Böyük şəxsiyyət

 

  ...Kövrək notları ruhumdan keçib məni öz dünyamdan uzaqlaşdıran bu kədər nəğməsini bayaqdan bəri neçənci dəfə dinlədiyimi bir Allah bilir.

  

   Dön geri, qəlbimdə yer saxlayaram,

   Zülmət gecələrim dönər sabaha...

   Mən sənə sarılıb qucaqlayaram,

   Qoymaram heç yerə gedəsən daha!...

  

   Elegiyanın - bu qəmli mahnının həzin misraları ürəyimdə qaysaq bağlamış yaranı köz-köz etdikcə, həyatımın bütün itkiləri birər-birər mürgüdən oyanır, boğazımda yumruq boyda qəhərə çevrilir.

   Amma musiqini dayandırmıram...

   Az qala hər akkordu ruhuma hopmuş lirik melodiyanı bir də, bir də dinləmək istəyirəm. Çünki qarşıda bu duyğuları itirmək qorxusu var...

   Musiqi sussa, bir anlıq sükut məni yenidən öz adi, gündəlik dünyama qaytaracaq.

   Mənsə - bunu istəmirəm, heç istəmirəm...

   İllərdən bəri yazmağa çalışdıqlarıma heç vaxt bu qədər yaxın olmamışam axı...

   Neçə vaxtdır ki, bu yazını yazmaq istəyi ilə yaşayıram. Bu istək gündüzləri mənimlə birgə dolaşıb, gecələrimin röyasına çevrilib. Amma nə qədər qəribə olsa da, bu qədər uzun zaman məsafəsində düşüncələrimin yazılı ifadəsinə heç vaxt cəhd eləməmişəm...

   Bəlkə, bu hissi itirmək qorxusundan?..

   Bəlkə könül bağçasında körpə çiçəklər kimi böyümüş duyğuları vərəqlərə boşaldandan sonra ürəyimin boş qalması ehtiyatından?!

   Özümə ünvanlanmış sualların cavabsızlığında qələmimlə əbədiyaşar Heydər Əliyevin əzəmətinə sığınıb, ürəyimin qubarını, qarşımdakı vərəqlərlə ovutmaq istəyirəm...

 

   * * *

 

   Böyük Şəxsiyyətin şəklinə baxıram...

   Nurlu çöhrəsi ilə saatlardır kəlmələşirəm...

   Heydər Əliyev bütün fotolarında özüdür, zahiri görkəmi bütün fotolarında daxili aləmi ilə işıq və kölgənin təması qədər ayrılmazdır.

   Fotoqraflar məndən inciməsinlər, bu yaradıcılıq uğurunun sirrini onların peşəkarlığından daha çox, bu fotoların baş qəhrəmanının mənəvi dünyasında axtarardım.

   Göründüyün kimi olmaq və olduğun kimi görünmək...

   O, bunu bacarırdı...

   Buna görə də, Heydər Əliyev həyatda olduğu kimi, bütün şəkillərində də özüdür, əzəmət timsalıdır, səmimidir, canlıdır - həyatın, tarixin, taleyin konkret bir anından boylanaraq, insanın düşüncələrini o anlara, o tarixə, o taleyə doğru çəkib aparır.

   Heydər Əliyevi yaddaşıma, nədənsə, məhz bu portretində olduğu kimi köçürmüşəm.

   Demək olar ki, bütün şəkillərində ulu öndər ən müxtəlif hadisə və proseslərin mərkəzindədir. Sevinc də var bu şəkillərdə, ələm də... Fərəh də, narahatlıq da...

   Qətiyyət də, taleyin hansısa amansız "ərməğanı" ilə dözümlülük də...

   Amma bu şəkildə həyatın bütün ziddiyyətlərindən kənarda dayanmış ali insanın ruhi sakitliyi əks olunub.

   Onun gözlərinə diqqət yetirdinizmi?!

   Dünyanın sərt dolanbaclarından keçib sonunda öz hədəflərinə varmış bir insan övladının ilahi məmnunluğu var bu gözlərdə.

