Dahi Nizaminin ideyaları reallıqda

 

 

Bu günlərdə Gəncə şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat və Təhsil nazirliklərinin dəstəyi, PAŞA Holdinq Şirkətlər Qrupunun baş sponsorluğu ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Nizami Gəncəvi və Dayanıqlı İnkişaf mövzusunda keçirilən III İqtisadiyyat və İdarəetmə sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi konfransının açılış mərasimi olub.

 

"İki sahil" xəbər verir ki, beynəlxalq elmi konfransın açılış mərasimində iştirak etmiş iqtisad elmləri doktoru, professor, Auditorlar Palatasının sədri Vahid Novruzov fikirlərini bölüşüb.

 

O deyib, dahi Nizaminin belə bir kəlamı mövcuddur ki, insan nəslinin ancaq özü üçün istehsal etməsi istehlakı son məqsəd ola bilməz. Bu baxımdan konfransın mövzusunun təşkilatçılar tərəfindən çox uğurlu seçimini xüsusi qeyd etmək istərdim. Məhz mövzunun düzgün müəyyənləşdirilməsi Nizami irsində iqtisadi baxışların indinin özündə böyük aktuallıq kəsb etdiyini açıqlamağa, maraqlı məruzə çıxışların konfrans materiallarında dolğun əks olunmasına zəmin yaradıb, 35 ölkə təmsilçilərinin aktual mövzularla qatılması ilə reallaşıb. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları tərəfindən dayanıqlı davamlı iqtisadiyyatın mahiyyəti barədə qəbul etdikləri anlayışları Nizami Gəncəvinin yuxarıda göstərdiyimiz müdrik sözləri ilə üst-üstə düşür. Yalnız təkcə bunun özü xalqımızın dahi mütəfəkkirinin ideyalarının əsrlər sonrası da aktual olaraq qaldığına dəlalət etməklə, onun dünya şöhrəti qazanmasının qanunauyğunluğunu göstərir. Konfransın işinin yüksək dəyərləndirilməsinə imkan verən əsas xüsusiyyətlərdən danışarkən demək yerinə düşərdi ki, tədbirdə təqdim olunan çıxışların böyük əksəriyyətinin mövzusu dahi Nizaminin ictimai-iqtisadi baxışları ilə üzvi vəhdət təşkil edir. Məlumdur ki, Nizami yaradıcılığında əməyə əmək adamlarına yüksək dəyər verilir, əmək maddi mənəvi sərvətlərin yaranmasının əsas amili kimi göstərilir.

 

Dahi şair əməyin azad olmasının, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunmasının vacibliyini dəfələrlə öz əbədiyaşar əsərlərində vurğulayıb. Çox ürək açandır ki, istər yerli, istərsə xarici konfrans iştirakçıları tərəfindən əmək əmək münasibətlərinə yeni dövrün çağırışları nəzərə alınmaqla böyük diqqət yetirilib, çox maraqlı elmi yanaşmalar ortaya qoyulub. Dahi Nizaminin belə bir fəlsəfəsi konfrans iştirakçılarının maraq dairəsində olub ki, sənətə sənətkara daim qayğı göstərilməli, onların mənafeləri məmurlar tərəfindən ciddi qorunmalıdır. Əks halda Nizaminin özü demişkən, sərvət azalar, vergilər ödənilməz, xəzinə boşalar.

 

Bütün bu göstərilənlər rəqəmsal innovasiyalı iqtisadiyyatımızın özəllikləri nəzərə alınmaqla konfransda əsas müzakirə mövzuları sırasında özünə yer tutub. Bu özəlliklər isə sənaye inqilabları, idarəetmədə informasiya texnologiyalarından geniş istifadə, ağıllı şəhər (kənd) yaşıl iqtisadiyyat, innovasiya mədəniyyətinin formalaşması, risklər onların xüsusiyyətləri, korporativ sosial məsuliyyət, yeni maliyyə alətləri, elektron ticarət süni intellektin imkanları qismində müzakirə obyekti olublar.

 

Konfransın əsas məziyyətlərindən biri Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi sayəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatımızın dirçəldilməsi problemlərinə çoxsaylı kifayət qədər elmi maraq kəsb edən mövzuların mövcudluğudur. Heç şübhə yoxdur ki, möhtərəm Prezidentin rəhbərliyi ilə dahi Nizaminin bu sözləri öz real həllini tapacaq: Torpağa mərhəmət göstərsən gül verər, zülm etsən isə tikan verər.

 

30 il yağı düşmən tərəfindən zülm verilən tikanlığa çevrilən doğma Qarabağımızın Prezidentimizin mərhəməti qayğısı sayəsində gülüstana çevriləcəyi gün heç uzaqda deyildir. Konfrans barədə qısa mülahizələrimi dahi Nizaminin bu fikri ilə yekunlaşdırmaq istərdim: İnsan üçün ən faydalı keyfiyyət qənaətcillikdir.

 

Çox xoşdur ki, Nizami irsinin iqtisadi davamlıqla əlaqəsinə həsr olunmuş beynəlxalq elmi konfransda qənaətcillik üçün zəmin yaradan hesabatlılıq, uçot, nəzarət, audit, istehlak mədəniyyəti, hər kəskin öz biliyini artırmaq düzgün vəzifələrə yiyələnməyin aspektləri müasir baxımdan müzakirəyə çıxarılıb.

 

Ölkəmizdə davamlı iqtisadiyyatın elmi əsaslarla inkişaf etməsində bu konfransın mühüm rol oynayacağına əminliyimi bildirməklə çox uğurlu əhəmiyyətli nailiyyətə imza atmaları münasibəti ilə təşkilatçıları ürəkdən təbrik etmək istərdim.

 

İqtisadiyyat.- 2021.- 10-16 iyun.- S.4