Bu ənənəni bərpa etmək üçün əzab-əziyyət çəkmək lazımdır.

- Gəncləri bu sənətə daha da yaxın etmək üçün sintezə ehtiyac var?

- Bu mütləq lazımdır. Amma ağıllı sintez. Hər şeyi bir-birinə qatıb sonra da bunun adını sintez qoymaq olmaz. Klassik ölçülü-biçili, nizamı Allah tərəfindən hamarlanmış, ustad tərəfindən kamilləşmiş havalarımız var. Onlara əlavələri elə etməlisən ki, ustadlar onu qəbul etsin. Savadlı, ağıllı əlavələr olsun. Elə aşıqlarımız var adlarını aşıq qoyublar, amma aləmi bir-birinə qatirlar. Bilmirsən çalır. İndi bir xəstəlik başlayıb. Bir görürsən 20 dəqiqə bir havanı çalırlar. Əslində 5 dəqiqədən artıq saz havası çalmaq olmaz. 20 dədiqə ərzində çevir tatı, vur tatı-bu qəbul olunmur. Ona görə bunlarla da məşğul olmalıyıq. Yəni həm mənəvi, həm texniki cəhətdən bu sənəti kamilləşdirməliyik ki, dünya qarşısına çıxaq.

- Bir müddət aşıq sənəti dəbdə deyildi. Daha dəqiq desək, bu sahə kiminsə yadına düşmürdü...

- Maraq ona görə yox idi ki, marağı öldürmüşdülər. 20 ildə bir qurumda dedi-qodu, məhkəmə çəkişməsi olar? Mənim bir meyarım var-istedad. Kimin dayısı, əmisi oğludu-qəti dəxli yoxdur. Kim istedadlıdır, bütün tədbirlərdə iştirak edəcək, səfərlərə gedəcək. Fəxri adlar, mükafatlar, Prezident təqaüdü alacaq. Həm bunun başqa bir tərəfi var. Siz dediyiniz vaxt təbliğat yox idi. Gərək göstərəsən ki, camaat bilə ki, bu nədir. Sən danışma, mən bilim sən kimsən? Qoymurdular aşıqları danışmağa. İndi televiziya kanalları, radiolar qapılarını bu sənətin üzünə açıb. Elmi araşdırıcılar, alimlər bu sahəyə cəlb olunacaq. Sənəti göstərmək, təbliğ etmək lazımdır. Sizi inandırım ki, bu dəqiqə aşıq sənətinə böyük həvəs gəncliyin axını var. Mən geniş sevgi görürəm. Bu, azərbaycanlıların ana musiqisidir. Ananı necə sevməyə bilərsən? Amma bu sənət təbliğ olunmayıb. Sağ olsun Prezidentimiz Mehriban xanım. Bilirsinizmi, bu sənət YUNESKO-ya daxil olana qədər qədər mübarizələr oldu? Ermənilərin təzyiqi ilə etirazlar olub. Ermənilər aşıq sənətini öz adlarına çıxmaq istəyirdilər. Bir az da ləngisəydik, ermənilər qabağa düşüb deyəcəkdilər ki, sənət bizimdir. Aşıq sənəti bizim-Azərbaycan xalqınındır. Ata-babalarımızın idi indi övladlarımızın olmalıdır.

- Dediniz ki, aşıq sənəti televiziyalara yol açır. Sizcə, bu sənət şounu ekrandan sıxışdıra biləcək?

- Dediklərim görəcəyimiz işlərimizin mində biri deyil. Çox işlər görmək istəyirik. Aşıq sənəti ilə məşğul olanlara uğurlar arzulayıram. Birləşib buna da nail olacağıq.

Bu dəqiqə primitiv şoular, əttökən v erilişlər, ailə intriqaları, söyüşlər, dedi-qodular efirləri tutub. Bunu təmizləməyin yeganə yolu sənə+tdir. Ana sənət ustad sözü ilə ekranları təmizləmək lazımdı. qədər dedi-qodular aləmi bir-birinə qatacaq? Bir-birindən gözəl alimlərimiz, şairlərimiz, aşıqlarımız, xanəndələrimiz var. Qoy onlar efirə çıxıb danışsınlar. Ər arvada bir sillə vurur bu hadisə kanalları bəzəyir. Axı bu vaxtdan Azərbaycan mədəniyyəti olub? Bunların qarşısını almaq üçün aşıq sənətini qaldırmaq lazımdır. Xalqımız televiziyalardakı intriqa ilə böyüməyib. Aşıq, xalq sənəti, saz havaları, insanı kamilləşdirən sənət hər bir dinləyicinin sərvətinə çevrilməlidir.

 

 

İki sahil.- 2009.- 19 dekabr.- S. 12.