   Bu şəkil bütün dünyada tanınmış siyasi xadimin, milyonlarla şəxsin qüdrətinə tapındığı liderin, bütöv nəsillərə örnək olan dövlətçilik ustadının, dövlət məqamından insan məqamına enib, bu enişlə də bütün məqamların, bütün ucalıqların fövqünə yüksəlmiş Böyük Şəxsiyyətin portretidir.

   Bu şəkildə əbədiləşmiş An həyatın bir anı deyil, ömrün kamillik məqamıdır, keçmişlə gələcəyin təmas nöqtəsidir.

   Bu şəkildə Heydər Əliyev bütün həyatı ilə birgədir.

   Doğumdan qüruba qədər...

   Kandan məkana qədər...

 

   * * *

 

   Əlimi qələmdən götürürəm, yenə nisgil dolu misralar ürəyimə süzülüb xoş xatirələrin pıçıltısına qoşulur...

   ...Könüllər yaşadır gur nəfəsini,

   Sənsiz hər bir anın öz həsrəti var.

   Müqəddəs səsinin xatirəsini

   Anlada bilərmi çağlayan çaylar?!

   ...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası. Bayırda 1992-ci ilin sərt şaxtası, iliyə işləyən soyuq və qüssəli bir qış axşamıdır. Burada ərazi ilə birgə, sanki zaman da mühasirəyə alınıb, hər anında çətinlik var, gözlənilməzlik var.

   İçəridə zənglərə bir an ara verməyən telefonlar isə elə bil, bu problemlərə dözüm marşı kimi səslənir.

   Ermənilər bu qədim yurdun işığını, qazını kəsiblər. Min bir zillətlə əldə edilən elektrik enerjisi evlərə, idarələrə az qala, burada yaşayan insanlar dünyada adına elektrik enerjisi deyilən bir kəşfin mövcudluğunu unutmasınlar deyə, gündə bir-iki saat tutya kimi verilir.

   Həyatsa burada Onun dözümü, iradəsi ilə davam edir.

   Bu soyuq, əsrarlı qış axşamının hüznlü zülməti içində yeganə işıq - Onun nurlu çöhrəsi idi.

   Yeganə sevinc Onunla ilk dəfə üz-üzə dayanmağın sevinci, yeganə ümid böyük şəxsiyyətin qətiyyətli səsiydi.

   Türkiyəyə səfər zamanı yolüstü bir gecəlik qonaq kimi bu fürsəti əldən qaçırmayıb, Heydər Əliyevi ziyarət edən həmkarlarım tək mən də Onu ilk dəfədir ki, həyatda və həm də bu qədər yaxından görürdüm.

   Bütün Naxçıvan sakinləri kimi, Heydər Əliyev də çıraq işığında əyləşmişdi. Müasir sivilizasiya, dünyanın ən yeni tarixinin yaradılmasında yaxından iştirak etmiş, yüz minlərlə kvadratkilometr ərazilərə, əsrlər boyu bəni-adəm ayağı dəyməyən yerlərə elektrik enerjisi, işıq, istilik, mədəniyyət gətirmiş şəxs və indi...işaran çıraq işığı!...

   Nə etməli, tarixin elə qəribə anları var ki, o anları içində yaşamadan duymaq, sözlə ifadə etmək mümkün olmur.

   O anlarda Heydər Əliyevin çıraq işığında daha da əzəmətli görünən aurasına nəzər yetirdim, ala gözlərinə, sədəf dişlərinə tamaşa etdim. Və Onun həmişəki səliqəsində olan kostyumunun bilək hissəsindən, dümağ "saroçka"nın qolundan kiçik bir hissəsi diqqətimi cəlb edən isti can köynəyi mənə bir daha dedi ki, buralarda havalar, doğrudan da, çox soyuq keçir - elə o vaxtlar Bakıdan bura zillənən bəzi buz baxışlar kimi...

   ...Aradan on səkkiz il ötəndən sonra da bu təkrarsız mənzərənin hər bir ştrixi gözlərim önündədir...

   Doğrudanmı illər belə tez ötüşdü?!

   Ömür nə tez keçdi, İlahi!...

