Təhsilin modernləşdirilməsi tədrisin keyfiyyətini yaxşılaşdırır

 

Zərifə Əliyeva adına təhsil ocağında elektron məktəb pilot layihəsinin təqdimat mərasimi keçirildi

 

Təhsil sisteminin səmərəli idarə olunması, beynəlxalq informasiya şəbəkəsinə elektoron dərsliklərin, kitabxanaların yaradılması, rəqəmli tədris resurslarının işlənib hazırlanması, müasir təhsilin metodologiyasının işlənib hazırlanmasını nəzərdə tutan Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı uğurla başa çatdırıldı. Hazırda İKT-dən istifadə üzrə Dövlət Proqramının ikinci mərhələsi üzrə müəyyənləşdirilən layihələrin tətbiqi üçün işlər davam etdirilir.

İnsanların texnologiya mədəniyyətinin bir hissəsi olan İKT-dən istifadə sahəsində çox böyük işlər görülür. İnformasiya texnologiyası sahəsində ilk vərdişlərin aşılandığı təhsil sistemində tədrisin modernləşdirilməsi, informasiya resurslarının əsası olan internetlərdən istifadə bütün sahələrdə olduğu kimi orta məktəblərdə tətbiq olunur. Müasir cəmiyyətdə tələbə- şagird- müəllim arasında münasibətlərdə əsas amil olan informasiya mühitinə tələbat çoxalır. Bu isə interaktiv dialoqa, yeni münasibətlərə ehtiyacı artırır. İndi respublikanın bütün məktəblərində İKT-dən səmərəli istifadə olunur, informasiya-texnologiyaları fənni üzrə kadrların hazırlanması istiqamətində monitorinqlər keçirilir, ixtisasartırma kursları təşkil olunur.

Məktəblərdə xüsusi diqqət yetirilən İKT -dən istifadə üzrə Dövlət Proqramının tətbiqində həyata keçirilən ən mühüm layihələrdən biri elektron məktəblərin, dərsliklərin, kitabxanaların yaradılmasıdır.

Bakıdakı Zərifə Əliyeva adına məktəbdə elektron məktəb layihəsi üzrə təqdimetmə mərasimində bu barədə geniş açıqlama verildi.

Mərasimdə iştirak edən pilot layihənin əhəmiyyəti barədə açıqlama verən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu təqdimat layihəsi Prezident İlham Əliyevin imzaladığı əvvəlki tədbirlərin davamı olan məktəblərdə informasiya -texnologiyalarından istifadə üzrə Dövlət Proqramının tərkib hissəsidir:

- Azərbaycanda elektron məktəb layihəsinə uyğun olaraq ən qabaqcıl təhsil ocaqlarından olan Zərifə Əliyeva adına məktəbdə İKT sistemi üçün yeni olan interaktiv elektron yazı lövhəsindən, ən mütərəqqi prinsiplərə uyğunlaşdırılan yeni proyektor noutbuklardan istifadə qaydaları ilə tanış olduq. Əvvəllər məktəblərə kimya, Azərbaycan tarixi, biologiya fənlərinə aid disklər verilsə bu əyani vəsaitlərdən istənilən səviyyədə istifadədə çətinliklə rastlaşırdıq . Şahidi olduğumuz yeni layihənin istifadəsi ilə imkanlar genişləndi. Hazırda yeni elektron dərsliklərdən istifadə Zərifə Əliyevə adına məktəbdə Avropa liseyində tətbiq olunur. Layihənin yaxın aylarda digər məktəblərdə tətbiqi üçün hazırlıq işləri aparılır.

Yeni layihənin tədrisin keyfiyyətinə təsiri məsələsinə toxunan nazir bildirdi ki, bu metod artıq beynəlxalq təhsil sistemində sınaqdan çıxmış geniş miqyasda tətbiq olunur. Dünya təcrübəsindən yararlanmaqla ən qabaqcıl metodların Azərbaycanın təhsil sistemində tətbiqinə geniş yer verildiyini bildirən M.Mərdanovun açıqlamasından aydın oldu ki, bütün fənlərin bu metodla tədrisi üçün geniş imkanlar yaradılacaq.

Təhsil Nazirliyi nəzdində təhsil sistemində informasiyalaşdırma idarəsinin rəisi Samir Məmmədov layihə haqqında məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı 2008- 20013-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramına uyğun həyata keçirilən layihələr tədrisin keyfiyyətinə təsir edən başlıca amildir. Layihə çərçivəsində həyata kecirilən tədbirlər ali təhsil ocaqlarını, texniki -peşə, ümumtəhsil məktəblərini məktəbəqədər tərbiyə müəssisələrini əhatə edir. Bu istiqamətdə müəyyən işlər aparılır. Bu gün müşahidə etdiyimiz, elektron pilot məktəb layihəsi həmin Dövlət Proqramının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir.

Həmin gün yeni, pilot layihənin təqdimat mərasimi keçirilən Zərifə Əliyeva adına məktəbə 4 noutbuk, 4 proyektor, 5 elektron lövhə verildi. Belə layihələrin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd edən S.Məmmədov bildirdi ki, İKT avadanlıqları sinif otaqlarının şagirdlərin sayına görə ayrılır. Gələcəkdə belə pilot layihələr İntellekt liseyində, Bakının 7, 8, 20, 23, 60, 160 nömrəli məktəblərində həyata keçiriləcək. Məlumat verildi ki, layihənin tətbiqi üçün nəzərdə tutulan vəsait illər üzrə ayrılır. Keçən il bu məqsədlə dövlət büdcəsindən 8 milyon manatdan artıq vəsait sərf olunmuşdu. 2009-cu ildə həyata keçiriləcək layihələr üçün18 milyon manat ayrılıb.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2009.- 6 fevral.- S. 6.