Londonda “Nobellər Bakı nefti” adlı sərgi keçirilmişdir

 

 Ötən həftə Londonun “Asia House” qalereyasında “Nobellər və Bakı nefti” adlı sərgi keçirilmişdir. Bu sərgi “Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Bakıdakı fəaliyyətinin 130 illik yubileyinə həsr olunmuş sentyabrın 15-də ilk dəfə Bakıda nümayiş etdirilmişdir. Londonda keçirilən sərgini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ARDNŞ və “Statoil Absheron” şirkəti təşkil etmişlər. Sərgi ölkəmizin Böyük Britaniyadakı səfirliyi tərəfindən də böyük dəstək almışdır. Açılış mərasimində Londonda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, biznes strukturlarının təmsilçiləri, jurnalistlər və sənətsevərlər iştirak etmişlər. Sərgini ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov açaraq, Azərbaycan neft sənayesinin inkişaf tarixindən və bu inkişafda Nobellər ailəsinin rolundan bəhs etmişdir. Sonra Mədəniyyət Turizm Nazirliyinin məsul işçisi Azadə Hüseynova sərginin keçirilmə məqsədi haqda iştirakçılara geniş məlumat vermişdir. ARDNŞ-in Böyük Britaniyadakı nümayəndəliyinin direktoru Rüfət Əfəndiyev Nobel qardaşlarının Azərbaycan neft sənayesi qarşısındakı xidmətlərindən, neftin hasilatı nəqlində mütərəqqi rolundan söhbət açmışdır. ARDNŞ-in nümayəndəsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası çərçivəsində ölkəmizdə həyata keçirilən regional layihələrdən, nüfuzlu Qərb şirkətləri ilə əməkdaşlığın getdikcə dərinləşməsindən ətraflı bəhs etmişdir. Sərgidə “Statoil” neft şirkətinin nümayəndəsi Bayba Anda Rubesa, Viktoriya Albert muzeyinin təmsilçisi Bat Makkillop belə bir sərginin Londonda təşkil olunmasının əhəmiyyətindən danışmışlar. Sərgi 3 gün ərzində davam etmişdir. Xatırladaq ki, “Nobellər və Bakı nefti” sərgisi noyabrın 22-dən Berlin şəhərində nümayiş etdiriləcəkdir.

 

 

 İki sahil.- 2009.- 19 noyabr.- S. 6.