   Düşmən mühasirəsində zülmətə qərq olmuş, daşına-divarına qədər hüzn, qüssə yağan uzaq bir bölgə...

   Alaqaranlıq, soyuq bir otaqda qəlbinin atəşindən gələcəyə doğru işıq axtaran, qətiyyəti ilə ümid gətirən Heydər Əliyev...

   ...Əgər mən rəssam olsaydım, insan mübarizəsinin portretini yaratmaqdan ötrü xəyallar qurmağa ehtiyac duymazdım...

 

   * * *

 

   Heydər Əliyev tarixdəki o adlardandır ki, qarşısındakı bütün epitetləri əhəmiyyətsiz edir. Biz Heydər Əliyevi ümummilli lider, ulu öndər adlandırırıq, amma bütün bunlar da Onun milli təfəkkürümüzdə daşıdığı statusun yalnız müəyyən bir hissəsidir.

   Bəs bu böyük şəxsiyyəti necə təqdim edək, hansı sözlərdən çələng hörək?!

   Bu sualın cavabı Onun dünyaya gəlişindən bəri ötən böyük bir tarixin hər anında əks olunub. Ona görə də Heydər Əliyev ömrünün hər anına tarix kimi yanaşırdı, qurub-yaratdığı dövlətin gənc vətəndaşlarının aydın istiqamətə, vahid dövlətçilik ideologiyasına malik olmaları üçün çalışırdı ki, bu tarixdən gələcək nəsillərə daha çox irs qalsın.

   Heydər Əliyev onun müəllifliyi ilə yaranan tarixin yaddaşlara köçürülməsi məsələsində son dərəcə həssas idi. Bu tarix isə heç də asan, sadə bir ömrün tarixi deyil, ən müxtəlif vəziyyətlərin, situasiyaların, çıxılmazlıqların, mübarizələrin tarixidir.

   İndi isə elə bir arxiv sənədi göstərin ki, ömrü kameralar qarşısında, jurnalistlərin əhatəsində keçən bu insanın bu qədər keşməkeşlər önündə Azərbaycan xalqına qarşı hansısa addımına şəhadət gətirsin...

   Heydər Əliyev keçmişinin heç bir anını inkar etmədi, tarixdən imtina yolu tutanlardan olmadı. Çünki keçmişində inkar ediləcək, utanc gətirəcək heç nə yox idi. Heydər Əliyev ömrünün sonuna qədər xalqına layiqincə xidmətinin saysız nümunələrindən ibarət olan şərəfli keçmişi ilə qürur duydu. Axı, doğrudan da, qürur duyulası bir həyat yaşamışdı...

   Amerika kinematoqraflarının Ronda Bern adlı müəllifin eyni adlı əsəri əsasında çəkdikləri maraqlı bir film son illər bütün dünyada populyarlıq qazanıb. "Sirr" adlanan bu sənədli filmdə insanın həyatı boyu qazandığı böyük uğurlar üzərindəki pərdə çəkiləndən sonra məlum olur ki, uğur qazanmaq üçün bəxtin, naxışın ayağına yazdığımız Böyük Sirr, əslində, insanlara sevgi bəsləmək, nikbinlik, özünə inam qədər sadə və aydındır.

   Heydər Əliyev bu sirrə vaqif idi...

   O, ən çətin məqamlarda da nikbinliyini qoruyub saxlayırdı, özünə inamını itirmirdi, ətrafındakıların ona güvəninin sarsılmasına yol vermirdi. Ona görə də Heydər Əliyevin bütün həyatı yalnız yüksələn pillələrdən ibarətdir.

   Ömürlüyünü vərəqləməyə ehtiyac varmı?! Bu tarixi şəxsiyyət öz karyerasını bəzən bir neçə dəfə yenidən başlamalı olmuşdur. Taleyin gərdişindən yarımçıq qırılmış memarlıq təhsili, xüsusi xidmət orqanlarında fəaliyyəti, hərbçi karyerasının ən yüksək məqamından birdən-birə həmin vaxta qədər bir gün də məşğul olmadığı partiya işi, sonra ömrün Moskva dövrü, ağır təzyiq və təhdidlərlə izlənən "təqaüdçü" həyatı, yenidən doğma yurdda - Naxçıvanda keçən illər və nəhayət, - xalqın istəyi və arzusu - müstəqil Azərbaycan Respublikasının Prezidenti...

