GƏNC BƏSTƏKARIN GƏNCLƏR HİMNİ DİPLOMA LAYİQ GÖRÜLMÜŞDÜR

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 11-ci sinif şagirdi Ayan Odoğlunun adı oxucularımıza yaxşı tanışdır. Ayan 2007-ci ildə Belarusda gənc bəstəkarların beynəlxalq müsabiqəsinin qalibi olmuş, tanınmış Belarus şairinin sözlərinə yazılmış ən yaxşı musiqi əsərinin müəllifi kimi xüsusi diploma layiq görülmüşdü. O vaxt AzərTAc bu barədə ətraflı məlumat vermişdi.

Belarus torpağında gənc bəstəkarın daha bir əsəri - ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Ulu öndər odası da səslənmişdi. Ayan bu əsəri yaradıcılığının zirvəsi hesab edir.

Həmin müsabiqədən keçən müddətdə gənc bəstəkar, təbii ki, ustalığını daha da təkmilləşdirmiş, Üzeyir Hacıbəyli və Qara Qarayev bəstəkarlıq məktəbinin gözəl ənənələrini layiqincə davam etdirməyə çalışmışdır.

Bu il fevralın 2-də Azərbaycan Gənclər və İdman Nazirliyi Ayan Odoğlunun 2008-ci ildə qazandığı yaradıcılıq uğurlarına görə ona Gənclər mükafatı diplomu təqdim etmişdir.

Ayanın uğurları isə həqiqətən az olmamışdır. Keçən il o, bir neçə sonatina, skertso, prelüd, pyes və mahnı bəstələmişdir. Mütəxəssislər Ayanın bəstələdiyi Gənclər himni əsərini xüsusi qeyd edirlər. Vətən naminə birləşməyə çağırış kimi səslənən himnin təntənəli və eyni zamanda lirik melodiyası dinləyicilərdə ülvi hisslər oyadır.

Ayan deyir:

-Mən bu əsərdə doğma Vətənimizə görə qürur hisslərimi əks etdirmişəm. Ölkəmizin rəhbərliyinin, ilk növbədə Prezident İlham Əliyevin biz gənclərə göstərdiyi qayğı və diqqətə görə təşəkkürümü ifadə etmək istəmişəm. Bizim dünya miqyaslı uğurlarımız, soydaşlarımızın Olimpiadada, Avroviziyada qazandığı qələbələr məhz bu qayğı və diqqətin nəticəsidir.

Təəccüblü deyil ki, 2008-ci ildə xeyirxah əməlləri ilə fərqlənmiş Azərbaycan gənclərinin nümayəndələrinə mükafatlar təqdim edilməsi münasibətilə təntənəli mərasimdə konsert məhz Ayan Odoğlunun Gənclər himni ilə başlanmışdır. Əsəri Azərbaycanın əməkdar artisti, gözəl müğənni Azərin ifa etmişdir.

Bütün bu məqamlar Fuad Əlişovun klipində yüksək zövqlə öz əksini tapmışdır.

Ayan bu himnin ifasına görə Azərin xanıma minnətdar olduğunu bildirdi. Gənc bəstəkar onu dəstəkləyən soydaşlarımızın hər biri, xüsusən özünün əsas məsləhətçisi və təbii ki, ilk dinləyicisi olan Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimov haqqında minnətdarlıq hissi ilə söhbət açır.

Gənc bəstəkar ilhamla çalışır, öz fitri istedadına güvənərək bəstəkarlıq sənətinin incəliklərinə yiyələnir.

 

 

İki Sahil.- 2009.- 6 fevral.- S. 8.