   Fərqli həyat mənzərələri, çətinliklər, məşəqqətlər, mübarizələr dolu talelər, tarixlər...

   Amma hər birində uğur, hər birində yüksəliş, hər birində qürur!...

   Əzəmət və şəxsiyyət!..

 

   * * *

 

   Hər dəfə Heydər Əliyev haqqında düşüncələrə dalarkən, bu əfsanəvi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş telegörüntüləri seyr edərkən, ecazkar səsini dinləyərkən, açığı, hərdən özüm də heyrətlənirəm ki, axı, bir insan, bir ömür sahibi olaraq bu qədər mükəmməl qabiliyyətlərə necə malik ola bilərdi?!

   Heydər Əliyevin xarizması, liderlik keyfiyyətləri Ona Tanrının hədiyyəsi idi. Bu keyfiyyətləri təhsil, özünütəlim nəticəsində mənimsəmək qeyri-mümkün görünür.

   Heydər Əliyev filoloq deyildi, natiqlik elmi ilə məşğul olmamışdı, amma ən qabiliyyətli filoloqlar da, nitq mədəniyyəti üzrə peşəkar mütəxəssislər də Onun nitqinin aydınlığına, səlisliyinə, əlvanlığına, bu kamil insanın Azərbaycan və rus dillərinin incəliklərinə, hətta məhəlli xüsusiyyətlərinə bu qədər dərindən bələd olmasına, sözləri belə sərrastlıqla seçməsinə aşkar həsəd aparırdılar.

   Xalqını dərin məhəbbətlə sevən Heydər Əliyev özünə qarşı son dərəcə tələbkar idi, yorulmaq nədir, bilməzdi. Ömrünün ixtiyar çağlarında da o şax, əzəmətli qaməti ilə eyni nöqtədə saatlarla ayaq üstə dayanıb nitq söyləyirdi, amma heç kim onun çöhrəsində, hərəkətlərində yorğunluq sezməzdi.

   Kimsə bircə dəfə də olsun, Onun qəddinin əyildiyinə, dəsmal çıxarıb üzünün tərini sildiyinə, çöhrəsinə mürgü gəldiyinə şahid olmadı. Kimsə, bircə dəfə də olsun, Onun qalstukunun kənara sürüşdüyünü, paltarının qırışdığını, ayaqqabısına toz qonduğunu görmədi.

   İnsanlar Heydər Əliyevin geyim tərzinə baxıb geyim mədəniyyəti öyrənirdilər, onun davranışlarından ədəb-ərkan qaydaları əxz edirdilər.

   Heydər Əliyev rəssamdan peşəkar rəssam idi, musiqiçidən peşəkar musiqiçi, yazıçıdan peşəkar ədib idi.

   Heydər Əliyevin yüksək zövqü, kübarlığı, mədəniyyətdə, incəsənətdə təlqin etdiyi dəyərlər ümumilikdə ictimai zövqü də öz ardınca aparırdı, xalqın mədəni səviyyəsini qaldırırdı, mənəvi dünyamızı bəsitlikdən, bayağılıqdan qoruyurdu.

   Heydər Əliyev elmi fəaliyyətlə məşğul olmurdu, nəzəri məsələlərə o, təbii ki, vaxt-imkan tapa bilməzdi, lakin bu böyük dövlətçilik ustadının elə bir çıxışı yoxdur ki, həmin çıxışdakı nəzəri müddəalar böyük bir elmi-tədqiqat əsəri üçün zəngin material verməsin.

   Heydər Əliyevin istənilən çıxışının hər cümləsi bir nəzəriyyədir, faktdır, istiqamətdir...

   O, dünyanın hansısa nüfuzlu universitetində siyasət, diplomatiya təhsili almamışdı, amma hər addımının, hər jestinin, dilə gətirdiyi hər kəlmənin, hətta üzündəki xəfif bir təbəssümün də öz sirri, öz mənası vardı, bütün bunlar böyük bir diplomatiya məktəbinin incəlikləri idi.

   Heydər Əliyev fasilə vermədən görüşlər keçirirdi, çıxışlarında mövzudan mövzuya keçid edirdi, ayrı-ayrı məsələlərə münasibət bildirirdi, saysız-hesabsız faktlar sadalayırdı, amma heç kim onun, bircə dəfə də olsun, konspektə baxmasına, hansısa faktda yanlışlığa yol verməsinə şahid olmadı. Hafizəsi, zənni ömrünün ixtiyar çağlarında da, bircə dəfə olsun, Heydər Əliyevi yanıltmadı.

   Adama elə gəlirdi ki, o, Azərbaycanın bütün vətəndaşlarını hətta adbaad tanıyır.

 

 

   * * *

 

   Tanrı Heydər Əliyevə qibtə ediləcək həssaslıq vermişdi. İşlərinin ən gərgin məqamında da o, başqaları üçün, bəlkə də əhəmiyyətsiz görünən məsələlərə də vaxt ayırardı, ən azı, bircə kəlmə xoş sözlə, ilıq bir təbəssümlə insanlara diqqətini ifadə edərdi. 

   O vaxtlar Heydər Əliyev o qədər problemlərin içində, gözlənilməz hadisələrin aramsızlığında Bakıdan gəlmiş jurnalist qrupunun rahatlığı barədə də düşünürdü, qaldığımız mehmanxananın soyuq olub-olmaması ilə maraqlanırdı, jurnalist qonaqlarının məişət problemlərinin həlli barədə tapşırıqlar verirdi...

   - İndi Sizinlə Prezident Heydər Əliyev danışacaq!

   Hansısa əlamətdar günlərdə Azərbaycan Respublikasının hər bir vətəndaşının evinə belə bir telefon zəngi daxil ola və bir azdan xəttin o başındakı qətiyyət dolu tanış səs həmin ocaqla birgə o ocağa bağlı ürəkləri də bir aləm sevinclə doldura bilərdi.

   Heydər Əliyev insanları sonsuz məhəbbətlə sevirdi. Yaşlı ilə də, cavanla da, alimlə də, çobanla da saatlarla ünsiyyətdən zövq almağı bacarırdı.

   Heydər Əliyev incə yumor hissinə malik idi. Onunla ani bir ünsiyyət də insanlara sevinc, bəxtiyarlıq gətirirdi. Heydər Əliyevdə ürəkdən gəlməyən, natamam heç nə yox idi, sevinməyi də ürəkdən idi, gülməyi, kədərlənməyi də...

   Xalqa yaxınlıq ona təpər verirdi. Çünki özü xalqın içindən çıxmışdı. Sadə bir kəndli evi də Heydər Əliyevə əzəmətli saraylar qədər doğma idi, əziz idi. Onu əzəmətli saraylara doğru aparan yol sadə bir kəndli evindən başlamışdı.

   Zamanının siyasət nəhəngləri sırasında öz xalqının milli psixologiyasına, ruhuna Heydər Əliyev qədər yaxın olan ikinci bir dövlət xadimini, hər halda, mən təsəvvür edə bilmirəm.

   Gənclik çağlarından gərgin iş qrafikində çalışan, daim iş başında, rəsmi mərasimlərdə, aramsız informasiya axınında olan Heydər Əliyev, görəsən, xalqın həyatını, məişətini, adət-ənənəsini bu qədər dərindən öyrənməyə necə macal tapmışdı?!

   Heydər Əliyevin böyüklüyü də elə bunda idi.

   Ömrün sonuna qədər məhz Özü olaraq qaldı. Nəzərindən bir zərrə belə, yayınmayan, qarşısındakını baxışları ilə anlayan və ümid verən, siyasətin şahmat taxtasında dəmir məntiqli, kübarlıq, nəciblik, sevgi, mərhəmət saçan Heydər Əliyev olaraq...

   Allah Onu öz xalqına tarixi bir yadigar kimi bəxş etmişdi...

 

   * * *

 

   Heydər Əliyevi zirvələrə təsadüflər gətirməmişdi, bu ucalıq onun gərgin zəhmətinin, sarsılmaz qətiyyətinin bəhrəsi idi.

   O zaman da dünya Azərbaycanı Heydər Əliyevin adı ilə tanıyır, bütün müsəlman dünyası onunla fəxr edirdi.

   Bir dövlət xadimi kimi başqa bir mühitdə yetişməsinə baxmayaraq, Heydər Əliyev heyrət doğuracaq demokratizmə malik idi. Demokratik dəyərlərə bu dərəcədə sevgi - onun xarakterindən, daxili səmimiyyətindən və humanizmindən irəli gəlirdi.

   Heydər Əliyev insanlara azadlıq verməkdən, demokratik addımlarla qısa müddətdə cəmiyyəti, Azərbaycanın inkişaf yönünü büsbütün dəyişməkdən çəkinmirdi. Bu kəskin addımların təhlükələrindən əndişələnmirdi.

   Heydər Əliyevin apardığı islahatlara nəzər yetirin: xalqın, dövlətin mənafeyinə hesablanmış bu islahatlar, təbii olaraq, həm də kimlərinsə maraqlarına toxunurdu, kimlərisə narazı salırdı, belələrinin heç də hamısı baş verənlərə münasibətdə seyrçi mövqe tutmaq fikrində deyildi. Demokratik mühitdə bu islahatların hər biri hakimiyyətə qarşı real təhlükə yaradırdı və müstəqil Azərbaycan dövləti ən yeni tarixində bu təhlükələri bir neçə dəfə yaşamışdı da...

   Amma qəfil yetişən demokratiya dalğasının əksər hallarda anarxiyaya, xaosa çevrilməsi ilə bağlı tarixdə yaşanmış saysız-hesabsız nümunələr də Heydər Əliyevi təşvişə salmadı, insanlarımızı azad görmək, bizləri demokratik dəyərlərin əhatəsində yaşatmaq, Azərbaycanda əsl vətəndaş cəmiyyətini bərqərar etmək istəyindən daşındırmadı.

 

   * * *

 

   Heydər Əliyev dünyasını dəyişməsi ilə də möhtəşəm bir tarix yaratdı.

   Onun müəllifliyi ilə davam edən zaman isə bizimlədir, bizi yaşadır...

   Leyla xanımın - canı qədər sevdiyi nəvəsinin həmin mənzərənin, həmin itkinin, həmin ayrılığın səsi ilə dilə gələn kədərli misraları içimdən keçib düşüncələrimi bir anlıq yenidən o anlara aparır...

   Dinlə ürəyimin qəm-qüssəsini

   Mən yaxşı bilirəm ayrılıq nədir...

   Küləklər könlümün bu naləsini

   Kaş ki, kainata yaya biləydi...

   Dünyanın bütün ayrılıqlarında bu misraların səmimiliyi var. İnsan heç vaxt ayrılıq anındakı qədər təbii ola bilmir, göz yaşları isə elə bil ki, insanın ayrılıq qarşısındakı acizliyinə etirazıdır, üsyanıdır.

   Doğma insanla əbədi ayrılıq anında ən dəhşətli acı nədir, bilirsinizmi?! İçindəki ağrıları göz yaşlarınla ovutmaq üçün başını köksünə qoymağa güclü bir həyanının olmaması...

   Heydər Əliyev bu kövrək anda da xalqı həyansız, kimsəsiz qoymadı.

   ...Böyük Atanın tabutu önündə Azərbaycan xalqı başını Heydər Əliyev yadigarının - İlham Əliyevin köksünə sıxdı. İşığımızı, ümidimizi, inamımızı Prezidentimiz İlham Əliyevdə axtardıq.

   Və tapdıq! Əməlində, siyasi fəaliyyətində, işində-gücündə tapdıq...

 

  * * *

 

   Həyatımın hansısa anında Londonda Temza çayının sahillərində bir taksi sürücüsü mənim hansı xalqa, dövlətə məxsus olduğumu Heydər Əliyevin adı ilə müəyyənləşdirərkən bu, qəlbimi fərəh hissi ilə doldurmuşdu.

   Doğrudan da, ötən əsrin 90-cı illərinin əvvəllərinin o təlatümlü anlarında əgər Heydər Əliyev olmasaydı, kim bilir, Azərbaycan hansı tale ilə üzləşəcəkdi?!

   Və bu gün dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət, ümumiyyətlə, mövcud olacaqdımı?!

   Heydər Əliyev xalq olaraq gücü ilə qürur duyduğumuz, sevgisi ilə əhatələndiyimiz, nəcibliyindən tərbiyə aldığımız, Azərbaycan adlı evimizdən kənarlarda kimliyimizi adı ilə nişan verdiyimiz ATA-dır...

   Elə bir ATA ki, bizləri ən nüfuzlu ali məktəblərdə oxudub, əlimizi bir parça çörəyə çatdırıb, ev-eşik, güzəran sahibi edib.

   Elə bir ATA ki, ailəsində Azərbaycana xidmətdən qürur duyan övladlar yetişdirib və bu övladlar xoş əməlləri ilə Onun qoyduğu humanizm, mərhəmət, xeyirxahlıq yolunu bu gün şərəflə davam etdirirlər...

   Elə bir ATA ki, Tanrının lütfü ilə Böyük Əsərlərini - müstəqil Azərbaycanı və onun Prezidenti İlham Əliyevi bizə bəxş etdi...

   Heydər Əliyev Azərbaycan dövlətini qurdu, səsimizi, ünümüzü dünyaya çatdırdı, müstəqil dövlətçiliyimizin dayaqlarını möhkəmləndirdi.

   Bu günsə, həmin dayaqlar üzərində, gələcəyin xoşbəxt Azərbaycanına doğru yollar çəkilir, məktəblər, xəstəxanalar, körpülər tikilir. O xoşbəxt günlərə doğru can atan insanların təminatlı gələcəyi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni zaman ərzində və bir-birinə paralel olaraq, ölkənin, millətin tərəqqisinə yönəlmiş saysız-hesabsız tədbirlər, tikinti-abadlıq, quruculuq işləri həyata keçirilir.

 

   * * *

 

   Son cümlələrin mənəvi rahatlığı ilə eyvana çıxıb, qollarımı yavaş-yavaş sökülən dan yerinə, qəlbimə yayılan ilıq yaz səhərinə doğru açıram...

   Sübhün xoş ovqatı dinlədiyim misralara da hopub indi. Daha mahnıdakı sözlər də əvvəlki kimi nisgilli gəlmir...

   ...Nurunu gözümdə saxlayım necə

   Möcüzə yaratmaq gəlmir əlimdən...

   Parçalan, ey zülmət! Çəkil, ey gecə!

   Günəşə qovuşmaq istəyirəm mən!..

   Eyvandan seyrinə daldığım - Heydər Əliyevin Böyük Əsərinə - dan yerində ulduz selindən nura boyanmış Azərbaycana tamaşa edirəm.

   Səhərin və şəhərin oyanışında, motorların uğultusunda, işə hazırlaşan insanların səs-küyündə, dərsə tələsən körpələrin şən qəhqəhələrində böyük hədəflərə doğru irəliləyən Yadigar Vətənimin səsini eşidirəm.

   Bu mənzərənin hər bir anı gözəldir və hər bir anında da Günəş var...

   Nurlu və işıqlı bir çöhrənin Günəşi!..

   ...Heç bir söz Onu olduğu kimi ifadə edə bilməz - fərqindəyəm...

   Kəlmələrin əlvanlığına güvənib canlandırmaq istədiyim portret Heydər Əliyevin hafizələrdəki əsl surətini tam əhatə edə bilmədi - başa düşürəm.

   Başınızı qaldırıb yuxarı baxın! Tarixi özündə yaşadan bu Böyük Şəxsiyyətin, Əbədiyaşar İnsanın nurlu gözlərindəki ümid işığına diqqət yetirin...

   Nə gözəl ki, Böyük Yaradan ondan heç nəyini əsirgəməmişdi...

   O da Azərbaycan xalqından heç nəyini əsirgəmədi...

 

 

   İsmayılov  İmamverdi

 

   İqtisadiyyat. -2010. – 23-29 aprel. – S.2.